96 saatın öyküsü - Quzey Kıbrıs (Şimali Kipr) Türk Cümhuriyyəti-40 - Turan UĞUR

Turan UĞUR

 

Noyabrın 15-i qardaş Kıbrıs türkləri üçün önəmli bir gündür. Belə ki 1983-cü il noyabrın 15-də Quzey Kıbrıs uzun mücadilələrdən sonra öz bağımsızlığına imza atdı və rəhmətlik, ruhunu böyük sevgi ilə andığım Rauf Denktaş Quzey Kıbrıs Türk Cümhuriyyətinin qurucusu və ilk Prezidenti elan edildi. Bu gün Kıbrıs xalqının təbiri ilə desək, Can Azərbaycanla ilişkilər, münasibətlər o qədər inkişaf edib ki, bizim də həmin bayram törənlərini görməyimiz manidar olardı. Şükür ki, bu murazımız könlümüzdə qalmadı. Noyabr ayının 12-dən 16-na kimi, 4 gün Kıbrısın müxtəlif şəhərlərində - Lefkoşada, Girnədə, İskələdə müsafir olduq, həm də AzTV-nin böyük layihələri kimi - "Sülh adası" və "Sülh naminə" filmlərinin çəkilişlərini etdik. Dövlət rəsmiləri ilə görüşdük, onlarla uluslarımız arasındakı bağdan, əlaqələrdən söhbət açdıq, "Neçə on illərə, yüz illərə!" - deyib xoş təəssüratlarla Kıbrısdan ayrıldıq. Bu təəssüratlar bəndənizə o qədər təsir etdi ki, gələr-gəlməz, həmin günlərdən bəhs edən bir yazı qələmə aldım. Bunu daha çox "Kıbrıs haqqında öykü" adlandırmaq daha doğru olardı.Yeri gəlmişkən, Quzey Kıbrısda "Kipr" təbirini sevmədikləri üçün, mən də Kıbrıs deyə qələmə alıram və böyük sevinc və fəxarətlə "96 saatın öyküsü" adlı yazımı "Ədəbiyyat qəzeti"nə təqdim edirəm.

 

96 saatın öyküsü

 

Hər şey bir cümlədən başladı. Sıradan, sadə şəkildə deyilmiş bir cümlədən...

Kolleqam Mahir Heydəroğlu AzTV-də uzun dəhlizin lap künc tərəfində məni görcək duruxdu, anidən üzümə baxıb: "Vaxtınız var, Turan bəy?" - deyə sordu.

- Əlbəttə, - dedim.

Yerişini yavaşıtdı və kənara çəkilib:

- Bir layihə var, Kıbrıs məsələsi, istəyirəm, həmin verilişdə aparıcı sən olasan (yeri gəlmişkən, biz bir-birimizə gah "sən", gah da "siz" deyə xitab edirik, nə vaxt və necə "sən"ə, yaxud "siz"ə keçdiyimizi isə qətiyyən sezmirik).

- Bəyim, nə üçün, mən?

- Sənin adın olduqca uyğundur bu layihəyə, Turan yoluna çıxmaqdır niyyətimiz və bilirəm ki, adının da mənası bu səfərimizi daha da rəngli və manidar edəcək. Bir də ki, səni tanıyıram, türkçülüyünə və şeir deməyinə bələdəm.

Qismət olsa, istərdim, gedək, yaxşı bir film hazırlayaq.

- Məmnuniyyətlə, - dedim.

Qismət oldu, özü də lap umduğumuz kimi yox, bulduğumuz kimi. Elə bir qismət bulduq ki, planladığımız təki, noyabrın ilk günləri deyil, səfərimiz ayın 12-inə nəsib oldu. Deyəsən, Robin Şarmanın əsərində oxumuşdum, "Allahı güldürmək istəyirsənsə, planlarından bəhs et!"

