Vaxt-bivaxt, ən duyğulu anlarımda unudulmaz Rəsul Rzanın dil əzbəri olan bu misraları dolanır yaddaşımda:
Mənə bir sərgi salonu verin,
Orda bir insan şəkli açacağam -
Adi bi insan.
...Orda bir insan şəkli açacam,
Görünsün dünyanın hər yerindən,
...Bir insan şəkli asacağam -
Baxışında sınaq günləri,
Dözüm sənələri...
Maraqlıdı, eləmi? Kimin, kimlərin şəklinə əl aparardım o divardan asmaq üçün? Doğmalarım, əzizlərim, xeyirxahlarım var. Adbaad saymaq istəmirəm. Amma bütün səmimiyyətimlə deyirəm ki, o şəkillər sırasında ən ön cərgədə yer tutanlardan biri də mütləq və heç şübhəsiz görkəmli nasir, tənqidçi, publisist, tərcüməçi Yasif Nəsirlinin doğma, gülümsər şəkli olardı. Burası bir ayrı söhbətin mövzusudu...
Maraq doğuran başqa bir önəmli məsələ də var; bu duyğulu istək çevrəsində bilmək istədiyim bir məsələ də var ki, Yasif müəllimin özü ilk olaraq, heç bir tərəddüdə yol vermədən kimin, kimlərin, nələrin şəklini asardı o pak, qudsal sərgi salonundan?
Təbii ki, heç düşünüb-daşınmadan dünyaya göz açdığı Cəbrayıl rayonunun füsunkar, doğma Kavdar kəndinin şəklinə uzanardı əli. Dünyanın bütün gözəlliklərinin, paklığının ifadəçisi olan Kavdar gələrdi hər şeydən öncə gözləri önünə... Bilirəm ki, Yasif müəllim üçün o doğma Kavdar kəndi adi bir inzibati ərazi vahidi deyil, daha çox nostalji xatirələrlə süslənmiş muzey kimidir. Elə bir muzey ki, açılır doğmalar xatirəsiylə, bağlanır illərin addım səsiylə. O unudulmaz Kavdar kəndi adi bir yaşayış yerindən çox elə bir muzeydi ki, illəri nar kimi yaddaşa sıxır. Girişi yenə də işıq gələnə, çıxışı insanlıq tərəfə çıxır.
Qardaş əvəzidi orda hər çinar,
Söyüdlər doğmaca bacı kimidir.
Analar hər kəsə ana əvəzi,
Atalar başların tacı kimidir.
Hər cığır yaddaşa açılan qapı,
Hər addım doğulan yeni həyatdı.
Daha kənd deyil ki...
Bir muzeydi bu,
Görünən nə varsa eksponatdı.
O saflıqdan, halallıqdan, unudulmazlıqdan gələnlərdəndi Yasif Nəsirli. Onunla ünsiyyətdə olmaq bütün yaxşıları, munisləri, yaxşılıqları, halallıq adına nə varsa, hamısını göz önünə gətirmək, o qudsal aləmi yaşamaq məqamıdır.
İllər öncəsi görkəmli yazıçı Süleyman Rəhimovla bağlı bir əhvalat söyləmişdi Yasif müəllim mənə. Deyir, Moskvada yaşayan şair dostu İbrahim Kəbirli Süleyman müəllimin qonağı olan zaman durub-dayanmadan onun bənzərsiz yaradıcılığı haqqında xoş fikirlər söyləyir, tərifi-tərif dalınca yağdırırmış. Növbəti gəlişlərin birində yenə eyni sözlər təkrar olunur, təriflər deyilir. Bu dəfə Süleyman Rəhimov üzünü İbrahim Kəbirliyə tutub yarı ciddi-yarı zarafat deyir ki, İbrahim, bu sözləri burada deyirsən, bir mən eşidirəm, bir də həyat yoldaşım. Olmaz ki, bu fikirlərini yazıb, qəzet-jurnallardan birinin səhifəsində çap etdirəsən, hamı oxuya?
İndi, yazımın bu yerində Yasif müəllimin özündən eşitdiyim həmin ibrətamiz əhvalat dönə-dönə yadıma düşür. Yadıma düşdükcə elə mən özüm də dərsimi alır, hesabımı götürürəm ki, bunca xoş münasibət, dərin sayğı bəslədiyim Yasif müəllim haqqında qəlbimdən keçənlər nədən qələmimdən keçməsin? Olurmu belə şey?! O adam ki, onunla ünsiyyət uca Allahı, ləyaqət hissini, insaniyyət duyğusunu, yaxşılıq anlayışını, əsl kişilik məqamını yada salır, nədən yazmayasan onun hər kəsə örnək olan pak, səmimi, müdrik varlığından?
