Mən, sən və balaca quşcuğaz - Əflatun AMAŞOV

 

Həyat vəfasızdır, hər şey ötüb keçir, sözdən başqa heç nə qalmır. Sən də, mən də bir ömürlük qonağıq. Biləndə ki, bizi əhatə edən doğmalarımız da əbədi deyillər, elə gözümüzü açdığımız bu dünya da, elə sənin indi yaşadığın Faxralı da... Bunları düşünəndə adam dəli olmaq dərəcəsinə gəlir. Belə qara fikirləri dərhal düşüncələrimdən uzaqlaşdırmağa çalışıram. Bircə onu bilirəm ki, sənin ömrünə yazılan talesizlik yox olmayacaq, bayaq dediyim söz kimi əbədi qalacaq.

Kim nə bilir, Allahın işidir, kim haqq dünyasına əvvəl qovuşacaq. Sənmi, mənmi? Əgər sən məni qabaqlasan qohumun, dostun qarşısında ölümünə bəlkə də gözümdən bir damcı yaş da cıxarmayacam. Amma sənin talesizliyindən doğan dərd məni əbədi yandıracaq.

Yadındamı, biz balaca olanda, özü də çox balaca olanda, böyüyəndə yazdığın "Aynabənd" şeirindəki həmin o göy rəngə boyanmış şüşəbəndimizdə nə qədər xoşbəxt yaşayırdıq. Elə bilirdik ki, səhərlər bizim üçün açılır, gün bizim üçün çıxır, axşamlar ona görə olur ki, nənəmizin nağillarını dinləyə-dinləyə yuxuya gedək. Elə bilirdik ki, külək də bizim üçün əsir, ulduzlar da bizim üçün sayrışır, sanki quşlar bizim üçün oxuyurlar. Bir sözlə, hər şey yalnız bizim üçündür. Ciyərlərimizə çəkdiyimiz hava da...

O da yadındamı, həyətimizdə hələ də qalan o nəhəng tut ağacı, onun başındakı sərçə yuvası? Ana sərçə balalarını yemləmək üçün dimdiyində nələri gətirmirdi? Necə də həvəslə tamaşa edərdik o səhnəyə. Səbrsizliklə gözləyirdik sərcə balalarının böyüməsini, onların ilk uçuşlarını. Birdən nə olsa yaxşıdı? Ana sərcə yox oldu, axşama kimi onu gözlədik, yenə də gəlmədi. Gecəni birtəhər keçirib, səhər olunca tələm-tələsik yenə tut ağacına tərəf qaçdıq. Heç nə dəyişməmişdi. Yuva da öz yerində idi, içindəki qanadları yeni-yeni tüklənən üç sərçə balası da. Bir-birlərinə sığınmışdılar, dünənki kimi cikkildəşmirdilər.

Yəqin ki, ac idilər. Onlara necə yazığın gəlmişdi, nə qədər ağlamışdın onda.

Elə ürəkdən, özü də elə ucadan hay-həşir salmışdın ki, səsinə hardansa əmimiz qızı

Salatın gəldi. Səndən düz 3 yaş böyük idi, məndən də 6. Ana nənəsi namaz qıldığından dini ayinlərdən xəbəri vardı, bəlkə də başı heç çıxmırdı, amma özünü elə göstərirdi.

Sənsə dayanmadan ağlayırdın. Salatın səni sakitləşdirməyə, ovutmağa çalışırdı. Sənə təkrar-təkrar təskinlik verirdi:

- Niyə ağlayırsan? - deyirdi. - Allah babaya yalvararıq, onları ölməyə qoymaz.

Bir anlığa sakitləşdin. Elə bilirdin ki, balaca sərçələr yalnız cəyirtkə yeyir, çünki biz yuvalarına gələn analarının dimdiyində dəfələrlə çəyirtkə görmüşdük. Ona görə də zəif səsinlə soruşdun:

- Bəs Allah baba onlara çəyirtkə tutacaqmı?

Sənə izah edə-edə əllərini yuxarı qaldırıb Allaha yalvarırdı ki, balaca balaları öldürməsin.

Sən də ona baxıb əllərini yuxarı qaldırdın, ağlaya-ağlaya nə isə söylədin.

- Onlar ölməyəcək, eləmi? - deyə daha çox təsdiqedici cavab umdun. Salatın səni inandırmağa çalışırdı ki, Allah baba onları mütləq ölməyə qoymayacaq.

Və sən işindəki tərəddüdü qova-qova mənə tərəf çevrilib gözləri yaşlı, incik-incik:

- Sən niyə yalvarmırsan, istəyirsən onlar ölsün? - söyləmişdin.

Uşaq ağlımla söruşmuşdum:

- Kimə yalvarım ey?

- Allah babaya.

- O hardadır ki?

Əlinlə uzaq göyləri göstərmişdin:

- Baax, Salatın deyir orda.

Başımı qaldırıb heyrətlə və maraqla diqqətimi ucsuz-bucaqsız ənginliklərə yönəltmişdim.

Amma heç kimi görməmişdim.

İndi də bilmirəm hardan gəlmişdi uşaq ağlıma bu fikirlər:

- Sabah Orta Siviyə Allah babanın yanına gedək, ona orda yalvararıq.

