Şair-publisist Qiymət Məhərrəmlinin “Bu dünya sənin yerindi” kitabı haqqında
Filologiya üzrə fəlsəfə doktoru, şair-publisist, AYB və AJB-nin üzvü Qiymət xanım Məhərrəmlinin "Bu dünya sənin yerindi" (Bakı, 2018) kitabında yer alan bu misra məni düşündürdü. Sərrast deyimdir, doğru və ədalətlidir. Və kitabda yer alan uğurlu yaradıcılıq nümunələri barədə düşüncələrimi oxucularla bölüşmək qərarına gəldim.
Söz nədir? - Dilçilik elmi baxımından yanaşsaq, səslərdən yaranan leksik vahiddir. Söz səslərdən, cümlə sözlərdən, fikirlər cümlələrdən yaranır. Bəşər övladı öz fikrini ifadə etmək, söz yaratmaq üçün yüz min illərlə yol gəlmişdir. Gəlmişdir ki, sonra bu sözlərdən, həm də musiqili cümlələr - şeir yaratsın. Sözün böyük qüdrəti var: xəstə insana sözlə ürək-dirək verirsən, dərmansız-filansız sağalır, sağlam insan eşitdiyi ağır və ya qüssəli sözdən xiffət çəkib ölə bilər. Söz var, ulu hökmdar - sərkərdəmiz və qüdrətli şair Xətainin dediyi kimi, müharibələrə, qanlı qırğınlara səbəb olar, söz var, qanlı savaşları dayandıra bilər:
Söz var ki, kəsdirər başı,
Söz var ki, kəsər savaşı.
Məşhur tarixçi alim, həm də yazıçı Tarle yazır ki, müttəfiqlər Napoleona qalib gəldikdən sonra onu siyasətdən təcrid edərək Elba adasına sürgün etmişdilər. Onun sürgündən qaça biləcəyini gözə alan Fransa hökuməti əsgərlərinə əmr vermişdi ki, sahilə çıxacağı halda, onu gördükləri yerdəcə güllələsinlər. Napoleon sürgündən qaçdı, sahilə çıxdı, onu təslim olmağa məcbur etmək istəyən fransız əsgərlərinin qarşısında elə parlaq və təsirli çıxış etdi ki, onu güllələməli olan əsgərlər ağlayaraq silahlarını yerə atdılar və onun tərəfinə keçdilər. Napoleon qısa müddətdə hakimiyyətini bərpa etdi və birləşmiş Avropa qüvvələri ilə yenidən ölüm-dirim savaşına başladı!
Söz bu cür gücə malikdir!
Allah əvvəl sözü, sonra "Ol!" deməklə insanı, külli-kainatı yaratdı.
Yaradıcı şəxslərə "söz adamı" da deyirlər. Qiymət xanım da, sözün tam anlamında, söz adamıdır - publisistikası, elmi yaradıcılığı, şeirləri ilə çoxdan aldığı bu ünvanı daşımağa haqq etmişdir! O, şeirlərinin birində sözün gücünü belə ifadə edir:
Məsəl var, ən iti xəncər nədir ki,
Kəsərli, acı bir söz qabağında!
Bəlkə ulu babalarımız da sözün bu cəhətini nəzərə alıb "kəsərli söz" ifadəsini yaradıblar, axı əslində "kəsmək" feili kəsici alətlərə xasdır. Amma sözün qüdrəti daha böyükdür, bir atalar sözündə deyildiyi kimi, "qılınc yarası sağalar, söz yarası sağalmaz".
Sözlə ehtiyatla davranmaq lazımdır; onu zəhər deyil, məlhəm kimi, qarğış deyil, alqış kimi, dua kimi, nifrət deyil, məhəbbət kimi ifadə etmək Qiymət xanımın yaradıcılığının üstün cəhətlərindəndir.
Artıran söz qədrini, sidq ilə qədrin artırar,
Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz.
Böyük Füzulinin məşhur qəzəlindən gətirdiyimiz bu nümunədən də göründüyü kimi, deyilmiş söz, sahibinə hörmət də, töhmət də gətirər!
İmam Əli deyirdi ki, hər bir insan öz dilinin altında gizlənib. Danış ki, səni tanıyım! Q.Məhərrəmli sözü elə ustad Füzulinin nəsihət etdiyi kimi işlədir:
Sözdür mənim söykəyim,
Sözümə söykənmişəm!
