Tofiq Nurəlinin ötən kitablarından birinə yazdığım ön sözdə onun şeirlərinə "yaza bilmədiyim şeirlərim" demişdim. Yazmaq istədiyim, yaza bilmədiyim şeirlərim.
Budur, yenə bir kitablıq təptəzə şeirlərim qarşınızdadır - yazmaq istədiyim, yaza bilmədiyim şeirlərim. Yenə də zəhmət şəkib mənim əvəzimə bu şeirləri Tofiq yazıb sizlər üçün.
Mən Tofiqi çox istəyirəm. Lap gənc yaşlarımızdan bir yerdəyik. Ona yaxşı bələdəm, özüm kimi tanıyıram onu. Öz naqis cəhətlərimdən zəhləm gedir, Tofiqisə zəif cəhətlərinə görə də çox istəyirəm. Məsələn, tərslik səviyyəsinə çatan prinsipiallığına görə. Məsələn, ifrat dərəcədə düzlüyünə və təmizliyinə görə.
Tofiq ilk baxışdan qaba və kobud adam təsiri bağışlayır. Təkrar edirəm, ilk baxışdan. Şeirləri isə ilk misradan kövrəkliyi və titrəkliyi ilə diqqəti cəlb edir. Amma bir də görürsən ki, vulkan püskürdü:
Qələm qan-qan deyir yenə
Misralar qan içindədi...
Sözlər kəsik başlar kimi
Qanlı meydan içindədi...
Nurəlinin sözə münasibəti, sözə həssaslığı az qala Füzuli dərəcəsindədir - az qala Füzuli məqamına çatır. Buyurun:
Bu söz nə yaman göynəyir -
Yarasına duz basılıb...
Bir sevgi ölüb bu sözdə -
Bir qız ordan özün asıb.
Elə bu da söz haqqındadır: "Söz ilk nidadan bəri allahın nəfəsidi.
Şairlər yer üzündə sözün pərvanəsidi..."
Daha başqa bir şeirdə:
Söz yiyəsi dünya boyu -
Ölüm ilə baş-başadı...
Sahibini söz öldürür,
Sahibini söz yaşadır...
Bu isə "Kişi sözü" şeirindəndir: "Kişinin dediyi söz də kişidi - Qoyub atmaq olar güllə yerinə..."
"Postmodernizm" şeirindən hələ bunu demirəm: "Köhnəldim, İndi sanki Mən söz avarasıyam; Raketlərin yanında Bir at arabasıyam".
Yox, söz avaraları heç vaxt köhnəlmir, söz modabazları, söz dəllaları tez köhnəlir - dəbə minməkləri ilə nimdaş olmaları, cındıra dönmələri bir olur.
Tofiq isə, həqiqətən, fikrin ən yüksək mənasında söz avarasıdır - sözün üstündə əsir, ən zərif, ən incə mətləbləri ustalıqla sözə çevirə bilir, sözlə ən əzəmətli heykəllər yapa bilir, ən əsrarəngiz mənzərələr yaradır.
Ədəbi abidələrin əsas tikinti materialı sözdür. Tofiq isə bu materialdan ustalıqla istiadə etməyi bacarır - hər sözü yerində, məqamında, lazım olan ölçüdə divara hörə bilir. Aydındır ki, işinə belə məsuliyyətlə yanaşan usta heç vaxt səhlənkarlığa yol verməz və hansı üslubda, hansı formada, hansı mövzu və məzmunda yaratmağından asılı olmayaraq, yaratdığı abıdələr həmişə dəyərli olacaq və göz oxşayacaq.
Gözəl yaz havalarını, şaxtalı havalarda gün işığı altında bərq vuran bəyaz qarı, yarpaqları, quşları, musiqini, ulduzları, qızları nə üçün sevdiyimi bilmədiyim kimi bu şeirləri də nə üçün sevdiyimi çox vaxt özüm də bilmirəm.
Bilmirəm və heç bilmək də istəmirəm.
Sadəcə, sevirəm - pıçıltıyla sevirəm, sakit-sakit sevirəm, kövrəlib sevirəm, qubarlanıb sevirəm, sevinib sevirəm, heyrətlə sevirəm, Tofiq kimi sevirəm. Daha doğrusu, Tofiq kimi sevmək istəyirəm.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!