Bu kitabı qəlibə sığmayan bir məhəbbət dastanı da adlandırmaq olar. Su kimi içilən və qadağalı sevgi şərbətinin dadını verən bu kiçik romanmı, yoxsa, dastanmı deməyimizdən asılı olmayaraq, ruhumuzu, xəyallarımızı mavi səma ilə yer arasında dolaşan qar kimi ağ buludların fövqünə qaldıran, hisslərimizə və duyğularımıza yeni nəfəs verən bu kitabın müəllifinə ürəkdolusu təşəkkür etməyə dəyər.
İmzası, nəinki Azərbaycan oxucusuna, onun hüdudlarından kənarda da çoxlarına tanış olan, həm ciddi tədqiqatçı, həm güclü publisist, həm böyük maraqla oxunan tarixi roman və povestlərin müəllifi kimi tanınan, olduqca səmərəli və məhsuldar çalışan Hüseynbala Mirələmov oxucularına təqdim etdiyi bu əsərində özünü tamamilə yeni bir rakursda tanıdır.
Ümumiyyətlə, 1986-cı ildə "Tənha durna uçuşu" adlı ilk hekayələr kitabı ilə Azərbaycan ədəbiyyatına qədəm qoyan, sonrakı illərdə isə, 25-dən çox gözəl kitabın müəllifinə çevrilən, respublikanın çətin günlərində məcburi köçkünlərimizə köməyini əsirgəməyən Hüseynbala Mirələmov bu gün də, öz fəaliyyətini uğurla davam etdirir.
Onun oxuculara təqdim etdiyi bu yeni əsərini insan duyğu və düşüncələrinin çılğın sevgi burulğanı da adlandırmaq olar. Taleyin qismətimi, yaxud, qismətsizliyimi ucundan bir-birinə ürcah olan, ancaq ürəklərində cücərməyən, kök atmayan bir məhəbbətin həsrəti ilə ömrü yola verən iki gənc ailənin əslində faciəli taleyi insanın yadına bir atalar sözündə deyildiyi kimi: "Taylı tayını tapmasa, günü ah-vayla keçər" həqiqətini salır. Aşıq Ələsgərin "İki könül bir-birini duymasa, Sevilən də yazıq, sevən də yazıq" misraları yada düşür. Ancaq müəllif bu acı həqiqəti məşhur yazıçı-filosof Markesin deyimi ilə bizə belə çatdırır: "Həyatın mənası əsl sevgini tapmaqdadır.Sevgisiz həyat, nəinki darıxdırıcı, hətta faydasızdır. İnsan ən arzuolunan xəstəliyə - eşq virusuna yoluxmasa, qapalı olar, parçalanar və məhv olar. İnsan o zaman ölür ki, onu ürəyi daha sevmir və sevməkdən yorulur".
Gözəl və romantik bir qəlb sahibi olan, bütün qadınlar kimi qayğı, diqqət, məhəbbət, ehtiras, onunla bir yastığa baş qoyan insanın xorultusunu yox, xoş sözlərini, mübhəm pıçıltılarını eşitmək istəyən Ayan məhz bunları tapmadığına görə, daim tənhadır və bu tənhalığını kitablarla söhbətdə keçirməyə çalışır. Onun əri - başı ancaq pul qazanmağa, biznesini genişləndirməyə qarışan, gözü puldan doymayan Həsən gözəl və gənc qadının həyatını mənasız bir yaşantıya çevirir. Məhəbbətin tükəndiyi yerdə isə, günahlara, xəyanətlərə yollar açılır və günlərin birində zahirən təsadüfə bənzəyən, əslində isə həyatın qanunauyğunluğundan yaranan xəyanət və günahlar ortaya çıxır.
Bu əsəri mütaliə edərkən, gündəlik hadisələr fonunda laqeydliyin, biganəliyin, ailə başçısı Həsənin öz qaramatlığı nəticəsində vaxtında dəyərləndirə bilmədiyi, bununla da xoşbəxtliyini itirdiyini görür və buna "əfsus!" deyirik.
Psixoloji məqamlarla zəngin olan əsərin qəhrəmanları öz düşüncələri, xəyalları ilə tək qalanda onları daha yaxından tanıyırsan, öz hisslərinə qapılaraq öz günahlarına verdikləri bəraəti qəbul etməkdə, onlara haqq qazandırmaqda çətinlik çəkirsən. Ancaq bir daha sevginin həmişə məntiqə yox, məntiqsizliyə, soyuq başa deyil, çılğın hisslərə söykəndiyinin şahidi olursan. Elə sevginin, məhəbbətin qüdrəti, heyrəti də bunda deyilmi?
İki sevən ürəyin döyüntülərini, sevincini, kədərini çox həssaslıq və incəliklə oxucuya çatdıran müəllifi biz həmişə öz qəhrəmanlarının yanında, yaşadıqları həyatın məğzini, mənasını onların dilindən çıxan və ürəklərində yaşayan monoloqlarla şərh edən görürük.
