Əli Tudə-100: Buludsuz göylərin ağ ulduzları... - Haqqında deyilən fikirlərdən seçmələr

İnqilabçı bir şair olan Əli Tudə eyni zamanda həssas bir lirikdir. O, təbiətin gözəllik və incəliyini duyub ifadə etmək qabiliyyətinə malikdir.

Çəkdiyi bütün iztirablara, zülm və işgəncələrə baxmayaraq, Əli Tudənin lirizmində olduqca sağlam, nikbin bir ruh vardır. Vətəni Azərbaycanın gözəl təbiəti, onun başından min ruzigar əsib keçmiş əzəmətli dağları, babalardan yadigar qalan sirli qalaları şairin kəlamında şirin, sadə və aydın bir avazla tərənnüm olunur:

 

Qoy uca dağların versin baş-başa,

Yarsın dumanları ortadan yarı.

Bu gözəl hüsnünə etsin tamaşa,

Buludsuz göylərin ağ ulduzları.

Görsünlər qızıldır bu yer, bu torpaq,

Cənnət göydə deyil, yerdədir ancaq.

 

İlyas Əfəndiyev

"Kommunist" qəzeti,

17 yanvar 1948

 

Vətənin atlaz donlu yaylaqlarından, buz kimi bulaqlarından Qırat belində yel kimi çapan qəhrəman oğullarından ilham alan bu şair, Azərbaycanın gözəlliyinə məftun olan bu coşğun ürək öz ana yurdunu azad görmək istəyir. Əli Tudə yaşamağın mənasını bu azadlıqda görür. O, "Yaxşıdır" şeirində belə deyir:

 

Vətənsiz bir həyat kimə gərəkdir.

Vətənsiz bir ömür ölüm deməkdir.

Vətənsiz heç üzüm gülməyəcəkdir,

Qürbət cənnət olsa, elim yaxşıdır.

 

Artıq düşünübdür ayılmış insan,

O seçir, ayırır qaranı ağdan.

Deyir əsir kimi qul yaşamaqdan

Ölüm şərəflidir, ölüm yaxşıdır.

 

Xalqın milli intibahından bəhs edən, azadlıq üçün səməndər kimi alışıb yanan, ürəkləri arzularla dolu olan bu gözəl şairin əməl və arzusu xalqın əməl və arzusudur.

 

Məmməd Rahim

Bakı, "Azərnəşr", 1948

 

Əli Tudə ədəbiyyatmızın, habelə Azərbaycan şeirinin görkəmli nümayəndələrinin əsərlərini diqqətlə öyrənərək, öz sənətkarlıq bacarığını artırır. O, xalq yaradıcılığından səmərəli istifadə etdiyi üçün yazdığı şeirlərin dili səlis, axıcı və ahəngdardır.

Əli Tudə öz yaradıcılığındakı şeirlərin müvəffəqiyyətilə heç də kifayətlənmir. Öz vətəni və xalqı üçün daha yüksək ideyalı bədii əsərlər yaratmağın zəruriyyətini hiss edir. Şair sevimli vətəninə müraciətlə:

 

Gözəl yaranıbsan doğrudan da sən,

Gözlərim doymayır gözəlliyindən.

Lakin sənə layiq nə yazmışam mən,

Deyəm ki, bu ölməz əşar sənindir

 

- deyərək doğma vətənə layiq əsərlər yazmaq lazım olduğunu dərk edir. Biz bu barədə şairin bacarıq və isiedadına əmin olmağa tamamilə haqlıyıq.

 

X.Əhməd

"Ədəbiyyat qəzeti",

5 aprel 1950

 

İran mürtəceləri azadlıq və istiqlaliyyət uğrunda çarpışan mərd fədailəri vəhşicəsinə məhv edirlər. Çünki onlan Tehran cəlladlarına qarşı apardıqları yeni inqilabi mübarizədə Səttarxanın, Xiyabaninin qəhrəmanlıq ənənələrini davam etdirirlər.

Təbriz qəbiristanında yüzlərcə ayaqyalın, başıaçıq və gözüyaşlı qocalar, qarılar və səfil uşaqlar dolaşırlar. Bunlar torpaq altında yatan, öz canını vətən yolunda qurban verən qəhrəman fədailər üçün göz yaşı tökürlər. Öz xalqının bu ağır günlərinin şahidi olmuş vətənpərvər şair Əli Tudə imperializmin Cənubi Azərbaycana gətirdiyi dəhşətli bəlaların bir səhnəsini "Fədainin məzarı" adlı şeirində təsvir etmişdir. Müəllif həmin şeirində yazır ki, daha ağlayıb-sızlamaq zamanı keçmişdir, indi intiqam almaq, düşmənlə amansız mübarizəyə qalxmaq vaxtıdır.

