Gedək bənövşələr hay verən yerə - Sərvaz Hüseynoğlu Şövkət Zərin Horovlu haqqında yazır

Söhbət vaxtın-vədənin, zamanın o çağından gedir ki, sovetlər ölkəsində istehsal edilən bolşevik "zəhəri" əfqan xalqının bədbəxtliyi üzərində öz xoşbəxtliyini qurmaq istəyən kəslərin qanına işləməyə başlamışdı. Bu, ölkənin səlahiyyət sahibi Osman xana da gün kimi aydın idi. Amma nə yazıq ki, ətrafında baş verənlərin cikindən-bikininə qədər xəbərdar olan Osman xan bu barədə düşündüklərini sir yeri Cəlaləddin Mirzəyə də deyə bilmirdi. "Başa düşürdü ki, gözünün ağı-qarası yeganə oğlunun şübhəli adamlarla oturub-durmasına yaşı yetmişi keçmiş Mirzə Cəlaləddin dözə bilməz".

Üstəlik, doğmaca oğlu Mahmudu tutduğu yoldan geri qaytarmağın belə acizinə dönmüşdü Osman xan. Ölkənin baş vəziri Məhəmmədin çox hiyləgər olduğunu bilirdi. Ciyərparası Rüstəmin bir gavur qızını Sovetlər ölkəsindən yanına salıb məmləkətinə gətirməsini heç vəchlə sinirə bilmirdi. Artıq Rüstəmə güvənmirdi. Osman xan atası Əbülqədir Rəştinin İranın şimalında monarxiyaya qarşı apardığı mübarizəni və onun nəticələrini də az-çox görmüşdü. Odur ki, yeganə güvənc yeri olan oğlu Mahmudu düşdüyü qorxulu yoldan çəkindirmək üçün dəridən-qabıqdan çıxır, "oğlum, ehtiyatlı ol - deyirdi. - Məmləkətdə səndən qeyri heç kimim yoxdur".

Amma bu dediklərinin heç bir fayda vermədiyini görüncə dərin sıxıntı içində atasının otağına çəkilirdi. Atasının otağın baş tərəfində asılmış şəklinin qabağında kirimişcə dayanırdı. Onun vaxtilə dincəldiyi divanda otururdu. Uşaq kimi kövrəlirdi. Qarlı aşırımlardan, bozaraq çöllərdən, meşələrdən onu keçirib Əfqanıstana gətirən, Rza şah irticasından xilas eləyən atasının nəhəng cüssəsi gözlərinin qabağına gəlirdi. Qəhər daş kimi boğazına tıxanırdı...

Belə bir tarixi yaşamın, gərginliyin bədii təsvirini təqdim edir tanınmış yazıçı Şövkət Zərin Horovlu yaxın günlərdə nəşr etdirdiyi "Axırıncı gediş" romanında. Ədəbiyyatşünas alim Azər Turanın redaktorluğu ilə "Apostrof - A" nəşriyyatında çar edilən kitaba Şövkət xanımın eyniadlı romanı daxil edilib. Annatosiyada vurğulandığı kimi, əsərdə Səttarxan məşrutə inqilabının süqutundan sonra rus - fars xəyanəti nəticəsində doğma torpaqlarından didərgin düşən soydaşlarımızın qaçqın və məcburi köçkün həyatından bəhs olunur. Bu, bir ağrı, bir tale romanıdır; zaman-zaman "ayır-buyur, parçala-hökm sür" siyasətinin qurbanı olan uca könüllü, azadlıq təşnəsi bir xalqın, bir məmləkətin ağrılı tale romanı... Feodal Əfqanıstanında adi insan hüquqlarından məhrum olan Səriyyə, Şiringül, Xumrana kimi xanıməfəndilərin yaşamı bu taledən keçir. Ruslar Gəncəni işğal edəndən sonra dədə-baba torpaqları alınıb ermənilərə verilən, bu haqsızlığa dözə bilməyib rus zabitini qətlə yetirən, sonra da oğlunu və nəvəsini götürüb Əfqanıstana üz tutan Alməmməd xanın faciəli həyat hekayəsi bu taledən keçir. Hadisələrin gedişi fonunda "yırğalandıqca, çalxalandıqca zaman nehrə kimi, yağı yağ üstə çıxır, ayranı ayranlıq olur". "Axırıncı gediş"i oxuduqca ölkənin baş vəziri Məhəmməd Davud xanın üstüörtülü, hədələyici eyhamları oxucu yaddaşında qanlı 37-ci illərin məlum sızıltısını oyadır: "Sizlərdən bəziləri "Ərki-Şahi"də rahatca oturub, son vaxtlar demokratiya, hüquq bərabərliyi deyə baş qaldıran qüvvələrə qarşı sayıqlığını itirib. Bəhram hava limanında və Qəndəhar hərbi hissəsində aparılan işlər qənaətbəxş deyil..."

