Dərs
Nə vaxtsa, sosial şəbəkələrdə bir pritçaya (maraqlı əhvalat da demək olar) rast gəldim. Təsirliydi, uzun müddət yadımdan çıxmadı və mənə elə gəldi ki, onun altında başqa bir
sirr gizlənib. Ona görə də hekayəyə çevirmək fikrinə düşdüm.
...Parkda oturmuşdum. Səbəbi yadımdan çıxıb. Bəlkə yayın istisində kölgələnməyə ehtiyacım vardı ona görə, ya bəlkə yorulduğum üçün...
Əslində bu, heç vacib də deyil. Hekayəyə keçid üçün bir vasitədir.
Oturacaqda əyləşib ora-bura qaçışan, karuseldə yellənən uşaqlara, bir az aralıdakı çayxanada oturan adamlara baxırdım. Mən çayxananı avaraçılıq məkanı saydığıma görə oralara getməyi xoşlamıram. Susuz olsam da, ərindiyimdən yerimdən qalxmaq da istəmirdim. Halbuki yaxınlıqdakı köşkdən su da ala bilərdim...
Futbol oynayan uşaqların topu mənə dəyəndə diksinən kimi oldum. Top çiynimə dəyəndən sonra mənə tərəf gələn yaşlı bir kişinin (qoca desək, daha yaxşı olar, onsuz da, bu hekayəni özü oxumayacaq deyə məndən inciməz) qarşısından ötüb keçdi. Mənə elə gəldi ki, top ona dəysəydi, yıxılacaqdı. Amma qoca bunu hiss eləmədi də...
Deməli, həmin qoca kişi çəliyinə dirənə-dirənə gəlib böyrümdə oturdu. Başı ilə salam da verdi. Günün istisi, sanki onun vecinə deyildi. Əynində qış paltarı vardı. Hər halda, yay əlbisəsi deyildi. Gözünə taxdığı eynəyin bir qulpu qırılmışdı və onu rezinlə əvəz eləmişdi. Düzü, bir az gülməli görünürdü. O rezinlərdən, bəlkə, indi heç yerdə yoxdur. Əvvəllər arvad tumanlarında olardı, tumanbağını əvəz edərdi, yəni. Biz də onlardan quşatanlar, Novruz bayramı qabağı əldəqayırma, yalançı tapançalar üçün istifadə edərdik.
Qoca bir az susandan sonra başını azcana mənə tərəf döndərib saatı soruşdu. Onun istəyini dərhal yerinə yetirdim.
Bəndənizə təşəkkür edəndən sonra:
- Mənim saatım var, ancaq gözüm görmür, - dedi və əlini köhnə sırıqlısının cibinə salıb, bir az qurdalandıqdan sonra saatı çıxarıb mənə göstərdi. Məqsədi, yəqin məni inandırmaq idi. Bu, kəməri olmayan saat idi. Deməli, çoxdandır ki, saatı qoluna taxmırdı.
Qoca əlləri əsə-əsə saatı qulağına yaxınlaşdırdı və onun tıqqıltısına uyğun olaraq başını tərpətdi, sonra mənə tərəf dönüb sevincək dedi:
- İşləyir! Səsini eşidirsən?
- Yaxşı saatdır, - deyə təsdiq elədim, qocanın bu sadəlövhlüyünə gülümsündüm və bir anlığa duruxdum. Onun üzü mənə tanış gəldi. Deyə bilərsiniz ki, qocalar hamısı bir-birinə oxşayır. Ola bilər...
Mənə göstərdiyi saat olmasaydı, bəlkə də onu tanımayacaqdım. Bu, bir təsadüf də ola bilərdi. Axı çox şey təsadüfdən yaranır, mənim bu hekayəm kimi.
Eynəyin arxasından mənə gülümsəməkdən qırışmış gözlər baxırdı. Bu o idi - həmişə gözlərindən gülən müəllim. Amma bir dəfə gülüş üzündən itmişdi.
- Mən sizi tanıyıram, - dedim.
Bu sözlərdən qocanın qaməti, sanki düzəldi (tərif eşidən yazıçılarımız kimi), eynəyini sivirib gözündən, daha doğrusu, qulağından çıxardı, gülümsəyərək mənə baxdı, amma nəsə, ayırd eləyə bilmədiyinə görə eynəyini yenidən gözünə taxdı. Sonra titrək səslə soruşdu:
- Məni hardan tanıyırsan ki?!
