Pandora - gözəl pislik - Günel Eyvazlı - Günel EYVAZLI

"Qadınlar kişilərdən fərqli olaraq "yox" deməyi daha yaxşı bacarırlar." Marqaret Tetçer

Günel EYVAZLI

Həvvanın Yer üzərinə gəlişinin səbəbinin arxasında bəlkə də, elə Adəmin Cənnətdən getməsi məqsədi dayanırdı. Tanrı çox yaxşı rejissor kimi düşünülmüş şəkildə yeni obrazını həyat adlı tamaşaya gətirmişdi. Həvva sadəcə öz missiyasını yerinə yetirirdi, elə deyilmi?

Hesiod onu gözəl pislik adlandırırdı. Yunan mifologiyasında ilk yaradılmış qadın kimi göstərilən Pandora Yer insanını cəzalandırmaq məqsədilə bərli-bəzəkli, üstü daş-qaşlarla, parıltılarla bəzədilmiş əlbisə ilə Zevs tərəfindən göndərilir.

Qadağan olunmuş alovun cəzası belə olur. Qəzəblənmiş Zevs, daha çox Adəm övladına xas qisasçılıq xüsusiyyəti ilə insanlar üçün cəza yaradır və bunu qadının əli ilə gerçəkləşdir. Maraqlıdır...

Zevsin "qadağandır" işarəsi qarşısında yaşıl işıq yandıran Prometey baş Allahın istəyinə qarşı çıxdığı üçün, insanlığı od ilə, mədəniyyət ilə tanış etdiyi üçün Zevsin qəzəbinə tuş gəlir. O isə taleyin bütün hökmlərinə mərdi-mərdanə sinə gərməyə hazırmış kimi görünür. Ciyəri parçalansa belə, son gediş yeri qaranlıq dünya olsa belə, onunla ömrünü dəyişməyə hazır olan xilaskarını gözləməkdə davam edir.

Prometey öncəgör olaraq fərqli hisslər keçirirdi həm də. Ən çox qardaşının uyğun olmayan, səhv qadına aşiq olacağından həyəcanlanırdı, narahatlıq keçirirdi. Nəticədə isə yazılmış tale öz oyununu oynayır. Gözəl Pandora Epimeteyi (Prometeyin qardaşı) ovsunlaya bilir. Od Allahı Hefestin gil və su qarışığından yaradılmış Pandora marağının aşıb-daşması nəticəsində qadağan olunmuş sandığı açaraq dilsiz-ağızsız xəstəlikləri, ağrını, əzabı Yer üzərinə yayır. Zevsin cəzalandırmaq arzusunu yerinə yetirir. Yalnız ümid, sandığın dibində azad olmaq ehtimalından uzaqlaşır. O səbəbdən də ömrümüzün sonuna qədər "Ümid üzülər, amma qırılmaz" kimi sərsəm özünütəlqinlər vasitəsilə özümüzü ovundurmağa çalışırıq. Xilasımız gözləməmiz olduğu halda, açar kimi ümidi görürük nədənsə. Axı səbirli olan üçün hər şey zamanında gəlir.

İstər dastanlar olsun, istər nağıllar olsun və ya miflər olsun -  biz hər addımda kişi xarakterləri ilə bərabər qadın xarakterləri qalereyasını da müşahidə edirik. Qəribədir ki, yaradılan mifik obrazlardan yalnız Prometeydə insani mərhəmət, əzm, inadkarlıq, etdiyi yaxşılıqdan peşman olmamaq kimi müsbət xüsusiyyətlər göründüyü halda, digər kişi obrazlarında yalnız "güc", "qüvvət" hökmranlığı özünü göstərir. Bir də tabeçilik, nökərçilik missiyası önə çıxır. Prometey çox rahat şəkildə "Mən dərdimi sədaqətli nökər missiyasına dəyişmərəm" kimi fikirləri dilinə gətirə bilir. O, ucadan bağırdıqca, Zevsin hiddətindən qorxan qüvvələr ona daha çox "sus" deyə bilir. Məsələn, Hefest dostu Prometeyi zəncirləmək ərəfəsində nə qədər əsəbi, dilxor görünsə də, yenə də tabe olmaq, özündən çox qüdrətlidən qorxma həyəcanını boğa bilmir. Dostluq instinktini gücləndirə bilmir. "Sağ qalmaq", "kiminsə gözündə ucalmaq" kimi mənfur hisslər repressiyaya yollananların, sürgün edilənlərin kağızına qol çəkən "dostlar" kimi Hefest də "yaşamaq uğrunda mübarizə" edərkən narazı olsa belə, dostunun sinəsinə tiyəni sancmağı bacarır. Dəhşətli mifdir. Mifin vasitəsilə bütünlükdə insan xüsusiyyətlərini xəritə kimi görmək mümkündür.

