Hələ görüləsi işlərimiz çoxdur... - Çingiz Hüseynov haqqında - ANAR

ANAR

 

 

Görkəmli yazıçımız, uzaq gənclik illərimin dostu Çingiz Hüseynovun ölüm xəbəri məni çox kədərləndirdi. Ötən günləri bir-bir yada saldım. Çingiz haqqında yeni bir yazı yazmaqdansa, on beş il bundan qabaq 80 illik yubileyinə həsr etdiyim və "Söz dünyası"nın III cildində dərc olunmuş təbrikimi yenidən oxucuların diqqətinə çatdırmaq - düşünürəm ki, mərhumla ən səmimi vidalaşmağımdır.

10 yanvar 2024

 

Əzizim Çingiz! Səni - görkəmli ədib, nasir və tənqidçi, mahir tərcüməçi və pedaqoqu - mübarək yubileyin günündə ürəkdən təbrik edirəm. İlk peşəkar beynəlxalq jurnalistimiz Azad Şərif haqqında vaxtilə yazdığım yubiley məqaləmi "Dobropamyatnost" ("Qədirbilənlik" anlamına yaxın ifadədir - red.) adlandırmışdım, hərçənd bilirdim ki, rusca belə söz yoxdur. Möhtəşəm rus dilini bu neologizmlə zənginləşdirməyimə ümid bəsləməsəm də, bizim uzun sürən səmimi, bəzən də umu-küsüsüz keçinməmiş münasibətlərimizin xronologiyasını xatırlayarkən, məhz bu ifadə ağlıma gəlir.

Bir il əvvəl Moskvada, Mərkəzi Ədiblər Evində yubileyimdə çıxış edərkən, sən mənim Bakıda ata-ana ocağında oxuduğum ilkin gənclik hekayələrimi yada saldın. Əlbəttə, sənin iştirakınla keçən həmin qiraətlər mənim də yadımdadır. Bundan daha da parlaq xatirələrim altmışıncı illərin başlanğıcında - Moskvada ssenari kurslarında oxuduğum zaman dostcasına görüşlərimizlə bağlıdır. Sənin, ailənizin mənə göstərdiyiniz qayğıkeşlik və istiqanlılıq, "Aeroport" metrosunun yaxınlığındakı qonaqpərvər ocağınız, eləcə də həmin metrostansiyasının üstündə yerləşən evdə - kirayə tutduğum mənzildə mənim qonağım olduğunuz günlər unudulmazdır.

Moskvada azərbaycanca yazdığım hekayələrimlə tanış etdiyim ilk oxucum sən idin. Sənin ilk nəsr əsərlərin, nazik hekayələr toplun da xatirimdədir. 1962-ci, ya 63-cü ildə bu kitaba yazdığım resenziya "Literaturnaya qazeta"da çıxmışdı və qəzetin həmin sayını indi tapa bilmirəm ki, bilmirəm. Əlbəttə ki, məsələ yalnız şəxsi təmaslarda, xeyirxah münasibətlərdə deyil. Sən, Çingiz, yazıçılarımızın sanballı əsərlərinin mütərcimi kimi, ədəbiyyatımıza həsr olunan tənqidi məqalələr, icmallar, mühazirələr müəllifi kimi Azərbaycan bədii söz sənətinə dəyərli xidmətlər göstərmisən və sənin, əlbəttə ki, çağdaş Azərbaycan bədii nəsrində özünəməxsus və çox önəmli yerin var. Dünyanın bir çox dillərinə tərcümə edilmiş və oxucularda böyük maraq doğurmuş "Məhəmməd, Məmməd, Məmiş" povestin yazıldığı dövrdə cəmiyyətimizə xas olan, indi də, neçə il ötəndən sonra da kökü qırılmamış neqativ hallara cəsarətli və iti baxışla yadda qaldı. Bu əsər haqqında da bizim "altmışıncılar"dan bəhs edən geniş "Nəsrin fəzası" essedə söz açmışdım.

