Tural Balabəyli haqqında bir neçə söz - Südabə SƏRVİ

 

Tural haqqında çoxdan - onun "X qadın" kitabını oxuyan gündən yazmaq istəyirdim. Vaxt məhdudiyyətindən qismət bu günəymiş.

Məni Turalın yaradıcılığına cəlb edən nə oldu?

"X qadın" kitabı sırf qadın həyatından, qadın psixologiyasından bəhs etdiyi üçünmü? Şübhəsiz ki, bu amillər də var. Eyni zamanda şairin sərbəst vəzndə öz fikirlərini gözəl, oxucunu cəlb edən şəkildə oxucuya çatdırması da əsas amillərdəndir.

Ruhumuza, gözümüzə-könlümüzə çox yaxındır bu misralar. 

Əsl şair, əsl yazar əlinə qələm götürüb yazmağa başladığı andan düşüncəsi saf, qəlbi təmiz, vicdanı hər zaman oyaqdır. Və bütün insanları, bəşəriyyəti düşündürən suallar həmişə yazarın beynində, qəlbində olur:

 

Nə dost qalıb dünyada,

nə də düşmən, bilirsən?

Mən göz yaşı tökürəm,

sən üzünü silirsən...

Mən yoluna atılan daşam,

ömrünə soyuq olan 

şaxtayam, qışam,

bəs sən nəsən?

 

Düşünürəm ki, bu suallar təkcə bir qadına deyil, ümumən insanlara ünvanlanıb. Bu gün dünyada qırğınların, körpə qətllərinin baş alıb getdiyi bir zamanda dünyanın bir tərəfi ağlayır, digər tərəfində isə cahillər etdiyi pisliklərdən  məmnundurlar...

İnsan nə zaman yolunu azır? İnsanlığını unudanda. Həyat ancaq yaxşılardan ibarət olsaydı, bəlkə yaşamağın da bir anlamı qalmazdı.

Tural, həm də jurnalistdir. Onun atası Faiq Balabəylidən illər öncə götürdüyü müsahibə, mən deyərdim, ən səmimi və oxucunu özünə çəkən söhbətləşmədir.  Faiq Balabəyli ədəbiyyatımızda öz sözünü demiş, istedadlı yazarımızdır və onun oğlu Turalla səmimi söhbəti bir çox şablon müsahibələrdən daha xoş təsir bağışlayır. Əslində bu da yeni bir yanaşmadır və ata-oğul münasibətlərinin böyük bir tərbiyə, təmkin, səmimiyyət, dostluq  üzərində qurulduğundan xəbər verir.

Tural Balabəyli, həm də vətənpərvər şairdir, bütün qanıyla, canıyla doğma Torpağa, Vətənə bağlıdır. Onun "Əsgərim" şeiri diqqəti çəkir. Şeiri gənc ananın dilindən yazıb. Burda, həm də fəlsəfi fikirlər var:

 

Döyüşə getmək istəyirsən?

Get, əsgərim,

get...

Məndən nigaran qalma -

bətnimdəki oğlumuz

məni qoruyacaq.

Get...

yolun açıq olsun!

Tez gəl, əsgərim.

Yatağımızdakı yastığın boş qalmayacaq

sən gələnə qədər...

Sənin gəlişindən qabaq

oğlumuz gələcək dünyaya.

Başını atacaq balışına

yerin boş qalmasın deyə yanımda.

get...

yolun açıq olsun!

 

Turalın çox poetik misraları da ruhu oxşayır:

 

Gecənin zülmət qaranlığı,

gözlərimdə rəngarəng

rəsm əsəri...    

Çox gözəl bənzətmədir.

 

Və heç şübhəsiz ki,  "darıxa-darıxa qaranlıq gecələrimə bürünürəm..." desə də, "bu şəhərin küçələri sevgi qoxuyur..." "mən körpüləri çoxdan yıxdım" -  deyən cavan şairin uğurlu gələcəyi hələ qabaqdadır.

 

Bir qəlbə dolmaq,

bir qəlbdə yuva salmaq,

xatırlanmaq

elə yaşamaqdır!

 

Əziz Tural! Yaradıcılığının enişli-yoxuşlu yolları hələ qabaqdadır. Allah səni hər zaman ucalarda eləsin. Yazdıqlarınla daim qəlblərdə iz salasan.

Və mən buna inanıram! Bir şeirində özünün dediyin kimi:

Yolun açıq olsun, Tural!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!