Yasif Nəsirli ilə ünsiyyət hər şeydən əvvəl (və bütün qapsamı ilə) onun ömür yolunun, dünyagörüşünün formalaşmasında müstəsna xidmətləri olmuş ulu öndər Heydər Əliyevi yenidən dərk etmək, bu dahi insanın şəxsiyyət böyüklüyünü bütün miqyası ilə göz önünə gətirmək məqamıdır.
Yasif Nəsirli ilə ünsiyyət Vətən, xalq, millət və cəmiyyət, eyni zamanda bütün doğmaların, ailən qarşısında məsuliyyət hissini bütün qapsamıyla dərk etmək məqamı, paklaşmaq, özünü dərk zamanıdı.
Yasif müəllimin yaddaşında ötüb-keçən zaman, yaxud nə varsa hamısı bugünündə ömür edir. Unudulmaz Rəsul Rza, İlyas Əfəndiyev, Əli Vəliyev, Süleyman Rəhimov, Mir Cəlal Paşayev, Mirzə İbrahimov, Əli Kərim, Sabir Əhmədli, Məmməd Araz, Söhrab Tahir, Bəxtiyar Vahabzadə, Vasif Məmmədəliyev, Yusif Səmədoğlu, İsi Məlikzadə, daha kimlər, kimlər onun dünyasında canlı, yaşarı və dipdiridilər. Xalq yazıçıları Anara, Elçinə, Nəriman Həsənzadəyə, Mövlud Süleymanlıya, Vidadi Babanlıya, eləcə də Aqil Abbasa, Rəşad Məcidə bəslədiyi xoş duyğular barədə fikirlərini dinləmək "insanda insan oyatmaq" məqamıdı. Xatirələri vətəni, yaxın-uzaq ölkələri, gündoğanla günbatan arası böyük bir coğrafiyanın seyrinə, yolçuluğuna çıxmaq həqiqətidi. Kimdən, nələrdən, hansı məkandan yazırsa, doğmalaşdırır, maraq oyadır, maarifləndirir. O şəxsiyyətlərdən, o məmləkətlərdən, o ilahi məqamlardan keçirib gətirir adamı. Xeyirxahlıq, vətəndaşlıq dərsi verir. Yasif müəllimin gündəlik yaşamı arxada qoyub gəldiyi illərlə bugünkü ömür-gün arasında verdiyi hesabat məqamıdı. Ömrün ötən illəri, xatirələri bütün unudulmazlığı ilə cövlan edir yaddaşında. Hər gün, hər sabah, hər axşam. Yasif müəllimin yaxın dostu olmuş görkəmli filosof-şair Aslan Aslanovun aşağıdakı misralarını öz ürək sözü, qəlb döyüntüsü kimi qımıldanır yaddaşında. Elə bil öz könlünün səsi, yazısıdır:
Ömrümün gül çağı, gənclik günlərim,
Ömrün yollarında düşüb qaldınız.
Yarımçıq qoyduğum toy-döyünlərim -
Məni qocalığa yola saldınız.
Qüssəli, həyatın vəfasızlığı barədə olan düşüncələrdi. Amma Yasif müəllimlə ünsiyyət zamanı baxıb görürsən ki, təəssüf dolu bu hisslər yalnız cismani yaşamın ərkindən irəli gələn münasibətdi. Ruhun, düşüncənin, həyata baxışınsa müdrik cavanlıq məqamını, ömrün el arasında deyilən əsl "oğlan çağı"nı yaşamaqdadı Yasif müəllim. Əməkdar incəsənət xadimi, yazıçı-publisist, alim, tədqiqatçı, ictimai-siyasi xadim, yüksək rütbəli zabit kimi yenə də gənclik şövqü ilə xalqına, dövlətinə xidmət göstərməkdədi. Gənclik həvəsilə yazıb-yaratmaqdadı. Yeni kitablarında da çeşidli insan talelələrinə, burulğanlı dünyanın insanlara gətirdiyi acılı-şirinli həyat gerçəkliyinə özünəməxsus müdrik yozum verə-verə qələmə alır. Amma ən əsası, bu yazdıqlarında Yasif müəllimin özü var. Qayğıkeş, həssas, kövrək ürəyinin səsi, döyüntüsü var. Bu səmimiyyəti, doğmalığı və qayğıkeşliyi ilə insanların yanındadı. Heç unutmuram, yaxın illərdə şəxsi problemimlə bağlı Yasif müəllimlə görüşmək istəyirdim. Gümanım gələn, ərkim çatan doğmam kimi. Nəşriyyatın önündə dayanıb götür-qoy edirdim ki, deyim-deməyim? Görüşüm-görüşməyim? O qədər xəyallıydım ki, qarşımda dayanan insanın kimliyinin fərqində deyildim. Təşəbbüs qarşı tərəfdən gəldi:
- "Yenə göylərdədir şair xəyalın..." Nə yaman fikrə getmisən, nolub?