Qadın obrazlarında istənilən xarakter bolluğunu müşahidə edə bilərik. Bu baxımdan mifik qadın obrazları xarakter  qıtlığından əziyyət  çəkmir. Xanımlara məxsus bütün xüsusiyyətlər öz bədii həllini yaradılan obrazlarda mükəmməlcəsinə tapır. Əgər Afina Pallada yalnız döyüş, əmr, güc, hakimiyyəti xarakterində daşıyırsa, Artemida tamamən ayrı qütbdə fərqli bir xarakteri özündə təcəssüm etdirir. Maraqlıdır, ömrünün sonuna qədər ərə getməyəcəyinə söz verən mürəkkəb qadın obrazı verdiyi "sözü" heç vaxt unutmur. Andını pozmur. Artemidaya heç bir kişi yaxınlaşa bilmir.

Qadın bir obraz olaraq daima yazılması vacib faktor kimi qələm tutan şəxsləri, Freyd kimi psixoanalitikləri düşündürməyə sövq edib. Elə məhz bu maraq nağıllardan başlamış dastanlara qədər, sonrakı mərhələdə isə  ədəbiyyatın özündə obyekt olaraq cilalana-cilalana inkişaf xətti üzrə yüksəyə doğru hərəkət edir. Hər bir obraz özünəməxsus şəkildə oxucuda maraq yaradaraq ideala çevrilir. 

Diqqət çəkən maraqlı obrazlardan biri Kassandradır.  Bu obrazın ətrafında qurulan tamaşa, bədii oyun olduqca maraqlı düyünlərlə əhatələnir. Kassandra Appalonun ona olan sevgisindən öncəgörmək qabiliyyətinə yiyələnsə də, onu aldatmaq qərarına gələrək Appalonun sevgisinə qarşılıq vermir. Elə bu səbəbdən də Appalon tərəfindən cəzalandırılır.

Priamın qızı Kassandra öncədən hər şeyi görə və hiss edə bilsə də, nə yazıq ki, söylədikləri heç kim üçün önəm daşımır. Appalon Kassandraya ötürdüyü öncəgörlük qabiliyyətinin əks tərəfində inamsızlıq obyektini qoyur. Ona heç kim inanmır. Dəhşətlidir.

Və yaxud sevgilisinin xəyanəti ilə üz-üzə dayanmış Medeya "of" demədən, acımadan sevdiyi şəxsdən dünyaya gətirdiyi övladlarını öldürərək qisas alır və qəzəbini bu dəhşətli aktla soyudur. Bəlkə də Medeyaya xas xüsusiyyət qadınların çoxunun - sevdiyini bölüşə bilməmək çıxılmazlığından meydana gələn vəhşi hərəkətdir ki, məhz bəlkə də bu anda xəyanətlə üzləşən qadın  üçün övladının varlığı belə önəmsiz olur. Bu baxımdan Medeya olduqca qorxulu qadın xüsusiyyətini özündə ehtiva edən mifik obraz olaraq diqqət çəkir.

Mifologiyada "maraq" adlı qadına məxsus xüsusiyyət Psixeya obrazında öz təcəssümünü tapır. Sevdiyi şəxsin kimliyini və necəliyini sormayacağına söz verən Psixeya bacılarının onda yaratdığı marağın nəticəsində qaranlıqda onun yanına gələn sevgilisinin (Erot) üzünü görmək həvəsinə düşərək xoşbəxtliyini bir göz qırpımında yoxa çevirir. Sevgi maraq qaranlığında qeyb olur. 

