I
Sənət əsərləriylə bağlı böyük emosional həyəcanın olmağına baxmayaraq, incəsənət barəsində gedən söhbətlərin öz təmkinliyi ilə seçilməyi yaxşı olardı. Böyük bir kütləyçün incəsənət ona görə cəzbedicidir ki, onda sənətkarın dünyaya münasibəti, əhval-ruhiyyəsi sezilir. Bununla yanaşı, sənətkar üçün dünyaya münasibət, bənnanın əlindəki çəkic kimi, silah və vasitədir. Və yeganə reallıq əsərin özüdür.
Mövcudluq sənətkarın ən yüksək izzəti-nəfsidir. Onun var olmaqdan başqa heç bir cənnətdə, heç bir cah-calalda gözü yoxdur. Və ona gerçəklikdən danışanda, acı-acı gülür. Çünki incəsənətin daha inandırıcı sonsuz gerçəkliyini bilir. Hər hansı bir onrəqəmli ədədi düşünmədən kvadrata yüksəldən riyaziyyat bizi xeyli təəccübləndirir. Lakin çox vaxt biz şairin də hadisəni onrəqəmli dərəcəyə yüksəltdiyini gözümüzdən qaçırırırq və əsərin sadə zahiri görünüşü bizi tez-tez onun əsas daxili reallıqlarından yayındıraraq aldadır.
Söz - öz-özlüyündə poeziyanın reallığıdır. İndi, məsələn, fikirlərimi dəqiq, lakin heç də poetik formada olmadan ifadə edərkən, mən əslində sözlə yox, işarələrlə danışıram. Lal-kar olanlar bir-birlərini çox yaxşı başa düşürlər. Və dəmiryol semaforları da sözün köməyi olmadan çox mürəkkəb işlər yerinə yetirir. Beləliklə, əgər fikri əsərin məzmunu hesab etsək, o zaman sözdə olan qalan hər bir şeyi yalnız fikri tez ötürməni ləngidən sadə mexaniki artırma, əlavə hesab etməliyik. Yavaş-yavaş "sözün özü" yaranırdı. Tədricən bir-birinin ardınca sözün bütün elementləri forma anlayışına daxil edilirdi. Ancaq şüurlu fikir, Loqos indiyə qədər səhvən və heç bir şeyə əsaslanmadan məzmun hesab edilir. Bu lazımsız ehtiramdan Loqos yalnızca uduzur. Loqos ancaq sözün başqa elementləri ilə hüquq bərabərliyi tələb edir. Şüurlu mənayla yaradıcılıq materialı kimi başa çıxa bilməyən futurist, düşüncəsiz şəkildə onu kənara atır və əslinə baxanda, bununla öz əcdadlarının kobud səhvini təkrar etmiş oldu.
Akmeistlər üçün sözün şüurlu mənası, Loqos, eyniylə simvolist üçün musiqinin olduğu kimi çox gözəl bir formadır.
Və əgər futuristlərdə sözün özü hələ iməkləmə mərhələsindədirsə, akmeizmdə o, ilk dəfə olaraq, daha layiqli şaquli vəziyyət alır və mövcudluğunun daş dövrünə qədəm qoyur.
II
Akmeizmin tiyəsi dekadentliyin nə stileti (üçtiyəli kiçik xəncər), nə də neştəridir. Akmeizm inşaat etmək ruhuna bürünmüş adamlar üçündür. Ağırlıqlardan, çətinliklərdən cəsarətsizcə imtina etməyən, onu içində yatan arxitektur gücü-qüvvəni istifadə etməkdən ötrü oyadaraq, fərəhlə qəbul edənlər üçündür. Memar deyir: mən tikirəm, deməli, mən haqlıyam. Özümüzün haqlı olduğumuzu dərk etməyimiz, poeziyada bizə hər şeydən daha dəyərlidir. Və ali həzz hissi olmayan futuristlərin cəfəngiyatlarını nifrətlə kənara atıb, çətin sözü sanki millə toxumaqla (Sebastyan Bax onu musiqidə təsdiqləyən tərzdə) biz də qotikanı sözlər mühitinə gətirmək istəyirik.