Əli Tudənin vətənə bəslədiyi sonsuz məhəbbət, onun "Yaşayanlar \görəcəkdir", "Yurdum" kimi şeirlərində öz bədii ifadəsini tapmışdır. Şair bütün varlığı ilə doğma  yurduna bağlıdır. Şair Şimali Azərbaycan və Cənubi Azərbaycanın iki yerə parçalanmasını tarixi ədalətsizlik adlandırır. O, buna əmindir ki;

 

Azərbaycan bir ürəkdir.

Azad ömür sürəcəkdir.

Yaşayanlar görəcəkdir

Bu torpağı bir can kimi.

 

Sadıq Hüseynzadə

"Ədəbiyyat və incəsənət" qəzeti,

17 oktyabr 1950

 

Əli Tudə mühüm mövzular haqqında sadə söhbətlər açır. Sadə söhbətlər isə mürəkkəb məsələlərin həlli üçün pəncərə rolunu oynayır. Müəllif, heç də həmişə hamımızın diqqətini cəlb edən siyasi problemlər irəli sürmür. O, çox vaxt bizim hər gün gördüyümüz, bizə tanış olan insanlar və hadisələr haqqında danışır, lakin təsadüfi mənzərələri yox, həyatın mürəkkəb hadisələrini saf-çürük etdikdən sonra onun xarakter cəhətlərini qələmə alır. Ona görə də bəzən ümumiyyətlə bəhs etdiyi mövzuların özündə də bir konkretlik nəzərə çarpır. "Bakı, dinlə məni", "Ləpələr", "Nəhəng tikintilər şəhəri", "Nərimanov prospektində", "Gələcəyin memarları", "Qızımın müəllimi", "Göz həkimi", "Xəzərin şöhrəti" kimi səmimi şeirlərdə sadə adamların gözəl həyat tərzi ilə müasir insanların mənəvi dünyası ilə müəllif üslubu arasında müqabil ünsiyyət və ahəngdar əlaqə duyulur. Həmiq şeirlər müəllifin estetik zövqünün səviyyəsi haqqında dürüst nəticə çıxartmaq üçün imkan yaradır. Bu şeirlərdəki obrazlar silsiləsinin təzəliyi, şairin mövzuya münasibəti və onu bədii şəklə salmaq üsulu Əli Tudənin poetik istedadının dərəcəsini müəyyən etmək üçün əsaslı amildir.

 

İmamverdi Əbilov

"Azərbaycan" jurnalı, 1963, N-8

 

Əli Tudənin kitabında toplanan əsərlərin mövzusu müxtəlif və rəngarəngdir. Onun şeirlərində ilk növbədə gözə çarpan cəhət müasirlik hissinin güclü olmasıdır. O, hər şeyə dövrün şairi gözü ilə baxır. Bakının dünəni, bu günü və sabahı Cənubi Azərbaycanda fədailərin mübarizəsi, yer üzündə baş verən hadisələr şairi düşündürür, onu yazmağa vadar edir.

Kitabçaya daxil edilən şeirlərin çoxunda bizim gözəl paytaxtımız Bakı, onun döyünən ürəyi Xəzər, əfsanəvi Neft daşları, Nərimanov prospekti və s. yerlər tərənnüm edilir. Şair qoca Şərqin qapısında bir mayak kimi işıq saçan Bakıdan böyük iftixar hissi ilə söhbət açır, odlu ürəyindən qopub gələn ən yaxşı misralarını ona həsr edir.

 

Cabir Novruz

Dövlət qəzetində. 1963

 

Əli Tudə sözün əsl mənasında vətənpərvər şair, xalq məramına bağlanmış sənətkardır. Sevindirici haldır ki, Əli Tudə götürdüyü hər hansı mövzuya yüksək və işıqlı bir zirvədən yanaşır.

Əli Tudə Cənubi Azərbaycan ilə bağlı dərdləri göstərdiyi kimi, Şimali Azərbaycanda da xalqın qazandığı böyük ictimai-siyasi nailiyyətləri ilhamla təsvir və tərənnüm edir.

