Məmməd Adilov-70: Memuar məzmunlu yazı əvəzinə... - Əli MƏMMƏDBAĞIROĞLU

 

Görkəmli dilçi-alim, filologiya elmləri doktoru Məmməd Musa oğlu Adilov on iki il bundan əvvəl vaxtsız aramızdan gedəndə onun heç 60 yaşı da yox idi. Yaşasaydı, bu ilin noyabr ayının 18-də 70 yaşı tamam olacaqdı. Məmməd Adilov 18 noyabr 1953-cü il tarixində Şəki şəhərində görkəmli dilçi-alim Musa Adilovun ailəsində dünyaya gəlib, 1961-1971-ci illərdə Şəki şəhəri 10 №li məktəbdə təhsil almışdı. O, 1971-ci ildə Azərbaycan Dövlət Universiteti (indiki BDU) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub, ali məktəbi 1976-cı ildə şərqşünas-filoloq, tərcüməçi, ərəb və Azərbaycan dilləri müəllimi ixtisası üzrə bitirmişdi. Ali təhsilini bitirəndən sonra o, müxtəlif idarə və müəssisələrdə - Şəki şəhəri 43 №-li orta texniki peşə məktəbində ədəbiyyat müəllimi (1976-1977), Şəki şəhər 2 №-li internat məktəbində dil-ədəbiyyat müəllimi (1977), Azərbaycan radiosunda və "Bakı" qəzetində ştatdankənar müxbir (1977-1979), Azərbaycan Dillər Universiteti nəzdindəki ikiillik axşam kurslarında ərəb dili müəllimi (1981-1982), hərbidə tərcüməçi (1982-1984), 1984-cü ildən ömrünün sonunadək isə bütün fəaliyyətini elmi işə bağlayaraq, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda işləyib.

M.Adilov 1984-cü ildən başlayaraq, 27 il işlədiyi Əlyazmalar İnstitutunda kiçik elmi işçi vəzifəsindən - elmi katib, elmi işlər üzrə direktor müavini və direktor vəzifəsinədək yüksəlmişdi. İnstitutun direktoru Cahangir Qəhrəmanovun 1995-ci ildə vəfatından sonra direktor vəzifəsinin icraçısı, 2003-cü ildən ömrünün sonunadək isə direktor olaraq elmi idarəyə rəhbərlik etmişdir. Qeyd edək ki, yarandığı vaxtdan Əlyazmalar İnstitutu AMEA-nın elmi-tədqiqat müəssisəsi olmaqla bərabər, dünyanın Şərq əlyazmalarının saxlanıldığı ən zəngin mərkəzlərindən biri hesab olunur. Məmməd Adilov da elmi fəaliyyətinin böyük hissəsini, məhz bu möhtəşəm xəzinədəki ərəbdilli, farsdilli, anadilli əlyazmaların tərcüməsinə, tədqiqinə, transfoneliterasiya edilməsinə, həmçinin əlyazmalarla yanaşı xəzinədəki əski çap kitablarının, tarixi sənədlərin, burada saxlanılan Azərbaycanın 32 görkəmli mütəfəkkirinin şəxsi fondunun araşdırılıb təsviri kataloqlarının tərtib olunaraq nəşrinə, xüsusilə, əlyazmalarımızın təbliğinə həsr etmiş, eyni zamanda elmi-tədqiqat işlərinin yerinə yetirilməsində İnstitut əməkdaşları üçün normal iş şəraitinin yaradılmasına böyük qayğı, diqqət göstərirdi.

O, 1981-1986-cı illərdə APXDİ-nin (indiki Azərbaycan Dillər Universitetinin) "Müasir Azərbaycan dili" kafedrasının dissertantı olmuşdur. 1986-cı ildə "Azərbaycan dilində ixtisar sözlər" mövzusunda namizədlik dissertasiyasını, 2004-cü ildə isə Türk dilləri ixtisası üzrə "Azərbaycan paleoqrafiyası və tarixi orfoqrafiyası" mövzusunda yazdığı doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir.

