Azərbaycanın görkəmli dövlət xadimi M.Ə.Rəsulzadə özündən sonra zəngin irs qoyub gedib. Bu zəngin irsdə biz Azərbaycanın görkəmli şair və yazıçıları haqqında onun çox dəyərli fikirlərinə rast gəlirik. M.Ə.Rəsulzadə bu tədqiqatlarında şair və yazıçılarımızın ədəbiyyatda mövqeyini də düzgün müəyyənləşdirə bilib. Odur ki, M.Ə.Rəsulzadənin bu mövzudakı yazıları böyük maraq doğurur.
Bu yazıların digər üstünlüyü isə ideologiyadankənar araşdırma tədqiqatlarının mövcudluğudur. M.Ə.Rəsulzadə bu yaradıcı şəxsiyyətlərimizə "sovet şairi, yaxud yazıçısı" ölçüsündən yanaşmır. Əksinə, onların Şərq ədəbiyyatında, Türk ədəbiyyatında və sonda dünya ədəbiyyatındakı mövqelərini maraqlı faktlarla açıqlayır. M.Ə.Rəsulzadənin bu araşdırmalarında şair və yazıçılarımıza böyük sevgi, bağlılıq hissləri də duyulmaqdadır. Eyni zamanda, o, bu yazılarında bir ədəbiyyat bilicisi kimi də görünməkdədir. Buraya əlavə etsək ki, M.Ə.Rəsulzadə çoxlu şeirlər yazmış, pyeslər müəllifidir, rus və fars dillərində nəsr və şeir nümunələrini Azərbaycan dilinə tərcümə edib, onda bu yazıların daha da əhəmiyyətli olması qənaətinə gəlirik. Digər tərəfdən, M.Ə.Rəsulzadənin başqa yazılarında da onun Şərq və dünya ədəbiyyatını ciddi mütaliəsi haqqında da məlumatlara rast gəlmək mümkündür. Bu mənada, M.Ə.Rəsulzadənin 1951-ci ildə Türkiyədə yazdığı 500 səhifəlik "Azərbaycan şairi Nizami" kitabı hər mənada, ədəbiyyatımız tarixində möhtəşəm hadisədir. Sonradan onun "Azərbaycan Yurd Bilgisi" jurnalında nəşr etdirdiyi "Şirvanlı Xaqani" məqaləsi sovet tədqiqatçılarının yanaşmalarını ciddi faktlarla təkzib edir, Xaqani şəxsiyyətini maraqlı və daha məzmunlu olaraq oxuculara çatdırır.
M.Ə.Rəsulzadənin ədəbiyyat araşdırmaları güneyli, quzeylidir. Onun ustad Şəhriyarın "Heydərbabaya salam" əsəri haqqında yazdığı ilk məqalə 1955-ci ilə aiddir. Yəni əsər nəşr ediləndən qısa müddət sonra M.Ə.Rəsulzadə bu dəyərli sənət nümunəsini geniş təhlil edərək, çox da uyğun bir başlıq yazıb: "Ədəbi bir hadisə".
M.Ə.Rəsulzadənin yazıçılarımız haqqında da maraqlı yazıları vardır ki, o məqalələri də növbəti saylarda oxuculara təqdim edəcəyəm.
Nəsiman Yaqublu
Şirvanlı Xaqani
(1126-1199)
"Bir münasibətdə böyük Azərbaycan şairi Gəncəli Nizamidən bəhs etmişdik. XII əsrin məşhur şairlərindən biri də Şirvanlı Xaqanidir. Əsl adı Əlidir. Bir xarratın oğludur...
...Şirvanşahlara o dövrdə Xaqan deyilərdi. Saray şairi olunca, xarratın oğlu Əliyə Xaqanın şairi mənasına gələn Xaqani adı verilmişdir...