Sanki yuxudan ayıldım. Qarşımdakı insanın surəti aydınlaşdıqca şaşırıb qaldım; o idi, mehriban, qayğıkeş Yasif müəllim. Kirimişcə durub üzünə baxırdım. Özünəməxsus təbəssümlə:
- Vacib bir iş üçün gedirəm, yarım saatdan sonra iş otağıma, yanıma gəl - deyib xidməti maşınına doğru irəlilədi.
İndi bu sətirləri yaza-yaza eyni zamanda Yasif müəllimlə ilk canlı ünsiyyətimi xatırlayıram. Tez-tez nəşriyyatın giriş qapısında üz-üzə gəlir, çox vaxt eyni liftlə qalxırdıq. Əlbəttə, mən bu sadə, səmimi insanın kimliyini yaxşı bilirdim. Ədəb-ərkanla yol verir, diqqət göstərirdim. Eyni zamanda özlüyümdə düşünürdüm ki, görəsən bu mehriban insan mənim yazılarımı oxuyurmu? Amma növbəti lift yoldaşlığımız zamanı o, heç gözləmədiyim halda işıqlı bir təbəssümlə "yazdıqlarını oxuyuram, xoşuma gəlir, möhkəm ol" - deyə nəzərlərini üstümdə saxladı. Açığı, çox mütəəssir oldum. Necə təşəkkür edəcəyimi belə kəsdirə bilmədim. Yaxşı ki, liftin qapısı açıldı. Yasif müəllim elə o xoş təbəssümüylə də sağollaşıb çıxdı. Və o qısa söhbət mənə ömürlük dərs oldu ki, görən, dəyər verən gözlər var. O gözlər üçün yazıb-yaratmağa dəyər.
Həmin anda gözəl şair Musa Ələkbərlinin Yasif müəllimə, onun görən gözünə, anlayan qəlbinə xitabən yazdığı misralar dolanırdı yaddaşımda:
Sözün qanadında uçmaq olurmuş,
Bütün kainatı qucmaq olurmuş.
Göyləri kitabtək açmaq olurmuş
Qiyməti, dəyəri ustad verəndə.
Əslində, həmin anda bu sətirlər Yasif müəllimin mənim qələm təcrübələrimə olan münasibətinə qarşılıq verdiyim öz sözüm, minnətdarlıq duyğularımın ifadəsiydi. Belə düşünürdüm, düşündükcə də yadıma dünyanın ilk kosmonavtı Yuri Qaqarinin vaxtilə Yasif müəllimə yazdığı məktubdan sətirlər düşürdü: "Bizi yad etdiyin üçün sağ ol. Teleqramda yazdığın lətifə də əla idi. Arvadım deyir ki, Yasif bizə sataşır, yəqin Molla Nəsrəddin elə Yasifin özüdür..."
Əlbəttə, müdriklik, sadəlik və səmimiyyət mənasında...
Bu sətirləri yaza-yaza xəyalım Yasif müəllimin "Gündoğandan Günbatana" kitabından oxuduğum fikirlərin üzərinə qayıdır: "...Təyyarədə gözümü yummuşam. Kənardan baxan elə bilir ki, yuxuya getmişəm. Əslində isə ayığam. Xatirələr başımda çözələnir. Biri o birini əvəz edir... Yemək paylayan qızların kreslonun yanında dayanan balaca arabacağı mənim uzaqlarda olan xəyallarımı özümə qaytarır..."
Əslində, indi mən özüm də o durumdayam. Yaddaşımın dərinliklərində nədən başlayıb, nələri yazacağım barədə düşünürəm. Yasif müəllimlə bağlı sayğı dolu fikirlərimin hansından başlayıb, hansına doğru getməyin səmtini tutmaqda çətinlik çəkirəm. Elə bu məqamda da yaxşılığını, qayğıkeşliyini əsirgəmir məndən. "Gündoğanla Günbatana" adlı kitabı yetir köməyimə. Açıram və dərin bir heyranlıqla Yasif müəllim haqqında görkəmli yazıçı və şairlərin, fikirdaşlarının səmimi ürək sözləri çəkir nəzərlərimi. Xalq yazıçısı Mirzə İbrahimovun fikirləri lap başdan gəlir: "Yasif, sənin Dövlət Təhlükəsizlik Komitəsində bizim işlərlə bağlı fəaliyyətin yazıçılarımıza yeni nəfəs verdi. Sən müdrik siyasətçisən. Sözün əsl mənasında vətənpərvərsən. Səni görəndə gəncliyimi xatırlayıram..."
Ardınca da Yasif Nəsirlinin universitet müəllimi, namizədlik dissertasiyasının rəhbəri, unudulmaz Mir Cəlal Paşayevin 1964-cü ildə məşhur "Bir gəncin manifesti" kitabında əksini tapan avtoqraf yazısı gəlir: "Yasif, tez-tez görün. Sən gələndə mənim əhval-ruhum təzələnir. Dissertasiyanı müzakirəyə təqdim et".