Əli Tudənin ilk şeirlərindəki od, alov, yanğı zaman keçdikcə fikir və məntiq ilə əvəz olunur, öz yerini obrazlı ifadələrə vermək istəyir. "Maral əfsanəsi" adlı gözəl şeirdəki bu parçaya diqqət yetirin:

 

Ovçu unudur ki, bu oylaqların

Ayağı ceyrandır, qanadı qartal.

Ovçu unudur ki, bu torpaqların

İgidi pələngdir, gəlini maral.

 

Xəlil Rza

"Bakı" qəzeti, 24 dekabr 1966

 

Şair insani sifətlərdən, münasibətlərdən, duyğu və düşüncələrdən danışarkən onlara mübariz meyarı ilə yanaşı, sanki hər şeyin zülmə, əsarətə qarşı qəzəb və mərmilərə çevrilməsini arzulayır. Onun fikrincə, mübarizə meydanı əsl sınaq meydanı, mərdlik, qəhrəmanlıq cəsarət meydanıdır. Bu meydanda ad-sana çatmış, öz ölümü ilə ölməzliyə qovuşmuş fədakar insanlar çoxdur, onlar dünyanın bütün namuslu adamları, xüsusilə sağlam və mübariz məfkurəli gənc nəsilləri üçün əbədi örnəkdir.

Bu qəbildən olan şairlərdə Əli Tudə humanizmi, məhəbbəti bütün əhatəliyi və genişliyi ilə özünü göstərir. Həmin şeirlər arxasında böyük əməllər və qayələrlə silahlanmış, vətənpərvər, beynəlmiləl, döyüşkən bir şairin obrazı dayanır. Bu şair milyonların adından danışdığı, onlara arxalandığı üçün qüvvətlidir. Onun səsi əzəmətlə eşidilir, uzaqlara yayılır, insanlarda əks-səda doğurur. Eyni zamanda onun şeirlərində duyulan qəzəb şəxsi deyil, şairin özünün dediyi kimi, Savalanın, eyni zamanda əzilən qaralar Afrikasının, mənlikləri təhqir olunan, hüquqları tapdalananların qəzəbidir.

 

Famil Mehdi

"Bakı" qəzeti, avqust 1969

 

Mən Əli Tudəni əllinci illərdən tanıyıram. H.Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunun tələbəsi olduğum zamandan. Şairin "Bakının işıqları" adlı kitabını o vaxt alıb oxumuşdum. Demək olar ki, bütün kitabı əzbər bilirdim. Sonralar özü ilə tanış olanda gördüm ki, sadə, təvazökar, alicənab bir insandır. Zahirən ağır, sakit təbiətlidir. Gözlərinə diqqətlə baxanda isə daimi narahatlığını görmək o qədər də çətin deyil.

Bu görkəmli Azərbaycan şairinin dilində çoxlu atalar sözü var çoxluca da el məsəlləri bilir. Duzlu, bir az da qəmli xatirələri var. Onun öz tərcümeyi-halı elə yazılmamış yaxşıca bir əsərdir. İran Azərbaycanında milli-azadlıq hərəkatının fəal iştirakçısı olmuşdur. Sülh, demokratiya uğrunda fədai kimi mübarizə aparmışdır müxtəlif ictimai vəzifələrdə çalışmış, Təbriz Dövlət Filarmoniyasının yaradıcısı olmuş və onun müdiri işləmişdir. Əli Tudə şeir dolu sinəsinə gah səngərlərə, gah kürsülərə dayamış, bəzən yazı masası dizlərinin üstü olmuş, ürəyinin sözləri oraya düzülmüşdür. İndi bunların hamısı xatirəyə dönüb...

 

Nəriman Həsənzadə

"Ədəbiyyat və incəsənət" qəzeti,

9 fevral, 1974

 

Əli Tudədə inqilabi keçmişə - Səttarxan ruhuna qibtə, indiki nəslə xitab səciyyəvidir. Bəzən o, "bir ürək neçə il nigaran olar, haçandır Vətəndən nigaranam mən" kimi minor motivlərə meydan versə də, bu, onun lirik qəhrəmanının mənəvi bütövlüyünü göstərir.

 

Vətənpərvərlik mövzusu Əli Tudənin tərənnüm etdiyi ayrı-ayrı nümunələrdə də mühüm yer tutur. Həm də belə nümunələrdə təsvir və tərənnümü bir-birindən ayırmaq çətindir: konkret predmetin və məkanın poetik vəsfi bəzən ümumiləşərək ciddi məna alır. Məsələn, "Əmircan yolu" şeirində məqsəd heç də Bakının gözəl bir guşəsini hərarətli misralarla tərənnüm etmək olmamışdır. Məqsəd - bu yer obrazın timsalında Vətənin maddi və mənəvi nemətlərindən iftixarla söhbət açmaq, Səttar Bəhlulzadənin sənət fırçasının ecazkarlığını yada salmaqdır.