Azərbaycan tarixinin, Nizami kimi böyük şairlər yetişdirmiş dövrünün Şirvanlı Xaqani seçkin ustadlarındandır. Qəsidədən başqa o, ədəbi dəyərləri yüksək olan digər parçalar da yazmışdır. "Mədain Xərabələri" şeiri, çökən insanlıq kültürü ilə yıxılan mədəniyyət abidələrinə ağlayan, qüvvətcə, dünya ədəbiyyatında bərabəri olmayan bir şah əsərdir". Nizami, Əbül-Üla Fələki və şairə kimi, XII əsr böyük şairlərin yanında, Şirvanlı Xaqani, Azərbaycan yaradıcılığına şərəf verən bir şəxsiyyətdir.
Qərb oxuyucularının yaxşıca anlamaları üçün, avropalı tənqidçilər, Xaqanini fransızların romantik şairi Viktor Hüqoya bənzədirlər.
Humanist ruhlu, dünya ölçüsündə yaradıcılıq qüdrətinə sahib olan Xaqani yurdunun aşiqi, vətənçi bir şairdir.
Şirvan sarayında ulduzu parıldayan və bütün rəqiblərini üstələyən Xaqani, bir intriqa üzündən etibardan düşmüş, həbs edilmişdir. Şairin bu əsnada yazdığı "Həbsiyyə"si ədəbiyyat tarixinin qeyd edildiyi parlaq parçalarındandır".
M.Ə.Rəsulzadə. "Şirvanlı Xaqani". "Azərbaycan" jurnalı. Ankara, yıl:3,
sayı: 9 (33), dekabr 1954-cü il. səh.19-21.
Nizami Gəncəvi
(1141-1209)
"Klassik İran ədəbiyyatının Firdovsidən sonra ən böyük ustadı Azərbaycan şairi Nizamidir. "Sirlər Xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi Gözəl" və "İsgəndərnamə" adlarını daşıyan beş mənzuməni bir cild içində toplayan "Xəmsə"siylə tanınmış olan Nizaminin dünya ədəbiyyatında müstəsna bir yeri vardır. Şeirə nisbətlə, çox zaman XII yüzilə romantik epopeya dövrü deyilir, çünki bu dövrdə Gəncəli Nizami yaşamışdır. Nizami Firdovsinin yaratdığı Şovalyə (cəngavərlik) romanının dar çərçivəsini aşaraq, lirik eşq əfsanəsi yazmış və beləliklə, hissi romançılığın əsasını qoymuşdur. Bəzi Şərq tənqidçiləri kimi, Qərb tənqidçiləri də üslub və hekayəçilikdə onu Firdovsidən üstün tutarlar.
Nizaminin sənətkarlığı, aşıqca məsnəvi yazmaqdakı yeniliyi təqdir olunmuş və özünə Farsca və Türkcə mübaliğəsiz, yüzlərcə bənzətmələr yazılmışdır...
Şairliyindən, fantaziyasından və ədəbiyyatdakı mövqeyindən çox bəhs olunan bu şəxsiyyətin iki tərəfi nisbətən örtülü və ya tamamilə qapalı qalmışdır. Bunlardan biri, şairin azərbaycanlı bir Türk olması və Türklük duyğusu daşıması, o biri də yetişdiyi məmləkətin geopolitikasından doğan siyasi məsələlərlə candan bağlı olmasıdır. Mövzuları baxımından xalis bir türk olan bu şair eyni zamanda Qafqazın siyasi müqəddəratı ilə dərindən bağlı bir yurddaşdır.
Cahan hakimiyyəti Nizamiyə görə heç bir zaman qara niyyət və qaba qüvvətlə təmin oluna bilməz. Millətlərə zorla deyil, mənəvi nüfuzla ancaq təsir edilə bilər. Yetişir ki, onların vicdanlarına xitab edilə bilsin!
Dünyanı siyasətən fəth etdikdən sonra, İsgəndərə göydən bir səs "Ya İsgəndər, indi də peyğəmbər olacaq, dünyanı yenidən başdan dolaşacaq, millətləri Tək Allahlıq dininə gətirəcəksən, - demişdir.
