Bir dəfə müsahibələrin birində “Ən ağır işgəncə, ən böyük əzab nədir?” sualına belə cavab vermişdim:
- Ömrün və yaşın elə bir məqamı gəlir ki, sən doğulduğun yerə getmək, atanın məzarını ziyarət etmək istəyirsən, babanın, nənənin kəndini, ata-baba yurdunu görmək istəyirsən. Amma bu, mümkün olmur. Çünki sənin vətənin işğal altındadır.
Mənim babam, atam, əmim, anam, qardaşım nisgillə, yurd həsrətiylə dünyadan köçdülər.
Doğulduğum Meğrinin Nüvədi kəndi (Qərbi Azərbaycanda deportasiyaya, işğala məruz qalmış sonuncu kənd) ötən əsrdə üç dəfə işğala məruz qalıb; yandırılıb, dağıdılıb, talan edilib.
Ermənilər 1905-ci ildə Nüvədiyə hücum edəndə, babam Əli 10 yaşındaymış. Həmin il Nüvədi camaatı kəndi tərk etməyə məcbur olub.
Babamgil Arazı keçib, bir müddət Üçdibi kəndində yaşayıblar. Ara sakitləşəndən sonra yenidən kəndə qayıdıblar.
İkinci dəfə Nüvədi 1918-ci ildə ermənilər tərəfindən yandırılıb.
Babamgil yenə Arazın o tayına köçüblər. Bir müddət Misən kəndində yaşayıblar. Babamın Misən kəndi ilə bağlı əsrarəngiz xatirələri vardı. Sonra yenidən Nüvədiyə qayıdıblar.
Babamın dilindən eşitdiyim bir bayatı, yəqin ki, həmin günlərdə yaranıbmış.
İgidim, nərim Paşam,
And-qəsəm yeri, Paşam.
Gavur qanımı içir,
Yubanma, yürü, Paşam.
Mən ilk dəfə Nuru Paşanı da Əli babamın yorğun düşüncəli vaxtlarında astadan söylədiyi həmin bayatıdan tanımışdım...
Nüvədi üçüncü dəfə 1991-ci ildə işğal edildi.
1987-ci ildə başlayan deportasiya, soyqırımı Nüvədidə durduruldu.
Nüvədi düz 3 il dəyanət göstərdi. Ermənilər nüvədililəri kənddən çıxara bilmirdilər.
Ulu öndərimiz “Nüvədi camaatı çox dəyanətli insanlardır”, - deyirdi.
Bu qiymətin əsasında gerçək və şərəfli bir tarix dayanır. Nüvədi Zəngəzurun qeyrət, mətanət qalası kimi düşmənə sinə gərdi.
Çətinliklərə, məhdudiyyətlərə, baxmayaraq nüvədililər yalın əllə erməni silahlı dəstələrinə qarşı vuruşdular, mübarizə apardılar.
Nüvədililər bir qəhrəmanlıq nümunəsi sərgilədilər. Ancaq çox təəssüf ki...
1991-ci il avqustun 7-dən 8-nə keçən gecə - Nüvədi üçüncü dəfə işğal edildi.
Mən həmin günün şahidi olmuşam.
Kəndi gecəyarısı tərk edib Zəngilanın Vejnəli kəndinə gəldik. Bir çox nüvədililərlə birlikdə 3 gün avtobusda gecələdim. Heç kim Vejnəlini tərk etmək istəmirdi. Camaatımız yenidən Nüvədiyə qayıtmaq uğrunda hər cür fədakarlığa hazır idi. Zəngilan işğal edilənə qədər nüvədililər Vejnəlidə yaşadılar...
Babamın Bakıya gələndə 95 yaşı vardı. 1993-cü ildə vəfat etdi.
Əmim - Həzi Musayevin dilindən Nüvədinin adı bir dəqiqə belə düşmədi. Əmim qətiyyətli bir ziyalıydı. Onun haqqında bir faktı xüsusilə, qeyd etməyim gərəkir.
O zaman Meğri Rayon Maarif Şöbəsindəki Maarifyanı Şuranın iclasları rayon mərkəzindəki bir nömrəli məktəbdə baş tuturdu.
Yığıncaqların birində əmim görür ki, məktəb dəhlizində Siyasi Büro üzvlərinin şəkilləri var; Heydər Əliyev istisna olmaqla. Əmim məktəbin erməni direktoruna etiraz edir. Bu ayrı-seçkilik onun yadından çıxmır. Bir qədər keçmiş, Rayon Partiya Komitəsinin birinci katibi Sergey Tevonyan Nüvədiyə gəlir. Məktəblə tanışlıq zamanı deyir ki (stendlərə baxarkən), burada əsil beynəlmiləlçilik var. Əmim dərhal müdaxilə edir:
“ Biz nüvədililər anadangəlmə beynəlmiləlçiyik. Təəssüf ki, bu beynəlmiləlçiliyi ermənilərdə və erməni məktəblərində görmürük.
