Biz sənə inanırıq
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Ey vətənini sevən, xalqına aşiq rəhbər,
Hər gün xeyir əmələ imza atan igid, ər,
Qırx dörd günlük savaşda sevindirən xoşxəbər,
Biz Sənə inanırıq.
Əzimli bir ürəyin, möhkəm, duru yaddaşın,
Həm döyüş meydanında, həm masada savaşın...
Şahdağ, Tufandağ kimi ucadır uca başın,
Biz Sənə inanırıq.
Bir əzəmət, bir vüqar vardır sənin özündə,
Söz verdin öndərə və dayandın öz sözündə.
Bütöv Azərbaycanın şamı yanır gözündə...
Biz Sənə inanırıq.
Sən təkcə bizim deyil, daha çoxun kəsisən,
Vətəndən kənardakı vətəndaşın səsisən,
Ölkəmin tarixinin şanlı səhifəsisən,
Biz Sənə inanırıq.
Haqq-ədalət uğruna canımızdan keçərik,
Məqsədə çatmaq üçün yüz ölçüb bir biçərik,
Neçə yol seçki olsa yenə səni seçərik,
Biz Sənə inanırıq.
Al mənim ürəyimi
Hələ dağlar dumandı,
ətraf dolu düşmandı.
arzuları döyülən,
ağrılara gömülən
milyonlarla insan var...
hardasa uzaqlarda -
hələ ki, görünməyən
bir nəhayət - liman var.
hələ dünya marşlardan
meydanlara axında...
bir imzaya yanacaq
sayısız can yaxında.
biri öz savaşının
kənarına getmədə,
biri öz inadının
qərarına getmədə...
parçaları qonşuya
şirin gələn vətənin
adamları da gəldi...
birin dilə saldılar,
birin ələ aldılar...
bizi bizdən ayırıb
içdən parçaladılar...
...bu yorulan canımı
özün ağla, İlahi..
susum... susmaqdan fəqət
qabıq qoymuşam qat-qat..
islat göz yaşlarınla
soy dərdlərimi, ağlat...
...al mənim ürəyimi
bir azad vətənə qat.
Anamtək külək
Sevirəm dağların yaşıl döşünü,
Sevirəm bülbülün şən ötüşünü,
Sevirəm çiçəyin tər gülüşünü -
Həyat süsünü.
Bədiyyat yüngüllük cana, elm yük,
Xeyir ömürlükdür, ömür beşgünlük,
Quşun qanadından qopan incə tük -
Üstümə örtük.
Yükün ağırlığın çəksə də kürək,
Hər sözün altına qoyuram ürək...
Sızlasam, özünü yetirər kömək -
Anamtək külək.
Necə adamam, de, qoy hamı duysun,
Bu gecə bir sevgi qapımı döysün,
Nə ki dərd-sərim var yağışlar yusun,
Ruhum uyusun.
Son yarpaq
Bu da payız, bu da yeni bir qışağzı,
şimal küləkləri sevişməyə başlayır
ağacdakı son yarpaqla,
budağı da qoruya bilmir onu,
küləklər üstünə qoşun kimi şığıyır,
rəngi qolmuş yarpaq təslim olur küləklərə...
...adamlar içlərinə sığınıb,
gözlərinin altından baxırlar ayaqlarının altına...
titrək dodaqlarında
sarışın bir ölüm gülümsəyən yarpağı
məndən başqa kimsə görmür...
günəş də ölüm rəngini salır yarpağın üstünə,
nəbzi dayanır yarpağın...
son yarpaq... təcavüzə uğrayan qızlara bənzəyir.
əllərim titrəyir, alnım tərləyir..
günüm çox kədərlənir...
bizi bağışlamayın "son yarpaq"lar...
***
Gələndə, gülərək gəldi bu sevgi,
Günüm gecə oldu, gecə sabahım.
Söz adlı sevgili, şeir adlı yar,
Məni qul eylədi, özünü şahım.
Sağımı göstərib solumdan vurdu,
Sac üstə qovurğa kimi qovurdu,
Həsrət küllərimi göyə sovurdu,
Təkcə sevmək oldu suçum, günahım.