Qoca bu sualı verəndə başını mənə tərəf yaxınlaşdırıb, diqqətlə sir-sifətimi süzdü, elə bil zərgər zərrəbinlə almaza baxır, onun qəlp, yaxud özgür (orijinal) olduğunu yoxlayırdı.
- Siz mənim müəllimim olmusunuz, üçüncü sinifdə, - gülümsünərək dedim.
- Hmmm... Üçüncü sinifdə, deməli. Gör, üstündən nə qədər vaxt keçib...
Qoca bir qədər fikrə getdi, yəqin həmin dövrü xatırlamağa çalışırdı. Mənsə, o hadisəni bir an belə unutmamışdım, çünki bu müəllim məni biabrıçı bir olaydan qurtarmış, mənliyimin alçalmasına imkan verməmişdi.
Hadisə belə olmuşdu: bizim sinifdə varlı bir uşaq vardı və həmişə təzə paltarlar geyinər, təzə çanta, qələm-dəftər, rəngbərəng qələmlə məktəbə gələrdi. Saçını atqozu qırxdırardı. Yəqin, atası belə istəyirdi, ona görə. Bir dəfə isə ona alınmış qəşəng bir saatla sinfə gəldi. Saatı görən kimi ona gözüm düşdü, sanki ilk sevgimi tapdım və imkan eləyib çırpışdırdım. Əslində saatı bizimlə oxuyan bir qıza görə oğurladım. Çünki onu sevirdim, daha doğrusu, uşaqlar mənim adıma çıxarmışdılar, yoxsa ki, üçüncü sinifdə nə sevgi? Sadəcə, dəb beləydi. Hər oğlanın bir sevgilisi olmalıydı və adını mütləq ağacların başına, divarlara, dəmiryol şpallarının üstünə yazmalıydı. İstəyirdim ki, onun yanında forslanam. Amma necə? Heç orasını fikirləşməmişdim.
Həmin ana uşağı saatının oğurlanmasından duyuq düşəndə ağlamağa, özünü yerdən-yerə, göydən-göyə vurmağa başladı, elə bir şivən qopardı ki, onun səsini bütün məktəb eşitdi. Nəinki məktəb! Qarovulçu Nuralının mürgü döyən tənbəl iti bu səsdən diksinib oyandı, hələ bir-iki ağız da hürdü, ağaclardakı quşlar pırr eləyib uçdular, məktəbin arxasındakı payaya bağlanmış eşşək də anqırdı...
Sinif rəhbərimiz, yəni böyrümdə oturan bu qoca da hadisədən xəbər tutan kimi gəldi, qapını arxadan bağladı və uşaqlardan tələb elədi ki, kim saatı götürübsə, qaytarsın. Gülərüz müəllimin sifəti qızarmışdı, bir gözü də səyriyirdi.
Təbii, heç kim boynuna almadı, mən də səsimi çıxarmadım, başımı aşağı salıb dayandım. Müəllim saatı qaytarmağı bir neçə dəfə tələb elədi, hətta oğurluğun pis şey olması barədə uzun-uzadı mühazirə də oxudu. Biz başımızı aşağı salıb durmuşduq, mənsə, pörtmüşdüm. Onda müəllim əmr elədi ki, hamımız ayağa qalxaq, qabağa çıxaq və düzlənək. Belə də elədik.
Mən ayağımı sürüyürdüm, qorxumdan tir-tir əsirdim, çünki biabır olacaqdım.
Müəllim:
- Gözlərinizi yumun, indi ciblərinizi axtaracam.
Gözlərimizi yumduq. O, hamıya bir-bir yaxınlaşıb, hövsələ ilə ciblərini yoxladı. Mənə çatanda ürəyim bərk döyünməyə başladı, istədim ki, sinifdən çıxıb qaçam, amma ayaqlarım sözümə baxmadı, quruyub yerumdəcə qaldım. Bəlkə də nağıllardan eşitdiyim möcüzəyə ümid elədim.
Müəllim əlini mənim pencəyimin cibinə salıb saatı tapdı. Əslində pencək özümün deyildi, böyük qardaşımın idi. Sözgəlişi deyirəm. O, bir az duruxandan sonra, sıradakıları yoxlamağa davam elədi, axırıncı şagirdin də ciblərini axtardı və qayıdıb yerində əyləşdi. Saatı mənim cibimdən necə götürdüyünü heç kim görmədi.