Sözü müqəddəs, ulu, "Tanrı pıçıltısı" adlandıran Q.Məhərrəmli söz adamı olmağı, həm də ruh adamı olmaq sayır. Söz adamı kimdir? Onun fikrincə, söz adamının yazıb-yaratdıqları çoxlarının ürəyindən keçirdiyini, demək istədiklərini, lakin ifadə etməkdə çətinlik çəkdiklərini ustalıqla deməyi bacarmaqdır.
Olmayan qəvvasi bəhri-mərifət arif degil,
Kim, sədəf tərkibi-təndir, löleyi-şəhvar söz.
Böyük ustadımız Füzuli deyir ki, qəvvasların dənizə baş vuraraq çıxartdıqları sədəf "tərkibi-təndir", yəni adi cisimdir, mərifət dəryasına baş vuranların oradan çıxartdığı söz isə, "löleyi-şəhvar"dır, yəni şahlara layiq incidİr, ləldir. Yalnız mərifət dəryasına baş vurub, oradan söz incilərini çıxaran şəxslər arif hesab edilə bilərlər! Qiymət xanım mərifət dəryasının qəvvasıdır, yəni arifdir - istedad sahibidir, hər şeyi incəliyinə qədər bilən bilik və mərifət sahibidir!
Q.Məhərrəmli yaradıcılığının mövzu dairəsi genişdir, insan və onu əhatə edən bütün aləm onun bədii təfəkkürünün əhatə dairəsinə daxildir.
Dinin xurafat hissəsini kənara qoysaq, əxlaqın mənbəyi olduğuna görə insan cəmiyyətinin vazkeçilməz tələbatıdır, dəyəridir. Qiymət xanım bu fikri belə ifadə edir:
Kim ki Allah tanımaz,
Savab-günah tanımaz...
Şair necə də sərrast deyir:
Ölənin qəbir dərdi,
Qalanın səbir dərdi,
Ağlayanın bir dərdi,
Gülənin yüz dərdi var...
Qiymət xanımın yaradıcılıq dili səlisdir, üslubu rəvandır, fikirləri, ifadələri sərrastdır:
Kimi yeyər bal, kişmişi,
Kimin qana batar dişi.
Var dünyanın yetişmişi,
Var dünyanın kal adamı.
Bu dünyanın gəlhagəli,
Xeyrə calar verən əli.
Tanıtdırsın öz əməli,
Tanıtmasın xal adamı.
Zahiri gözəllik müvəqqətidir, vəfasızdır və insanın mənəvi aləmini təcəssüm etdirmir, onu edən daxili dünyamızdır, xoş əməllərdir. İnsan üzündəki qara xalla deyil, qoyub-getdiyi əməllərlə gözəldir. Q.Məhərrəmli bu fikirləri poetik, amma lakonik dillə ifadə edə bilir.
Şair bir dördlüyündə oxucusunu dünyada heç nəyin itib-getmədiyinə, hər bir əməlin, hər bir hərəkətin özündən sonra müəyyən iz buraxacağına və bu izin gələcək nəsillərin genetik kod yaddaşında hansısa bir şəkildə təzahür edəcəyinə inanmağa çağırır:
Daşın daş ömrü var, quşun quş ömrü,
Başın yaddaş ömrü, huşun huş ömrü.
Dolanıb keçəcək illər, əsrlər,
Kimsə yaşadacaq yaşanmış ömrü.
Qeyd etmək yerinə düşər ki, müxtəlif şeir formalarından məharətlə istifadə edən şairin yaradıcılığında gəraylı xüsusi yer tutur, oxucunun zövqünü oxşayır. Qiymət xanımın gəraylılarının ayrıca bir özəlliyi var - onlar xüsusi ritmlə yazılmışdır, məsələn:
Bu dünyanın çox işləri,
Heçmi düzəlməz, ay dədə?
Gəlişləri, gedişləri
İpə düzülməz, ay dədə!
Hardadı bəs Haqq dediyin,
Budurmu o çağ, dediyin?
Qarıdı uşaq dediyin,
Heç üzü gülməz, ay dədə!
