"Endirirəm başımı bir uşaq əllərinə!.." Görkəmli şair Vaqif Bəhmənlinin qədim dostu, çağdaş jurnalistikamızın bənzərsiz simalarından olan Vasif Quliyevin 50 illik yubileyi ilə bağlı yazdığı məqalənin başlığı belədi. Unudulmasın, yadda qalsın deyə, bir daha təkrar edirəm: "Endirirəm başımı bir uşaq əllərinə!..".
O məqalədə olduqca maraqlı, unudulmaz bir məqam var. Xatırlanır ki, bir dəfə Vidadi Məmmədov mənə göz vurub dedi ki, bilirsən, Vaqif, mən bu Vasifə ən çox əllərinə görə hörmət eləyirəm. Soruşdum, axı onun əlləri nə təhərdi ki, sən ona hörmət bəsləyirsən? Rəhmətlik Vidadi qəhqəhə çəkdi və qayıdıb dedi ki, Vasifin əlləri çox toppuş və təmizdi, uşaq əlləri kimi: "Vasif Vidadinin ilahi hikmətinə həmişə sadiq qaldı, əllərinin uşaq təmizliyini qorudu, dost əlləri sıxdı, qələmi yerə qoymadı..."
Düz iyirmi illik zaman məsafəsi ayırır bizi həmin sətirlərin qələmə alındığı vaxtdan. Söhbətin tələbəlik illərindən getdiyini nəzərə alsaq, düz 50 ilə yaxın zaman məsafəsi, bir igidin ömrü. Üstündən əlli il vaxt keçib, amma Vasif müəllimin Vidadi Məmmədovun diqqətini çəkən o uşaq əlləri yenə də öz paklığına, təmizliyinə sadiqdir. Elə ürəyi də, elə səmimiyyəti də necə var elə qalıb. Bir də tükənməz yaradıcılıq enerjisi...
Bu xüsusda Vasif müəllim heyrət doğuracaq qədər nadir qələm adamlarındandır. Vasif müəllim müdriklərə xas davranışı, sənətə, tarixə müstəsna dərəcədə bağlılığı, diqqətcilliyi ilə əsl qarabağlı, şuşalı xarakterini bütün dolğunluğu ilə özündə cəmləyə bilən adamdır. Bu xarakteri ilə tarixin o başını bu başına tikməyi, yəni, ənənəni yaşatmağı, davam etdirməyi bacaran şəxsiyyətdir. Bu deyilənlərin təsdiqi Sovet İttifaqı Qəhrəmanı, mərhum akademik Ziya Bünyadovdan gəlir: "Hacı Zeynalabdin Tağıyev" kitabı on min tirajla "Şuşa" nəşriyyatında çapdan çıxmışdır. Kitabın titul səhifəsində çap olunma tarixi "1993-cü il" yazılmışdır. Kitab həmin ildə çap olunmalı idi, lakin sponsor tapılmadığından 1994-cü ildə Vasif Quliyevin xeyirxahlığı ilə "Şuşa" nəşriyyatında çap olunmuşdur".
Xalq şairi Bəxtiyar Vahabzadə onun xeyirə, mədəniyyət tarixinə calanan əməyini belə qiymətləndirir: "...Vasif Quliyevin ulu tariximizin səhifələrini təqdim edən məqalələrinin çap olunması yaxşı haldır. Mənə elə gəlir ki, bu silsiləni davam etdirmək, Qarabağ tarixini üzə çıxaran, ümumiyyətlə, Qarabağın tarixindən bəhs edən əsərləri bugünkü oxucuya çatdırmaq lazımdır..." Bu sırada ədəbiyyatşünas alim Xeyrulla Məmmədovun yazdıqları da var: "Vasif Quliyev həyatda qismətinə nəhs tale düşmüş, istər sağlığında, istərsə də ölümündən sonra "günahsız müqəssir"ə çevrilmiş böyük millət xadimini, istedadlı yazıçını - Haşım bəy Vəzirovu xalq yaddaşına qaytarıb, oxucu kütləsinə tanıtmaqla nəcib bir missiyanı yerinə yetirmişdir". Görkəmli şair, ədəbiyyatşünas alim Famil Mehdi onun əməyini məhz bu xeyirxah missiyasına görə təqdim edir, yazır ki, bütün canı və qanı ilə Qarabağa bağlı olan, Şuşanın qeyrətli, fədakar övladı, mənim keçmiş tələbəm Vasif Quliyevə kömək etmək lazımdır.
Filologiya elmləri doktoru, professor Zaman Əsgərli 18 il əvvəl yazdığı "Nəcəf bəy Vəzirov" kitabını çap etdiyinə görə Vasif müəllimə minnətdarlığını bildirir, görkəmli şair Çingiz Əlioğlu V.Quliyevin heç bir yerdən maliyyə köməyi almadan Azərbaycan elmi və bədii fikrinin qaynaqlarının araşdırılmasına yönəli əsərləri, klassik ədəbiyyatımızın, musiqi tariximizin klassik bilicilərinin böyük irsini çap etdirməsini yüksək dəyərləndirir. Manasşünas alim, şair Adil Cəmil bu baxımdan "Şuşa" nəşriyyatının direktoru V.Quliyevin "mətbəxinə" baş vurmağa ehtiyac duyub, görülən işlərin miqyasına heyranlığını bildirir. Əməkdar jurnalist Şahin Quliyev haqlı olaraq Vasif müəllimdən özünə və sənətinə sadiq, sənəti yolunda ürəyini şam kimi əridən insan kimi bəhs edir. Filologiya elmlər doktoru, professor Məhərrəm Qasımlı onun "Ucalığa gedən yol" kitabını Şuşaya gedən və Şuşadan gələn yol kimi dəyərləndirir. Professor Vaqif Yusifli onun "Qarabağnamə"lərindən bəhs edərkən xüsusi olaraq vurğulayır ki, Vasif Quliyev Azərbaycan və Şərq tarixini mükəmməl öyrənmişdir, həm də tarixə bir salnaməçi gözüylə yox, hüşyar gözüylə baxır, tarixi öz meyarları ilə yenidən qiymətləndirir: "Vasif Quliyev yaxşı dost və ünsiyyət sevən adamdır. Təsadüfi deyil ki, Aqil Abbasın "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz" əsərinin əsas qəhrəmanlarından biri də Vasifdir".
