Səlim BABULLAOĞLU
Məhməd Akif Ərsoy poetik və insani əxlaqı ilə Yunus Əmrənin, Füzulinin davamçısıydı. Bəzən "mədəniyyət"lə bağlı söylədikləriylə şair Məhməd Akif Ərsoy səhv anlaşılır, daha doğrusu, yozulur, halbuki bütün böyük və həqiqi şairlər kimi Məhməd Akif Ərsoy kökündə "Xaliq" dayanan "əxlaqın" tərənnümçüsü olub, çağdaş yozumda "mədəniyyət" kateqoriyasının törəmə olduğunu gözəl anlayırdı; bilirdi ki, əxlaq Xəlq Edənlə xəlq olunan arasında, Yaradanla insan arasındakı münasibətlər məcmusu, "kodeks"dir; bütün ruhuyla, yaradıcılığı ilə həmin o ali, ilkin mədəniyyətin, yəni əxlaqın tərəfindəydi, ikincinin zahiriliyinə, nümayişkaranəliyinə qarşı idi. Bəşər tarixi bunu dəfələrlə təsdiq edib, böyük şairi haqlı çıxarıb. Eynən bizim, Azərbaycanın yaxın tarixində olduğu kimi. Çox gördük zahiri mədəniyyətə sahib olanların riyasını.
Odur ki, təkcə Azərbaycan üçün deyil, elə Türkiyə üçün də bu əlamətdar, Zəfər havası ilə dolu günlərdə, Azərbaycanın gözü olan Qarabağın, qədim türk yurdunun işğaldan azad olunduğu bir vaxtda "İstiqlal marşı" ilə başlayıb "Çanaqqala şəhidlərinə" şeiri ilə bitən bu şeir kitabının nəşri çox qiymətlidir.
Əlbəttə, böyük şairin irili-xırdalı 35 seçmə şeirinin toplandığı və müəllifinin yubileyi, anadan olmasının 150 illiyi ərəfəsində işıq üzü görməsi də çox vacib xüsusdur; və həm də bir ilkdir. Çünki Azərbaycan türkcəsində şairin şeirləri bu həcmdə, təəssüf ki, indiyədək təqdim olunmayıb. Başqa tərəfdən, istedadlı gənc şair, əruz bilicisi və tərcüməçi Elşən Mehdinin "təqdimatında" işıq üzü görən bu kitab böyük şairin azman yaradıcılığını, yaradıcı miqyasını və ali missiyasını bütünlüklə anlamağa imkan verən daha müfəssəl növbəti kitabın ərsəyə gəlməsi yolunda bir işarədir həm də.
Məhməd Akifin dili bir tərəfdən, "Osmanlı türkcəsi" idisə, o biri tərəfdən, sələflərindən, klassiklərdən fərqlənən bir dil hadisəsi, XX əsr Osmanlı-türk poeziyası faktı idi. Və gənc tərcüməçi, əlbəttə, çox rahat yol seçib, yalnız Türkiyə və Azərbaycan "türkcələrindəki" fərqli yazılışları və səslənmələri aradan qaldırıb, yalnız saysız izahlarla, "dipnot"larla da keçinə bilərdi. Amma bu doğru olmazdı. Tərcüməçi orta bir yol tutdu: o yerdə ki, yalnız uyğunlaşdırmaq lazım gəldi - elə də etdi; o yerdə ki, tərcümə etmək, ekvivalentləri tapmaq, üstəgəl tərcümə olunan dilin klassik ədəbiyyata münasibətdəki "vərdişlərini və gerçəkliyi" nəzərə almaq lazımdı - nəzərə aldı.
Həqiqi Allah və vətən aşiqi, böyük şair və böyük vətəndaş olan Məhməd Akif Ərsoy Türkiyə və Azərbaycan var olduqca, bütün türk elləri durduqca anılacaq, oxunacaq.
Məhməd Akif Ərsoy həmişə o azsaylı şairlərdən olacaq ki, onu məktəblərin həyətlərində və sinif otaqlarında, ali salonlarda və kürsülərdə, toylarda, şənliklərdə və daha harda və harda ayaq üstə, dik dayanaraq qürurla oxuyacaqlar. Hər gün, gün ərzində dəfələrlə. Ən başlıcası isə ürəklərdə, bəzən isə kövrələrək.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!