Təxminən bu cür. Ancaq bizim planlarımız ülvi idi, mübarək idi, onun üçün də nə Tanrını güldürdük, nə də onu üzdük. Ancaq Cənabı-Haqqı sevindirdiyimizə əminəm. Özü də tək Tanrını yox, elə bəndələrini də.

AzTV rəhbərliyinin xoş məramı, istəkləri və Kıbrısın ölkəmizdəki səfiri, sayın Ufuk Turganer xanımın köməkliyi və xeyirsevər türk dostlarımızın yardımı ilə bu səfərimiz müəzzəm alındı. Pardon, səfərdən ötə bir şeydir bu yaşadıqlarımız. Bir öykü, desək, daha dürüst olar.

Onu da qeyd eləyim ki, Quzey Kıbrıs haqqında bir çox bilgilərə sahib olmağıma görə, Türkiyə Cümhuriyyətinin 9-cu Prezidenti, rəhmətlik Süleyman Dəmirələ borcluyam, daha doğrusu, onun çıxışlarından birinə, zira, ilk dəfə hansısa, sənədli filmdə Rauf Denktaş haqqında məhz ondan bu sözləri duymuşdum:

"Denktaş baba adamdı, igid adamdı" lafları görünür, necəsə, qəlbimə sinib və Kıbrıs haqqında çoxlu yazıları məhz elə o dövrdə oxumağa başladım, həmçinin də onun tarixi haqqında ardıcıl olaraq bir neçə proqram izlədim. Əlbəttə, mövzudan məlumatlı olmaq ağır, məsuliyyətli işin altına çiynimi dayamağım üçün kafi idi. Qardaş xalqa olan məhəbbətimi də bu nüansların üzərinə gəlsək, onda hər mətləbim aydın olar. Necə deyərlər, evdəki hesablarım çarşıya, bazara uyğun gəldi. Getdiyimiz yerlərdə düzənlənən məclislərdə Mehmet Akifdən, Namik Kamaldan, Orxan Vəli Kanıkdan, Adəm Koçigiddən dediyim şeirlər lap Kıbrıs türklərinin ürəyincə olmuşdu, deyəsən. Zira 1-2 şeir deyil, hər addımda şeir istəyirdilər bəndənizdən.

Bir olay isə lap bardağı daşıran son damla oldu.

Gecələdiyimiz otel - "Oliviya Palm" Girnə şəhərində yerləşirdi.

Dostumuz Mahir müəllimə və operatorumuz Ramil Qocaya otelin balkonunda şeir deyərkən, 2 türk xanım bu mənzərəni görmüş və dinləmişdilər. Sən demə, biz - Azərbaycan türklərinin bu qədər şeirə sevdalı olmağı onların əməlli-başlı xoşuna gəlibmiş. Kənardan izləmişlər bizi və hayıl-mayıl olmuşlar.İndi mütəvazilik hissindən xeyli uzaq görünsəm də, bu mənzərəni anlatmağım bir qardaşlıq öyküsünün yaranışı naminə əsl tapıntıdır. Bəli, getdiyimiz günün sabahısı, yəni noyabrın 13-ü, gecə Almaniyaya geri dönəcək xanımlardan biri (sonra öyrənəcəkdim ki, birinin adı Yeşimdir, digərinin isə Ömür) bəndənizə yaxınlaşdı.

- Sizin ünlü birisi olmanız lazım.

- Nədən? - deyə sordum

- Dün şiir söylədiniz də, başınıza toplamışdınız ahbablarınızı.

Fikir verməmişdim, sən demə, bizim şeirləri cani-könüldən dinləyibmişlər. Söhbətimiz daha məhrəm müstəviyə keçdi. Sonra sahil kənarını birgə gəzdik, Girnə gecələrinin gözəlliyinə məftun olduq, Böyük Öndər Qazi Mustafa Kamal Atatürkün ev-muzeyini ziyarət etdik, söylədiyim vətənpərvərlik şeirləri tədricən yerini lirik, sevgi şeirlərinə ötürdü. Bir gecənin tanışları 20-30 ilin dostlarına bənzədi. Bu keçid hansı sürətlə baş verdi, əminəm ki, heç birimizin ruhu belə duymadı. Sabahısı gün onlar Almaniyaya dönməyə hazrlaşarkən, bərabərcə qəhvəaltı etdik. Birdən xanımlardan biri:

- Son 10 dakikamız, - deyib, "ah" çəkdi.