 

Vaqif Yusifli

"Ədəbiyyat və incəsənət" qəzeti,

14 may 1977

 

Şair gərək tale şairi olsun. Öz taleyinin, öz vətəninin, öz dövrünün şairi... Və doğrudan da dünyanın ən böyük şairləri tale şairi olublar. Belə poeziyada biz həmişə şairin taleyilə yanaşı, xalqın həyatının bir sıra cəhətlərinin də real bədii təcəssümünü görürük.

Əli Tudə ilə söhbətlərimizdə həmişə bu nəticəyə gəlmişik ki, poeziya hər şeydən əvvəl taledir və səngərdir. Biz yenə də bu fikirdəyik ki, şeir sanatoriya deyil, gedib orada dincələsən və kefin gələndə yazasan. Poeziya həqiqətin və ədalətin səngəridir. O, həmişə keşikdə dayanmalıdır. Həqiqətin, ədalətin, sülhün keşiyində.

Əli Tudə tale şairidir, əsl səngər şairidir, bədii ədəbiyyatın da ilkin nişanəsi onun döyüşkən olmasıdır, ədalətin, həqiqətin səngəri olmasıdır, xalq arzu və istəklərinin səngəri olmasıdır.

 

Söhrab Tahir

"Ədəbiyyat və incəsənət" qəzeti,

27 yanvar 1984

 

Qardaşım Əli, sənin 70 yaşını təbrik edirəm. Ancaq sənin 70 yaşına gəlib çatdığına əvvəlcə özümü inandıra bilmədim. Fikirləşdim, saçlarının ağlığının 70 yaşa dəxli yoxdur. Çünki keçdiyimiz həyat yollarında hələ saçlarımız 25-30 il bundan qabaq ağarmağa başlamışdı, bu yaxşı yadımdadır. İlk görüşümüzdən keçən illəri xatırladım...

Orta məktəb şagirdləri idik. Bakıda Xaqani küçəsindəki 27 nömrəli binada mərhum şairimiz İsmayıl Soltanın ədəbiyyat dərnəyində iştirak edirdik. Ötüb keçən illər dərnək üzvlərinin çoxusunun adını yadımdan çıxartsam da, Bəxtiyar Vahabzadə, Teymur Əliyev (Teymur Elçin), Şıxəli Qurbanov, İsmixan Rəhimov və bir də həyatdan çox tez köçmüş gözəl şairə Sona Məmmədzadə yadımdadır. Necə fərəhli günlər idi... Şair olmaq arzusu ilə yaşayırdıq. Ancaq 1937-ci ilin o qara tufanı bizim də ömrümüzdən yan keçmədi. Qanadları bərkiməmiş körpə quşlar kimi bizi isti yuvamızdan alıb Arazın o tayına atdı.

 

Azəroğlu

"Ədəbiyyat qəzeti", 11 mart 1994

 

Əli Tudənin Şimali Azərbaycana gəlişini yada salanda, ümumiyyətlə onun yaradıcılığı barədə fikirləşəndə istər-istəməz həmişə ilk növbədə onun "Mən nə gətirdim" şeiri yadıma düşür. Şair Arazın o tayından bu tayına nəyi gətirdi və necə gətirdi sualını özümə verirəm. - Hər şeydən əvvəl Əli Tudə Cənubdan bizə təmiz ürək, səmimiyyət, sədaqət, məhəbbət və ən çox isə bir ürək dolusu arzu gətirdi. Bu arzu kəlməsini ona görə xüsusi vurğulayıram ki, o, böyük ümidlərlə qardaş-bacılarına üz tutmuşdu, pənah gətirmişdi. Və bu ümidin gerçəkliyinə, aydınlığına, aşkarlığına inanırdı. O inanırdı ki, nə vaxtsa bağlı qapılar açılacaq, ana - övlada, ata - oğula, qardaş - qardaşa qovuşacaq. O biri tərəfdən isə cənublu qardaş-bacılarımızın ağrı-acılarını, fəlakətlərini öz həsrətli, yanğılı, kövrək qəlbinə yığıb yana-yana, sızlaya-sızlaya bu taya gəlmişdi.