Müəllim saata bir xeyli baxdıqdan, ora-bura çevirdikdən sonra həmin şagirdi çağırıb saatı ona geri qaytardı. Və tapşırdı ki, bir də saatla məktəbə gəlməsin. Saat uşaqlar üçün deyil...
Mənim halımı təsəvvür etdiniz də. Başımı aşağı salıb durmuşdum. Bəlkə də uşaqlardan kimsə saatı mənim götürdüyümü hiss elədi, amma tam əmin olmadığı üçün səsini çıxarmadı...
Utandığımdan məktəbə getmək istəmirdim, hətta özümü xəstəliyə vururdum ki, məni zorla məktəbə göndərməsinlər. Çünki hər dəfə sinif rəhbərimi görəndə xəcalət çəkir, utandığımdan siçan deşiyini də satın alırdım...
Allah üzümə baxdı ki, dərs ili sona yaxınlaşırdı və yay tətilinə çıxandan sonra həmin məktəbə qayıtmadım, yaxınlıqdakı başqa məktəbi seçdim və bir daha o müəllimi görmədim. O gündən sevdiyim qız da, saat da yadımdan çıxdı, amma o hadisənin şüurumda və qəlbimdə buraxdığı iz silinmədi.
Bütün bu hadisələri yadıma salarkən, mənə elə gəlirdi ki, yanımdakı qoca da eyni şeyi fikirləşir. Ona görə də soruşdum:
- Yadınızdadır, o hadisə?
- Hansı hadisə? - Qoca təəccübləndi.
- Üçüncü sinifdəki...
- ?...
- Saat...
Qoca yenə də bir şey anlamadı. Onda məcbur olub həmin hadisəni ona danışdım.
Qoca mənə diqqətlə qulaq asdı, xəcalətli məqamlara da təəssüflə başını yellədi, sonda gülümsədi və:
- Hə, yadıma düşür, - dedi.
- Siz o zaman mənim şərəfimi qorudunuz. Məni alçaltmağa imkan vermədiniz.
- Bütün bunları başa düşdüyünə görə səninlə fəxr edirəm, oğlum, - qoca amerikan filmlərinə xas ədayla dedi.
- Çox sağ olun, - dedim və onun qırışmış, qaxaca oxşar əlini tutdum.
- Bəs indi nə işlə məşğulsan? - deyə xəbər aldı.
- Mən də müəlliməm.
O, əməlli-başlı təəccübləndi:
- İndiki zamanda heç kim müəllim olmaq istəmir.
- Siz mənə elə bir dərs verdiniz ki, mən müəllimlik sənətini seçdim. Çünki onun şərəfli bir peşə olduğunu anladım.
- Təəssüf ki, uşaqlarımın heç biri mənim sənətimi seçmədi. Hərəsi bir tərəfə üz tutdu: böyüyü xaricə getdi, ortancıl mühəndisliyi seçdi, balaca da maşın bazarında alverlə məşğuldur.
Mən təəssüflə başımı yellədim və ona ürək-dirək vermək üçün:
- İndi çətin zamandır, hamı dolanmaq istəyir, - dedim.
- Yəqin ki.
- Bəs siz nə işlə məşğulsunuz? - deyə axmaq bir sual verdim.
- Qoca adam nə işlə məşğul olar? - dedi, gülümsündü və əlavə elədi, - qocalıqla...
- Mənə maraqlıdır. O zaman siz saatı mənim oğurladığımı bilə-bilə niyə məni satmadınız?
Qoca yenə də gülümsədi:
- Çünki mən özüm də gözümü yummuşdum və saatı kimin cibindən tapdığımı deyə bilməzdim.
Onun bu sözlərindən şaşırdım və uzun-uzadı üzünə baxdım. Baxdım ki, düz deyir, ya yox? Amma keçmiş müəllimimin gözləri yenə də gülürdü.
Bir müddət susduq və o, yenə də saatı soruşdu. Mən də saatıma baxıb cavab verdim, sonra isə:
- Bir neçə dəqiqə məni burda gözləyə bilərsiniz? - dedim.
- Əlbəttə, gözləyə bilərəm, tələsən yerim yoxdur. Mən taleyimlə barışmış adamam, ona görə də sakit həyat tərzinə üstünlük verirəm, heç yerə tələsmirəm. Evdə gözləyənim də yoxdur...