Göyə pərdə çəkdi, quşu saxladı,
Baharı küsdürdü, qışı saxladı,
Sildi xatirəni, huşu saxladı,
Üçüncü gözümü açdı mətahım.
Yenə də həməndi - bu bəm, bu da qəm,
Təpədən dırnağa duyğuyam, hissəm,
Mən heç vaxt özümü düşünməmişəm,
Səni yandıracaq, İlahi, ahım.
Natiq Qasımovun xatirəsinə
Vətən, tanı şir ürəkli oğlunu,
Əldə bayraq gedir düşmən üstünə.
Bilirdi ki, son gedişdi bu gediş,
Yağı cəllad duracaqdır qəsdinə.
Baxışı mərd, addımları iridi,
Gözlərində Vətən eşqi diridir,
Bayraq onun əllərində danışdı,
O bayraqdan güc alaraq yeridi.
(Sonra, sonra dindirdilər vəhşilər,
Dindirdilər, endirdilər vəhşilər,
Vurdular tər-təmiz alnından onu,
Parçalayıb yandırdılar vəhşilər.)
Olan oldu, Vətən, başın sağ olsun,
Sayısızdır sənə anda sadıqin.
Qoy iki dünyada üzü ağ olsun,
Şəhid oldu igid oğlun - Natiqin.
Bayraq oğul! - dedi, unutmayanlar,
Şəhid! Çoxdur bu ölümün anlamı.
İllər sonra zəfər zəngin çalanlar -
Üç min şəhid qardaş verdi salamı!
Vətən, tanı şir ürəkli oğlunu,
Bu oğul da min oğuldan biridir,
Mübarizdi - qırdı düşmən xofunu,
Ona necə tərif desəm, yeridir.
Xankəndi
İndi növbə sənindir,
Sənə açacaq səhər.
Gəlirəm görüşünə,
Xankəndi, ey Xan şəhər.
Çıxdım yasdan-qüssədən,
Üzüm gülür, sən də gül.
Ölümlə bir beşikdə
Yürgələndik otuz il.
Səs ver mənim səsimə,
Sona yetibdi matəm,
Sənə uçur ürəyim,
Təki qoynuna yetəm.
Düşmənin sayı çoxdu,
gələn-gedən daş atdı,
Yaxandan tutan mələk
Əllərini boşaltdı...
Bizdən nigaran ruhun
Aram oldu, dincəldi.
Tanrıya şükür olsun,
Nəhayət o gün gəldi..
Gözlə səhər açılsın,
Gəlim, a bərəm, bəndim,
Çıx yoluma, qarşıla
Xan şəhərim Xankəndim.
Yağıların izini,
yuyaram, təmizlərəm...
O mübarək üzünü
Oxşayıb əzizlərəm.
Eşqinlə bülbül kimi,
Bağlarında ötərəm.
Müqəddəs yelə dönüb,
Nəfəsindən öpərəm.
Titrəməsin qanadın
Yaralı göyərçin tək.
Günəşə od veribdi
Səndə olan o ürək.
Qıl körpüdən keçmisən,
Qurbanam hər anına,
Unut mənfur düşməni
Banun gəlir yanına.
Şəfalı əllərimlə
Yaranı sarıyaram.
Qəlbimin işığıyla
Zülmətləri yararam!
Düşmüşəm addım-addım
Həqiqətin izinə.
Gözlə, səhər açılsın,
Günəş doğsun üzünə.
Qaçıb gedər pusquda
duran ala qarğalar.
Türkün ordusu gəlir,
tab gətirməz dığalar.
Qalx ayağa, dağa bax,
Günəşə bax, bağa bax.
Başı buludda olan,
Üçrəngli bayrağa bax!
Xanlarını yada sal,
Dərindən bir nəfəs al.
İndi növbə sənindir,
Sənə açacaq səhər,
Gəlirəm görüşünə,
Xankəndi, ey Xan şəhər.
Ömürlük qəlblərə
köçən Şəhidlər
Yolumuz Şəhidlər xiyabanına,
Gözümüz dolsa da, biz qürurluyuq.