Nə Aşıq Abbas Tufarqanlının -
Duman, gəl, get bu dağlardan,
Dağlar təzə bar eyləsin...;
Nə Aşıq Alının -
Yar yanında günahkaram,
Doğru sözüm yalan oldu...;
Nə də Aşıq Ələsgərin -
Gözəl, sənə məlum olsun,
Alışmışam, yanıram mən...
- kimi gözəl gəraylılarında həmin ritmi duymuruq. Bu baxımdan, Q.Məhərrəmlinin gəraylılarını cəsarətlə, "ritmli gəraylı" adlandıra bilərik.
İnsan doğulandan qəbir evinədək, əslində bir yol gedir - ömür yolu. Kimi şərəfli bir yol keçir, kiminin həyatı mübarizələrdə keçir, kimi isə bu yolu sürünür. Amma hamı gedir, dayanmadan, yorulmadan son mənzilə doğru addımlayır, başı gündəlik qayğılardan da açılmır, ölənəcən ev-eşik qayğılarını daşıya-daşıya addımlayır. Qiymət Məhərrəmli deyir:
Bu yolu əlinə alıb,
Hara üz tutubsan, yolçu?
Gedənlər geri qayıtmır,
Yoxsa, unudubsan, yolçu?
Gör, nəyi götürməmisən,
Nə yadından düşüb, qalıb?
Bir az bellənməmiş yerin,
Bir az başqa işin qalıb...
"Yadından çıxıb" yox, məhz "yadından düşüb qalıb"! Bu, Qiymət xanımın ifadəsidir, heç bir müəllifdə rast gəlmədiyimiz yeni sözdür, yeni deyimdir. Yeri gəlmişkən, onun yaradıcılığında belə yeni, lakin qulağa xoş gələn ifadələr kifayət qədərdir. O, təkcə Azərbaycan dilinin zəngin xəzinəsindən yararlanmır, həm də bu xəzinəni zənginləşdirir!
"Mən başqa cür yaşamağı bacarmadım" deyə etiraf edən Qiymət xanımın özü də yol gedir - dayanmadan, gecə və gündüz:
Mən gündüzlər yol gedirəm,
Yol ölçürəm gecələri...
Bu yollar isə onu özünə, baş götürüb gedəcəyi dünyaya aparır - Əbədiyyət dünyasına!
İtkilərim qazancımdan çox olub,
Tapdığımı itirirəm bir ucdan.
Baş götürüb gedəcəyim dünyaya
Mən özümü gətirirəm bir ucdan.
Bəli, məqsədi və hədəfi aydın, iradəsi mətin və xaraktercə qətiyyətli adamları heç kim yolundan döndərə bilməz. Bu keyfiyyətlər Qiymət xanımda cəmləşib.
Bu mövzunu başqa bir şeirində davam etdirir:
Mən bu yolun hamarını bəyənmədim,
Hər kəs geyən libasları geyinmədim,
Aldanmadım hər oxunan şərqilərə,
Mən özümə üz tutmuşam,
Seçib qərbi, şərqi hərə...
Müəllif yolunu düz seçməkdə Tanrıya sığınır:
...Tanrım, mənə yol göstər,
Bunca yollar içində.
Heç zaman keçilməmiş
Neçə yol var içimdə.
Musiqidə ifaçının ustalığı xaric səslərin olmamasında, şairin ustalığı başqa amillərlə yanaşı, qafiyələrin mükəmməlliyindədir. Qiymət Məhərrəmli yaradıcılığı bu baxımdan mükəmməldir, qafiyə, süni şəkildə şeirə pərçim edilmiş yad sözlər yoxdur.
Şeirlərində torpağa bağlılıq, yurd sevgisi, Vətən mövzusu Qiymət xanımın yaradıcılığında xüsusi yer tutur.
Vətən nədir, Vətən kimdir?! - Atam, qardaşım,
Anam, bacım... insan oğlu insandır Vətən!
Çölüm, çayım, dağım, düzüm, axan göz yaşım,
Qucaq-qucaq sevgi dolu ümmandır - Vətən!
Vətənə müraciətlə:
Bu dünyada lap gözsüz də yaşamaq olar,
Sən olmasan, mən də yoxam, - deyir şair. Vətəndəki hər şey ona əzizdir, doğmadır, müqəddəsdir:
Xırdaca qara daşın da,
Körpəcə qara quşun da,
Şaxtalı, soyuq qışın da
Eləcə əzizdi mənə! -
Vətən!
