Hekayələr - Kamil ARAZ

 

Bölməni

öyrətməyiblər

 

Televizorda "Dərs Saatı" başlamışdı. Anası tələsik Kamalı çağırdı:

- Gəl, bala, dərs başladı, axı sən bu il məktəbə gedəcəksən. Otur, bax, bugünkü dərs "toplama"dır.

Kamal divanda oturub dərsi izləməyə başladı. Müəllimə masaya qoyulmuş almaları bir-bir götürərək yan-yana qoyur, dinləyicilərindən cəmi neçə olduğunu soruşur və özü də öz sualına cavab olaraq ara verir, cəmi söyləyirdi.

Qardaşı da gəlib Kamalın yanında oturdu, bir şey başa düşməsə də, ekranda almaları görüb o da verilişi izləməyə başladı, anası isə mətbəxdən "Almaların sayı neçə oldu?" sualını eşidəndə evlərində alma olduğu yadına düşdü, iki alma götürüb Kamala gətirdi:

- Al, dərsə baxa-baxa, qardaşınla bölüb yeyin, - dedi. Kamal televizordan gözünü çəkib almalara baxdı:

- Ana, görmürsən, bizə bölməni yox, toplamanı öyrədirlər? Yaxşı olmazmı ki, sən iki alma da gətirib qardaşıma verəsən? - dedi.

 

 

İlk müəllim

 

O, asta-asta mənə yaxınlaşdı. Hiss elədim ki, nəsə demək istəyir, amma çəkinir. Ona görə də onu cəsarətləndirmək məqsədi ilə:

- Adaş, deyəsən, məktəbə getmək, həyatın sirlərini öyrənmək istəmirsən, yoxsa, mən səhv başa düşmüşəm?

- Baba, sən nə bildin ki, mən səninlə məktəb barədə danışmaq istəyirəm? Gəl, sən deyən kimi, açıq danışaq. Saymağı, hərfləri tanımağı mənə sən öyrətmisən, başqa məsləhətlərin də köməyimə çatıb. Müəllim öyrədən deyilmi məgər?

- Mən istəyirəm ki, ilk müəllimim elə babam olsun.

Mən gülümsündüm, uşağın həssaslığını çox gözəl başa düşürdüm. Söhbəti başqa səmtə yönəltdim:

- Yox, adaş, - dedim. Səndə mənə qarşı gözəl duyğular var. Bəli, müəllim öyrədən şəxsdir, ancaq hər adamın ilk müəllimi onun anasıdır, həyatın ilk dəqiqələrindən o, balasını həyata hazırlaşdırır, ilk sözləri anadan eşidir, o cümlədən, səs çıxarmağı, ilk addımları atmağı da. Sonra ata, nənə, baba, qohumlar, qonşular, məktəbdə müəllimlər... Böyüdükcə hər müəllimə sən özün qiymət verməyi də öyrənəcəksən. Yadında saxla ki, öncə dediyim kimi, ilk müəllim - anadır, - deyəndən sonra adaşım məndən gəldiyi kimi uzaqlaşa-uzaqlaşa:

- Yox, böyüyəndə də heç vaxt ona müəllim deməyəcəyəm, elə "Ana" deyəcəyəm, çünki bütün ehtiyaclarımı anama söyləyirəm, - dedi.

 

 

Göz yaşları

 

Bayrama az qalırdı. Havalar yavaş-yavaş isinməyə başlamışdı. Babası həyətdə əlindəki bağ qayçısı ilə tənəklərin uzun və qurumuş budaqlarını kəsib-yığırdı. Uzaqdan bunu müşahidə edən Polad babasının yanına gəldi, onun hərəkətlərini izləməyə başladı. Birdən gözü bir üzüm kolunun kəsilmiş hissələrinə sataşdı, kəsilmiş yerlərdən su damcıları tökülürdü.

- Baba, ay baba! Dayan, incitmə kolları. Görmürsən, ağlayırlar?

Babası başını qaldırıb ona baxdı, sonra öz işinə davam edərək mülayimcəsinə dedi:

- Narahat olma, bala. Onlar gördükləri qayğıya görə göz yaşlarını saxlaya bilmirlər.

 

 

Pozanın münasibəti

 

Kamal masa arxasına keçib məktəbli çantasını açdı. Öncə dəftəri, sonra qələmi çıxartdı. Pozan da qələmin yanında idi. Onu da masanın üstünə, gözünün qabağına qoydu:

- Birlikdə inşa yazacağıq, elə edin ki, "əla"ya layiq olsun, - dedi.

Elə bil dəftər bunu gözləyirdi:

- Mən ağappağam, təmtəzəyəm, sinəmin üstünə milçək belə qonmayıb. Sən yaz, mən hazıram, - deyə dilləndi.

Qələm "hazır" sözünü eşidən kimi:

- Mən də hazıram, ürəyin nə desə, yazaram, - dedi.

- Məni dəftər, qələm, elə özündən də uzaq tut. Çalış, səhv etmə, səhvi düzəltmək çətindir. Mən sənin xətalarını nə qədər silməyə çalışsam da, ağ kağızda izi bilinəcək. Ehtiyatlı ol, uğurlar sənə, - deyə Pozan da öz münasibətini bildirdi.

