Şair Ələddin Əzimə məktub
Nizaməddin ŞƏMSİZADƏ
Sızlar yada düşəndə
Ürəyimin telləri
O mehriban, o əziz
Tələbəlik illəri.
Cabir Novruz
Əzizim Ələddin!
Sənin şeirlərin ürəyimin tellərini titrətdi. Dostum Musa Yaqubun "Nanə yarpağı"tək əsdim. Çünki sənin ən yaxşı şeirlərində birgə yaşadığımız o xoşbəxt illərin (1972-1977) ətrini, rayihəsini duydum. Lap bu başdan deyim ki, sənin şeirlərin duyğular seli kimi məni məndən alıb həmin illərə - indi qəlbimizi sızladan, səadət dolu mehriban illərə apardı. Onda biz, yəni Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinin 548, 550, 552-ci qrupların birləşdiyi patokun tələbələri "qanmazlığımız" səviyyəsində xoşbəxt idik. Əli Kərim demiş:
Necə xoşbəxt imişəm
bir zaman, Allah,
Xəbərim olmayıb
bu səadətdən...
Sənin şeirlərin məni gənclikdən əlimdən uçurtduğum ağ göyərçin kimi yenidən o səadətə qovuşdurdu. Bu ali missiyanı sənin şeirlərində dip-diri qalan incə Ruhun icra etdi.
Əzizim Ələddin!
1977-ci ildən bu yana, düz - 47 ildir ki, sənin üzünü görməmişəm. Sən mənim üçün elə o vaxtkı ciddi və təvəzökar, dalğın baxışlı gənc kimi qalmısan.
Sənin şeirlərin bəlkə də mənə ona görə doğmadır ki, sən özün mənə doğmasan. Bu şeirləri oxuyub, belə yazdım:
Gəncliyimə qonaq getmək istəyirəm,
İstəyirəm salam verəm otuz yaşıma.
Başımı qoyub dizinin üstə
Danışım ki, nələr gəlib mənim başıma.
Yox! Mən şair deyiləm, "şair sözü müqəddəs sözdür, onda ölməyən əbədi bar şöhrət var" (B.Y.Belinski)
Əllərini ver mənə
Səni
çətinlikdən qoruyum,
Düz yolundan
Çəkilməkdən qoruyum.
Əllərini ver mənə
Səni
burulğanlardan qoruyum,
Yad gözlərdə
Boğulmaqdan qoruyum.
Bu əsl şair missiyası sənin "Əllərini ver mənə" adlı 9-cu şeir kitabının əsas leytmotivini təkşil edir.
Əllər insan əməlinin icraçı orqanıdır, əl insanın yalnız özünə məxsus tanıtım orqanıdır. Əl vermək ünsiyyət işarətdir. Sənin əllərin nur içindən uzanır "Nur" şerində deyirsən:
Qaranlıq qarşısında çəkilər geri
Bürünər nuruna bu kiçik hücrə.
Burda açacayıq, burda səhəri
Çox həzin, ilahi duyğular içrə.
Bəli, sənin şeirlərində həzin, ilahi duyğuların nuru - işığı var. Bu nur Ay işığı kimidir, aurası - haləti özündən qat-qat böyükdür.
Tələbəlik illərimin şairi!
Sənin ən mərhəm dostun elə şeirindir. Sənin şeirlərin kol dibində gizlincə bitən ətirli, boynu bükük bənövşəyə bənzəyir.
Dediklərimi yazımmı,
Ürəyimin başından asımmı
Həmişəkitək, şeirim?
Bağışla, unuduram tez-tez
Unuduram ki, sən elə ürəksən.
Sənin şeirlərinin maraqlı bir obrazı Səs-dir. İnsan lap qədimdə əvvəlcə səs çıxarıb, sonra onun şəklini-hərdən kəşf edib, daha sonra isə hərflərin harmoniyasından Söz yaranıb.
Dərələrdən, düzdən keçdim,
Gecədən-gündüzdən keçdim,
Dəryadan, dənizdən içdim
Sözümdən keçə bilmədim.
Kimsə dedi tələs, tələs,
Axır oldum qaranəfəs.
Göydən endi qəfil bir səs,
Səsindən keçə bilmədim.
