Turan UĞUR
Yeni təqvim ilinin gəlişi münasibətilə ətraf bəzədilib. Bəzənmiş şam ağaclarının fonunda harada üşüyən və tənha bir qadın görsəm, dərhal təəssüratım belə olur: üşüyür... ancaq bəlli deyil, ən çox nədən üşüyür? Dekabr ayının soyuğundan, yoxsa, tənhalıqdan? Beləsini elə indicə H.Cavid prospektində gördüm, üşüyən əllərini ağzına tutaraq hovxurur, nəfəsi ilə barmaqlarını isidir və yaxınlıqdakı kafeteriyaya girir. Sizcə, ilk ağlıma gələn kim olur?! Anarın "Ötən ilin son gecəsi" hekayəsinin qəhrəmanı Həmidə xanım.
O zaman iki ilin qovuşağında yazdığım "Tənhalığın addım səsi" adlı təəssürat dolu yazımı böyük məmnunluq hissi ilə "Ədəbiyyat qəzeti"nə təqdim edirəm.
Tənhalığın addım səsi, bayram həvəsi... Qəribə səslənir, nəsə. Diksindim birdən, qəribə şəkildə mənə Anarın "Ötən ilin son gecəsi" adlanan hekayəsini andırır bu sözlər. Anar müəllimin əsərlərinin 1-ci cildliyində "Keçən ilin son gecəsi" adı ilə uşaq ikən oxuduğumu xatırlayıram - ağ üzlü kitabı. Bayram axşamında tənha qalan Azərbaycan anasının keçirdiyi təlatümlü hissləri necə də gözəl verib. Əslində hər kəs və hər nəsnə azacıq da olsa, tənhadır bu dünyada. Dünyasını dəyişən Qəzənfər kişinin övladları - Gülarə, Rüstəm, Dilarə, Tofiq yeni ili müxtəlif səbəblərdən öz ailələrində keçirmirlər. Həmidə xanım da tək qalır, gah televizor qarşısında oturub, xəyali olaraq diktorla söhbət eləyir, gah "09 Məlumat bürosu"na zəng edib növbətçi xanımı təbrik edir...Gerçəkdən də, kimsə tənha olmamalı bu dünyada, ünsiyyət, birgəlik insan oğlunun tapdığı ən böyük nailiyyətdir, desənə. Desənə, Həmidə xalanın anidən fikrinə gələn "Görəsən, niyə adama ömrünün axırında bircə bu cihazlar qalır?" fikrini başdan qovmağın tək yolu mehrdir, məhəbbətdir, ülfətdir, insanın bir-birinə bağlılığıdır. Bunların olmaması nə böyük boşluq, nə böyük faciədir, desənə. Bütün bu düşüncələr içimdə qayır-qayır qaynayarkən, 5 ildir çiyin-çiyinə çalışdığım gözəl sənətkarımız, Xalq artisti Mehriban Zəki "Monoloq" verilişində bayram buraxılışında nəyi hazırlayacağımızı soruşdu? Qəfildən: "ayyyyy, nə yaxşı olardı, "Ötən ilin son gecəsi"ni hazırlasaq", - deyə ikimiz bir yerdə dilləndik. İkimizin ürəyinə gələn yəqin ki, çoxunun könlündən keçib bu yeni təqvim ilinin astanasında. Qolumu çırmayıb mən ssenarini yazmağa başladım, Mehriban xanım da hekayədən monoloqu seçməyə, daha doğrusu, Qəzənfərin öyüd-nəsihətlərini gözdən keçirməyə. Əslində həmişə Qəzənfər kişinin o sözlərini elə Anar müəllimin 21 yaşında bizim hamımıza verdiyi öyüdləri, arifanə nəsihətləri kimi qəbul etmişəm.
Bizim hamımıza, bütün nəsillərə və bütün əsrlərə.