Əli Tudə hər şeydən əvvəl həssas, hissiyyatlı şair idi. Onun hissləri bir qəlbin hay-harayından qopub gələn iniltiyə də bənzəyirdi. O inilti ağlamaq, sızlamaq deyildi. Əgər belə demək mümkündürsə, qəlbində közərən kişi yanğısı idi. Bu yanğı misralara dönüb onu şair elədi.

 

Bəxtiyar Vahabzadə

"Ədəbiyyat və incəsənət" qəzeti,

1 mart 1996

 

Əli Tudənin həyata baxışlarında bir kəskinlik, bir etiraz, bir üsyan var idi. Çünki həyat başdan-başa haqsızlıqlarla, qeyri-bərabərliklərlə dolu idi. O, haqsızlığa dözə bilmirdi. Telefon söhbətlərimizdə bunun şahidi olurdum. O da az danışan idi, mən də! Lakin həyati söhbətlərimiz tükənməzdi. Onun bircə həsrəti var idi: Təbriz həsrəti! Düşündükcə təəccüb dalğası adamı bürüyür. Əli Tudəni Təbrizə buraxmadılar. Nə üçün? Axı müsəlman müsəlmanın qardaşıdır! Əli Tudə həyatı məcazi mənada acı keçdi! Lakin şərəfli kişi ömrü yaşadı!

İnsan dünyaya bir dəfə gəlir. Bunu hamı deyir, ancaq bir neçə adam bu sözə əməl edir. Çünki başqaları, görünür bir neçə dəfə gəlir, sağlığında bir neçə dəfə ölüb dirilir!

Əli Tudənin həyatı öz şeirlərindədir, titrək, kövrək, eyni zamanda coşğun və üsyankar!

 

Müzəffər Şükür Məchul

26 may 1996

 

O, zahirən mülayim, kövrək, daxilən və coşqun və mübariz idi. Qəlbində qaynar bir üsyankarlıq dərin kök atmışdı. Bu üsyankarlıq xalqının gələcək azadlığı üçün onun xəyallarına həmişə pərvəriş qollarına qüvvət yayırdı. Əli Tudə gələcəyə inanan adam idi. Mən şairə yaxın olduğum vaxtlarda onda heç zaman məyusluq, düşkünlük duymazdım. Öz gur səsi ilə həmişə Cənubi Azərbaycanın üzərində doğacaq azadlıq günəşindən danışarkən kədərini heç zaman üzə vurmazdı. Ancaq dinməsə də, biz bilirdik ki, o, içindən çəkir. Əli Tudəni yaşadan da, öldürən də Vətən həsrəti idi. O, bu dünyanı nisgillə tərk etdi. Doğma Təbrizinin qapıları üzünə bağlı idi. O, bu qapıları ancaq ürəyində döyürdü, döyürdü ki, bəlkə qapı arxasından səsinə səs verən oldu.

Yaman şeydir Vətən həsrəti. Ona ancaq mərd adamlar dözə bilir - Əli tudə kimi.

 

Qılman İlkin

"Ədəbiyyat və incəsənət" qəzeti,

31 yanvar 1997

 

Cənuba qovuşmaq yanğısıyla qovrulan şair demək olar ki, bütün ömrünü bu həsrətlə yaşadı. Həmişə əqidəsinə, etiqadına, etibarına sadiq oldu. Közərə-közərə kövrəldi, kövrələ-kövrələ közərdi. Zamanın, dövlət siyasətlərinin üst-üstə düşməsi onu qoymadı püskürməyə, ağrısını-acısını öz içərisində çəkməyə məcbur elədi. Sağlığında özünün halal qiymətini də ala bilmədi. Bütün yanğılarını şeirə çevirdi, qanadlandırdı, pərvazlandırdı.

İnsan dünyaya gəlir... və gedir. Lakin əsl, həqiqi sənətin yaşı sonsuzdur, əbədidir - torpaq, hava, su kimi... Sənət öz el-obasına, onun təbiətinə, psixologiyasına xidmət edəndə daha müqəddəs olur. Xalqın qaynaqlarından yaranan poeziya xalqın özününküdü. Öz doğma torpağına bağlanan sənət və sənət əsəri başqa xalqların da, necə deyərlər, mənəvi qidasına çevrilir, sevilir, sevdirir.