Bu baxımdan, Ayanın ideal saydığı, ürəyinin məhəbbət heykəlinə çevirdiyi Vüqarın monoloqları diqqəti, xüsusilə, cəlb edir. Vüqarın monoloqları, yəni həm özü ilə, həm Ayanla söhbətləri əslində müəllifin həyat, elm, ədəbiyyat, mədəniyyət, incəsənət, tarixi şəxsiyyətlər barədə düşüncələrinin, fikirlərinin ifadəsidir. Əsərdə bu monoloqlar, bəzən çoxluq təşkil edir, desək, yanılmarıq. Axı sevginin, ehtirasın cövlan etdiyi məqamlarda və məkanlarda həmin monoloqlara o qədər də yer qalmır. Bir sözlə, romanın əsas qəhrəmanları Vüqar və Ayan olsa da, müəllif hər zaman bu düşüncələrin içində, onların yanındadır. Ayanla Vüqarın daxili monoloqları, əsərin özündə deyildiyi kimi, batdıqları günahları yumağa deyil, onlara haqq qazandırmağa xidmət edir. Necə deyərlər, bu ağıl və hiss müharibəsində qılınc qaldırıb özünümüdafiəyə keçmələrindən savayı, assosiasiya yaratmır. Ayanın "Bəyəm, qadın xoşbəxtliyini dadmaq, həyatdan zövq almaq haqqı deyilmi?" sözləri çox suallar doğurur. Bax, burada istər-istəməz duruxursan, özünə də, Ayan və Vüqara da sual vermək istəyirsən: yerləriniz dəyişsəydi, yəni Vüqar Həsənin, Lalə Ayanın yerinə olsaydı, necə olardı? Dözərdinizmi və buna nə ad verərdiniz? Əlbəttə, elə bu maraq və istək oxucunu bu sirli məhəbbət aləminə aparır və bu eşq dünyasının sirlərini, ancaq bəyaz buludların fövqündə, insan təbiətinin mürəkkəbliyində axtarmalı olursan.
Ayanın yaxın rəfiqəsi Vüqarla görüşmək üçün evinin açarını ona verən Cəmilə də, məhəbbətindən yarımayan, ailəli bir kişi ilə qeyri-rəsmi yaşayan insandır. Yazıçı onu da, Vüqarın hirsli, hikkəli, ərini qadın nəvazişindən məhrum edən Laləni də, olduqca təbii boyalarla təsvir etmişdir. Bu qadınların, daha doğrusu, unudulmaqda olan ailə dəyərləri və meyarlarının belə xırdalanmasına hardasa, təəssüf etməli oluruq. Ayan həyat yoldaşı Həsənin birgə işlədiyini eşidib sarsılsa da, sonradan özünə haqq qazandırmağa çalışır. Vüqarın Ayana münasibətini İsmayıllıya ailəvi səfərləri zamanı dərk edən Lalənin reaksiyası sərt və təbii olsa da, artıq hər şeyin bitdiyini çox gözəl hiss edir və sonda Ayanla Vüqarın Bakını tərk etmələri isə, məntiqi sonluğu hesab olunmalıdır.
Hər bir kitabı ədəbiyyat aləmində rəğbətlə qarşılanan H.Mirələmovun bu əsərini başqalarından, hətta onun öz əsərlərindən fərqləndirən bir çox cəhətlər var ki, onların dəyərini ədəbiyyatımızı tədqiq edən alimlərimiz verəcəklər. Müəllif kitabın titul vərəqində bu romanı türk dünyasının böyük yazıçısı, dostu - Çingiz Aytmatovun əziz xatirəsinə həsr etdiyini bildirir və əsərin hər səhifəsində, onun qəhrəmanlarının hər addımında Çingiz Aytmatovun ruhu duyulur, Gülsarının nəfəsi hiss olunur. Təsadüfi deyildir ki, türk adının, türk ruhunun daşıyıcısı olan köhlən atın adı da Gülsarıdır və Ayan-Vüqar məhəbbəti də bu köhlən atın qanadlarında çapır. Onların görüşünə, dostlaşmasına, sonradan ürəklərində baş qaldıran məhəbbətin yaranmasına elə Gülsarının səbəb olması təsadüfi deyildir və yazıçının uğurlu seçimidir.
Kitabın Ön sözünü professor, tanınmış alim, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Nizaməddin Şəmsizadə yazmışdır. Bu Ön sözdə qadın gözəlliyini dünyanın yaraşığı adlandıran əsərin real müşahidələr əsasında və inandırıcı, oxunaqlı dildə yazıldığını xüsusi vurğulayır. Bu əsərə naşı oxucu gözü ilə yanaşmamağı tövsiyə etməkdə haqlıdır. Bəzi səhnələrin təsviri Azərbaycan oxucusu üçün bir qədər açıq-saçıq olsa da, cəsarət və ustalıqla qələmə alındığına görə qeyri-adi və bayağı qəbul olunmur. Bu cəhətdən yanaşılsa, bizim Azərbaycan ədəbiyyatında, hətta aşıq poeziyasında daha cəsarətli və daha açıq təsvirlərə rast gəlmək mümkündür.
H.Mirələmovun "Bəyaz buludlar üstdə" romanı təkrarsız bir eşq dastanı kimi maraqla oxunur. Hər bir insan bugünkü həyatımızın gerçəklikləri, ailə münasibətləri barədə bu ibrətamiz hekayəti bəyənəcək, özü üçün gərəkli və düşündürücü məqamlar tapacaqdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!