Akademik Mirabbas Aslanovun sayğı dolu fikirlərinin üstündən etinasız keçə bilmirəm: "Vasif Quliyev sözübütöv, əməli-saleh adamdır. Əsl mənada, azərbaycanlı, zəhmətkeş, mərd bir kişidir. Allah bəndəsidir, yalan danışmaz, vəd verib, yerinə yetirməyənlərdən xoşu gəlməz, qəlbi yumşaq, xeyirxah, həlim, yeri düşəndə tələbkarlığı əldən verməyən bir insandır, vətənpərvərdir". Qələm dostu Şahin Quliyevin təbirincə desək, o, hər şeydən əvvəl, öz vətəndaşlığını, torpağına, xalqımıza dərin bağlılığını sübut etmək üçün çox vaxt aparan, çətin, əzablı bir yaradıcılıq yolu seçmiş, çoxsaylı araşdırmaları gərgin əməyinin bəhrəsi kimi ortaya çıxmışdır. Tanınmış şair Əbülfət Mədətoğlu haqlıdır ki, doğulub boya-başa çatdığı torpaqdan başlamış, bütöv Azərbaycanın uzaq keçmişindən üzü bu günə yol gəlib Vasif Quliyev. Bir ömürdə min ömrün işini görə bilib. Qələm dostları onu Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyli, Mirzə Cəlil ənənəsini yenidən yaşatdğı, o ənənəyə sadiq olduğuna görə təqdir edirlər. Bu təqdirlər içində professorlar Abid Tahirlinin, Elçin İsgəndərzadənin, yazıçı və şairlərdən Əli Rza Xələflinin, Valeh Mirzənin, Kərim Kərimlinin, Ələmdar Quluzadənin, Mustafa Çəmənlinin, Tacəddin Şahdağlının, Hafiz Əlinin, Qulu Ağsəsin, Natiq Səfiyevin, Ramiz Novruzovun və başqalarının imzaları var. Görkəmli yazıçımız Yusif Vəzir Çəmənzəminlinin oğlu Fikrət Vəzirovun və başqalarının da... Unudulmaz Səyavuş Sərxanlı, Ramiz Heydər, eləcə də Ələmdar Quluzadə, İsa Şuşalı, Qələndər Xaçınçaylı ürəkdən gələn şeirlər həsr ediblər Vasif müəllimə. Ədəbiyyatşünas alim Kamil Vəli Nərimanoğlu onu Qarabağ, Şuşa tarixinin kənkanı adlandırır.
Bütün bunlar öz yerində, amma yeridi deyim ki, uzun illərdi uzaqdan-uzağa, heç özünün xəbəri olmadan, oğrunca nəzər yetirdiyim günlər olub Vasif müəllimə, müşahidələrim həmişə üzərində olub. Ortaq dostlarımla çay süfrəsi başında mən onun Qarabağ, Şuşa, klassik sənətkarlar barədə olan söhbətlərini kirimişcə və içdən gələn bir heyranlıqla dinləmişəm. Ağır oturuş-duruşu ilə qıvraq iş prosesinin heç cür uyuşmadığına bir ayrı təəccübüm olub. Qəribədir ki, bu illər ərzində mən onu müdrik söhbətlərindən, çoxsaylı kitablarından tanımışam. Heyranlıqla dinləmişəm. Cismən tanımışam. Ruhunu duymuşam. Amma adını, soyadını lap yaxın illərdə bilmişəm. Ona görə ki, xeyli vaxt dost məclislərində, çay stolu arxasında oturub, həmsöhbət olduğun adama qayıdıb "bağışlayın, sizin adınız nədir?" deyə müraciət etmək çox çətindi. Hər dəfə "müəllim" deyə müraciət edib hal-əhvallaşdığım bu müdrik insanın uzun illər boyunca əsərlərini, etdiyi tərcümələri sevə-sevə oxuduğum Vasif Quliyev olduğunu lap bu yaxınlarda bilməyiminsə bir özgə qəribəliyi var. Amma bu qəribəliyin başlıca səbəbi odur ki, Vasif Quliyev imzası mənə həmişə bir köynək daha yaxın olub. O imza sahibiylə haçansa ünsiyyətdə ola biləcəyim mənimçün əlçatmaz görünüb. Vasif Quliyev imzasının sehri, cazibəsi və əlçatmazlığı bu müdrik insanla mənim aramda həmişə sirli bir pərdə kimi dayanıb. Bu, həm də mənim ona olan ehtiramımın şəkillənməsidir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!