Mən ayağa qalxıb parkın o biri tərəfindəki elektron mallar mağazasına girdim və bir az keçmiş geri qayıtdım.
- Götürün bunu, - deyə əlimdəki hədiyyəni ona uzatdım.
- Bu nədi belə? - Qoca titrək əlləriylə onu aldı, qutusunu hövsələ ilə açdı və təəccüblə üzümə baxdı.
- Bu, Danışan Saatdır. Vaxtı bilmək üçün saata baxmağa ehtiyac yoxdur. Sadəcə, soruşmağınız kifayətdir.
- Doğrudan?
- Hə, doğrudan, bir yoxlayın, - sevincək şəkildə dedim.
O, ağzını saata yaxınlaşdırıb soruşdu:
- Saat neçədir?
- Saat da dərhal cavab verdi.
Qoca sevindi və əlini çiynimə vurub:
- Bu mənimçün çox bahalı hədiyyədir, - dedi.
Bir az ordan-burdan söhbət edəndən sonra qoca əlini cibinə salıb öz saatını çıxardı və mənə uzatdı.
- Götür bunu, onsuz da daha mənə lazım olmayacaq, - dedi və yenə də gülümsündü.
- Yox, nə danışırsınız, yəqin o, sizin üçün əzizdir, - dedim, - neçə illərdir, sizinlə yol gəlir.
- Orası elədir, amma sənə daha çox lazımdır.
Mən tərəddüdlə də olsa, saatı götürdüm.
Qoca ayağa qalxıb çəliyinə dirənə-dirənə getdi...
Saatı o tərəf-bu tərəfə çevirib baxdım. Onun arxasındakı adı görəndə çaşıb qaldım. Ora həmin sinif yoldaşımın adı yazılmışdı...
Qoca isə mən aldığım saatı cibindən çıxarıb, tez-tez vaxtı soruşur, Danışan saat isə hövsələ və təmkinlə ona cavab verirdi...
Sentyabrın sonu, 2023
Qatarda
...Qatarla səyahət etməyi sevirəm.
Ən sevdiyim fəsil payız olduğuna görə bu dəfə də payızda yola çıxmışdım. Çiskinləyirdi. Axşamüstü dağlardan qopan külək payız yarpaqlarını perronun yanına, relslərin arasına gətirib yığmışdı...
SV, yəni ikinəfərlik kupeyə bilet götürmüşdüm. Yanımda adam olmasın deyə ikisinin də pulunu ödəmişdim. Yanımda adam olanda yata bilmirəm. Bəlkə elə ona görə də evlənmirdim.
Vaqon bələdçisinə də öncədən demişdim ki, məni narahat eləməsin, nəsə lazım olsa, özüm çağıracam.
Vaqon bələdçilərini tanımırsınız? Bir az mənə oxşayırlar, danışdırmasalar da, özüm danışıram, çağırmasalar da, özüm haya gedirəm, başqası üçün narahat oluram. Bu dəfə də belə oldu. Kupem bələdçinin otağına yaxın olduğundan birinci onun haray-həşirini eşitdim. Kiminsə üstünə qışqırır, vaqondan düşməsini tələb edirdi. Məcbur olub çölə çıxdım.
Bələdçi küncdə dayanmış miniatür qamətli, gözəl bir xanımdan vaqonu tərk etməyi tələb edirdi.
- Bu saat tərk edin vaqonu!
Qadın ovçudan (vəhşidən) qorxub küncə qısılan dovşan kimi dayanmışdı, amma əsib eləmirdi. Bu anda mən onu zərif göyərçinə də bənzədə bilərdim.
- Nə olub? - deyə bələdçidən soruşdum.
- Nə olacaq? Vaqona bezbilet (biletsiz) minib, öz yerimi təklif edirəm, razılaşmır, deyir ki, mən elə burda, ya da tamburda duracam. Elə bil bunu yeyəcəm. Hayasızlığa bax da.
Qadın ürkək-ürkək və nəzakətlə:
- Danışığınıza fikir verin! - dedi.
- Nəyə fikir verim, necə fikir verim!? Düş, vaqondan! Qatarın rəisi gəlsə, ona nə cavab verəcəm!? İndi vəziyyət əvvəlki kimi deyil e! Hər şey kantroldadır!