 

Davud Nəsib

"Ədəbiyyat və incəsənət" qəzeti,

31 iyul 1998

 

Əli Tudə söz səngərində döyüşürdü. O yaxşı bilirdi ki, "dil ipə-sapa yatmayan azadlıq fədaisidir". Vətəni, xalqı isə biganələr yox, yalnız fədailər qoruyar. Bəs, uğrunda Nəsimilərin, Xətailərin can qoyduğu dildən üz çevirsəydi, Əli Tudə şair sayılardımı?..

"Mən nə gətirdim" şeirinin müəllifi siyasi mühacir idi. Mühacirlik isə ən qədim dövrlərdən bəri əqidə, məslək sahiblərinin qismətinə düşmüş tale payıdır. Əli Tudə bu yola qədəm basdı. 22 yaşlı gəncin ayaq qoyduğu mühacirlik yolu gedər-gəlməz də ola bilərdi. Bu yol dəhşətli və sonsuz sınaq meydanına da çevrilə bilərdi. Oradan isə qızıl kimi saf, şərəflə çıxmaq hər oğulun işi deyildi. Şair sonralar "Zindanda ağarmış saçlar" hekayəsində yazırdı: "Mühacirət həm mərd, həm də namərd sifətləri doğru-düzgün əks etdirən böyük həqiqət güzgüsüdür!". Doğrudur, alovlu şairimiz qürbətdə deyil, öz vətənində mühacir idi. Təbrizdən Bakıya gəlmişdi. Lakin dərdin çəkilməzliyi onda idi ki, bu iki cüt şəhər iki cüt göz kimi bir-birini görməkdə aciz idi. Şair-mühacir öz sarsılmaz qeyrətinə arxalanıb ideya hədəfinə doğru getməsini ən düzgün gediş hesab edirdi:

 

Nazim Rizvan

"Bakı" qəzeti, 7 iyun 1999

 

Bu gün biz Əli Tudəni Cənubi Azərbaycan şairi; "mühacir şair" saymırıq, o, bütöv böyük Azərbaycan poeziyasının parlaq, canlı bir parçasıdır. Lakin Əli Tudələr olmasaydı, Quzey Azərbaycanda cənub mövzusu, parçalanmış millətin acı taleyi, Araz, Təbriz, Savalan, Ərdəbil, bütövlük və s. mövzular sistemi şeirimizdə, ədəbiyyatımızda belə böyük ideala, milli təfəkkürümüzün və şüurumuzun bir parçasına, uğrunda mübarizə apardığımız uca məqsədə çevrilməzdi.

Qırxıncı illərdə İranda Azərbaycan Demokratik Respublikası qanda boğulandan sonra Arazın Quzey tayına "mühacirət"dən başqa çarəsi qalmayan Əli Tudə ilk dövrlərdə doğrudan da Təbriz səngərlərinin bir parçası, Təbrizin milyonlarla İran türkünün səsiydi. Amma tezliklə o Güneyli Quzeyli bütöv Azərbaycanın şairinə çevrildi.

 

O qaldırsın deyə bükük belini

Başından keçmədi yetən yolunda.

Kimi ayağını, kimi əlini,

Mən başımı qoydum Vətən yolunda!

 

Əli Tudə doğrudan da Vətən yolunda baş qoymuş bir mücahiddi, bir əsgər, bir döyüşçü, cəngavər ruhlu, igid bir insandı...

 

Sabir Rüstəmxanlı

 

Hər dəfə Təbrizdən söhbət düşəndə istər-istəməz mərhum və unudulmaz şairimiz Əli Tudəni - Əli müəllimi xatırlayıram. Əli Tudənin dini-imanı, yanan bağrı, qovrulan ürəyi, görən gözü, eşidən qulağı bir Təbrizi vardı. Əli müəllim öz doğmasına - Təbrizinə qovuşa bilmədi.

Baxtının ağı-qarası da, vaxtının gecəsi-gündüzü də, ömrünün axşamı-səhəri də, gözünün nuru, qəlbinin qoru da, qismətinin acısı-şirini də, taleyinin uğuru da, uğursuzluğu da Təbriz idi, Təbriz... Təbriz... Təbriz...

Yer üzündə minlərlə şəhər adı var. Hər birinin öz taleyi, öz bəxti, öz qisməti. Təbriz adı çəkiləndə bu kişi nə hala düşərdi, İlahi! Yanırdı, tüstülənirdi, kül kimi qovrulur, köz kimi eşilir, yara kimi deşilirdi.

 

Zəlimxan Yaqub

7 yanvar 2004

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!