Adama elə gəlir ki, hər kəsin içində bir tənha "mən"i var. Hətta tək olmasaq belə, özümüzlə baş-başa qalırıq, bayram axşamlarında bu, daha qabarıq şəkil alır. Hesabat xarakterli olur düşüncəmiz, sanki: neyləmişik, nə bacarmışıq ilboyu? Hekayənin özəyini məncə, Qəzənfərin söylədikləri tutur. Həmidə xala maqnitofonu işə salır, köhnə lent yazısına qulaq asır, həyat yoldaşı sağ ikən get-gəlli olardı evləri, Qəzənfər hamını yığır başına və onlara bir gün olmayacağını deyir, hətta israrla bildirir ki, uşaqlar yanımızda olmasa, onları vəfasız bilmə!.. Zamanımızda Qəzənfərin dedikləri daha haqlı görünür, hər gün, hər saat o deyilənlər bəraət qazanır.
"Bizdən nəsə qalır övladlarımıza, heç nə itmir, hər şey nəsildən-nəslə ötürülür, yaxşılıq da, pislik də keçir, nəsil-nəsil keçir".
Hüseyn Cavid prospektində gəzə-gəzə düşünürəm. "Uşaqlıq xatirələrinə dalıram", - desəm, daha doğru olar...Bəlkə elə xatirələr onun üçündür ki, tez-tez dilə gətirilsin, bəlkə elə bu dünyadan köçən əzizlərimizin xatirəsini yaşatmaq onların bizi yalnız qoymamaq istəklərindən doğulur?! Bu dünyada hər acı xatirə, hər naqis əməl ötən ilin son gecəsində qalsa, daha yaxşı olmazmı?!. Valideynlərimizə, qohum-əqrəbamıza, dostlarımıza, əzizlərimizə, lap elə bu H.Cavid prospektində ətrafımda gəzişən, tanımadığım insanlara belə layiqli olmaq diləyi məni yamanca tələsdirir. Dostlar, istərdim ki, "Ötən ilin son gecəsi" hekayəsindən seçdiyim Qəzənfər kişinin öyüd-nəsihətini bu bayram günlərində tənhalığın, kədərin, qüssənin qələbəsi kimi yox, Anar müəllimin insanları həmrəyliyə, birgəliyə çağırışı, bizə etdiyi nikbinlik xeyir-duası kimi qəbul edək:
Ötən ilin son gecəsi:
"Yaxşı, ay arvad, qırx-əlli ildən sonra. Qulaq as. Bir gün olacaq mən olmayacağam. Bax, sənə bircə əmanətim bu uşaqlardır. Ömür vəfa eləsə, hamısını özüm böyüdüb başa çatdıracağam. Yox, işdi... Onda bax, bunları sənə tapşırıram. Demirəm ki, hamısına ali təhsil ver. Demirəm ki, hamısını doktor elə, injiner elə, amma adam olsunlar. Yaxşı adam olsunlar. Sonra, Həmidə, bir gün gələcək, hamısı böyüyəcək, boya-başa çatacaq və yuvasından qanadlanan quşlar kimi bir-bir uçub gedəcəklər. Bax, onda onlara vəfasız demə ha! Onu bil ki, hara getsələr, hansı ailəyə düşsələr, hansı mühitə düşsələr, səndən və məndən nə isə aparacaqlar, necə ki, biz də bir-birimizlə görüşəndə hərəmiz öz ata-babalarımızdan nə isə gətirmişdik. Deyəcəksən, "Qəzənfər yenə filosofluq eləyir". Amma bax, mən, vallah, belə fikirləşirəm. Adamlar hamısı nəsil-nəsil bir-birlərinə bir şey verirlər. O işi ki, biri başlayır, amma qurtara bilmir, o iş itmir, batmır, sonrakı nəslə qalır, o işi sonra gələnlər tamamlayırlar. Dünyada heç nə itmir, batmır, heç kəs ölmür. Yaxşı da, pis də keçir, nəsildən-nəslə keçir. Biz, Həmidə, mən biləni, yaxşı yaşamışıq, əlimizin zəhmətiylə çörək qazanmışıq. Qoy, bizim həyatımızda yaxşı nə olubsa, uşaqlarımız özləriynən öz təzə həyatlarına, təzə nəsillərə aparsınlar. Həyat da elə budur da..."
