Şair Zabil Pərviz haqqında bir neçə kəlmə
Zabil Pərviz mənimçün, inanıram ki, başqaları üçün də belədir, bir Zabil segahıdır. Mənə elə gəlir ki, bu Zabil segahı heç vaxt yerini dəyişmir və heç vaxt da dəyişməyəcək, səsi hər yerə gedəcək, amma kökü düşdüyü torpaqda əbədi qalacaq.
Səsi də, səsinin ritmi də, qədimliyi də, qədimliyin müasirliyi də heç vaxt dəyişməyəcək. Uzaqdan bilinir ki, bu səs Muğana məxsusdur və o saat hiss edirsən ki, bu səsin yanında Ana Kür var, Yulğun, Torağay, Söyüd, Söyüdün kölgəsində dədələr var.
Tez-tez mənə zəng eləyir, zəng eləyəndə yuxarıda dediyim duyğuları eyni qaydada həmişə, hər zaman olduğu kimi yaşayıram. Lap Zabil Pərviz gəlsin mənə Bakının "Əhmədli"sindən zəng eləsin, fərqi yoxdur, elə bilirəm o səs gedir Muğan düzünə, Neftçalaya dəyib yenidən qayıdır Bakıya və gəlib sevgi ilə dəyir ürəyimin başına.
Dəfələrlə evimizdə qonaq olub, ədəb-ərkanı, danışıq tərzi, bir sözlə, daxili dünyasının ifadəsi bizim evdən gedir Muğan düzünə, Kürün mehində sehirlənir, yulğunları öpür, torağayları dinləyir, onlardan ritm, ətir, sevgi, güc alır yenidən gəlib daxil olur bizim evə, sanki evimiz də onun səsiylə bəhrələnir.
Zabil Pərviz qədim bir torpaqdandır, ağır bir eldəndir, türk obasındandır, Əli bəy Hüseynzadənin ayağı dəyən, torpağı şöhrətləndirən, ona zinət verən bir yurdun azman bir şairidir. Və bu "Azman" sözünü bu dəqiqə içimdə elə dedim ki, səsim otağa yayıldı, o biri otaqdan Kəramət Böyükçöl gəlib dedi ki, ata, o "Azman" sözünü kimə dedin? Dedim, Zabil Pərvizə. O da dedi ki, ata, çox düz eləyib dedin.
Zabil Pərvizin səsi ötən əsrin 70-ci illərindən gəlir, özü də çox gur gəlir. Yetmişinci illərin çox şairi var, çoxunun səsi yoxdur, batıb. Zabil Pərviz hamını haraylayır, səsləyir, hal-əhval tutur. Kimdən incikliyi varsa, deyir. Elə bu incikliyi demək də və həm də bunu deməyi bacarmaq da bir cəsarət səciyyəsidir. Kimin bir şeiri çıxırsa və xoşuna gəlirsə, o saat müəllifə deyir. Özünün də şeirləri dövrü-mətbuatda müntəzəm çap olunur. Amma elə vaxt olur ki, heç kəs ona zəng etmir, ona görə ki, oxumurlar, oxusalar da zəng etməyə ərinirlər və bəzən də heç zəng eləmək istəmirlər. Amma Zabil Pərviz Xəlil Rza çoşqunluğu ilə xoşuna bir şeir gələn kimi dayanmır, təbrik edir, Muğan küləyi kimi coşur, Kür kimi dalğalanır.
Zabil Pərvizin yaşıdlarının çoxu yorulub, Zabil onların da əvəzinə danışır. Mənə elə gəlir ki, onun ədəbi nəslinin adından danışmağa, öz dövrünü ifadə eləməyə tam haqqı var.
İlk vaxtlar hiss edirdim ki, Zabil bir az tələsir, sanki ədəbiyyat qatarına gecikdiyini təsəvvürünə gətirir və mən onun yeni şeirlərini oxuyandan sonra gördüm ki, o ədəbiyyat qatarına gecikməyib və bu qatarın ən birinci vaqonundadır.
Yüz şeirin içindən onun şeirlərini tanımaq olur. Əsasən hecada yazır, amma bu, fərqli hecadır. Sərbəst şeirləri də gözəldir. Çünki şeirin mənbəyi yetkindir. Təcrübə də var, peşəkarlıq da. Mütaliə də var, müşahidə də.