Bu ilahi xitab qarşısında sarsılan İsgəndər: - Mənmi peyğəmbər?! Möcüzəm nə olacaq? - deyə soruşmuş və tərəddüd göstərmişdir. O zaman ilahi səs İsgəndərə: - Möcüzən bu, bütün millətlərin dilini tərcüməsiz anlayacaqsan; millətlər də sənin Rumcanı, eyni şəkildə vasitəsiz anlayacaqlardır".
Milli vicdanın tərcümanı dil deyilmidir?..
...Elədirsə, şair demək istəyir ki, millətlərarası nizam ancaq milli haqların tanınması ilə kökləşə bilər!
İnsanlığın susadığı tək dünya barışının bundan daha yüksək formulunu kim vermişdir?!"
M.Ə.Rəsulzadə. "Azərbaycan şairi
Nizami və dünyanın bugünkü durumu". "Qafqasya" jurnalı, Münhen,
1952-ci il №13, səh.5-8.
Məhəmməd Füzuli
(1494-1556)
"XIX əsrin əvvəllərinə qədər Azərbaycan ədəbiyyatı bütünlüklə Füzulinin təsiri altında olub. Onun əsərləri toplusu bu gün də hər bir ədəbi-təhsilli azərbaycanlının stolüstü kitabına çevrilib. Bir qədər əvvəl Bakıda onun yaradıcılığının 400 illiyi qeyd edildi. Şairin ayrı-ayrı şeirləri məşhur məsəllər kimi xalqın danışığında istifadə edilir...
Əgər diqqət etsək ki, ona qədər bəziləri, ondan sonra Azərbaycanın ən yaxşı şair və böyük klassikləri olan Fələki və Xaqani Şirvanilər, eləcə də Nizami Gəncəvi həqiqi Azərbaycan şairləri olsalar da, fars dilində yazırdılar, onda aydın olar ki, sözün milli mənasında Füzuli hansı ədəbi inqilabı etmişdir.
Öz dövrünə görə cəsarəti və bugünkü anlayışa görə dərin mənalı olan Füzulunun milli başlanğıcı öz məqsədinə çatdı. O, tikandan qızılgül düzəltməyi və çətini asan, mümkün olmayanı isə əlçatan etməyi bacardı.
Dahi Füzuli demək olar ki, XIX əsrin sonuna qədər bütün şairləri özünün şeiryazma sənətini tədqiq etməyə məcbur edərək, Azərbaycan ədəbiyyatında hakimlik etmişdir".
M.Ə.Rəsulzadə. "Çağdaş Azərbaycan ədəbiyyatı", Paris, 1936-cı il, səh. 3-4.
Mirzə Şəfi Vazeh
(1794-1852)
"Mirzə Şəfi özünün liberal və yüksək əxlaqlı baxışları ilə məşhur idi. Nə zaman ki, İran şairi Sədi "Məqsədyönlü yalanı" mənəvi ehkam səviyyəsinə qaldırır, onda gəncəli Mirzə Şəfi hər şəraitdə və hər cürə qeyd-şərtsiz yalanı "Mənəvi ehkam kimi inkar edir" - deyə islam üzrə alman tarixçisi Müller bildirir".
M.Ə.Rəsulzadə. "Çağdaş Azərbaycan Ədəbiyyatı". Paris, 1936-cı il, səh.7
(Qafqaz, Türküstan və Ukrayna Xalqları Cəmiyyətində oxunmuş məruzə).
Seyid Əzim Şirvani
(1835-1888)
"Şirvani, forma baxımından Füzulini təqlid edən lirik qəzəllər yazsa da, lakin bəzi şeirlərinin məzmununa görə olduqca parlaq yeni maarifçilik ideyaları ifadə etmişdir. O, oğluna vəsiyyətində ona elmi, sənəti öyrətməyi, zəhməti sevməyi, müasirliyə uyğunlaşmağı vəsiyyət edir ki, bu da "Əkinçi"nin redaktorunun ideyalarını əks etdirirdi: "Qonşulardan və dünyanın mədəni xalqlarından geri qalmamaq. Əgər onlar mövcudluq üçün aparılan mübarizədə məğlub olmaq istəmirlərsə, onda öz qonşularından və dünyanın mədəni xalqlarından geri qalmamalıdır".