Yadımda deyil, qadına yazığım gəldi, yoxsa, gözəlliyinə heyranlıqdan idi, ya nəydi, bəlkə də ilğım idi, yuxuydu, taleyin oyunu idi. Anidən:
- Onun bileti var, - dedim.
Bələdçi nə dediyimi anladı, çünki məsələdən hali idi, biletləri ona vermişdim, qadın isə çaşdı.
- O mənim kupemdə qalacaq, - dedim.
Qadın:
- Sizin? - deyə təəccüblə üzümə baxdı.
- Narahat olmayın, - dedim, - mən öncədən iki bilet almışam. Biri sizin olsun!
Vaqon bələdçisi:
- Müəllim, birdən yoxlama olsa, nə cavab verəcəm?
- Sən yox, mən cavab verəcəm, - ötkəmliklə dedim, - buyurun, kupeyə, - qadına işarə elədim.
O, yerindən tərpənmədi. Bir mənə, bir də vaqon bələdçisinə baxdı. Sanki bizdən yox, özü-özündən şübhələnirdi:
- Qorxmayın, gəlin, - dedim.
O, çantasını sallaya-sallaya kupeyə tərəf gəldi, yenə də duruxdu. Mən kənara çəkildim və o, içəri keçdi, əl çantasını stolun üstünə qoydu, yağmurluğunu soyunmadan ətrafı seyr elədi. Mələfəni, yastığı əllədi, iylədi, sanki zifaf gecəsinə hazırlaşırdı. Mən də sakitcə tamaşa edirdim.
Sonra yatacağa oturdu. Onun yumşaqlığını, bərkliyini yoxlamaq üçün yerində yırğalandı.
O, yerini rahatlayandan sonra:
- Mənim borcum nə qədərdir? - deyə üzümə baxıb soruşdu.
Gözlərinin dərinliyində itmək olardı. Qara bəbəkləri gözlərinin ağında çalxalanırdı.
- Sizin mənə borcunuz yoxdur, - dedim.
- Mən biletin pulunu nəzərdə tuturam.
- Onun pulu ödənilib.
- Yəqin yoldaşınızın yeridir hə. Bəs o özü hanı?
- Mən evli deyiləm, - dedim.
- Amma...
- Narahat olmayın, - deyə onun sözünü yarımçıq kəsdim.
Qadın oturduğu yerdə şıltaq qızlar kimi ayaqlarını yelləməyə başladı.
Mən yerimə uzanıb kitab oxumağa davam elədim, amma fikrim qadının yanındaydı, daha doğrusu, toppuş ayaqlarındaydı və oğrun-oğrun onlara baxırdım. Üzünə baxmağa cəsarət eləmirdim. Bəlkə çox gözəl idi, ona görə, bəlkə vurulmaqdan qorxurdum. O, sanki nağıllardan düşüb gəlmişdi, bəlkə su pərisiydi, sudan indicə çıxmışdı? Gözlərimi yumdum. Sanki yuxu görürdüm...
Mənə görə onun 28-30 yaşı ancaq olardı. Çünki gözlərinin altı və əlləri mərmər kimi sığallıydı. Boyu 155-160 sm olardı, çəkisi də ona uyğun.
Qadın çantasından güzgü çıxarıb baxdı, dodaqlarını yaladı, üzünü o tərəf-bu tərəfə çevirdi və güzgünü qaytarıb yerinə qoydu.
- Deyəsən, siz də mənim kimi kitab oxumağı xoşlayırsınız? - üzümə baxmadan, etinasız halda soruşdu və pəncərədən çölə baxdı.
- Hə, - qısaca cavab verdim.
- Heyif ki, mən kitab götürməmişəm. Çünki çemodanımı evdə unutmuşam və düzünü bilmək istəyirsinizsə, mən qatara da təsadüfən minmişəm.
- Növbə ilə oxuyarıq, - gülümsünərək dedim.
- Bilmək olar, oxuduğunuz nədir?
- Öz kitabımdır, - dedim.
- Deməli, yazıçısınız?
- Belə də.
- Birinci dəfədir, öz kitabını oxuyan yazıçı görürəm.
- Çox yazıçı tanıyırsınız ki? - dedim və güldüm. O da mənə baxıb güldü.
- Yox, sözgəlişi dedim, elə belə. Yəni yazıçılar da öz kitablarını oxuyur?
- Kitablarımı ona görə oxuyuram ki, necə pis yazmamağı öyrənim.