M.Adilovun elmi fəaliyyəti zənginliyinə və tədqiqat əsərləri mövzularının rəngarəngliyinə görə seçilir. O, dil tədqiqatçısı kimi elmi fəaliyyətə başlasa da, sonrakı yaradıcılığında Azərbaycan humanitar elmində indiyədək ən az öyrənilmiş tədqiqat sferalarından biri olan paleoqrafiya ilə bağlı ciddi araşdırmalar aparmışdır. Bu elm sahəsinə aid araşdırmaları onun doktorluq dissertasiyasının, ümumiyyətlə elmi fəaliyyətinin əsas hissəsini təşkil edib və monoqrafiya kimi çap etdirdiyi "Azərbaycan paleoqrafiyası və tarixi orfoqrafiya məsələləri" adlanan kitabında (2002), həmçinin bu kitabından əvvəl və sonra nəşr olunan, həmmüəllifi olduğu "Azərbaycan əlyazmalarında filiqranlar" (2001), "Türk mətninin transfoneliterasiya problemləri" (2003), "Azərbaycan paleoqrafiyası" (2010) əsərlərində geniş əks olunmuşdur. Xatırladaq ki, adıçəkilən kitablar çap olunana qədər bu elmi-tədqiqat sahəsinə Azərbaycan mənbəşünas alimləri öz əsərlərində çox az yer ayırmış, yalnız bəzi məqalə və araşdırmalarda məsələyə ümumi olaraq toxunulsa da, əlyazmalarımızın paleoqrafiyası ilə bağlı sanballı tədqiqat işi son vaxtlaradək yazılmamışdı.

Paleoqrafiya elminin yaranma tarixçəsinə nəzər salıb deyə bilərik ki, orta yüzilliklərdə Şərq xalqlarının yüz minlərlə əlyazma əsərləri mövcud olsa da, onların paleoqrafik cəhətdən araşdırılmasına ilk təşəbbüs avropalılar tərəfindən edilmişdir. Qeyd edək ki, "paleoqrafiya" anlayışı yunancadan "palaios" və "grapho" sözlərinin birləşməsindən yaranaraq, qədim əlyazmaların qrafikası, xarici görünüşü haqqında elm deməkdir. Əlyazma kitablarının xarici görünüşü dedikdə, onun yaranmasında mühüm əhəmiyyət kəsb edən - cildi, kağızı, frontospisi, ünvanı, filiqranı, mürəkkəbi, xətti, miniatürü, möhürü, kolofonu və sair xüsusiyyətləri nəzərdə tutulur. Məhz bu xüsusiyyətlərin araşdırılması əlyazma kitabı haqqında daha geniş, əhatəli fikir söyləməyə imkan verir.

Paleoqrafiyanın bir elm kimi meydana gəlməsi fransız alimi, rahib Jan Mobilonun (1632-1707) adı ilə bağlıdır. 1739-cu ildə Parisdə nəşr olunmuş "Kral kitabxanası əlyazmaları kataloqu" bu sahədə elmə məlum olan ilk əsərdir. Bu kataloqda o vaxtlar Paris Kral Kitabxanasında saxlanılan 4200-ə qədər müxtəlif şərq əlyazma nüsxələri (o cümlədən, 396-ı türkcə, 1626-ı ərəbcə, 388-i farsca ...) haqqında məlumat verilmişdir. Azərbaycanda isə ötən əsrin 60-cı illərindən başlayaraq əlyazmalarımızla bağlı bir neçə kataloq və s. nəşrlər yerinə yetirilmişdir. Bu sahədə tədqiqat işlərinin daha da situmullaşdırılması, məhz M.Adilovun İnstituta rəhbərlik etdiyi zamandan başlanmışdır. XIX əsr alman filoloq-paleoqrafı L.Traube yazır ki, paleoqrafiya tədqiqatçıdan gərgin zəhmət, cəsarət tələb edən elmdir. Ona görə də birmənalı olaraq deyə bilərik ki, M.Adilovun gərgin elmi fəaliyyəti sayəsində, əlyazmalar üzərində araşdırma aparmaqla yazılı abidələrin paleoqrafik xüsusiyyətləri haqqında ümumiləşdirdiyi nəzəri-praktiki fikirləri dəyərli vəsait olaraq, bu gün mənbəşünaslıq, mətnşünaslıq sahəsi ilə bağlı tədqiqat işi aparan, xüsusilə, əlyazmaçı mütəxəssislərin faydalana biləcəyi masaüstü kitaba çevrilmişdir. Xilafətin gəlişindən sonra ilk zamanlar ərəbdilli, bir az sonra farsdilli, XIII əsrdən başlayaraq ilk anadilli yazıların meydana gəlməsi ilə Azərbaycan paleoqrafiyası yazılı mətnlərin dilinə görə üç bölməni - Azərbaycan ərəb paleoqrafiyası, Azərbaycan fars paleoqrafiyası və Azərbaycan türk paleoqrafiyasını öyrəndiyini alim tədqiqatında qeyd etmişdir.