Müqavimətinə qalib gəlməli olduğu materialın reallığına inanmayan hansı ağılsız tikməyə razılıq verər? Çay daşı memarın əlində substansiyaya çevrilir və daşı sındıran iskənənin səsi onun üçün metafizik sübut deyilsə, deməli, o adam tikmək üçün doğulmayıb. Vladimir Solovyov bəyaz fin qayaları qarşısında qeyri-adi bir dəhşət hissi keçirirdi. Mərmər qayaların lal nitqi onu şər-ovsun kimi həyəcanlandırırdı. Lakin Tütçevin (Fyodor İvanoviç Tütçev - 1803-1873) daşı, "dağlardan gillənib düşmüş, dərədə qalan, özü özündən qopan, ya da "düşünən əllə" yuxarıdan atılan", - əsl sözdür. Bu gözlənilməz düşüşdə materiyanın səsi aydın nitq kimi səslənir. Bu səslənişə ancaq memarlıqla cavab vermək olaq. Akmestlər "Tütçev daşını" dərin ehtiram hissiylə qaldırır və öz məqsədlərinin əsasına qoyurlar.
Daş sanki başqa varlığın həsrətini çəkirmiş. O, özü gizli qalmış dinamikanın potensial xüsusiyyətlərini aşkarladı - sanki "xaç tağtavanına" özü kimiləriylə əlaqədə olmaqdan ötrü icazə istədi.
III
Simvolsitlər yaxşı xanənişin olmayıblar. Onlar səyahətləri sevirdi. Lakin onlar rahat deyildilər. Nə öz orqanizmlərinin qəfəsində, nə də öz kateqoriyaları əsasında Kantın qurduğu dünyəvi qəfəsdə rahat ola bilmirdilər. Tikintidə müvəffəqiyyət qazanmaqdan ötrü birinci şərt fəzanın üç ölçüsünə səmimi ehtiram hissinin olmasıdır. Onlara əlavə yük, təsadüfi bədbəxtlik kimi yox, Allahın verdiyi saray kimi baxmaq lazımdır. Əslində, siz ev sahibinin hesabına yaşayan, onun qonaqpərvərliyindən sui-istifadə edən, ürəyində ona nifrət bəsləyən və elə hey onu aldatmaq barəsində düşünən nankor qonağa nə deyərdiniz? Ancaq "üç ölçü" naminə tikmək olar. Çünki istənilən memarlığın əsas şərti onlardır. Bax elə buna görə də, arxitektor yaxşı xanənişin olmalıdır, simvolistlərsə, yaxşı xanənişin deyildilər. Tikmək - heçliklə mübarizə aparmaq deməkdir, fəzanı hipnoz etmək deməkdir. Qotik zəng qülləsinin ən yaxşı oxu qəddardır, çünki onun əsas məğzi səmaya sancılmaq, onu boşluğuna görə məzəmmət etməkdir.
IV
İnsanı xüsusi edən özünəməxsusluğunu biz dərk edir, anlayırıq və orqanizimin daha əhəmiyyətli anlayışına daxil olur. Orqanizmə və təşkilata sevgini akmeistlər fizioloji dahiyanə Orta əsrlərlə ayırırlar. Zəriflik dalınca qaçmaqla XIX əsr gerçək mürəkkəbliyin sirrini itirmişdir. XIII əsrdə orqanizm anlayışının məntiqi inkişafı sayılan qotik baş kilsə indi estetik cəhətdən müdhiş hesab olunur: Notre Dame fizioloji bayramdır, onun dionistik azğınlıqdır. Biz özümüzü "simvollar meşəliyində" əyləndirmək istəmirik, çünki bizim daha baltadəyməmiş, daha sıx meşəmiz - ilahi fiziologiya, bizim qaranlıq orqanizmimizin sonsuz mürəkkəbliyi var.