Sanki 10 ilin sevgililəri ayrılırmış .Əslində elə belə də vardı. Min illərin qardaş toplumlarının bir-birindən qopa bilməməsinin təzahürü idi həmin "ah"lar. Həmin "ah"ı "oh"a çevirəcək məqam isə bir neçə misradan ibarət şeirimlə gerçəkləşir. Bədahətən söylədiyim bu şeirdən sonra, lap bizə vurulurlar, almaniyalı türklər.

- Siz azeriler şiir gibisiz vallahi, ne çabuk şiire dökdünüz duyğularınızı? - deyə heyrət edərkən, Yeşim, mən də borclu qalmıram:

Həmin şeiri - "Ne fark eder ki?" adlandırıb, elə Anadolu türkcəsində onlara izhar edirəm.

 

Ne fark eder ki?!

 

Sizin 10 dakikanız,

Bizim 10 saatimiz,

Ne fark eder ki?!

Sizi Dortmund bekliyor,

Bizleri ise Bakü.

Ne fark eder ki?!

Ayrılık, kalk ayağa,

Kutlarım seni,

Zira, senin zamanın

Ama gün gelir de yüzüne

Ben söylerim:

Ne fark eder ki?!

 

Turan Uğur

Girne, "Oliviya Plam" oteli

14 kasım 2023

 

Sonra şeiri olduğu kimi, dəftərçəmə yazıram. Ömür xanımın dediyi "10 dakika" sözündən ilhamlanıb yazmışdım bu misraları, ancaq bizim getməyimizə 10 saat qalmamışdı, tam 2 gün vardı hələ. Uyğunluq, qiyaslama olsun, deyə belə yazdım sadəcə.

Hələ 48 saat bizi gözləyirdi Kıbrısda;

Gözəlim bayram törənləri bizi gözləyirdi;

Ana Vətən Türkiyə, Can Azərbaycan və qardaş Kıbrıs xalqlarının "Millətimiz bir, gələcəyimiz birdir" devizinin havada ulduz kimi sayrışması bizi gözləyirdi;

Əski çağların abidələrini ziyarət edəcəyimiz anlar bizi gözləyirdi;

Vətən şairi Namik Kamalın 38 ay sürgündə olduğu Mağusa şəhərinin tarix qoxuyan məkanları bizi gözləyirdi;

Hələ Uilyam Şekspirin zamanında ilham alıb yazdığı yerlər -

"Otello qalası"nın tilsimləri bizi gözləyirdi;

Hələ Lala Mustafa Paşa Camisinin ehtişamı;

1570-ci ilə kimi "Sofiya" kilsəsi olmuş, sonra isə "Selimiye" adlandırılmış Lefkoşanın əski bir camisinin qutsallığı bizi gözləyirdi;

Hələ Lefkoşanın ən əski bazarı olan "Arasta çarşısı"nın dolambac küçələri bizi gözləyirdi;

Hələ "Lokmacı" sınır qapısının dar keçidləri bizi gözləyirdi,

Şəki karvansarayına bənzər "Böyük Han Kültür Merkezi"nin sirli divarları bizi gözləyirdi;

Hələ səfər boyu heyətimizi müşayiət edən görəvlilər - Selhan bəy, Həvva xanım və Gökçə xanımla olan dostanə söhbətlərimiz bizi gözləyirdi.

Rəhmətlik Rauf Denktaşın oğlu Sərdar bəylə görüşümüz bizi gözləyirdi;

Hələ "28 ocaq 1963" şəhidlərinin anıt məzarlığı bizi gözləyirdi.

- Bəs sizi nə gözləyir bu dəm, əziz oxucu?