Nə qütsal gündür bu - Şəhidi anma,
Qəlbimiz kövrəlir, üzü nurluyuq.
Bax, burda qəhrəman bir oğul yatır, -
Əliyalın gedib düşmən üstünə.
Adına-sanına yeni şan qatıb,
Hamı baş endirir indi büstünə.
Gözlərdən süzülən sel şəhid deyir,
Hər iki dünyada canlı oğullar.
Ana oğul deyir, el şəhid deyir,
Bu adla anılır şanlı oğullar.
Gələn nəsillər də xatırlar sizi,
Biri and içəndə, biri əhd edər...
Xalq uca tutacaq xatirinizi,
Ömürlük qəlblərə köçən Şəhidlər!
Müstəqillik gününə
Ən yeni tarixə bax, doludur şərəf, şanla,
Oyanırıq daha biz doğan Günəşlə, danla,
Harda olursa olsun, qalxsın elə bu anla
Soydaşlarım oyansın!
Atılmasın o addım, Vətənçün böyümürsə,
Lal olsun o dillər ki, Vətənçün öyünmürsə,
Döyünməsin o ürək, Vətənçün döyünmürsə,
Qoy o ürək dayansın!
Mən bədənəm, o ruhdur, kim ayırar bu canı?! -
Ölüb çiçəklədərəm bu bağı, bu bağçanı...
Sevməyən hər kim varsa, bu gün Azərbaycanı,
Al qanına boyansın!
Ağla gəl
Sərt dağları rüzgar kimi əsib keç,
Dərələri bir birinə bağla, gəl,
Ürəyimin atəşindən quruyan
Dənizlərə daşqın sel ol, çağla, gəl.
Mənim sənsiz nə qışım var, nə yazım,
Nə səsim var, nə sözüm var, nə sazım,
Danışmıram, giley-güzar nə lazım,
Heç gecikmə, çıx ən qısa vaxtla gəl.
Deməmişəm, işim düşüb bəndə, yar,
Tez aç yolu, sən də qurtar, mən də yar,
Bu tövşüyən ürək var ha, səndə, yar,
Gələnədək sən Allah, sağ saxla, gəl.
Burda hər kəs bir ahda, bir amanda,
Dörd tərəfim qatı çəndə, dumanda,
Fikirlərim dolaşıqdır - gümanda,
Qarışmışam, dur gəl özün tağla, gəl.
Bircə demə, sevən adam mətindir,
Bəlkə bu da sənin həqiqətindir...
Görsən gəlmək sənə belə çətindir,
Keç o yana, mənim kimi ağla, gəl.
Gördüm
Quzey Kıbrıs xatirəsi
Ümidlə yaşadım... ürəklə baxdım,
Hər yanda ağı və qaranı gördüm.
Gördüm bu aləmin isti-soyuğun,
İlığı, ilğımı, boranı gördüm.
Getdim bu sonbahar Kuzey Kıbrısa -
Sədası bir dünya, özü bir parça.
Sanki Yaradanım, əlində fırça,
Qüdrətdən yaradıb - haranı gördüm.
Əzəmət dağından, gül yoxuşundan,
Qalalar söz açır çox çıxışından...
Şəhid ruhu baxır hər qarışından, -
Bu yurdu yaradıb-quranı gördüm.
Bir bayram qutladıq türk ellərilə,
Hər kəs öyünməkdə əməlləriylə...
Amma eyni hissi ayrı dil ilə
Dedilər... arada aranı gördüm.
Qazağım, qırğızım, özbəyim çıxsın,
Dillərini sıxan o bəndi yıxsın.
Dağıtsın bərəni, su kimi axsın,
Axacaq! O səddi yaranı gördüm...
Türk adlı dünyanın var olsun başı,
Özüdür özünün dostu, sirdaşı.
Köksünə sıxanda qardaş qardaşı,
Sağalmaz dərdlərə çaranı gördüm.
Bu gözəl birliyi seyr edib gendən,
Özümü bəxtəvər sandım o gündən;
Türkün qədim yurdu "Yavru vətən"dən
Dirçəlib boy atan Turanı gördüm!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!