Türk siyasi zəkasının modern modeli: Azərbaycan Prezidenti İlham Əliyev Qarabağda Rusiya ilə diplomatiya dilində, Ermənistanla hərb dilində danışdı - Azər TURAN

Azər TURAN

 

Yar içün əğyar ilə mərdanə cəng etsəm, gərək

İt gibi murdar rəqib ölməzsə, yar əldən gedər.

 Fateh Sultan Mehmet

 

Bizans imperatoru Malazgirt savaşından öncə, Alparslana məktub yazmışdı ki, "Biz İsfahanda qışlayarıq, atlarımız da Həmədanda..." Səlcuqlu sultanının cavabı kəskin olmuşdu: "Atlarınız Həmədanda qışlaya bilər, fəqət, özünüzün harda qışlayacağınızı yalnız Tanrı bilir". Alparslan Diogeni məğlub etdi, bizanslılar isə öz məğlub imperatorlarının gözlərini çıxardılar. Çünki Bizans tarixdə ilk dəfəydi ki, məğlub olurdu. Doğrudan da, Diogenin harada qışlayacağını Tanrı bilirmiş.

240 il əvvəl II Yekaterinanın Qafqazlara tulladığı siyasi bumeranq 240 ildən sonra qayıdıb Rusiya səltənətinin özünə dəydi. Qarabağ xanlığı yeni qurulanda Pənahəli xanın hakimiyyətini qəbul etmiş erməni məlikləri II Yekaterinaya müraciətlərində vəd edirdilər ki, "erməni məlikləri rus qoşunlarının Qarabağa yürüşü zamanı onlar müsəlmanlara qarşı silahlı mübarizəyə qalxacaqlar" və imperatriçədən Qarabağa 10 min nəfərə qədər piyada qoşun göndərilməsini və həmin qoşuna komandanlığın Suvorova tapşırılmasını istəyirdilər.

Üstündən 250 il keçir. İndi erməni lideri və ideoloqları Rusiyanı ermənilərə xəyanətdə suçlayır. Rusiya rəsmiləri isə erməniləri rol dəyişikliyində ittiham edir. Tarixin heç bir mərhələsində rus və erməni amili bu şəkildə ziddiyyət halında olmayıb. Bu, cənubi Qafqazda tamam yeni hadisədir. Qafqazda ən yeni tarix başlayır. Azərbaycan Prezidenti İlham Əliyev Qarabağda Rusiya ilə diplomatiya dilində, Ermənistanla hərb dilində danışdı. Avropa isə türk siyasi zəkasının belə modern modelinə hazır deyildi. İlham Əliyev 250 ildir ki, əzab çəkən heysiyyətimizin, qürurumuzun qisasını aldı. Nəinki Qarabağdakı qondarma rejimi, həm də dünyadakı erməni mifinin özülünü məhv etdi. Dünyanın bir qanunu var: "Əzməyən əzilir!" İlham Əliyev dünyanın gözü qarşısında Daşnaksütyun, Nemesis, Andranik, Şaan Natali mifini əzdi, tarixin axarını dəyişdi. Rusiyanı Cənubi Qafqazda hakim qılan ideya - II Yekaterinanın erməni knyazlığı layihəsi süqut etdi.

1783-cü ilin aprelində Potyomkin məktublarının birində yazırdı: "Şuşalı İbrahim xan devrilməlidir. Çunki bundan sonra Qarabağ Rusiyadan başqa hec kimdən asılı olmayan erməni vilayətini təşkil edəcəkdir... Bu vasitə ilə digər vilayətlərdə olan ermənilər bura axışacaqlar".

240 il bundan əvvəl necə axın etmişdilərsə, 240 ildən sonra, elə o şəkildə də Qarabağdan çıxıb getdilər. Özü də 44 günlük savaşdan sonra deyil, 24 saatlıq antiterror əməliyyatından sonra getdilər. 

İnanmaq istəyirəm ki, İlham Əliyev Cümhuriyyət dövründəkı tarixi yanlışlarımızı da təshih edəcək.

1918-ci il mayın 23-də Tiflisdə Qafqaz seyminin iclaslarını müşahidə edən Əli bəy Hüseynzadə Osmanlı imperatorluğunun Başkomandan vəkili Ənvər Paşaya məktub yazmış və bildirmişdi ki, buradakı, yəni seymdəki türk nümayəndələr (yəni azərbaycanlı nümayəndələr) və seym üzvləri Qafqaz Konfederasiyasına daxil olmaları üçün ermənilərə torpaq güzəştinə hazırdırlar. Ənvər Paşa isə cavabında Qafqaz İslam Ordusunun generalitetinə belə bir məktub ünvanlamışdı: "Anlaşıldığına görə, ermənilər bizə qaytardıqları ərazilərə müqabil, Cənubi Qafqaz müsəlmanlarına aid ərazidən bir qism almaq istəyirlərmiş və müsəlmanlar da buna razı olacaqmış. Məncə, bu, tamamilə yanlışdır. Əgər bu gün Qafqazda beş-altı yüz min əhalisi olan və kafi miqdarda əraziyə malik kiçik bir Ermənistan təşəkkül edərsə, gələcəkdə Amerikadan gəlmə ermənilərlə bu hökumət milyonlarla əhaliyə sahib olar və bizim üçün Rusiyadan daha müzir bir düşmənə çevrilər".