Dünya ədəbiyyatında xarakteri ilə seçilən və müəlliflər tərəfindən böyük məhəbbətlə yaradılan qadın obrazları az deyil. Esmiralda, Karmen, Ofelya, Assol, Dezdemona, Cülyetta, Skarlett və b. obrazlar əbədiyaşar qadın obrazları olaraq ədəbiyyat tarixinə düşüblər. Yaradılan qadın xarakterləri həm də müəllifin fikirlərini özündə ehtiva etmək üçün, dünyagörüşünü özündə təcəssüm etdirmək üçün, qadın haqqında olan düşüncələri özündə canlandırmaq üçün yaradılıb. Əslində bu obrazlar vasitəsilə kişi müəlliflərin düşüncələrini açmaq mümkün olsa da, qadın müəlliflərində isə bəzən müəllifin özünün şəxsiyyəti obrazda cəmlənir. Məsələn, Skarlett bəlkə də Marqaret Mitçelin özünün prototipi idi. Və yaxud "Qürur və qərəz"in özündənrazı cənab Darsisinə vurulan Elizabeti bəlkə də Ceyn Ostinin özünün qadın xüsusiyyətlərini özündə əks etdirən obrazdır. Qürurlu, xarizmatik, eşqini sevdiyi şəxsin ayaqları altına atmayan özünəəmin qadın obrazı. Olduqca maraqlıdır.

Bəzən yazıçılar öz həyatlarında görmək istədiklərini reallığa çevirə billmədiyi üçün onlar müsbət qəhrəmanlarla sanki özlərinə təskinlik vermiş olurlar. Əlbəttə, şərəfini qorumaq üçün duelə gedən Puşkin qadın xəyanətinin dəhşətinin nə olduğunu çox gözəl bilirdi. Bəli, bu şərəf məsələsi olmalıydı. "Olum, ya ölüm" mübarizəsi qarşı-qarşıya dayanan şəxslər üçün mütləq idi. Belə üzqaralıq ilə yaşamaq normal düşüncəli kişiyə yaraşmazdı. Ona görə də Puşkin içində qövr etdiyi məqamları "Yevgeni Onegin" romanına daşıyır. Sədaqətli, xəyanətə meyilli olmayan, sadə, hisslərini utanmadan büruzə verən, amma heç nəyə baxmadan şəxsiyyətinin alçalmasına izn verməyən sevimli Tatyana obrazını yaradır. Əyalət xanımı Avropa təhsilli bəyəfəndiyə aşiq olaraq məhəbbət acısı çəksə də, kübar ailə qadını qiyafəsinə büründükdə vaxtilə sevdiyi şəxs ayaqlarına düşsə belə o, ailə dəyərlərini, sədaqəti hisslərinə dəyişmir. Elə bu səbəbdən də rus ədəbiyyatında ideal qadın obrazı olaraq tarixiləşir.

Ondan fərqli olaraq Bulqakovun Marqaritası tamamən fərqli xüsusiyyətləri ilə diqqət çəkərək əsər boyunca dəyişir. Əsərin əvvəlində Marqarita Tolstoyun Anna Kareninası kimi bədbəxt evli qadın kimi görünsə də, əsərin gedişatında Masterin məşuqəsinə və muzasına çevrilir. Əsərin sonunda isə Faust kimi Masteri çətinlikdən xilas etmək məqsədilə İblislə müqavilə bağlayır. Cadugərə çevrilən Marqarita reallıqda olmasa da, hər hansı bir başqa dünyada sevdiyinə nəhayət ki, qovuşur. Bununla fərqli biçimli qadın obrazı olaraq ədəbiyyatın növbəti səhifəsinə yazılır.

Məsələn, Bulqakovdan fərqli olaraq Tolstoy üçün gözəllik simvolikası - "hisslərin paklığı" düşüncəsi altında cəm olur. O səbəbdən də Tolstoyun kriteriyalarına cavab verməyən qadın obrazları yazıçının özhakimlik mühakiməsi ilə obrazların özlərinə layiq  şəkildə cəzalandırılır.

Mövzuya bir neçə abzas əlavə edə bilərdim. Sadəcə, məni Q.Buşenin - "Qadını dindirmək üçün minlərlə hiylə mövcud olduğu halda, susmasına məcbur etmək üçün bir yol belə mövcud deyil" məşhur aforizmi susdurur.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!