Hörmətli şair!
Sənin şeirlərin elə göydən enən səs kimidir. Çünki sənin duyğularının rənginə bulaşmış ilhamın hardasa göylərdə cövlan edir. Onun məkanı da kifayət qədər duyğusal və bənzərsizdir.
Buludlu, yağışlı
Soyuq bir gecənin sonu
Ağır-ağır açılan, islanan səhər
Damcı-damcı diksinib
Oyanan küçələr...
Burada metafora güclüdür, çünki semasioloji gərginliyə malikdir. Sən burada bənzərsizliyin eyniyyətin tapa bilmisən.
Bunun həyati düsturunu general Maxno belə ifadə edib: "Anarxiya mat poryadka!" Əbədi gənc M.Müşfiq deyirdi ki, "şeir divanədir, ona toxunmayın, qoy hara gedir getsin" Ümumən, ilhamı cilovlamaq şeirə xəyanət deməkdir. Əsas olan sözlə heyrətləndirməkdir.
Ayım bəlli,
İlim bəlli.
Ömrün çoxu
Aldadıcı bir təsəlli
Soluxmuş yarpaqların
Öudaqdan qopan cağıdır.
Bax, o külək,
bax, o ağac,
bax, o qadın
göz yaşıdır, acıdır.
Bir də o əlçim bulud
Ruhumun işarəti -
Ağappaq bayrağıdır.
Bu özəl poetik sistemi tamamlamaq üçün kiçik bir nümunə də misal verək:
Ruhu
Küləklərə qoşular
vaxtsız ölən yarpağın
Cəsədi
düşər açılan əllərinə torpağın.
Buna poetik dua da demək olar. Həm də bu, şairin öz obrazı - avtoportret deyilmi?
"Döymə pəncərəmi" şeiri sanki Əli Kərimin "Bakı küləyi" şerinə təzad kimi yazılıb. Əli Kərim yazıb:
Sındır pəncərəmi, döy pəncərəmi,
Qoyma rahat yatam, Bakı küləyi.
Burada Əli Kərimin şair "dəliliyi" ifadə olunub. Ələddin Əzim isə yazır:
Döymə pəncərəmi,
Döymə, əzizim,
Sən yaxşı bilirsən
bu pəncərənin arxasında
haçandır mən
artıq yoxam.
Bədənim torpaq tabunda,
ruhum göylərdədi, sevgilim.
"Mən səni görürəm səmadan,
Ağlayırsan həzin-həzin.
Sən isə pərdəli pəncərədən başqa
Heç nə görmürsən.
Bu reallıq əslində irreallıqdır, öz ölümünü yaşayan sevgilinin mücərrəd obrazıdır.
Ana haqqında çox yazılıb. Sənin "Ana"n heç birisinə bənzəmir:
Dağ qopanda yerindən
Məkanı torpaq olar,
Vaxt gələr, tumurcuqlar
Gül olar, yarpaq olar,
Yatar daş daşın üstə,
Gələr yaş yaşın üstə.
Sənin bir daşın üstə
Ay gecə çıraq olar.
Sən, gözlənilməz ifadələr, bənzərsiz bənzətmələr işlətməyi bacarırsan. Qeybdən enən, şairin ruhuna qonan şeir elə belə də olmalıdır. Böyük Türk şairi Nazim Hikmətə ithaf olunmuş "Həsrət" şeirində olduğu kimi:
Sən
Qəlb yanğısı.
ağrının rəngi, boyası
gözlərin ağı röyası.
Əli nisgilli ürəyi üstə...
Bu yığcam misralarda Nazim Hikmətin böyük və faciəli taleyi əks olunur.
Hörmətli şair, tələbəlik illərimin sirdaşı!
"Söz gözəlinin nazını çəkmək" (Füzuli) kimi ali bir məqsəd yolunda can sağlığı və uğurlar diləyirəm. Sözlə millətə xidmətdən savayı əlimizdən heç nə gəlmir. Söz isə ən qiymətli milli sərvətimizdir. Türk sözü Türkün özü kimi məğlubedilməzdir.
Dərin hörmətlə...
Tələbə yoldaşın...
01.01.2024
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!