 

 

Yağışdan sonra

 

Gecə yağan yağış kəsmişdi. Buludlar çəkilmiş, gün çıxmışdı. Zöhrə atası ilə bərabər bağçalarına baxmağa çıxdı. Ağacların yarpaqları pıçıldaşır, gül-çiçəklər adama gülümsəyirdi. Bəzi yerlərdə otların üstü hələ də sulu idi, damcılar günün altında qiymətli daş-qaş kimi parıldayırdı. Sərçəyəbənzər, sinəsi sarı quşlar uçuşur, ağaclarda sərçələrin civiltisi eşidilirdi. Bağçadan bir az aralı, dirəyin üstündə kol-kosdan yuva qurmuş leylək ayaq üstə duraraq dimdiyini ucadan şaqqıldadır, sanki kiməsə nəsə deyirdi. Torpaqdan gözəl bir qoxu gəlirdi, nəfəs almaq asanlaşmışdı. Zöhrə sinədolusu nəfəs alıb atasına dedi:

- Ata, mənə elə gəlir ki, bu gün təbiət əvvəlki günlərdən fərqlənir, bu gün təbiət daha gözəldir.

Atası:

- Hə, qızım, yaxşı tapmısan. Özün də bir fikirləş, yuyunduqdan sonra nənən, baban səni necə qarşılayır? "Həmişə təmizlikdə, nə gözəlləşmisən, göz oxşayırsan", - deyirlər. Bu gün təbiət də yuyunub, saçlarını darayıb, gözəlləşib, - dedi.

Ayıb olar

 

Polad binalarının qabağına çatanda həyətdəki ağacların altına qoyulmuş skamyada oturub, günəbaxan toxumu çırtlayan sinif yoldaşını gördü. Bu sinif yoldaşı ilə o, eyni binada, eyni girişdə, eyni mərtəbədə yaşayırdı. Qapıları da üzbəüz idi. Qonşusu ona:

- Hələ günorta yeməyinə xeyli var, gəl, bir az tum çırtlayaq, - dedi. Polad onun yanında, oturacaqda əyləşdi, onsuz da tələsmirdi. Sinif yoldaşı əlində tutduğu, içərisində günəbaxan toxumları olan polietilen torbanı ona tərəf tutub: - Götür, - dedi. Polad sol əlini torbanın içinə salıb ovcunu doldurdu, sonra toxumları bir-bir ağzına qoyub dişlərinin, dilinin köməkliyi ilə ləti və tumun qabığını ayırmağa başladı. Günəbaxan toxumunun qabıqlarını isə sağ əlinə yığırdı.

Qonşusu:

- Niyə yerə tüpürməyib ovcuna yığırsan? Görmürsən, yer tum qabıqları ilə doludur? Onsuz da, sabah tezdən buranı süpürəcəklər, - dedi.

- Yox, belə olmaz. Böyük qardaşım görsə, məni danlayacaq, o çox səliqəlidir. Bax, dünən kompüterdə işləyirdi, birdən onun öz-özünə danışdığını eşitdim; deyirdi ki, bu gərək deyil, zibil qutusuna getməlidir. Mən soruşanda ki, nə zibil qutusu, o, izah etdi ki, kompüterdə də zibil səbəti var. "Zir-zibili ora atıram".

Mən onu da başa düşdüm ki, tullantıları dağıtmaq pintilikdir, bu mənim üçün ayıb olar, - deyib Polad əlindəki günəbaxan toxumunun qabıqlarını oturacağın yanındakı zibil qutusuna atdı.

 

 

Şapalaq

 

Bunu mənə babam danışıb. O, özünün uşaqlıq illərini xatırlayarkən, deyərdi ki, yaşlı bir müəllimləri var idi. Bu müəllim, həm məktəbdə, həm də kənddə öz "şapalağı" ilə məşhur idi. Ali təhsil almayanlar haqqında söhbət gedəndə deyərmişlər ki, sən, görünür, bir dəfə də olsun, Ədalət müəllimin "şapalağı"nı yeməmisən. Bəs niyə belə deyirmişlər?

Ədalət müəllim məktəbdə həm savadı, həm də alicənablığı ilə seçilərmiş. Uşaqları çox sevər, onlara hörmətlə yanaşarmış. Uşaqların, demək olar ki, hamısı da onu sevərdi. O, uşaqları lövhə qarşısına çıxarandan sonra diqqətlə dinləyər, dərsi yaxşı bilən uşağın boynunun ardına ehmalca sağ əlinin içi ilə, səsi eşidiləcək dərəcədə vuraraq "afərin, bala!" deyərək, "əla" sözü ilə yerinə yola salırdı. Sonra öz masası arxasına keçərək, "əla"nı təkrar deyib jurnala qeyd edərmiş. Uşaqlar bundan xoşlanar, iftixar duyarmışlar. Ədalət müəllimin bu hərəkətləri ona hörmət və şöhrət gətirmişdi. "Sən Ədalət müəllimin şapalağını yeməmisən" ifadəsi görünür, belə yaranıbmış. Babamın söhbətindən məlum oldu ki, Ədalət müəllim onun haqqında danışılanlardan xəbərdar idi. Babam danışırdı ki, onun özü də yaxşı oxuyan olub, təsadüfən "orta" qiymət alıb, o, "şapalağ"ın dadını da bilib.

Babası deyirdi ki, bir dəfə Ədalət müəllim onu lövhəyə çağıranda sevinmiş, yenə məşhur "şapalağ"ı yeyəcəyini düşünmüşdü. Lakin onun dərsi danışmağı, görünür, müəllimi qane etməmiş, Ədalət müəllim onun yanına gəlsə də, şapalaq vurmamış, sadəcə, "keç otur", - deyibmiş. Babam bundan təəccüblənəndə Ədalət müəllim:

- Keç, otur, ay bala, sən bu dəfə şapalağa layiq deyilsən, - deyibmiş.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!