- O günləri gözəlcə anladan Adəm Koçigidin aşağıdakı misraları.

1974 - Barış hərəkatı günlərini elə gözəl anladır ki:

 

"Kıbrıs" şeiri

 

Qazilər torpağı, şəhidlər yurdu,

Ecevit əmrini tüm dünya duydu.

Hədəf Girnə dedi, yürüsün ordu,

Hər köşəsi cənnət, yavru Vətənin.

 

Doktor Fazil Küçük, Denktaşı vardı,

Raufum dünyaya kafa tutardı.

Ən böyük Türkdü o, Atatürk ardı,

O korur, kollardı yavru Vətəni.

 

Düşmən durmaz sıx-sıx xəbər yolluyor,

İmperiyalist güclər onu kolluyor,

Millətin səbrini durmaz zorluyor,

Korur, gözətiriz yavru Vətəni.

 

Yavru Vətəndə, səfərimizin sonuncu günündə İskələyə getmişdik. Dənizi ilk dəfə bu qədər təravətli görürdüm. Nahar etdik hamılıqla, bir şeir kimi şəhər - İskələ... Kıbrısın 6 böyük bölgəsindən biri... İçimizdəki ruh bayırdakı gözəlliyə meydan oxumağa israrlı idi. Otelə dönərkən, maşında mehtər marşını oxumağımı istədilər, sözlərini yerə salmadım. Mən başladım, onlar da mənə qoşuldular. Babalarımız olsaydı, belə deyərdi bizə: "Eyvallah, övladlarım, bərhudar olun, sizi bir arada görmək necə də bəxtiyar edir bizi". Nənələrimiz olsaydı, bu cür söylərdilər: "Başınıza üzərlik hərləyin, nəzər dəyməsin", gərçi Kıbrısda üzərlik yox, zeytun yarpağı yandırarlar. Zatən, bayram törənində Kıbrıs Folklor qrupunun xanım üzvlərindən biri, zeytun yarpağını balaca bir küpdə yandırarkən görmüşdüm, lap dədələrimizin çatdığı tonqala bənzətmişdim həmin küpü. Həmin küpdəki zeytun yarpağından göyə qovzanan, ərşə bülənd olan tüstü gözlərimdən getməmiş, gördüm ki, son hicran saatları gəlib yetişib.

"Daha xoş, gözəl istiqbal nəsibi olsun qardaşlarımızın", - deyib Ərcan hava limanına gəlirik. Hamımız kövrəlirik, ayrılığın nidası yaman tənəli, həm də ağır olurmuş. Ancaq deyəsən, mən daha çox kövrəlirəm, bu saat şair təbiətimi məzəmmət edirəm, az qalsın kıbrıslı dostlarıma utandıracaqdı məni, "birdən gözlərimdən yaş gilələnər, biabır olaram", deyə... Yaxşı ki, gözümdən axan yaş olmadı, əksinə, beynimdə 96 saatın xatirələri var-gəl etməyə başladı. Budur, çamadanlarımızı keçid məntəqəsindən keçiririk, Mahir bəy ilə mənim hərəmizin bir çamadanını baqaja, yüklüyə veririk. Bileti yoxlayan xanımın mənə uzatdığı baqaj nömrəsi qəribə gəldi. Bir tərəfdə 9, bir tərəfədə 6, lap 96-ya oxşatdım. Sən demə, həyat öyküləri bu sayaq olurmuş.Yaşadığımız unudulmaz 96 saatın bəlgəsini həmin xanım mənə uzadıbmış. Budur, qardaşlığın mesajı, budur, qardaşlığın simgəsi, budur, 96 saatın şirin öyküsü. Bu şirincə öykünün havası ilə kıbrıslı qardaşlarımızı dübarə, təbrik etmək istəyirəm: neçə sənələrə, əsrlərə, əziz kıbrıslılar, Quzey Kıbrıs Türk Cümhuriyyətinin bağımsızlığı payidar olsun!

 

20.11.2023

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!