Ülvi Bünyadzadənin həyat və ölməzlik eşqi - Yaşar QASIMBƏYLİ

Yaşar QASIMBƏYLİ

Filologiya elmləri doktoru,

AMEA Nizami Gəncəvi adına

Ədəbiyyat İnstitutunun baş elmi işçisi     

 

Gəncliyin poeziyasında, adətən, bir-birinə bənzər və müştərək yaşantılar çox olur. Amma bəzən çox az-az rast gəlinən və eyni zamanda poetik gənclik  üçün son dərəcə səciyyəvi olan duyğu və iztirabların mövcudluğu da inkaredilməzdir. Ülvi Bünyadzadənin qısa və mənalı yaradıcılığını məhz bu cür hadisələrdən saymaq olar. Ola bilsin ki, Azərbaycan poeziyası tarixində bu dərəcədə nadir lirik yaşantılar və poetik qəlbin müqayisəyə gəlməyən iztirabları son dərəcə az və ya yoxdur. Amma dünya poetik fikir tarixində ədəbi gəncliyin görünməmiş və qeyri-adi duyğular axını, hətta bir çox böyük bədii istedadların tərcümeyi-halında da öz silinməz izlərini qoymuşdur. Ülvi Bünyadzadə poeziyası öz taleyinə, mahiyyətinə və estetik məzmununa görə oxşarsız poetik-fəlsəfi reallıqlar tipinə mənsubdur. 

Gənc Ülvi Bünyadzadənin poeziya səmasında, sanki bir ölüm kabusu pərvaz edir. Onun yeniyetmə və duyğulu misraları arasında qeyri-adi dərəcədə yaxın və "doğma" ölüm nəfəsi sezilməkdədir. Qəribədir, cavan qələm sahibi, odlu-alovlu ürək o soyuq nəfəsi necə və hansı cürətlə hiss edirdi, şüuraltı və şüurun stixiyası məcrasında ifadə etməyə can atırdı:

 

Anam da, övladlarım da

Məni qəmgin xatırlasın.

 

Qoy, ən əziz dostlarımsa

Həmişəlik yadırğasın.

 

Bir ocağın ətrafında

Mənə ehsan paylasınlar.

 

Qoy, lap məni "bəxtsiz" - deyə,

Bənzətsinlər bir yazığa.

 

Ancaq gözlə, gəlməliyəm

Bir ölümün acığına.

 

Bu misraları yazarkən, Ülvinin cəmi 16-17 yaşı olub. Görəsən, öz qəmgin taleyini gənc şair niyə bu qədər aydınlıqla duyur və təsəvvür edirdi? Ümumən, onun şeirlərini, xüsusən, ilk qələm təcrübələrini oxuyarkən amansız və cavabsız suallar qəlbinizi rahat buraxmır. Siz gənc şairin qəribə və heyrətamiz yaşantılarını yaşamaqda, onun qeyri-adi duyğularını qəlbinizdən keçirərkən hədsiz çətinlik çəkirsiniz. Məsələn, aşağıdakı ilk sevgi şeiri də sizin qəlbinizə adət etmədiyiniz və gözləmədiyiniz yaşantılar axını ilə daxil olur. Sizin ömrünüzdə ilk sətrindən, son misrasına qədər əbədi ayrılıq ovqatı ilə yoğrulmuş sevgi şeirini oxumadığınıza qətiyyətlə və inamla əminlik bildirmək istəyirəm:

 

Deyirəm, vüsalın nə azmış ömrü,

Gedirəm, əlvida, gözəl, əlvida.

Gəlmişəm son dəfə biz qoşa gəzək,

Bizdən qalan qoşa izə, əlvida.

 

Bu yerlərdən bahar çağı keçərdik,

Çiçəklikdən sənə çiçək seçərdik.

Ovuc-ovuc bir çeşmə su içərdik,

Ağ suyunda üzən buza, əlvida.

 

Mən Ülviyəm, ülvi sözə aşiqəm,

Saf ürəyə, büllur üzə aşiqəm.

