Güzgüdəki qadın - Hekayə. İlahə SƏFƏRZADƏ

 

"Mən dörd nəfərəm: birinci - mən, ikinci - içimdəki, üçüncü - güzgüdəki, dördüncü - qəlbimdəki.

Məni keç, içimdəki onsuz da dəli, qır güzgüdəkini. Bəs qəlbimdəki?" 

Pol Oster

 

Bir müddət üzgün nəzərlərlə güzgüdən ona baxan qadını süzdü. Saçları da düşüncələri kimi dağınıq və pərişan halda üzünə səpələnmişdi.

Ürəyində elə bir hiss vardı ki, sanki kimsə onu boğurdu. Bir an bunun güzgüdəki qadın olduğunu düşündü. Bəlkə də, qadın onu öldürmək istəyirdi. Səbəbli, ya səbəbsiz, fərqi yoxdur, insan mənəvi böhran anlarında ölüm barəsində ehtişamlı ciddiyyətlə düşünür. Sanki bu, sadəcə, qəhrəmanların bacardığı igidlik meyarıdır.  Doğrudan da, ölüm bütün əzablardan xilas yoludurmu, görəsən? Ölməyə nə var ki? Çətini etdiyin hərəkətin arxasında dura bilmək deyil?

- Üzr istəyirəm... - bir neçə saniyə susdu. Güzgüdən ona baxan qadının cavabını gözləyirdi. Ən azından, baxışlarıyla onu bağışladığını göstərə, üzünə xəfifdən bir gülümsəmə qondura, ya da onunla birlikdə doyunca ağlaya bilərdi. Hə, elə ən yaxşısı da bu idi... Amma etmirdi. Güzgüdəki qadın bu davranışının onu yaralayacağını bilə-bilə, qəmgin baxışları və susqunluğuyla ona hücum çəkirdi. Bu məğrur duruşdan qəddi əyilirdi. - Eşidirsən, məni? - qışqırdığının fərqinə varıb, səsini alçaldaraq yenidən soruşdu: - eşidirsən, məni? Bu günə qədər olanlar üçün məni bağışla. Həmişə səni qırdım, incitdim, yordum... Ən çox səni yordum. Bağışlaya biləcəksən məni? - həmişəki kimi cavab yox idi...

Özünü sorğulamağa başladı: "Görəsən, o, yaxşı insan deyil? Yaşadığı həyat nəyə görə ona utancverici görünür?" Xudbincə rəftarı ilə özünü insanlardan həmişə təcrid edir, heç kimlə doğmalaşmayacağına dair özünə sözlər verirdi. Kiminsə ona dostyana yanaşdığını hiss etmək belə onun üçün zəhlətökən idi. Ünsiyyət qurmaqda həmişə çətinlik çəkir, məcbur daxil olduğu mühitlərdən bir an öncə yaxa qurtarıb, evə gələrək güzgüdəki qadınla tənha qalmaq üçün gözü daim saatda olurdu...

Gecəyarısını çoxdan keçmişdi. Pərdəni aralayıb qonşu binalara baxdı. Evlərin bəzilərinin pəncərələrini aydınladan işıqlardan başqa, demək olar, heç nə görünmürdü. Yəqin, onun da pəncərəsindəki işığı başqaları görürdü. Anası vəfat etdikdən sonra, iki il ərzində heç vaxt yatanda işıqları söndürməmişdi. Ona elə gəlirdi ki, əgər hər yer qaranlıq olsa, kimsə onu saçlarından sürüyüb eyvana aparacaq və onu aşağı atacaq.

Beynində durmadan səsli düşüncələr tüğyan edirdi, amma bu səslər ona aid deyildi. Bəs kim idi onun zehnini məşğul edib-incidən? Düşünmək istəməsə də, həmişə olduğu kimi, cəmi bir neçə saniyə sonra qəbul etdi ki, bu... bu onun atasıdır. Beynində savaşan bu insanlar onun valideynləridir. Bəs necə olmuşdu ki, atası övladlarını sevərkən, onların anasına qarşı bu qədər qəddar ola bilmişdi? Necə olmuşdu ki, övladlarının qarşısında dəfələrlə... dəfələrlə döyüb işgəncə etmişdi? Bütün bunları qəbul etmək ürəyinə illər uzunu ağır yük olmuşdu.

O, nədənsə, ən çox özünə acıqlı idi, ən çox özünə nifrət eləmişdi və ən çox özünü günahlandırmışdı. Düşünmüşdü ki, onun bu dünyaya gəlməyi yersiz və zamansız olub. Bəlkə də, o olmasaydı, valideynləri ayrılıb azad olardılar. Bəlkə də, anası işgəncələrə dözməli olmazdı...

Gecələr səssizcə ağlayıb göz yaşlarını içinə axıtmışdı. İçinə axan bu yaşlar sel olub onun kimliyini yuyub aparmışdı. O dönüb anası olmuşdu. Bəlkə də, atası...

Bütün bu günahlardan qurtulmaq üçün dəfələrlə güzgüdəki qadından üzr istəmişdi. Anası iki il davam edən ağır xəstəlikdən öldükdən sonra indiyə qədər ağlamamışdı. Həmişə anasını xatırlayanda boğazında nəsə düyünlənib qalırdı. Udqunmaq və nəfəs almaq çətinləşirdi.

Həyatına hansısa insanın girməyindən çox qorxurdu. Kiminsə ona doğru addım atmaq istədiyini hiss edəndə həmin adamlara bir gün onu eyvandan aşağı atmaqla təhdid edəcək potensial namizədlər gözü ilə baxmışdı.

Ölməkdən qorxmurdu, əslində. Amma yüksəklikdən çox qorxurdu. Hündür binadan aşağı baxan zaman iradəsinin onun ağılını alıb, bədənini aşağı itələyəcəyinə inanırdı... Ruhunun dərinliklərində valideynlərindən yaxa qurtarıb özü ola bilməmişdi heç vaxt. Bu hiss o qədər güclü idi ki, nə zamansa, bu yükü çiyinlərindən atıb azad olmağa çalışsa, sürünüb əcaib formalara düşərək ona doğru gəlirdi.

Başını çevirib yenidən güzgüyə baxdı. Gözlərinə inanmadı. Güzgüdəki qadın axır ki, ağlayırdı. Onun da könlündən dəlicəsinə ağlamaq keçdi. Ürəyini boşaldıb, bütün mənəvi əzablarından xilas olana kimi ağlamaq istəyi bütün düşüncəsinə hakim kəsildi. Yaxınlaşıb onun yanağı boyu axan göz yaşını əlinin tərsi ilə silməyə çalışdı. Əlləri soyuq şüşənin üzərində gəzərkən otağı şiddətli bir hönkürtü səsi bürüdü...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!