Bu yaxınlarda biz onun "Yaşıl simfoniya" poemasını "Azərbaycan" jurnalında çap elədik, çoxları bilir ki, poema adı çox çətindir və jurnalda çap olunmağı ondan da çətindir. Zabil Pərvizin bu poeması diqqət çəkdi, çap olundu və sonra redaksiyaya edilən zənglər, gələn məktublar sübut etdi ki, doğrudan da, bu poema son dövrdə yazılan ən yaxşı poemalardan biridir. Məzmun və forma paralelliyi və gözəlliyi, ən başlıcası, axıcılıq oxucunu, özü də hazırlıqlı oxucunun diqqətini çəkir və onun düşüncəsində yenilikçi bir assosiasiya yaradır. Ümumiyyətlə, Zabil Pərviz yaradıcılığının əsas xüsusiyyətlərdən biri onun dilinin axıcılığıdır və bu poemada da şair dilimizin möhtəşəm abidəsini yaradıb.
Al günün altında alışıb yanan,
Pulları sayrışan susuz bir ilan
Keçdi alayanıq otlar içindən,
Süründü çalanın sahilinəcən.
Budur, qarşısında həmin qamışlıq,
Burda su tapılar, sərin, ya ilıq.
Bir az da sürünüb irəli getdi,
Birdən qamışlıqdan bir səs eşitdi,
Fəryada bənzəyən yaralı bir səs.
Qurbağa səsiydi... çəkmədi nəfəs,
Su çıxdı yadından. Yarıb otları
Cumdu xışıltıyla ovuna sarı.
Və yaxud
Su verən tapılmadı,
Ölümə susadılar.
Yana-yana Allahdan
Ölüm arzuladılar.
Poemada Muğan torpağının məsnəvisini xatırladan, səhər açılanda uzaqlara yol başlayan qədim bir karvanın ləngərli yerişini göz önünə gətirən möhtəşəm misralar var. İntonasiya mənə Səməd Vurğunun səsini xatırlatdı, əllinci illərdən bu günə gəlib çıxan səsini. Əgər bir hadisə və ya bir detal sənə nəyisə xatırlada bilirsə, bu hal mətnlərarası əlaqəni inkişaf etdirirsə, bu, müəllifin uğurudur. Poemada məzmun, ideya bədiiliyə uyğun bir şəkildə inkişaf edir. Heç biri bir-birindən kənarda qalmır. "Su verən tapılmadı, ölümə susadılar" misraları real həyatı su üzərində, xüsusən "s" səsinin alliterasiyasında qurur və bununla şeirin poetikası ideyaya xidmət edir.
Asma kanallarda asılan sular,
Beton məcralara basılan sular
Bəxtəvər-bəxtəvər baş alıb gedər,
Bəxtəvər çöllərə boşalıb gedər.
Boylanar söyüdlər, baxar çinarlar,
Boylanıb yanarlar, baxıb yanarlar.
Asma kanallarda axar səadət,
Asma kanallarda axar həqiqət,
Axar ürəklərdən qara qan kimi,
Açıq yaralardan qan axan kimi.
Mənə elə gəlir ki, Zabil Pərviz bu poemanı yazmayıb, sadəcə, oxuyub, Muğam kimi - Zabil Segahı kimi. Necə ki, Mirza Sadıq tarın qoluna Zabil pərdəsini əlavə edib, eləcə də Yaradan da Zabil Pərvizi Muğan çöllərinə elə yazıb.
Zabil Pərviz təbiət şairidir, ona görə də dili su kimi axıcıdır, safdır. Nə vaxt ki, cəmiyyət tükənir, o zaman həmqafiyə yoldaşı təbiətə inteqrasiya edir, ondan güc alır, yenidən əvvəlki yerinə qayıdır. Zabil Pərviz də belədir. O, balığın səsini eşidir, quşları dinləyir, təbiətin bir hissəsinə çevrilir.
Yayılır çöl boyunca
Köhnə gözə bir səda.
Xallı turac oxuyur,
Daddada daddada...
Zabil Pərviz xallı turacın dilini bilirsə, demək, şeirin də dilini bilir, insanın da. Muğanın da dilini bilir, muğamatın da, suyun da.
Şair dostuma yeni-yeni yaradıcılıq uğurları arzu edirəm!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!