Gözlərintək ala gözə aşiqəm,

Sevdiyim o ala gözə, əlvida.

 

Bəli, Ülvi Bünyadzadə mistik düşüncələr və duyğular şairidir. Maraqlıdır ki, qəzavi-qədər məntiqi və diktəsi ilə təkcə o özünün ən məhrəm, ən gizlin və sirli duyğularını ifadə etməyib. Həm də öz qısa ömrünü yaşayıb. Sanki o öz həyatının sonunu, xüsusən, ömrünün son illərinin yaxınlaşdığını bilə-bilə, ölümün yavuz nəfəsini duya-duya, cazibəsini görə-görə yaşayıb.

 

Ağlamaq insanın ilk adətidir,

Danışmaq həyatla ilk vəhdətidir.

Hər şey ilk olsa da, ömrü uzunu

Bir yalnız ölməyi - son heyrətidir.

 

Yüz yaşlı qocanın da ölüm - son heyrətidir. Bəs 20 yaşlı gəncin necə?!... Ülvinin şeiriyyətindəki adi və soyuq məntiqlə izah etmək mümkünsüz görünən psixoloji duyumlar, qəribə mənəvi təzad və sarsıntılar sizi sonsuz düşüncələr aləminə aparır:

 

Ülviyəm, özümə yuva hördüm ki,

Bəxtimlə yaşayım axıra təki.

Səbəbin bilmədim, amma gördüm ki,

Bir uşaq səsi ilə hönkürür bəxtim.

 

Gənc şairin kövrək duyğuları, hiss və həyəcanları qəlbinizi titrədir. Xüsusən, son misranın fəryadı, ondakı fövqəlintiusiyanın ehtiva miqyasları adət etdiyimiz idrak qanunlarına tabe olmur. Necə yəni "Bir uşaq səsi ilə hönkürür bəxtim"?! Ülvi öz uşaq bəxtinin hönkürən səsini, yeniyetmə taleyinin hıçqırıqlarını sövqi-təbii ilə eşidirmiş. Mən səmim-qəlbdən inanıram ki, o, həmin səsləri aydınca eşitməsəydi, yaza bilməzdi. Bəlkə də elə, əsl şair, ən təbii şair heç kimin eşitmədiklərini eşidən, heç kimin görə bilmədiklərini - görəndir. Həm də fitri şair, anadangəlmə şair - öncəgörəndir.

Ülvinin 12-13 yaşlarında öz sinif yoldaşlarına xitabən yazdığı bu şeiri də onun həyatının mahiyyətini və sonunu şərtləndirən andının təsadüfi olmadığını göstərmirmi?

 

Biz öz ömür sazımızda

"Dilqəmi"ni bilməliyik.

Leylimizin ürəyini

Məcnun kimi sevməliyik.

 

Bisutunu biz də yaraq,

Çənsiz Çənlibellər quraq.

Sazımızda ağlayaraq,

Biz həyatda gülməliyik.

 

Döyüşlərdə yoğrulmuşuq,

Gələcəyə qaranquşuq.

Həyat üçün doğulmuşuq,

Vətən üçün ölməliyik.

 

Ülvi Bünyadzadənin ömrü də, ölümü də son dərəcə sirlidir. Onun, hətta vətənpərvərlik məzmunu ilə, ictimai pafos və yaşantılarla yoğrulmuş şeirləri də bu sirliliyi gizlədə bilmir. Gənc şairin "Vətənə borcumu verməyə gəldim" (1989) rədifli şeiri də müəllifin təhtəlşüurla ifadə və izhar etdiyi duyğu və düşüncələrin tam və dolğun izahı olmaqdan çox uzaqdır. Yəni, gənc şairin qəlbini saran iztirab və sarsıntıların soyuq və adi mühakimələrə sığmaması onun bütün poeziyasında nəzərə çarpmaqdadır:

 

Səndən ayrılsam da ana, ay ana,

Mən sənə borcumu verməyə gəldim.

Vətənə borcumu verməyə gəldim.