Onda mənim uşaq dünyam lapbalaca idi. Elə bilirdim ki, kəndimizi əhatə edən dağlarla göylərin təmas xətindən o yana dünya yoxdur. Yəni göylər dagların başında qurtarır, evimizin arxasındakı Orta Siviyə çıxsam, göyün divarlarına əl vurmaq, ona toxunmaq olar. Bəlkə mən küsməyim, sənin də elə fikirləşdiyini demişdin onda. Təklifim, deyəsən, beyninə batmışdı. Orta Siviyə çıxmağa səni inandıra bilmişdim.

Həmin gecəni nənəmin qucağında niğaran yatmışdım. Bəlkə də ilk dəfə idi ki, yuxu görürdüm. Elə indi də yaddaşımda ilk qalan həmin yuxudur. Sərçə balalarının danışdığı yuxu. Sən onları çəyirtkələrlə yemləyirsən, onlar da səninlə danışırdılar, nə deyirdilər, nə söyləyidilər, düzü, orasını unutmuşam.

Səhəri səbrsizliklə açmışdıq. Gözləmişdik ki, evdə baş qarışsın, atamız, anamız işlərinin dalınca getsinlər. Nənəmizi evdə qoyub yollanaq Orta Siviyə.

İndi təsəvvürünə gətirirsənmi, iki kiçik uşaq özündən dəfələrlə hündür, qollu-budaqlı kolların arasından sivişib Orta Siviyə çıxacaq, fəqət göylərin dağa birləşdiyi yeri orada tapmayacaqlar, həmin yeri daha irəlidə Böyük Güneydə görəcəklər. Balaca quşcuğazların taleyi ilə bağlı balaca ürəklərə dolan narahatçılıq onları Böyük Güneyə də qaldıracaq.

Burada da göylərlə qovuşmayacaqlar. Çünki sonsuz ənginliklərin yerə toxunan ətəkləri bu dəfə onlara Göy Qayada, Səngər dağının zirvəsində görünəcək...

Həmin gün axşamacan biz tək-tənha göylərin dağlara dəyən yerlərini axtardıq.

Tapmadıq. Allahı da tapıb yalvara bilmədik. Amma həmin gün dünya bizim üçün başqalanacaqdı, böyüyəcəydi, sonsuza çevriləcəydi. O tapıntıların təsiri altına o qədər düşmüşdük ki, hətta narahat olub arxamızca Böyük Cüneyə gələn atamız bizi tapıb danlayanda belə əməlimizdən peşimançılıq çəkməmişdik.

Yadındamı, sərçə balalarından biri ölmüşdü. Qalan ikisini qoymadın ölməyə. Hər gün neçə dəfə cəyirtkələrini verdin. Qoymurdun kimsə onları əlinə götürsün. Qanadlarına tük gələ-gələ, dimdiklərinin kənarındakı sarı hissə azala-azala böyüdülər, günlərin birində uçub getdilər. Onlar üçün yığdığın cəyirtkələr qarışqalara yem olanda usandın gözləməkdən, onda da ağlamışdın.

İndi bildinmi niyə kitabına yazacağım ön sözü bu xatirələrlə başladım? Sərçələrin uçub getməsi xiffətinə dözmədin, uzun müddət unuda bilmədin onları. Birinci sinifə gedirdin onda. Hərfləri öyrənib qurtarmamışdın. Yadındamı, şəkilli kitabların vardı, oxuyanda mənə də verirdin şəkillərinə baxmağa. Bir gün məktəbdən evə pərişan gəlmişdin.

Müəllim danlamışdı. O şəkilli kitablarının birinə quş şəkili çəkmişdin, altına da aşağıdakı şeiri yazmışdın:

 

A sərçə, sərçə, sərçə,

Niyə bura gəlmirsən.

Axı sənin üşün mən

Darıxıram, bilmirsən?

 

Müəllim bilməmişdi bu şeiri sən yazmısan, sənin ilk yaradıcılıq nümunəndir. Bəlkə də bilsəydi xətrinə dəyməzdi heç.

Şeir yazdığını bilirdim, mən əsgərlikdə olanda da, tələbəlik illərimdə də, sonralar da mənə həsr etdiyiklərin yadımdadır. Nədənsə sairliyinə həmişə adi baxmışam.

Yadındamı, ötən il mən kəndə gələndə təsadüfən gözüm stolun üstündəki məktəbli dəftərinə sataşmışdı. Üstünə də Gülabatın yazılmışdı. Necə oldusa vərəqlədim. Gözümə ilk dəyən "Çinar" şeiri oldu. Oxuduqca heyrət məni bürüdü, həm də kövrəldim. Çünki o çinarın kölgəsində tay-tuşlarımla nə qədər oturmuşdum, kimlərdən, nələrdən danışmamışdıq. Dəftəri qapadım və səndən bir neçə günlük istədim. Etiraz etmədin.

Qərara qəldim ki, şeirlərin bir qismini toplayıb kitab halında çap etdirim. Və sənə sürprizim olsun. Elə də olacaq. Bimirəm sevinəcəksənmi kitabı əlinə alıb vərəqləyəndə. Yoxsa o balaca sərçə balalarının xiffəti səni yenə ağladacaq, hər seir, hər sətir kəşməkəşli həyat yolunu xatırladıb səni qəhərləndirəcək. Kaş ki, sevinəsən.

Zaman sonsuz olduğu qədər Söz də əbədidir. Biz olmayacağıq, sözün isə qalacaq, yanında da adın - Gülabatın!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!