Bəli, həyat budur. Həyat iki təqvim arasında ötənləri yada salmaqdır, bir vaxt bayram süfrəsində hamı birgə qeyd edərdi növbəti ili. Bayram plovumuz dəmdə olardı, gözümüz tele-tamaşada. Sözünü etdiyim hekayənin əsasında çəkilmiş tele-tamaşanı nəzərdə tuturam. Zərnigar Ağakişiyevanın oynadığı Həmidə xalanın tənhalığı hamımızda var bu saat. Ömrü uzun olsun - Ramiz Həsənoğlunun (Mirzəyev) və mərhum Tariyel müəllimin (Vəliyev) quruluş verdiyi televiziya tamaşası çoxunun yadında qalıb. Zərnigar Ağakişiyevanın, Rafael Dadaşovun, Svetlana Vahidovanın, Mübariz Mustafayevin, Sevil Xəlilovanın, Hamlet Qurbanovun, Sadıq Hüseynovun, Mahirə Yaqubovanın bənzərsiz ifaları necə də gözəl alınıb?! Quruluşçu operator Eldar Abbasbəylinin gözəl operator işini də qəti unutmayaq. 1978-ci ildə ərsəyə gələn tele-tamaşa 45 ildir ki, şövqlə baxılır. Hələ Qəzənfər kişinin - mərhum sənətkarımız Yusif Vəliyevin səsi insanı, yaxşı mənada, lərzəyə salır. Elə bilirik ki, bu səs maqnitofondan deyil, qeybdən, göy qübbəsinin ənginliyindən həyat nəğməsini qulağımıza pıçıldayır.Tamaşanın sonunda Həmidənin nəvəsi Vaqifin yan otaqdakı ağlamaq səsi üfüqə açılan gecələrin xeyirindən xəbər vermirmi?! Həyatın bütün halı ilə davam etməsi üçün oxunan həyat nəğməsi deyilmi, Vaqifin hıçqırtılı körpə ağlayışı?! "Körpə" dedim, yadıma çocuqluğum düşdü. Açığı, uşaqlıq illərimizdən, bu tamaşanı ailəliklə izlədiyimiz andan çox vaxt ötüşüb, çox şey dəyişib indi, çox şey azalıb. İndi o bayram süfrəmizin arxasındakı doğmalarımız adam-adam azalıb, masa üzərindəki qədəhlər qədəh-qədəh, nimçələr nimçə-nimçə azalıb, madam, tənhalıqdan qaçılmaz, o zaman bunu faciə bilməyək, dərd eləməyək özümüzə. Bu bayram axşamında xatirələrimizlə, saxlanclarımızla birgə adlayaq yeni təqvim ilinə.
Tənhalığın addım səsi hamı üçün duyulur, yaxud duyulacaq.
Əsas odur, mənim "Monoloq" verilişi üçün yazdığım ssenari də alındı, Mehriban Zəkinin söylədiyi monoloq da... Bəs bayram həvəsi? ...Prospektdə gördüyüm üşüyən qadın?
Üşüyən qadın, əllərini ağzına tutub hovxuran qadın... Əminəm ki, tənhalıq onun üçün artıq faciə deyil, bu dünyada təklənməkdir faciə, dışlanmaqdır faciə. Prospektdə gördüyüm tənha qadın da bayramı qeyd edəcək, o daha tənhalıqdan üşümür, eləcə dekabr ayının soyuğundan üşüyür. Axı ondan da övladlarına, nəvələrinə özündən nəsə ötürülüb, nəsil-nəsil nələrsə keçib, axı o da atasından, anasından nələrisə özündə daşıyır, ətini, qanını, vücudunu, xatirələrini... O da bu yeni təqvim ilini - Əjdaha ilini qarşılamağa tələsəcək, o da lap tamaşadakı Həmidə xala kimi, bayram süfrəsini bəzəyəcək, o da bivaxt gələcək çağdaş poçtalyonların (günümüzdə nadir görünsə belə) yolunu gözləyəcək, o da balalarından, nəvələrindən təbrik mesajı almağa səbirsizlənəcək, ancaq üşüyən qadın bir daha giley-güzar etməyəcək. Hə, nə deyirsiz, bir yada salaq hekayədəki fəhlə Qəzənfərin sözlərini?
Necə deyirdi Qəzənfər kişi?! - "Həyat da elə budur da..."
22 dekabr 2023
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!