M.Adilov "Azərbaycan paleoqrafiyası və tarixi orfoqrafiya məsələləri" əsərində ilk dəfə idi ki, "Paleoqrafiya", "Mətn", "Yazı", "Əlyazma", "Əlyazma kitabı", "Yazı materialları", "Filiqranlar", "Müəllif", "Katib", "Xətlər", "Mətnşünaslıq və linqivistika problemləri" kimi mövzulara kompleks şəkildə yanaşmaqla, elmi təhlillər aparmış və hər bir mövzuya əlyazmaşünaslıq kontekstindən yanaşmaqla aydınlıq gətirmişdir. Bu mövzuların hər birini tədqiqatçı incələməklə, buvaxtadək dolaşıq salınan bəzi terminlərin izahını vermiş, onların düzgün, yerində işlənməsini müəyyənləşdirmiş, Azərbaycan kitabı və Azərbaycan əlyazması anlayışı ilə bağlı məsələnin kifayət qədər dürüst çözülməsinə elmi münasibət bildirmiş, Azərbaycan ərazisində aşkarlanmış ilk yazı nümunələri, azərbaycanlı katiblərin köçürdüyü əlyazma kitablarının ərəb qrafikalı əlyazmalar arasında ən qədim və nadir nümunələrdən olması haqqında istinad etdiyi mənbələrdən gətirdiyi fikirləri şərh etməklə oxucuya çatdırır.

Tədqiqatçının ən çox maraq doğuran fikirlərindən biri xarici ölkələrin kitabxanalarında saxlanılan, əcnəbi araşdırıcıların azərbaycanlı katiblərin köçürdüyü ərəbdilli, farsdilli əlyazma kitablarını Azərbaycan kitabına aid etməməsi məsələsinə münasibətlə bağlıdır. O, yuxarıda adıçəkilən əsərində yazır: "Tədqiqatçılar ənənəvi olaraq "türk əlyazmaları", "fars əlyazmaları" və "ərəb əlyazmaları" ifadələrini işlədərkən, abidələrin bir sərvət kimi milli mənsubiyyətindən deyil, dilindən çıxış edirdilər ki, burada kataloqlaşdırma işinin ənənəsi və ümumiyyətlə qarşıya qoyulan məsələnin həllində işin asanlaşdırılması məqsədi öz təsirini göstərir. İkinci tərəfdən, məsələn, "Azərbaycan əlyazmaları" (başqa sözlə, "Azərbaycanın əlyazmaları") ilə "Azərbaycan əlyazma kitabı" eyniləşdirilir" (s.120). Bu iki anlayışı bir-birindən fərqləndirmək üçün müəllif məsələ ilə bağlı aşağıdakı xüsusiyyətləri qeyd edir:

1) Azərbaycan əlyazmaları - Azərbaycan MEA Əlyazmalar İnstitutunda və respublikanın ayrı-ayrı muzeylərində mühafizə olunan və Azərbaycan xalqının və dövlətinin sərvəti sayılan yazılı mənbələrdir...

2) Azərbaycan kitabı - azərbaycanlılar tərəfindən yaradılan və ya azərbaycanlıların birbaşa fəal iştirakı ilə yaradılan kitablardır. Azərbaycan kitabı yalnız Azərbaycanda / Bakıda saxlanılmır, onun ən gözəl nümunələri dünyanın müxtəlif kitab xəzinələrini bəzəyir. Drezdendə və Vatikanda saxlanılan "Kitabi-Dədə Qorqud" da, Ayasofiyada saxlanılan Tusinin avtoqraf əlyazması da, Tunisdə saxlanılan Xətib Təbrizinin avtoqraf nüsxəsi də Azərbaycan kitabıdır (s.120).