O, daha heç bir sual vermədi. Amma mən ondan gözümü çəkmədim. O da hərdən mənə baxır, nəsə fikirləşirdi. Yəqin məni təftiş edirdi.
- 38 yaşım var, - dedim.
- Mən sizdən yaşınızı soruşmadım axı.
- Əzəl-axır soruşacaqdınız, - dedim və yenə də gülümsündüm. -İstəyirsiniz, sizin yaşınızı da, peşənizi də deyim.
- Yaşımı çətin tapasınız.
- Əslində onu tapmışam, amma məlum səbəbdən demirəm...
- Yox, mənim elə bir kompleksim yoxdur. Özüm də deyə bilərəm.
- Vacib deyil. Həkimsiniz.
- Tapmadınız, - deyə güldü.
Fikir verdim ki, gözlərindən gülür, ovurdları da çalalanır.
- Müəlliməyəm, - dedi, - ədəbiyyat müəlliməsi. Sizi də tanıdım. Mən sizi tədris edirəm.
Onun bu etirafı xoşuma gəldi. Ona görə də dikəlib oturdum.
- Hə, mənə də dedilər ki, orta məktəbdə tədris olunuram, - bir az yekəxanalandım.
Susduq. Handan-hana o:
- Bəlkə bir qədər hündürdən oxuyasınız, - dedi.
- Hündürdən oxumağı sevmirəm. Özü də öz mətnimi başqasına oxuya bilmərəm.
- Onda verin, mən də bir az oxuyum.
Təəccüblə ona baxdım:
- Özünüz demişdiniz axı, növbə ilə oxuyarıq, - dedi və güldü.
Gülüşü cingiltili və əfsunediciydi. Düzü, hələ indiyə kimi məni cəlb edən belə bir qadın olmamışdı. Bəlkə bu, yuxuydu, ilğım idi, ya taleyin oyunuydu... Bəlkə vurduğu ətrin rayihəsiydi...
Kitabı ona uzatdım. O, zərif, göyərçin əlləriylə kitabı ehtiyatla məndən aldı, sanki güzgü götürürdü və yerə salmaqdan ehtiyat edirdi.
Mən yenidən yerimə uzandım.
O, kitabı oxuyur və haldan-hala düşürdü. Gah gülümsünür, gah da qəmlənirdi.
Başını qaldırıb mənə baxdı və:
- Yaxşı yazırsınız, - dedi, - xüsusən də, bir fikriniz xoşuma gəldi.
- Nə fikirdi, elə? - yenə də dikəldim.
O, cavab vermədi. Yəni cavab verməyə imkanı olmadı. Qapı döyüldü. Durub açdım. Bələdçiydi, yanında da paqonlu, kepkalı biri vardı. Qatar rəisi olduğunu dərhal anladım.
Qatar rəisi:
- Mənə dedilər ki, sizin kupedə biletsiz sərnişin var.
- Bizim kupedə biletsiz sərnişin yoxdur, - dedim, - biletlər bələdçidədir.
- Amma biletlərin hər ikisində sizin adınız yazılıb.
- Düzdür, biletləri mən almışam.
- Amma onun adı olmalıdır, - deyə qadını göstərdi.
- O, mənim arvadımdır, - anidən dedim.
- Kəbin kağızınız var?
- Yox, biz kəbini qatardan düşəndə kəsdirəcəyik.
Qatar rəisi ağzını açıb nəsə demək istəyirdi ki, özümü təqdim eləməyə məcbur oldum. O, qınayıcı nəzərlə bələdçiyə baxdı və sağollaşıb-eləmədən getdi. Mən də qapını bağladım. Onların, yəni qatar rəisinin səsi aydınca eşidilirdi:
- Axmağın biri axmaq, əvvəlcə öyrən, sonra mənə de də!
Bələdçi də özünə bəraət qazandırırdı:
- Rəis, mən hardan bilim e?!.
- Canına azardan!
Onların səsi kəsiləndən sonra qadın:
- Siz niyə elə dediniz? - deyə təəccüblə üzümə baxdı. Mənə elə gəldi ki, onun gözləri yaşarıb.
- Nə bilim. Nəsə özümdən uydurmalıydım da.
- Amma mənim xoşuma gəldi, - dedi və gülümsündü.
- Doğrudan! - deyə qəhqəhə çəkdim, - zarafat edirdim də.
Deyəsən, kədərləndi. Çiynini çəkdi. Kitabı qatlayıb özümə qaytardı və yenidən pəncərədən çölə baxdı.