 

Bu bahar görüşüb sevişdiyim qız,

Darıxma, vaxt ötər, dönüb gələrəm.

Sənin çiçək kimi tər yanağından,

Həsrəti, hicranı özüm silərəm.

 

Bilirəm, ən ağır günümdə, gülüm,

Həyata sən məni səsləyəcəksən.

Bilirəm, sevgilim, yolumu mənim

Gecə də, gündüz də gözləyəcəksən.

 

Ulu anamızdan qalan mirasa -

Bu böyük inama bir də baş əydim.

Vətənə borcumu verməyə gəldim.

Vətənə borcumu verməyə gəldim.

 

Bu yaşantıların mənası və gənc müəllifin poetik qərarı aydındır. Amma eynən həmin ildə yaşanmış və yazılmış aşağıdakı duyğu və düşüncələr məntiqi heç bir adi yanaşmaya və təlqinə uyğun gəlmir. Sanki müəllifin özü də anlaşılmaz, qarşısıalınmaz bir qəzavü-qədərin və intiusiyanın təhriki ilə bizə və özünə olacaqları, başımıza gələcəkləri söyləyirdi!... Aşağıdakı misralar, sanki Dədə Qorqud hikmətləri qədər sanballı, əzəmətli və qətiyyətlidir. Bu misraların  doğuluşu və yazılışı barəsində şairin bibisi, filologiya elmləri doktoru, prof. Almaz Ülvinin şəhadəti və fikirləri son dərəcə qiymətlidir: "20 Yanvara bir neçə gün qalmışdı. Ülvi axşam mənə bir "vəsiyyətnamə" şeir verdi ki, oxu. Oxudum və tikə-tikə cırıb atdım. Heç nə demədi. Gözləri doldu, başını yellədi, getdi yatmağa. Səhər dərsə gedən vaxt həmin "vəsiyyətnamə"ni yenə verdi və dedi ki, saxla bunu. Hirslə dedim ki, "Yaxşı, biz heç, niyə özünə "kor çıraq" deyirsən, necə yəni "yanmayacaq işığam?" - elə demə, bibin sənə qurban olsun, - deyə yalvardım. Öpdün məni. "Sən mənim tər-təmiz ürəyimsən", - dedin. Bəs o ürəyi niyə çiliklədin? Amma bunu da cırıb atdım. İndi özümə bağışlaya bilmirəm. Sonralar həmin "Vəsiyyətnamə"nin cəmi 6 misrasını tələbə yoldaşının cib dəftərçəsindən yazdım". Almaz xanımın yazıya aldığı həmin şeirin son misralarında, həqiqətən, qarşısıalınmaz bir qəzavü-qədərin nəfəsi duyulmaqda, nədənsə romantik gənclik üçün cazibədar duyulan ölüm mələyinin kölgəsi dolaşmaqdadır: 

 

Atama oğul deyiləm,

Anama oğul deyiləm.

 

Bu ocağın kor çırağı,

Yanmayacaq işığıyam.

 

Atam-anam zəmanədir,

Mən zəmanə uşağıyam.

 

Ülvi Bünyadzadənin poeziyasını və taleyini dərindən dərk etmək, bu təkrarsız və özünəməxsus poetik tərcümeyi-halın məntiqini, mənasını anlamaq nöqteyi-nəzərindən Almaz xanımın aşağıdakı mülahizələri də düşündürücüdür: "...Ülvi təkcə o gecə tankın, topun qabağına əliyalın, Kişi kimi gedib deyə, igid deyil. Ülvi gözünü dünyaya açandan Millətinin Azadlığı yolunda Şəhidliyə hazırlanıb. Əməli ilə, qəlbi ilə. Meydana kor-koranə yox, düşünüb gedib. Şəhid olmağa gedib". Ülvi Bünyadzadənin həyatı və taleyi, bütün mübarizə yolu və gənclik üsyankarlığı, iztirabları ilə yoğrulmuş nəfis, zərif və kövrək şeiriyyəti bu son dərəcə məhrəm duyğu və düşüncələri inadla, israrla təsdiq etməkdədir!..

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!