Məsələnin düzgün, obyektiv həllinə çalışaraq, tədqiqatçı XI yüzillikdə köçürülmüş üç əlyazma kitabının Azərbaycan əlyazma kitabı olmasını aşağıda belə əsaslandırır. Rus tədqiqatçısı O.F.Akimuşkinin "447-ci ilin şəvval ayında / 1056-cı ilin yanvarında Əbu Mənsur Müvəffəq əl-Hərəvinin şair və gələcək leksikoqraf Əli bin Əhməd əl-Əsədi ət-Tusi tərəfindən köçürülmüş "Kitabi-əbniya ən hədaiqil-ədviya" ("Əczaçılığın həqiqətləri haqqında əsaslar kitabı") əlyazması hazırda dünyada məlum olan ən qədim fars müsəlman əlyazma kitabı sayılır" fikrinə istinad etməklə yazır: "Ancaq həmin müəllifin (O.F.Akimuşkin nəzərdə tutulur - Ə.M.) abidənin milli mənsubiyyətinin müəyyənləşdirilməsində əsərin dilinin əsas götürülməsi prinsipinə riayət etdiyini xatırladıqda bu məlumatların dəqiqləşdirilməsinə ehtiyac olduğunu etiraf etmək lazım gəlir. Məsələn, tuslu Əli bin əl-Əsədinin zatən azərbaycanlı olduğu dəqiqləşdirilərsə, onda əl-Hərəvinin göstərilən əlyazmasının Azərbaycan kitabı ola biləcəyi güman edilir" (s.122).

Digər bir tədqiqatçının fikri ilə əlaqəli o belə yazır: "K.İ.Çaykinin hələ 1934-cü ildə verdiyi məlumata görə, həmin Əli bin Əhməd əl-Əsədi ət-Tusi h.456-458 / m.1064-1066-cı illər ərzində Naxçıvanda vəzir Məhəmməd bin İsmayıl Hüsninin və onun qardaşı İbrahimin sifarişi ilə "Gerşaspnamə" adlı bir poema yazmış və onu buranın hakimi Əmir Əbu Duləf Deyraniyə təqdim etmişdi" (s.122). Tədqiqatçıya görə, həm müəllif, katib, həm də yazıyaalınma yerindən çıxış etdikdə, artıq qəti demək mümkündür ki, bu əlyazma ən qədim Azərbaycan əlyazma kitablarından biri sayıla bilər.

Görkəmli Azərbaycan alimi Xətib Təbrizinin Tunisin Milli Kitabxanasında saxlanılan əl-Müfəzzəlin "İxtiyarat" əsərinə yazdığı şərhin titul vərəqində "Şərhi-ixtiyaratil-Müfəzzəl bin Məhəmməd əz-Zəbbi" adının altında Yəhya bin Əli əl-Xətib ət-Təbrizi adı yazılmışdır. Ənənəvi bəsmələdən sonra və kitabın müəllif kolofonunda da Xətib Təbrizinin adının qeyd edilməsini xatırladan tədqiqatçı h.486 / m.1093-cü ildə köçürülmüş bu əlyazmanın dünyada məlum olan üç ən qədim Azərbaycan kitabından biri olduğunu bildirir. M.Adilovun bu faktların üzərində israrla dayanıb, dəqiqləşdirmə aparıb və öz elmi mülahizələrini ortaya qoyması Azərbaycan əlyazma kitabının yaranma tarixinin çox qədim olduğunu bir daha təsdiq edir.

M.Adilov novator tədqiqatçı idi. Həmişə yeni bir elmi tapıntını ortaya çıxarmağa çalışırdı. "Kitabi-Dədə Qorqud" eposunun 1300 illik yubileyi ərəfəsində söhbətlərinin birində deyirdi ki, yazılı dastan abidəsi haqqında hələ çox şey deyilməyib. O zaman bildirdim ki, Məmməd müəllim, Azərbaycan ədəbiyyatşünaslığında bəlkə də, haqqında ən çox araşdırma aparılan yazılı abidələrdən biri "Kitabi-Dədə Qorqud"dur. O isə dedi ki, nə qədər yazılsa da, abidə ilə bağlı yazılmayan hələ çox şey var. Bir müddət keçəndən sonra onun "Kitabi-Dədə Qorqud"un Vatikan nüsxəsinin bəzi əlyazma xüsusiyyətləri" məqaləsini oxuyanda mənə bir daha aydın oldu ki, Məmməd Adilov dediklərində tamamilə haqlı imiş.