Görkəmli bəstəkar Tofiq Quliyevin ürək sözləri üzərində dayanır nəzərlərim: "Yasiflə çoxlu xarici səfərlərdə olmuşam. O, sözün əsl mənasında böyük qəlbə, böyük ürəyə malik ziyalıdır. Xeyirxah və nəcib insandır. Respublika qarşısında yaddan çıxmayan, silinməyən xidmətləri var... Yasifin bir xalqın elçisi olmağa, bütöv bir xalqı təmsil etməyə mənəvi haqqı var. Onun yazılarını oxuyuram. Elə bil Allah Yasifi insanlara yaxşılıq etmək üçün yaradıb. O, hətta istəsə də pislik edə bilməz. Onun həmişə üz-gözündən nur yağır. Ürəyi düz, amalı nurlu insandır".
Yasif müəllimlə bağlı ürəyimdən keçən, demək istədiym nə varsa, bu yazılanlarda var. Hər birini öz şəxsi münasibətim kimi oxuyur, yaddaşıma köçürürəm. Elə xalq şairi Bəxtiyar Vahabzadənin fikirlərini də: "Yasif ömrünün böyük bir hissəsini dövlət işinə hərs etdiyindən Allahın ona verdiyi fitri istedadından tam istifadə etməyə vaxtı az oldu... O, uzun zaman DTK-da rəhbər işdə çalışıb. Həmin illərdə çoxlu ziyalılarımızı ölümdən, şərdən, böhtandan xilas etmişdir. Yüzlərlə insanın üzərinə işıq salmışdır. Onlardan biri də mənəm. Əgər Yasif olmasaydı, mən bu günkü Bəxtiyar olmazdım. Mən bu günüm üçün ona minnətdaram".
Əməkdar elm xadimi, professor Qəzənfər Kazımov Yasif müəllimi əsl şəxsiyyət kimi səciyyələndirir, Xalq şairi Sabir Rüstəmxanlı onu "Ömür kitabı"nın qəhrəmanlarından biri adlandırır. xalq yazıçısı Elçin dərin səmimiyyətlə yazır ki, "Yasif... Siz 20 ilə yaxın ulu öndərimiz Heydər Əliyevlə işləmisiniz, onun silahdaşısınız, ona sədaqətlisiniz. Biz bundan qürur hissi keçiririk. Siz təkcə bir ailənin, nəslin oğlu deyilsiniz. Siz Azərbaycan üçün doğulmusunuz. Sizin xalqınız qarşısında yadda qalan xidmətləriniz var".
Unudulmaz alim-yazıçı Qulu Xəlilov Yasif müəllimdən "torpaq ətirli, dağ vüqarlı, çay kimi coşqun, dost-tanışa sədaqətli, bütöv xarakterli, əqidəli, dar günün həmdəmi olan bir insan kimi söz açır. Nəzərlərim akademik Tofiq Köçərlinin yazdıqları üzərində dayanır: "Tanrı Qarabağın azad edilməsi gününü görməyi bizə qismət etsin. Birgə gedək, diz çöküb ağlaya-ağlaya Qarabağ torpağını öpək, doğulduğun Kavdar kəndini, əsərlərində təsvir etdiyin Gültəpə dağını ziyarət edək... Şuşada, Cəbrayılda doyunca şadyanalıq edək..."
O gün gəldi. Və mən bütün səmimiyyətimlə inanıram ki, Yasif müəllim ömrünün müdriklik çağında doğma Qarabağı o doğma, əziz yerləri azad görmək istəyən, o nisgillə həyatlarını qeyb etmiş dostlarının da əvəzinə yazıçı dostu Elçin Hüseynbəyli və qardaşı oğlu Elmanla birlikdə ziyarət etdi. O doğma yerlərə onların da gözüylə baxdı. Xatirələrini özüylə apardı, ruhlarını şad etdi...
Bu nostalji fikirlərlə baş-başa görkəmli yazıçı Cəmil Əlibəyovun ürək sözlərilə üzbəüz qalıram: "Mənim analı dünyamın adamlarından - mənim ən acı və şirin günlərimin şahidlərindən və dayaqlarından ən etibarlısı kimi, Yasif, səni həmişə özümə qardaş bilmişəm və yəqin bundan sonra da belə olacaq".
Təbii ki, indinin özündə də belədi və gələcəkdə də belə olacaq nurlu insan, ictimai xadim, böyük vətəndaş, beş il Ulu Öndərin köməkçisi, 1975-1982-ci illərdə onun mühafizəçisinin rəhbəri olmuş Yasif Nəsirliyə olan dost-sirdaş, vətəndaş münasibəti.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!