"Əynimdəki boz palto, başımdakı tünd bənövşəyi yaylıq və dağınıq saçla özüm-özümə anamı xatırladıram. Yadıma gəlir, dayılarım, xalalarım öləndə anam da belə edərdi". "- Siz xəstənin nəyisiniz?" "Sonralar oğlum dedi ki, dörd-beş dəqiqə hərəkətsiz bir nöqtəyə baxıb dayanmışam". "Gəlmə! İmkan verin, tək qalım. Sizin əlinizdən ağlamaq da olmur. Cəbrayıl alınanda da qoymadınız! İlahi, bu qədər həngamənin içində Cəbrayılın alınması hardan ağlıma gəldi?"
Yazıçı Samirə Əşrəfin "Saturasiya" hekayəsinin bu cümlələrini oxuduqdan sonra bilgisayardakı mətndən ayrıldım. Başqa bilgisayarıma - daxilimdəkinə boylandım.
Daxili ələmlərimiz, bilgisayarlarımızını nurlu... bəli, məhz nurlu... işiqlı yox... ekranları birləşdi. Mətnlərimiz, duyğularımız, ruhi ədəbi ələmimiz də.
Bəli, həyatın öz senzurası var - uşaqlar, qohumlar. Cəbrayıl alınanda bu səbəbdən, bu ictimai senzuraya görə təkcə Samirə Əşrəf yox, çoxlarımız ağlamayıb. Ancaq yazıçının bu senzurasız, tam açıq, səmimi mətnini də oxuyanda mən ağlamadım. Çünki Samirə mərsiyəxan deyil. Mən isə əzadarlıq məclisində oturmamışam.
Əsl ədəbiyyatla təkbətəkəm, bu səbəbdən, ağlamıram. Ağlamaq, yazıçı düz deyir, yersiz idi - həm Cəbrayıl alınanda, həm də yaxınlarımız dünyasını dəyişəndə. Əsl ağlamaq təklikdədir.
Üzüdivara ağlayanlardandı, hekayə yazanlardandı Samirə Əşrəf. Məqsədi oxucunu ağlatmaq deyil.
Məqsədi, öz hekayəsini bizə oxutmaqdı. Özü istəyir ki, özü kimi, biz də, bu mənzərələri görüb də, ağlamayaq.
Bizi ağlatmaqdan ötrü yox, ağlatmamaqdan ötrü o bu hekayəsini yazıb.
Ədəbiyyatımızda təkəri geri döndərib. Ədəbi mətni romantikadan, sentimental hisslərdən qoparıb. Hərbi üsulda, alman yazarı Ernst Yunger kimi yazır bu hekayəsini.
Göz yaşlarısız.
Dənizdə doqquz dalğa var. Marinist rəssam Ayvazovski bu doqquzuncu dalğa haqda çox gözəl rəsm tablosu çəkib. Samirə Əşrəfin həmin bax, bu mətni, dənizin "doqquzuncu, ölümcül zərbəsi" ilə eyni miqyaslı, deyərdim, hətta çoxəhatəlidir. Çoxqütblüdü, çoxbucaqlıdır.
Bu mövzuda oxucunu ağlatmaq çox asandı. Ağlatmamaq isə çox çətin.
Misralara fikir verin. Bir də oxuyun. Ancaq Levitanın səyi ilə oxuyun. Şəmistan Əlizamanlının ahəngini qatın bu oxunuşa:
"Modulun dəmir qapısında bizi iki hərbçi qarşılayır:
- Meyitlər burdan bir az aralıdan - axırıncı qapıdan verilir.
İşgüzar addımlarla maşına əyləşib onlar deyən yerə gedirik. Geniş ərazidir. Palçıq qarışdıran maşın gurultulu səs çıxarır. Ətrafda çoxlu kağız sement kisələri var.
Mühafizəçi bizə yaxınlaşır:
- Bu gecə beş xəstə ölüb. Bir azdan hamısını çıxarıb Sabunçuya - morqa aparacaqlar. Qara maşınlardı. Gözləyin, sizinki hansı maşında olsa, ona yaxınlaşarsınız".
Azca yaşarmış, nəmlənmiş oxucu gözlərimiz bax, bu sərt, hərbi cümlələrdən sonra tam quruyur. Daxilimiz də quruyur. Samirə bəli, yaşartmır bizi. Qurudur. Qupquru edir.
"Quru qələm" deyərdim buna.
Bu qupquru mətn.
Qupquru yaşıl, ancaq
Ancaq yaşsız gözlər.
P.S. "Səsimdəki soyuqluq özümü də qorxudur". "Külək yenə toz-torpağı göyə sovurur. Ətrafdakı düzəngahda qurumuş kollar küləkdən kirpi kimi yumulub-açılır".
Samirədə yadplanetli hissiyyatı var. Məndəki kimi. Çox sevdim hekayələrini. Bizim planetlisən.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!