Böyük Mirzə Fətəli Axundov haqqında romanını yüksək qiymətləndirirəm. Yadımdadır, sənin müsahibələrinin birində oxumuşdum ki, öz yazıçı və "mühacir" taleyini Mirzə Fətəlinin taleyilə tutuşdurursan. Zamanın qalın qatı üzərindən sezilən belə bir tale yaxınlığı, yəqin ki, böyük ədibin mənəvi aləminə bunca dərin nüfuz etməyə səbəb olmuşdur. Eləcə də faciəvi aqibətli şəxsiyyətə - Nəriman Nərimanova həsr etdiyin "Doktor N" romanını böyük maraqla oxumuşdum. Millətlərin bərabərliyi haqqında, Şərqin inqilabi intibahı haqqında bolşevik şüarlarının səmimiyyətinə inam bəsləmiş Nərimanov tezliklə, sovet hakimiyyətinin ilk illərində "zəhmətkeşlər iqtidarı"nın həqiqi əməl və amallarını görüb acı peşmançılıq keçirmişdi. Öz respublikasında ona qənim olan, paxıllıq edənlər tərəfindən sıxışdırılaraq Moskvaya aparıldı. Bir çoxları güman etdiyi kimi orada müəmmalı ölümünü tapdı. Lakin Nərimanovun vəfatıyla onun "işgəncəli yolu" bitmədi. O, öləndən sonra "millətçilik təmayülü"ndə ittiham edilmiş, onun adı uzun zaman müasir tarix səhifələrindən pozulmuşdu. Di gəl, paradoksa bax ki, Azərbaycan müstəqillik qazanandan sonra da bir para radikal tarixçilər, qələm sahibləri indi onu başqa günahlarda - "milli xəyanətkarlıq"da, "ruspərəstlik"də suçlamağa başlamışlar. Amma bu barədə sənə deməyə nə lüzum, sən özün qəhrəmanının ağır taleyinin bütün keşməkeşlərindən qat-qat yaxşı xəbərdarsan. Burada belə ayrıntıları xatırlamağın, bəlkə yeganə mənası odur ki, çox vaxt tarixi məqamlar bizə həqiqətdə olduğu kimi görünmür və buna görə də çox vaxt dəqiq yozulmur.

Açığını deyim ki, adım çəkilməsə də, mənə tuşlanmış bir mətbu atmacan mənə yer eləmişdi. 1990-cı ildə dəhşətli Qara Yanvardan sonra yazmışdım ki, həmin faciəvi gecənin sarsıntıları məndə elə təəssürat yaratmışdı ki, sanki mənim öz həyatım da artıq sona yetmişdir. Bu sözləri istehzalı şəkildə yozmağın məni ağrıtmışdı. Amma olan olub, keçən keçib... Düzü, ümumiyyətlə hamıya, o cümlədən, sənə qarşı münasibətdə səmimi olan bir bəndə kimi, daha bir xoşagəlməz məqamdan vaz keçə bilmirəm. Bu məqam ondan ibarətdir ki, sən Moskva mətbuatında ara-sıra Azərbaycan yazıçılarına, həm də hamılıqla götürərək, hansısa tikanlı atmacalar atırsan.