M.Ə.Rəsulzadə. "Çağdaş Azərbaycan Ədəbiyyatı". Paris, 1936-cı il, səh.10
(Qafqaz, Türküstan və Ukrayna Xalqları Cəmiyyətində oxunmuş məruzə).
Mirzə Ələkbər Sabir
(1862-1911)
"Başqa istedadlı şair və yazıçılar arasında "Hop-Hop" təxəllüsü ilə yuxarıda qeyd etdiyimiz məşhur jurnal olan "Molla Nəsrəddin"lə əməkdaşlıq edən xalq şairi - satiriki Sabirin ulduzu parladı. Onun "Hop-Hopnamə"adlı şeirlər məcmuəsi tez bir zamanda hər bir savadlı azərbaycanlının yalnız şəhərlərdə deyil, eyni zamanda bütün kəndlərdə stolüstü kitabına çevrildi. Füzulidən sonra Sabir Azərbaycanın ikinci ümumxalq şairidir.
Sabir özünün sadə formalı, dərin məzmunlu satirik şeirlərində amansızlıqla müasiri olduğu cəmiyyətin çatışmazlıqlarına gülürdü".
M.Ə.Rəsulzadə. "Çağdaş Azərbaycan ədəbiyyatı". Paris, 1936-cı il, səh.10-11
Məhəmməd Hadi Şirvani
(1879-1920)
"Sabirlə eyni cərgədə Azərbaycan ədəbiyyatına daxil olan, özünün şeirlər məcmuəsini "Cənnət Pərisi" adlandıran, azadlığın yorulmaz tərənnümçüsü Məhəmməd Hadi Şirvanidir. Mütləq azadlığa açıq bağlılığı, bəşər həyatının bütün mənəvi, sosial və siyasi sahələrində azadlığın əhəmiyyətinə fantastik inamı onun üçün ilham mənbəyi olaraq qalırdı. O, insan təfəkkürünü sıxışdıran dini şərtlərə qarşı çıxır, ağlın sxolastikanın bütün basqılarından mütləq azadlığını tələb edirdi. O, istedadının bütün gücü ilə Şərqdə qadınların istismarına qarşı çıxırdı. Açıq üzlü, çarşabsız müsəlman qadını onun üçün bütün Şərqin azadlıq rəmzi idi...
"Ana və bacılarımız azad deyilsə, hüquqları yoxdursa, onda biz iflic olmuş xalqıq" - o, deyirdi. Məhəmməd Hadinin şeirləri sözün təntənəsi və nadir ədəbi dili ilə fərqlənərək şairin alovlu romantik naturası ilə nəfəs alırdı.Təsadüfən düşdüyü Karpatda gedən hərbi döyüşlərdən göndərdiyi məlumatları əks etdirən şeirləri onun qələmindən çıxan ən yaxşı əsərlərdir. O, bu məlumatlarda müharibənin dəhşətli mənzərəsini verir, fəlsəfi mühakimələr irəli sürürdü".
M.Ə.Rəsulzadə. "Çağdaş Azərbaycan ədəbiyyatı". Paris, 1936-cı il, səh.11-12.