Əlyazmaların paleoqrafik cəhətdən araşdırılmasında ən başlıca xüsusiyyətlərdən biri orta yüzilliklərdə istehsal olunan kağızlarda filiqranların (su nişanlarının) aşkar olunub üzə çıxarılmasıdır. Vaxtilə XVII əsr əlyazma kitablarının paleoqrafiyasına və mətnşünaslıq məsələlərinə həsr olunmuş namizədlik dissertasiyamı yazarkən, tədqiqat işində XVII əsr əlyazma kitabları kağızında filiqranlara aid bir yarımfəsil də ayırmışdım. Bu mövzu haqqında demək olar ki, Azərbaycanda heç bir elmi yazıya rast gəlmədiyimdən, yalnız əcnəbi tədqiqatçıların araşdırmalarından o zaman faydalana bilmişdim. Ancaq sonralar mənə bəlli oldu ki, bu mövzuya aid M.Adilov da həmin ərəfədə araşdırma aparmış və 1994-cü ildə BDU-nun 75 illik yubileyinə həsr olunmuş elmi konfransda "Azərbaycan əlyazmalarındakı filiqranların qabarıq xüsusiyyətləri haqqında" adlı məruzə ilə də çıxış etmişdir. Qeyd edək ki, əlyazmaşünaslıqda filiqranların öyrənilməsinin başlıca əhəmiyyəti naqıs, yəni müxtəlif səbəblərdən əvvəl və sondan vərəqləri qopub düşmüş əlyazmaların köçürülmə tarixinin (əlyazmanın köçürülmə tarixi haqqında məlumat, əsasən, mətnin sonunda, bəzən də əvvəldə qeyd olunur) təxmini də olsa, filiqranoloqlar tərəfindən aşkar olunması çox böyük elmi dəyər kəsb edir. M.Adilov 2001-ci ildə mənə filiqranlarla bağlı müştərək bir kitab nəşr etdirməyi təklif etdi. Fikirlərimizi birgə bölüşəndə məlum oldu ki, indiyədək onun araşdırması nəticəsində Azərbaycan əlyazmalarında 92, mənim araşdırıb və 1997-ci ildə müdafiə etdiyim dissertasiyaya əlavə olaraq daxil etdiyim 52 filiqranın təsviri mövcuddur. Beləliklə, Azərbaycan əlyazmalarından aşkar olunmuş cəmi 144 filiqranın təsvirindən və bu mövzuya aid yazılmış məlumatdan ibarət "Azərbaycan əlyazmalarında filiqranlar" (2001) adlanan tədqiqat-kataloq, hələ ki bu mövzuya həsr edilmiş və əlyazmaşünaslıq sahəsində çalışan mütəxəssislərin faydalandığı yeganə mənbədir.

M.Adilov Azərbaycan əlyazmalarının kataloqlaşdırılması işini Əlyazmalar İnstitutunun əsas prioritet tədqiqat sahəsi kimi daim diqqətdə saxlayır və "Elm" qəzetində dərc etdirdiyi bir məqaləsində əlyazmaların kataloqlaşdırılması ilə bağlı görülən işlərin azlığı haqqında onun narahatlığını həmin yazıdan sezməmək olmur. O yazırdı: "...İndiyədək klassik üslubda cəmi 4250 əlyazma əsərinin təsvirini əhatə edən 8 cild kataloq hazırlanmasına baxmayaraq, bu kataloqlar Əlyazmalar İnstitutunun "qızıl fond"unun olduqca cüzi bir hissəsini əks etdirir. Çünki burada saxlanılan təxminən 12 min əlyazma kitabının çoxu məcmuə xarakterli olub, özündə bir sıra əsərləri birləşdirir. Beləliklə, hazırda çapdan çıxmış kataloqlarımız sayı təxminən 50 mindən artıq olan əlyazma əsərlərinin yalnız bir hissəsinin təsviridir və görünür, İnstitutda həmin üsulla kataloqlaşdırma işi hələ onillərlə davam etdiriləcəkdir" ("Elm", 8 oktyabr 2009). Kataloq xəzinənin, belə deyək ki, açarıdır. Əgər əlyazmaların təsviri haqqında kataloqlar tam hazır deyilsə, o xəzinənin irsi haqqında bütövlüklə, geniş təsəvvür yaratmaq mümkün deyil. Əlbəttə, bu, olduqca ağır zəhmət və uzun vaxt tələb edən elmi-paleoqrafik iş, tədqiqatçının dediyi kimi, neçə onilliklər davam edəcəkdir. M.Adilovun həm öz səyi, gərgin elmi fəaliyyəti ilə, həm də İnstitut əməkdaşlarının bu vacib tədqiqat işinə maraq və diqqətini yönləndirməklə əlyazmalarımızın kataloqlaşdırılmasında çox uğurlu nəticələr əldə edilmişdir.