Əsrin o başını bu başına, sonuna tikir "Axırıncı gediş". Zaman hər şeyi yerbəyer edir. Gün o gün olur ki, Rüstəm naz-qəmzəsinə uyduğu, uğrunda atasını belə basıb-keçdiyi kafir qızı Nataşanın əslində bir casus olduğunu anlayır. Casusluğunu etiraf etdirmək üçün tapançaya əl atır. Amma imanlı türk xanımı Sənəm arvad ona mane olur, "belə birisi üçün cani olmağa, əl qana batırmağa, həbsxanaya düşməyə dəyməz" - deyir.

Nataşanın əksinə, illərin əzab-əziyyətini görən Səriyyə isə bütün məşəqqətlərə baxmayaraq öz paklığını qoruyur. Mahmud onu ilk dəfə babası Mir Saleh ağanın çardağında necə görmüşdüsə, elə o cür də qalır. İllər yalnız gənclik titrəyişini, şövqünü əlindən alıb; səssizdi, "əl vurma, qan ağlaram, yaman çağımdı mənim" ovqatı düşüb araya.

"Axırıncı gediş" tab gətirməyə, dözümə səfərbər edir oxucunu. Tarixin ibrət dərsi kimi oxunur. Yaddaşı oyadır.

Bu tendensiya Şövkət Zərin Horovlunun yenicə çapdan çıxan "Oxu əllərimi" adlı şeirlər kitabının da ovqatında yetərincə davam edir. Azər Turanın yeni nəşrə yazdığı Ön sözdə deyilir: "Şövkət Zərin köçkünlük - yurdsuzluq ağrısını göz yaşlarına, ürəyinin sentimental çırpıntılarına çiləyib şeirlər yazır. Qarabağ ağrısına onun qədər estetik biçim verən, incə poetik libasa bürüyən qadın şairlərimiz azdır; ədəbiyyatımızın Qarabağ ağrısı həm də Şövkət Zərin misralarında (və həm də ritorika ilə deyil), ruhsal olaraq çırpınmaqda və gizlənməkdədir".

Onun misralarında həm də sevən bir qəlbin əbədiyaşar etibarı, sədaqət duyğusu cövlan edir. Bu misralar oxucu xəyalını ən pünhan, vergili, vəfalı aləmlərə götürür; sonsuz köksötürmələri, təəssüf və kədəri ilə bir arada:

 

Xəyalda sənə bir heykəl düzəltdim,

Qoydum ümidlərim boy verən yerə.

Duyğum təzələndi, söz çiçəklədi,

Qaçdım bənövşələr hay verən yerə.

 

Bu sətirləri oxuyursan və istər-istəməz gözlərin önündə Şövkət xanımın öz ədəbi qəhrəmanı, vəfalı Səriyyə xanımın obrazı canlanır. Bir yazar, xanıməfəndi, qadın, sevən insan olaraq Şövkət Zərin özünün yaratdığı bədii obrazla qaynayıb-qarışır. Bir almanın iki üzünə dönür. Elə aşağıdakı misralarda da:

 

Uşaqtək kövrəldi bu gün təkliyim,

Bir otaq dolusu darıxdım yenə.

İnadına durub ümidsizliyim,

Ümidi əlimdən buraxdım yenə.

 

Şövkət xanım haqlıdır ki, məhz belə məqamda:

 

Gözlərinə dolur torpaq yuxusu,

Ömrü aya - ilə səpib gedirsən.

Günah tərəzidə çəkilən yerə

Səbrini içinə təpib gedirsən.

 

Onun şeirlərinin biri o birinin davamı kimi oxunur, bir-birini tamamlayır və bir-birinə başlanğıc verir. Su kimi axıb gedir. Yuyur, paklaşdırır, rahatlıq gətirir, həyat nəşəsi verir. Aydın səma, göy üzü təmizliyinə hesablayır adamı. Yetər ki, oxuyaq, yaddaşa köçürək və bir daha özümüzü o şeirlərdə tapaq...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!