Hüseyn Cavid
(1882-1941)
"Şeyx Sənan" müəllifi Hüseyn Cavid Azərbaycanın sovetləşdirilməsindən sonra bir çox mənzumələr yazır. Bunlardan: mənsur "Topal Teymur" ilə mənzum "Peyğəmbər" sovet rəhbərlərini çox məşğul edir. Şairin bu iki əsəri oxucularda olduqca dərin təsir buraxır. Öncə oynanmasına icazə verilən "Topal Teymur" tamaşaçıları həyəcana gətirir. Dövlət teatrında pyes bir neçə dəfə oynanır. Əhali türklüyün ümumi qəhrəman tipi Teymurləngdən fövqəladə dərəcədə məmnun və coşqun olur. Məsələni sonradan başa düşən bolşeviklər pyesin göstərilməsini qadağan etdilər. "Sovet çörəyini yediyi halda tarixin panturanist tiplərini idealizə etməyə cəsarət edən" şairə qarşı sovet tənqidçiləri atəş püskürürdülər. "Topal Teymur" müəllifinə hiddətlənmiş hökumətin şiddətli cəzalarına qatlanmaq lazım gəlir. Onu sıxışdırırlar, qəzet sütunlarında tənqid edirlər".
M.Ə.Rəsulzadə. "Çağdaş Azərbaycan ədəbiyyatı" mövzusunda Ankara Xalq evində oxuduğu mühazirədən. 1949-cu il.
M.Ə.Rəsulzadə. "Əsrimizin Səyavuşu. Çağdaş Azərbaycan ədəbiyyatı.
Çağdaş Azərbaycan tarixi". B., 1991, səh.62
Əhməd Cavad
(1892-1937)
"...Milli cərəyanın digər nümayəndəsi Cavad Axundzadənin işi bolşevik dövründə qətiyyən gətirmir. Əski bir "müsavatçı" olduğuna görə onu həbs edirlər. Mətbuat səhifələrində, ədəbiyyat qurultaylarında hər yerdən uzaqlaşdırılır və qovulur. Əsərlərini nəşr etmirlər və nəşr olunanları isə toplayırlar. Bütün bunlara baxmayaraq, onun yazdığı parçalar əldən-ələ gəzərək gənc kommunistlərin arasında belə yayılır. Gənc bolşevik şairlər öz yazdıqları şeirlərini Cavadın tənqid və təqdirinə ərz edəcək dərəcədə onun təsirinə düşürlər. Siyasi olmayan parçaları bəzən fürsət olduqda mətbuat səhifələrində özünə yer tapır. Bunların çoxu rəmzidir. Bu rəmzlər çekist ruhlu tənqidçilər tərəfindən deşifrə olunub, şairə hücum üçün bir vasitə olur..."
M.Ə.Rəsulzadə."Çağdaş Azərbaycan ədəbiyyatı" mövzusunda Ankara Xalq evində oxuduğu mühazirədən. 1949-cu il.
M.Ə.Rəsulzadə."Əsrimizin Səyavuşu. Çağdaş Azərbaycan ədəbiyyatı. Çağdaş Azərbaycan tarixi". B., 1991, səh.68.
Gültəkin (Əmin Abid)
(1898-1927)
"...Məlum olur ki, söhbət siyasi publisistikadan yox, yazıçı-şairlərin bədii yaradıcılığından gedir. Və burada ən görkəmli yerə "Gültəkin" imzası ilə odlu şeirlər yazan müəllifi aid etmək mümkündür. Bu şeirlərdə biz əsil milli-inqilabi poeziyanı tapırıq. Milli problemin doğruluğuna inam və buna görə də bu iş uğrundakı mübarizənin gücünə bağlılıq Gültəkini yüksəklərə qaldırır. Onun bütün şeirlərinin təhlili çox zamanımızı aparardı. Odur ki, bəzi nümunələrlə kifayətlənək və ümid edək ki, siz bununla müəyyən təəssüratlara sahib ola bilərsiniz.
Nə qədər gənc qüvvələr belə əhval-ruhiyyə və inamla şairin "Buzlu cəhənnəm" adlandırdığı müxtəlif sovet düşərgələrində və sürgün yerlərində həlak olur.
Gültəkin sürgünə göndərilmiş azərbaycanlı qardaşlarına həsr etdiyi ən yaxşı şeirlərini məhz "Buzlu cəhənnəm" adlandırmışdır".