Ona görə də, deyə bilərik ki, Azərbaycan paleoqrafiyasının geniş surətdə, müasir elmi müstəvidə öyrənilməsi, məhz M.Adilovun adı ilə bağlıdır. O, Əlyazmalar İnstitutundakı qədim əlyazmalar üzərində araşdırmaları ilə Yaxın Şərq əlyazmaları və Azərbaycan əlyazmalarının müqayisəsi nəticəsində milli paleoqrafiyamızın bir sıra problemlərinə aydınlıq gətirmiş, yeni fakt və ideyalar irəli sürmüşdür. Məsələn, o, əlyazmaların kağızını, filiqranını, cildini, sfragistikasını, bədii tərtibatını, kolofonunu və s. xüsusiyyətlərini diqqətlə araşdırmaqla, əlyazmanın milli mənşəyi haqqında konkret qənaətə gəlməyin mümkünlüyünü göstərmişdir. Bundan başqa, o, uzun müddət elmi ədəbiyyatda ərəb qrafikalı anadilli yazıların çevrilməsinə aid işlədilən "transkripsiya" və "transliterasiya" istilahlarını "transfoneliterasiya" termini ilə əvəzlənməsi təklifini irəli sürmüş və bunu öz elmi-praktiki mülahizələrilə əsaslandırmışdır.

Məmməd Adilovun elm təşkilatçılığındakı fəaliyyəti də qeyd olunmalıdır. Görkəmli şərqşünas alim, tərcüməçi Məmmədağa Sultanovun (1950-1972) və filologiya elmləri doktoru, professor Cahangir Qəhrəmanovun (1927-1995) rəhbərliyi dövründə formalaşan, əvvəllər Respublika Əlyazmaları Fondu, 1986-cı ildən isə İnstitut statusunda fəaliyyət göstərməyə davam edən Əlyazmalar İnstitutu M.Adilovun elmi təşkilatçılığı və özündən əvvəlki direktorların müsbət ənənələrini davam etdirməklə, müəssisənin əlyazma fondu daha da zənginləşmiş, elmi nailiyyətləri xeyli artmışdı. Buna o zaman yazılı abidələrimizlə bağlı nəşr olunan çoxsaylı monoqrafiya, faksimilye, kataloq, tərtibat kitablarının kəmiyyət və keyfiyyət cəhətdən məhsuldarlığı əyani sübutdur. Çox təqdirəlayiq haldır ki, M.Adilovun və sələflərinin təşkilatçılığında vaxtilə qazanılan elmi nailiyyətlər onun vəfatından sonra, 2011-2014-cü illərdə elmi müəssisəni idarə etmiş, filologiya elmləri doktoru Paşa Kərimovun və hal-hazırda isə, 10 ilə yaxın Əlyazmalar İnstitutuna rəhbərlik edən akademik Teymur Kərimlinin yaratmış olduğu normal iş şəraitində İnstitut əməkdaşları uzun əsrlərin arxasında müqtədir katiblərin köçürüb, təmənnasız olaraq gələcək nəsillərə ərməğan etdikləri əlyazma əsərləri üzərində araşdırma aparmaqla, yeni-yeni elmi nailiyyətlər qazanır və araya-ərsəyə gətirdikləri qiymətli araşdırmaları ilə Azərbaycan elminə, mədəniyyətinə yeni-yeni töhfələr verirlər.

Görkəmli dilçi, əlyazmaşünas-paleoqraf alim, elm təşkilatçısı Məmməd Adilovun anadan olmasının 70 illiyi ilə əlaqəli bu yazıda onunla bağlı olan xoş xatirələri qələmə almaq, bəlkə də daha yerinə düşərdi. Ancaq memuar səpkili yazı əvəzinə, onun elmi fəaliyyətindən və elmi təşkilatçılığından söz açmaq, məncə, daha məqsədəuyğundur. Çünki o aramızda olmayanda onu tanıyanlar həyatda nə qədər varsa, həmişə yad edəcəklər. Və bir gün gələcək, alim haqqında xatirə də tükənəcək. Bu o vaxt olacaq ki, onu tanıyanların sonuncusu da həyatdan köç edəcək. Ancaq alimdən qalan onun yazıları olacaq. Necə ki, Məmməd Adilovun yazdığı monoqrafiyalar, tərtib və redaktə edib nəşr etdirdiyi çoxsaylı kitablar bu vaxta qədər Azərbaycan filologiyasının çox az öyrənilmiş sahələrinə kifayət qədər işıq salıb və onun bu istiqamətdə olan dəyərli, elmi tövsiyələri bu gün olduğu kimi, gələcəkdə də yazılacaq yeni-yeni əsərlərin meydana gəlməsinə geniş imkanlar yaradacaqdır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!