Biz Baxşı Sarkisyan deyilik ki, Heydər Əliyevin şəklini Siyasi Büronun tərkibindən çıxaraq”.
Katib məsələ ilə məşğul olacağına söz verir. Və həmin 1 saylı erməni məktəbində növbəti Maarifyanı şuranın iclası keçirilərkən, Heydər Əliyevin portreti öz yerindən asılır.
1998-ci ildə əmimi də itirdik. Atasının, qardaşının vəfatından sonra atam özünə yer tapa bilmirdi...
Uzun müddət “Sovet Ermənistanı” qəzetinin Zəngəzur üzrə xüsusi müxbiri kimi tanınmış jurnalist Abdulla İbrahimov “Mənalı ömrün akkordları” adlı məqaləsində atam haqqında maraqlı məqamlara toxunub.
Məqalədən bəzi parçaları oxuculara çatdırmağı münasib sayıram.
Abdulla İbrahimov yazır: “Yenə də Mığrıda idim. Həsən müəllimlə görüşə tələsdim. Onunla iş otağında qısa söhbətimiz oldu:
- Yaxşı vaxtında gəlmisən, saat 11-də büro başlayır. İştirakın pis olmazdı, - dedi.
Adətən büro iclaslarında partiyaya qəbul birinci olaraq müzakirə edilir.
Qəbul prosesi başladı. Gənclər bir-bir daxil olur, sorğu-sual olunur, sonda birinci katib - təklif var, qəbul edilsin, - deyə yeni qəbul olunanları təbrik edirdi.
Otağa bir qız daxil oldu. Birinci katib Yurik Arakelyan onu büro üzvlərinə təqdim etdi:
- Bizim Ofiqin qızıdır. Atasını da yaxşı tanıyırsınız.
Siyasi suallar verən olmadı. Arakelyan dedi ki, təklif var, - qəbul olunsun. Elə bu anda “yox!” deyə Həsən Musayev ayağa qalxdı: “-Gəncləri ətraflı yoxlamadan partiyaya qəbul etmək olmaz. Emma Hayrapetyan, Kommunist Partiyası nə vaxt yaranıb?” - Emma cavab verə bilmədi. Həsən müəllim: “- Təklif edirəm, getsin hazırlaşsın, sonra müzakirə edərik”, - dedi. Qəribə paradoks: büro üzvlərinin hamısı Həsən müəllimin təklifini müdafiə etdi.
Sonradan öyrəndim ki, Ofiqin qızı Emma ikinci dəfə də Həsən müəllimin təklifi ilə geri qaytarılıb. Söhbət zamanı o mənə dedi ki, Ofiqin atası Daşnak partiyasının üzvüdür, tez-tez Xankəndidə olur, orada fəaliyyət göstərən “Qrunk” erməni millətçi təşkilatının proqram və nizamnaməsini Mığrıda həyata keçirir.
Mığrıda keçirilən bütün tədbirlərdə, konfranslarda Həsən müəllim öz çıxışı ilə həmişə birinci katibi kölgədə buraxırdı. Mən də görür və qürurlanırdım: “Kaş, Ermənistanda rəhbər vəzifələrdə çalışan belə cəsarətli, heç bir şeydən çəkinməyən kadrlarımız çox olaydı”.
Hidayət Orucov “Burdan min atlı keçdi” kitabında mövzuyla bağlı yeni məlumatlar təqdim edir: “Ofiqi Meğridə hamı tanıyırdı. Əri Jora Hayrapetyan Mığrının əsas qatar dayanacağı olan Kürədüzü stansiyasının rəisi idi.
Nüfuzlu, Azərbaycan dəmir yolu sistemində (Mığrı stansiyası Azərbaycan Dəmir Yolu İdarəsinin tabeliyində idi) ən yüksək vəzifələri tutan adamlarla ünsiyyət qurmağı, özünə hörmət qazanmağı bacaran, çoxbilmiş adam idi. Ofiqin pasportunda adı yazılmış atasının o illərdə yaşadığı, kimliyi haqqında məlumatım olmayıb, bu barədə ilk dəfə Abdulla İbrahimovun yazısında oxudum. Amma hələ mən məktəbli ikən, Mığrıda çox ciddi adamlar deyirdilər ki, Ofiq Nijdenin kəbindənkənar qızıdır.
Nijde - məlumdur, 1918-ci ildə Zəngəzurda və o sırada Mığrıda qırğınlar, saysız-hesabsız qətllər törətmiş “məşhur” cani idi...”