Orta əsrlər öz xüsusi çəkisinə görə insanları ayırd edəndə, onların hər birini xidmət və əməlindən asılı olmayaraq hiss edir, qəbul edib tanıyırdı. Ustad titulu həvəslə və tərəddüdsüz tətbiq edilirdi. Ən sadə peşə sahibi də, ən axırıncı ruhani də həmin dövrə xarakterik olan gizli mühüm vüqara sahib idi. Bəli, Avropa abstarkt varlıqların mövcudluğu bir qəhrəmanlıq hesab edildiyi zamanda nəfis-zərif mədəniyyət labirintindən keçib getdi. Böyük inqilabın "bərabərlik və qardaşlıq" ruhuna biganə olan bütün insanları birləşdirən kübar intim də buradan gəlir. Bərabərlik də yoxdur, rəqabət də yoxdur, ancaq mövcud olanların boşluq və heçlik əleyhinə əlbirliyi var.
Əşyanın mövcudluğunu əşyanın özündən daha çox sevin və öz mövcudluğunuzu da özünüzdən daha çox sevin. Bax, budur akmezimin əsl nəsihəti.
V
A=A: necə də gözəl poetik mövzudur. Simvolizm artıq üzülmüşdü, eynilik qanunu ilə darıxırdı, akmeizm onu özünün şüarı edir və onu şübhə doğuran "a realibus ad realiora"nın ("Reallıqdan daha böyük reallığa" Vyaçeslav İvanovun "Ulduzlarla. Fəlsəfi, estetik və tənqidi təcrübələr" kitabında irəli sürdüyü şüar) yerinə təklif edir. Heyrətlənmək qabiliyyəti şairin ən başlıca məziyyətidir. Bəs onda qanunlardan ən əlverişlisinə, ən səmərəlisinə - bərabərlik qanununa axı necə heyrət etməmək olar?! Bu qanun qarşısında ehtiramlı heyrətə düşən adam şübhəsiz ki, şairdir. Beləliklə, bərabərlik qanununun hakimiyyətini qəbul edərək, poeziya şərtsiz və sərhədsiz olaraq, bütün gerçəkliyin əbədi sahibi olur. Məntiq gözlənilməzliklər səltənətidir. Məntiqlə düşünmək fasiləsiz, dayanmadan təəccüblənmək deməkdir. Biz sübut musiqisini sevdik. Məntiqi rabitə bizdən ötrü alacaqanad haqqında nəğmə deyil, orqanla və ifayla müşhaidə olunan simfoniyadır. Elə çətin və elə coşqun bir simfoniya ki, dirijor ifaçıları və itaəti nəzarətdə saxlamaqdan ötrü bütün gücünü səfərbər edir.
Baxın inandırıcı musiqisi kimi! Necə böyük və güclü sübut! Sübut etmək, sübut etmək və yenə də, sona qədər sübut etmək: incəsənətdə sənətkarın nəyisə inanaraq qəbul etməsi ona yaraşmaz, bu çox asan və darıxdırıcıdır...
VI
Orta əsrlər bizim üçün ona görə dəyərlidir ki, ali dərəcədə hədd və sədd hissinə malik idi. O, heç vaxt müxtəlif planları bir-birinə qarışdırmırdı və axirətlik olana böyük təmkinlə yanaşırdı. Şüurluluq, mistika və dünyanı canlı tarazlıq kimi duymanın nəcib qarışığı bizi həmin dövrlə doğmalaşdırır. Və 1200 ilə yaxın roman əsasında yaranan əsərlərdən qüvvət almağa sövq edir.
Doğruluğumuzu elə sübuta yetirməliyik ki, cavabımızda alfadan omeqaya qədər bütün səbəb və tədqiqatlar lərzəyə gəlsin. "Oynaq qandalları rahat və yüngül" taxıb gəzdirməyi öyrənərik.
1912
Rus dilindən tərcümə edən:
Xanım AYDIN
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!