Qərbi Azərbaycan həqiqətlərini bədii əsərlərə daşımalıyıq - Əziz Ələkbərli yazır

 

Biz neçə illərdir ki, ermənilərlə müharibə vəziyyətindəyik, on illərdir ki, ermənilərin fiziki və mənəvi soyqırımının qurbanlarıyıq, yüz illərdir ki, düşünülmüş, planlaşdırılmış bir siyasətin ağrı-acılarını ellərimizin və nəsillərimizin taleyində yaşayırıq. Tez-tez öz-özümdən soruşuram, əcəba, necə olur ki, yersiz-yurdsuz, soysuz-köksüz bir ovuc erməni bu böyüklükdə bir milləti bu qədər itkilərə məruz qoyur? Doğrudanmı təkcə ona görə ki, biz müsəlmanıq, onlar isə xristian və xristian dünyası onlara dəstək verir?!

Doğrudanmı təkcə ona görə ki, Qafqaz çox vacib strateji coğrafi məkanda yerləşir və dünyanın bir sıra dövlətlərinin bu məkanda erməni kimi oyuncaq bir millətə, Ermənistan kimi oyuncaq bir dövlətə ehtiyacı var?! Doğrudanmı təkcə ona görə ki... Lənət şeytana! Bəlkə mahiyyəti itkilərimizə bəraət qazandırmaqdan başqa bir şey olmayan bu sualları bir kənara qoyub, azacıq da özümüzdə günah axtaraq, etdiklərimizi və etmədiklərimizi tərəzinin gözünə qoyub ədalətlə hökm verək?! Yəni özümüzdə heç günah olmayıb? Erməni aşına-aşına gəlib çıxıb ocaq başına və bunda bizim zərrə qədər günahımız yoxdur? İşimizin düzəlməyi xətrinə erməniyə dayı deyən biz deyilik? Doğrudur, indiyədək hələ heç kəs ayranına turş deməyib. Axırı nə olub? Ayranı turş olanların ayranı şirinləşibmi? «Sapı özümüzdən olan baltalar...» deyirik, amma unuduruq ki, atalar həm də «sapında varsa, küpündə də var» deyib axı!

Gəlin açıq danışaq. Erməni bizim Qərbi Azərbaycan boyda torpaqlarımızı, cənnət Qarabağımızı, ətraf ərazilərimizi müəyyən tarixi dövrdə təkcə ona görə işğal edə bilmədi ki, arxasında havadarları vardı, həm də ona görə işğal edə bildi ki, yüz illərdir erməni kilsəsi və erməni ziyalıları, xüsusilə alimləri, yazıçıları öz xalqının hər doğulan yeni nəsilini inandırıb ki, onlar dünyanın ən qədim millətidirlər, bütün Qafqaz, xüsusilə Cənubi Qafqaz, indiki Ermənistan və Azərbaycan torpaqları onların tarixi vətənləri, ata-baba yurdlarıdır, bu yurdlar “gəlmə türklər” tərəfindən işğal olunub və bugünkü erməni millətinin borcudur ki, nəyin bahasına olursa-olsun o torpaqları geri alıb «Böyük Ermənistana» qatsın və s. və i. a. Erməni alimləri əvvəl bu yalanları deyiblər, o qədər deyiblər ki, axırda öz yalanlarına özləri də inanıblar, sonra millətlərini inandırıblar, ən sonda da başlayıblar dünyanı inandırmağa.

Yaxşı, belə bir vəziyyətdə bəs biz nə etməliyik? Əlbəttə, son anda “dəmir yumruq” həmişə yerindədir. Amma bunun ən qısa yolu millətimizin tarixi yaddaşını özünə qaytarmaq, övladlarımızı bu yaddaşın varisləri kimi tərbiyə etməkdir! Bunun üçün millətin bütün elmi-intellektual potensialı səfərbər olunmalıdır. Bu vacib işdə millətin hər nəfərinin üzərinə müəyyən məsuliyyət düşür. Lakin ən böyük məsuliyyəti alimlərimiz və yazıçılarımız daşıyır. Bu gün yalanları ilə dünyanı başına alıb gedən ermənini durdurmağın dinc yolu erməni yalanlarını sonadək ifşa etməkdir. Erməni yalanlarını ifşa etməyin yolu isə əsl tarixi həqiqətləri ortaya qoymaqdan keçir! Erməni həmişə tarixi həqiqətlərin ortaya çıxmasından qorxub. Çünki özünün bütün varlığı saxtakarlıqlardan yoğrulub, tarixi də, mədəniyyəti də, həyatı da - nəyi varsa, hamısı saxtakarlıqlar üzərində qurulub. Alimlər faktları ortaya çıxarıb, tarixə tam aydınlıq gətirməyincə, nə erməni dayanacaq, nə də havadarları öz çirkin əməllərindən əl çəkəcək.

Lakin bununla da iş bitmir, tarixi həqiqətlər ancaq tarix kitablarında qalacaqsa, biz elə axıra qədər kimlərisə inandırmağa çalışacağıq ki, biz haqlıyıq, erməni haqsızdır. Amma heç kəs də bizə inanmayacaq, çünki zatən dünya bizim haqlı olduğumuzu bilir və bilə-bilə erməninin tərəfini saxlayır, ən yaxşı halda isə susur. Ona görə də bizə heç kəsi inandırmaq lazım deyil və ya ən azı təkcə bu lazım deyil. Biz ilk növbədə alimlərin ortaya qoyduğu tarixi həqiqətləri millətimizə oxutmalıyıq. Təkcə tarix kitabları şəklində yox, romanlar, povestlər, hekayələr, şeirlər, poemalar, dramlar şəklində! Millət tarix kitabları ilə yox, bədii əsərlərlə tərbiyə olunur. Bugünkü erməni milləti ona görə indiki qədər millətçi, şovinist, işğalçı bir millətdir ki, zaman-zaman raffilərin, abovyanların, xanzadyanların, ohanes şirazların, paruyr sevakların, kaputikyanların, balayanların əsərləri ilə “tərbiyə” olunublar. Mən demirəm erməni olaq. Heç düşmənimə də bunu arzulamıram. Amma heç olmasa gələcək nəsillərimizi özünü erməni kimilərdən müdafiə edə biləcək mənəvi gücdə formalaşdıraq. Bunun üçün Qərbi Azərbaycan həqiqətlərini mütləq bədii əsərlərə daşımalıyıq.

Bu yolda bütün qələm adamlarımıza uğurlar arzulayıram.

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!