Əzizim Çingiz, inan ki, bizim ədəbi həyatımızda, bizim cəmiyyətimizdə hər şey, sənə uzaqdan göründüyü kimi, elə də sadə, elə də birmənalı deyil. Ən vicdanlı yazıçılarımız öz xalqının taleyinə görə daşıyacaqları məsuliyyət yükündən heç vaxt yayınmamış və yayınmırlar. Yetər bu barədə. Ələlxüsus, sən özün, yəqin fikir vermisən ki, mən həmin "sancmalar"a nə şifahi, nə də yazılı cavab vermişəm. Hər halda, Azərbaycan Yazıçılar Birliyində sənə qarşı münasibət - çağdaş ədəbiyyatımızın bir önəmli yaradıcısı, doğma xalqının çətin problemlərinin ağrısını çəkən təəssübkeş həmvətənimizə qarşı münasibət həmişə çox hörmətcil olmuş və olmaqdadır. Şəxsən mən, Moskvada yubiley törəninə gəlib öz istəyinlə çıxış edərək, haqqımda söylədiyin çox xoş sözlərdən mütəəssir olmuşdum. Mən, sanki ötən yüzilliyin altmışıncı illərinə, ümid və arzularımızda, fənalıqlara baxmayaraq, dünyaya sevinc və səadət qaynağı kimi nikbin baxışlarımızda yekdil və həmrəy olduğumuz günlərə qayıtdım... Və sən Moskvada mənim ad günümü qeyd etdiyimizi sözarası dilə gətirəndə həmin axşamın mənzərəsi - mənim otağımda dostlarla (nə yazıq ki, indi heç biri sağ qalmamış!) başına yığışdığımız, sadəcə, süfrə göz önümdə canlandı. Sonra da Moskvanın qar basmış küçələrinə çıxmağımız, o vaxt lap balaca olan oğlun Həsənlə "dünyanın işləri"ndən söhbətləşməyimiz yadıma düşdü. Bir də balaca Həsənin xoşbəxtlik ölkəsinin fantastik xəritəsini çəkdiyini xatırladım. Belə bir ölkədə biz - böyüklər də yaşamaq istərdik. Necə deyərlər, heyhat və əfsus...

Yadımdadır, o vaxt, hətta "Həsəniyyə ölkəsi" adlı bir hekayə yazmağı da düşündüm, amma nədənsə, yazmadım. Hər işi gərək vaxtında görəsən. Bəli, bəxtəvərlər ölkəsində yaşamaq bizlərə qismət olmadı, ömrümüzün böyük qismini SSRİ adlanan, artıq mövcud olmayan dövlətdə yaşadıq. Sovet İttifaqının dağılmasına görə heç vaxt heyifsilənməmişəm. Mən dəfələrlə demişəm, yazmışam ki, tərəzinin bir gözünə Azərbaycanın müstəqilliyi, o birisinə yaşadığımız dəhşətli, faciəvi hadisələr - Qarabağ müsibəti, Xocalı soyqırımı, Qara Yanvar, bir milyon qaçqın nisgili, müvəqqəti işğal edilən ərazilər qoyulsaydı, yenə də müstəqil yaşamağın dəyəri, çəkisi bütün acı-ağrılarımıza üstün gələrdi.

Sovet İttifaqının dağılmasına təəssüflənməsəm də, nostalji hiss keçirirəm. O zamanlar çox yamanlıqlar olsa da, var olmuş bütün yaxşılıqlar üçün... Cavanlığımızın Moskva çağları üçün... neçə-neçə respublikaların yazıçıları ilə ülfət-ünsiyyətimiz üçün... moskvalı, leninqradlı dostlarımız, eləcə də müxtəlif səbəblər ucbatından indi tarixi vətənlərindən uzaqlarda yaşayan soydaşlarımız üçün... Onların içində sən də varsan, Çingiz.

Yenə də ümid bəsləyirəm, səmimi inanıram ki, sənin 80 yaşın da, mənim "quyruqlu" 70 yaşım da hələ ömrün "axşam çağı" deyil. Qarşıda nəzərdə tutduğumuz, amma hələ gerçəkləşdirmədiyimiz nə qədər görüləsi iş var və təbii ki, bir-birimizin gələcək yubileylərində çıxışlarımıza hazırlaşmalıyıq. Bir daha səni təbrik edirəm, əzizim Çingiz, sənə möhkəm cansağlığı, könül rahatlığı və bütün yaradıcılıq niyyətlərinin baş tutmasını arzulayıram.

 

Bakı, 18 aprel 2008

"Ədəbiyyat qəzeti" 1 may 2009

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!