M.Ə.Rəsulzadə. "Çağdaş Azərbaycan ədəbiyyatı". Paris, 1936-cı il, səh.26
Seyid Məhəmməd Hüseyn Şəhriyar
(1905-1988)
"Ədəbi bir hadisənin bəlgəsini təşkil edən gözəl bir şeir kitabı masamızın üstündədir. "Heydər babaya salam" başlığını daşıyan bu mənzumə Təbriz poçtasının bizə bir sürprizidir.
Şeir və sənətdən anlayan zövq sahibi bir ədəbiyyatçının, nəfis və orijinal bir sənət əsəri olan bu mənzuməni ədəbi bir hadisə deyə təqdirdə bizimlə bərabər olacağına qaneyiz.
Məzmun baxımından gerçək bir şeir olan bu əsər, şəkil baxımından da incə bir zövqün məhsuludur. Bir nəqqaş, bir həkkak, bir də həttaf tərəfindən etina ilə hazırlanan, yerli bir mətbəənin özəl diqqəti ilə, gözəl bir tərzdə, yaxşı kağız üzərində rəsmli olaraq basdırılan bu 80 səhifəlik kitab naşirlərinin təbiriylə, təbrizli sənətkarların sevən əlləriylə bağlanmış "güldəstə" bir dəməddir.
Mənzumə mənşə etibarı ilə azərbaycanlı bir şair tərəfindən "məhəlli Azərbaycan ləhcəsiylə" yazılmışdır. Şəhriyar taxma adını daşıyan şairin əsl adı Seyid Məhəmməd Hüseyndir. Təbriz bölgəsində Heydər Baba dağının ətəyində axan bir çayın kənarında məşhur Qaraçimən ovası ilə Hüsgünab kəndi arasında, dağa nazir Qara-Qurşaq kəndində doğulan M.H.Şəhriyar çağdaş İran şeirinin ən sevimli və tanınmış bir simasıdır. Ədəbiyyatçılardan bir qismi özünü zamanın Sədisi, Hafizi və Nizamisi sayarlar. "Çölhayi Rengarəng" ("Çeşidli Güllər") adlı bu ədəbiyyat dərgisində "böyük sənətkar" sifətiylə anılan Şəhriyar yalnız İranın deyil, bütün Şərqin də mədari iftixari bir şairi" - deyə öyülməkdədir.
Bu günə qədər əsərlərini yalnız farsca yazan Şəhriyarın "Heydər baba"sı azərbaycanca yazdığı ilk şeir təcrübəsidir".
M.Ə.Rəsulzadə. "Ədəbi bir hadisə",. "Azərbaycan" jurnalı, 1955, sayı 4-5
(40-41) il - , səh.2-3.
Almas İldırım
(1907-1952)
"Nəhayət, artıq sitat gətirdiyimiz, Azərbaycanın yeni şairi, bir müddət əvvəl bolşevik rejimindən qaçmış Almas İldırım Azərbaycanı Qafqazdan ayrı düşünmür. O "nadir bir qiymətli cənnəti İrandan, Hindistandan, Əfqanıstandan, Çindən yox, məhz Qafqazdan" tapmışdır. Və bu "Şamilin Qafqazıdır!" Kaş ki, o da onun kimi mübarizə apara biləydi! Göylərə ucalan və azadlıqla nəfəs alıb mübarizəyə səsləyən bu dağları olan Qafqazı o, heç nəyə, heç bir kommunistlərin dünya inqilabına, mələklərin cənnətinə dəyişməz!" Onun bu mövzuda olan şeirlərini artıq sitat gətirmişəm. Düşünürəm ki, onların təkrarından biz ancaq qazanırıq:
"Mənə deyirlər: unut Vətəni, əvəzində yeni
Dünya alarsan!
Cavab verirəm: mənim sevgimi,
mənim hüququmu,
mənim Vətənimi verin!"
M.Ə.Rəsulzadə. "Çağdaş Azərbaycan ədəbiyyatı". Paris, 1936-cı il, səh.28-29
Qeyd: A.İldırımın bu şeiri sətri tərcümədə verilib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!