1918-ci ildən sonra keçən illər Ənvər Paşanın fəhmini gerçəkləşdirdi. Ermənilər erməniliyin təşəkkülü üçün azərbaycanlılar tərəfindən onlara buraxılmış İrəvan ərazisində təşkilatlanıb, daha böyük düşmənə çevrildilər və üstündən bir əsr keçəndən sonra bu acı gerçəklərin siyasi təsnifatını Azərbaycan lideri olaraq tarixdə ilk dəfə İkinci Qarabağ savaşından 9 il öncə - 2011-ci il iyulun 5-də İlham Əliyev verdi: "Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük. Halbuki sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır. Əgər onlar öz xalqının gələcəyi haqqında düşünürlərsə, öz siyasətində dəyişiklik etməlidirlər. Azərbaycanın işğal olunmuş torpaqlarından qeyd-şərtsiz çıxmalıdırlar və Türkiyəyə qarşı əsassız ittihamlardan əl çəkməlidirlər. Əks təqdirdə, Ermənistanın özünün müqəddəratı sual altına düşə bilər..."

Qeyd etdiyim kimi, Prezident bu sözləri 2011-ci ildə dünya azərbaycanlılarının qurultayında söylədi və üstündən 9 il keçəndən sonra Azərbaycan tarixində misli görünməmiş addımı atdı və indi erməni lideri Paşinyan da təsdiq edir ki, belə davam eləsə, əks təqdirdə, Ermənistanın özünün müqəddəratı sual altına düşə bilər.

Sovetlər dönəmində "Yediniy rasplav" çağırışı ilə Azərbaycan türklərinin assimiliyasiyasını təklif edən Zori Balayanın ideyaları ilə havalanıb, millətimizin qanına susayan və etdikləri vəhşiliklərin hesabına yaxalarına orden və medal taxan erməni milli "qəhrəmanları"na Azərbaycan Prezidentinin dedikləri 3 ildir ki, ermənilər üçün qəfil çaxan ildırım effekti yaradıb: "Biz Ermənistan ordusunu çökdürdük və eyni zamanda Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdik... Bəs hanı, sizin qəhrəmanlığınız? Döşünüzə taxmısınız saxta "qəhrəman" ordenlərini, çıxardın atın eşiyə o dəmir-dümürləri... Koçaryan və Sarkisyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, sizi biz məğlub etmişik, sizin ordunuzu məhv etmişik. Bax, budur bizim gücümüz, budur bizim birliyimiz. Dəmir yumruq sizin başınızı əzdi..."

 

***

Türk birliyi məfkurəsinin, o cümlədən İlham Əliyevin bədxahları, hətta millətimiz üçün mühüm əhəmiyyət kəsb edən bu tarixi mərhələdə belə, avtoritarlıqdan bəhs edir və Azərbaycanın yanında olan Ərdoğanı da, Macarıstan Baş Naziri Orbanı da avtoritarlıqda suçlayırlar. Əgər avtoritarlıq Vətəni xilas etməkdirsə, o zaman makronpərəstlərin fransız üslublu demokratiyası təkcə Avropanın deyil, dünyanın üzqarasıdır...

Noyabrın 8-də - Zəfər günümüzdə Xankəndidə Azərbaycan ordusunun hərbi paradı keçirilirdi. Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin Xüsusi Təyinatlılarının, Xarici Kəşfiyyat Xidmətinin Xüsusi Təyinatlılarının, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlılarının, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçularından ibarət heyətləri paraddan keçərkən, səslənən hərbi marş diqqətimi, xüsusən cəlb etdi. Bu, 1918-ci il sentyabrın 16-da Bakını və ətraf bölgələri erməni və bolşeviklərdən azad edəndən sonra Nuru Paşanın başçılığı altında keçirilən ilk hərbi paradda səslənən marş idi: "Vatan beni yetiştirdi, bu ellere yolladı. / Bu toprağa kurban deyib, Allaha ismarladı. / Boş oturma, çalış dedi, hizmet eyle Vatana / Sütüm sana helal olmaz, san baş eysen düşmana".

Bu ordu iki yüz il əvvəl Xanbağında İbrahimxəlil xanı, Gəncədə Cavad xanı qətlə yetirən Lisaneviçin ruhunu tapdayıb keçirdi. Özü də Xankəndidə.

Paradı qəbul edən isə tarixin axarını dəyişən Azərbaycan Ordusunun Ali Baş Komandanıydı...

 

24 noyabr 2023

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!