- Bilrisiniz, mən belə zarafatları xoşlayıram. Bəlkə də bu, heç zarafat deyil...
O, üzünü mənə tərəf çevirdi və güldü...
Kefim durulmuşdu. Özümdən asılı olmayaraq dil qəfəsə qoymadan danışırdım. Heç o da məndən geri qalmırdı...
Yatmaq vaxtı gələndə çölə çıxdım. O, yerini rahatlayandan sonra qapını döyüb içəri girdim.
Gənc xanım mənm də yerimi açmış və öz yerinə girmişdi.
- Nə əziyyət çəkirdiniz? - dedim.
Gülümsündü. Bəlkə də bayaqkı "ər-arvad" sözümə işarə vururdu...
Səhər yuxudan oyandıq, daha doğrusu, o oyandı. Mən yatmamışdım ki. Səhərə kimi ona baxmışdım. O da səksəkəliydi. O tərəf-bu tərəfə çevrilir, hərdən ədyal üstündən sürüşür, bədəninin bir hissəsi açıq qalır və çöldən düşən işıqların haləsində cəzbedici görünürdü. Düzü, bunu qəsdən edirdi, ya yox, bilmədim...
Birinci o çölə çıxdı, əl-üzünü yuyub qayıtdı. Makiyajsız da gözəl idi. Mən də ayaqyoluna gedib qayıtdım. Mən gələnə qədər özünə sığal vermişdi və qapıya tərəf baxırdı, sanki məni gözləyirdi, üzü gülür, gözləri parıldayırdı.
Qəfildən:
- Növbəti dayanacaq mənimdir, - dedi.
Təəccübləndim və nə edəcəyimi bilmədim.
- Elə bilirdim ki, siz də mənim kimi sona qədər gedəcəksiniz, - təəssüflə dedim.
- Mən də elə bilirdim, amma düşməliyəm. Sevgilim hardasa, buralarda məni gözləməlidir, - sevinclə dedi.
"Sevgili" sözünü eşidəndə çaşdım. Beynimdə o qədər xəyallar qurmuşdum ki.
- Niyə fikrə getdiniz? - yenə də gülümsündü.
- Sevgilinizi qısqandım, - mən də özümü o yerə qoymayıb gülümsündüm. Amma gülüşlərimiz fərqliydi: onunku dürüst, mənimki istehzalıydı, yəni taleyin ironiyası...
O, heç nə demədən, gülümsünə-gülümsünə sağollaşdı, çantasını əlinə alıb qatardan düşdü və sanki özüylə ruhumu apardı...
Səfər ərzində bircə dəqiqə də onu unutmadım. Onun gülüşü, qara gözləri, alaqaranlıqda parlayan dərisi yadımdan çıxmırdı. Bu bir yuxuydu, ilğım idi, ya taleyin oyunuydu, bilmədim.
Səfərim başa çatdı və geri döndüm. Yenə də çiskinləyirdi. Yenə də külək payız yarpaqlarını ətrafa səpələmişdi...
...Birdən onu gördüm. Yağışın altında dayanıb mənə baxırdı. Çətirsiz-filansız. Üst-başı əməllicə islanmışdı. Bir-birimizi aralıdan tanıdıq. O, mənə tərəf yüyürdü və qarşımda dayanıb gülümsündü. Saçlarından yağış damırdı...
- Bu siziniz? - deyə təəccüblə soruşdum. O da gülə-gülə başı ilə təsdiqlədi. - Sevgilinizi qarşılamağa gəlmisiniz?
- Hə!
- Bəs sevgiliniz hanı?
- O, mənim qarşımdadır, - dedi.
Çaşdım.
- Bəs...
- Mən onu axtarmağa çıxmışdım. Tapandan sonra qatardan düşdüm. Necə yazmışdınız? "İnsanlar xoşbəxtliyini vağzallarda tapır, vağzallarda da itirir..."
- Bu nədir, taledir? - deyə məşhur pritçanın sözlərini pıçıldadım.
O da eyni pritçadakı cavabı verdi:
- Yox, bu, sevgidir, - dedi.
Mən onun qara gözlərinə uzun-uzadı baxdım, sonra qucaqlayıb dodaqlarından doyunca öpdüm: ilğım kimi, yuxu kimi, taleyin oyunu kimi...
Noyabr, 2023
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!