Atam Nüvədinin tezliklə azad ediləcəyinə o qədər də inanmırdı.
Amma Zəngilana dönüşün reallaşacağına əmin idi.
Deyirdi ki, Zəngilan azad olsun, atamın, qardaşımın məzarını Bakıdan Zəngilana - Nüvədiyə yaxın bir yerə köçürüb, orada yurd salacağam.
Atama Zəngilanın xoş günlərini görmək nəsib olmadı. Əmimin vəfatından 1 il keçməmiş, Nüvədi nisgili, Zəngilan həsrətilə bu dünyaya “əlvida” dedi.
Anam Zəngilanın azadlığını görə bildi. Arzulayırdı ki, heç olmasa, Zəngilanın Vejnəli kəndinə gedib, oradan Nüvədiyə baxa bilsin.
Çünki Vejnəlidən Nüvədi dağları görünür.
Təəssüf ki, anama da Vejnəlidən Nüvədiyə boylanmaq səadəti qismət deyilmiş. Amma mən Vejnəliyə qədər gedə bildim. Orada Nüvədi dağlarının havasını ciyərlərimə çəkdim; sonsuz inam və fövqəladə bir romantika ilə.
Mən 1969-cu ildə Nüvədi kənd məscidinin yanındakı baba evimizdə dünyaya göz açmışam. 1 il sonra atam Nüvədi kənd orta məktəbinin qonşuluğunda ev tikib və biz o evə köçmüşük. Evimizin ətrafı nar bağlarıydı. O dövrün imkanları çərçivəsi daxilində çox təmtəraqlı, yaraşıqlı bir eviydi.
Aprel-may aylarında nar ağacının çiçək açdığı vaxtlar ikinci mərtəbədən baxanda evimiz qırmızı dənizdə üzən gəmiyə oxşayırdı. O ev mənim yaddaşımda eləcə də qalıb.
Bakının Təbriz küçəsində məhdud şəraitli bir mənzildə yaşayırdıq.
Bir dəfə atam ömrünün son günlərində mənə bir sual verdi: “Biz o qəşəng, yaraşıqlı evimizi niyə qoruyub saxlaya bilmədik?”
Təbii ki, sual ritorik idi. Özü də cavab verdi:
“Biz o yaxşı ev-eşiyimizi ona görə qoruya bilmədik ki, bizim yaxşı dövlətimiz yox idi. Adamın yaxşı ev-eşiyindən öncə, yaxşı və güclü dövləti olmalıdır. Yaxşı, güclü dövlətimiz olacaqsa, hər şeyimiz olacaq”…
Bu gün babam, atam, anam, əmim, qardaşım Hövsan qəbiristanlığında uyuyur.
Bir il əvvəl babamın adını daşıyan Əlini də Hövsanın neft qoxuyan, qumsal torpağına əmanət etdik. Əli vur-tut, cəmi 38 il yaşadı. Enlikürək, pəhləvan cüssəsi məzara sığmırdı..
Biz Nüvədiyə qayıda biləcəyikmi? Vejnəlinin dağlarını aşıb Nüvədiyə salam aparmaq bizim nəsildən kimə nəsib olacaq?
Mənə, atamın adını daşıyan Həsənə, əmimin adını daşıyan Həziyə, anamın adını daşıyan Səadətə, yoxsa, evimizin balacası Kənana!?
Kimə? - demək çətindir.
Amma mən əminəm ki, Nüvədiyə dönüş mütləq baş tutacaq.
Əminliyimin əsasında ciddi arqumentlər dayanır.
Qeyd etdiyim kimi, bizim artıq güclü dövlətimiz var.
Xalqımızın milli yaddaşı ayaq üstədir. Meğri, Zəngəzur, Göyçə bizim alt şüurumuzdur. O yerlərə bizim gəncliyimizin enerjisi hopub. O yerlərdə ki, əcdadlarımızın ayaq izləri bizi gözləyir.
Düzdür, indi beynəlxalq ədalət deyilən bir anlam əhəmiyyətini itirib. Beynəlxalq hüquqa inanmasam da, mən İlahi ədalətə inanıram.
Ali Baş Komandanımızın dəmir məntiqinə inanıram və güvənirəm, inanıram ki, bu məntiq, bu güvənc bizi hədəflərimizə çatdıracaq.
“Qərbi Azərbaycanda boşaldılan sonuncu kəndimiz Nüvədi” ifadəsini “Qərbi Azərbaycana qayıdan ilk kəndimiz Nüvədi” ifadəsi əvəzləyəcək və biz bu ifadəni məhz Azərbaycan Prezidentinin dilindən eşidəcəyik.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!