Vətənin sərhədləri haradan keçir? Təbriz də Vətəndir!
Sənə ürəyimdə məbəd ucaltdım,
Yaşa, anam Təbriz, yaşa, can Təbriz!
Dərbəndsiz Vətən olurmu heç?
Dəmirqapı Dərbənd, ey ulu Dərbənd,
Bir qolum Təbrizdi, bir qolum Dərbənd,
Müqəddəs pir yolum, sirr yolum Dərbənd,
Bitmədi, ey anam Dərbənd, həsrətim,
Ötmədi, ay anam Dərbənd, həsrətim! - deyir Q.Məhərrəmli.
Şeiri düşüncələrin poetik dillə ifadəsi hesab etsək, hər bir müəllifin özünəməxsus ifadə tərzi var və bunu üslub adlandırırıq. Şeirin oxunaqlı olmasına təsir edən ciddi amillərdən biri də müəllifin üslubudur. Yaxşı bir fikir gözəl üslubla ifadə ediləndə buraxdığı təsir daha güclü olur. Şair Qiymət Məhərrəmlinin gözəl üslubu var. Sözlər elə düzülüb ki, sanki yanındakı adamla söhbət edirsən, dil ağırlaşmır, məna aydındır, sözlər axıcıdır:
Bəlkə xətrinə dəymişəm,
Onunçün çıxıb getmisən?!
Yaxud
Mənimçün kim olduğunu
Başıma qaxıb getmisən.
Bəzilərinin yaradıcılığında rastlaşdığımız halların əksinə olaraq, şeirdəki daxili bölgünü təmin etmək üçün burada sözlərin yerini dəyişməyə ehtiyac qalmır. Hər iki nümunə cümlə üzvlərinin düzülüşü baxımından da mükəmməldir.
Q.Məhərrəmlinin yaradıcılığında sevgi şeirləri də mühüm yer tutur.
Böyük Nizami deyirdi:
Eşqdir mehrabı uca göylərin,
Eşqsiz ey dünya, nədir dəyərin?!
Allah bu dünyanı sevgi ilə yaratdı, Adəmlə Həvvanı sevgi ilə yaratdı, bu sevgisinə görə insan oğlunu elədiyi səhvlərə, yanlışlıqlara görə dəfələrlə bağışladı. Bəşər övladı Adəmlə Həvvanın sevgisindən yarandı, bu dünya insanın əməyi sevməsindən belə inkişaf etdi, sivilizasiyamız yarandı. Yer Günəşin, Ay Yerin başına məhəbbətlə dolanır!
"Sevgi nədir?" sualına Qiymət Məhərrəmli belə cavab verir:
Sevgi nə cür olur - izahı varmı?
Düşüncəm - sevgidi, ruhum - sevgidi.
Görəsən, sevənin günahı varmı?
Göz yaşım - sevgidi, ahım - sevgidi.
"Çöllərə imılıq yağış yerinə insan sevgisinin səpilməsi"ni təmənna edən şairin bu müqəddəs nemət haqqındakı fikirlərinin orijinallığı diqqət çəkir:
...Sevgiylə doğulur insan anadan,
Qonur çiynimizə sevgi mələyi.
Sevir ölə-ölə, ölür sevdadan
İnsanın sevgiyə təşnə ürəyi.
Q.Məhərrəmli qəzəldə də qələmini uğurla sınayıb:
Çəkibən cövr ilən cəfa, eylərəm dərdlərə dəva,
Görəndə bimar, binəva, təbib, loğman olar könlüm.
Füzulinin "Məni candan usandırdı" qəzəlində olduğu kimi, burada da daxili qafiyələr var. Eyni zamanda digər şeirlərində olduğu kimi, Qiymət xanımın yaradıcılığının orijinal fikir qaynağını ilahi sevgidə axtarmalıyıq. Çünki bu hisslər, bu duyğular bəyanagəlməz, izaholunmaz fikirlərlə qol-boyundur.
Qiymətli o şeydir ki, qələm vəsfinə aciz,
İdrakı ram etmiş neçə sirr - sirrinə bağlı...
Bir sözlə, Q.Məhərrəmli müraciət etdiyi mövzularda uğur qazanıb. Bu, istedadla zəhmətin vəhdətindən yaranıb. Ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
Yolu daim açıq olsun, söz adamının!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!