Kənan HACI
Şeir hissin, duyğunun sözlərə çevrilmiş formasıdır, ona nə qədər modern, futuristik libas geyindirilsə də mayasında insani duyğular çırpınır. Hisslərin tarixidir şeir; insanın içsəsidir. Şeirin tarixi bəşər tarixi qədər qədimdir. Fərqli sivilizasiyaların burulğanında durulan, durulduqca qatılaşan və müxtəlif formalara bürünən şeir hərdaim insanın yol yoldaşı oldu, həyanı, sirdaşı oldu, əksər hallarda xilaskarına çevrildi. Mənaları sözlər vasitəsilə çeşidli formalarda şəkilləndirən şair duyğuların tarixini yazandır.
Şair, yazıçı Damət Salmanoğlu da duyğuların tarixçəsini yazır. Onu şeirləriylə tanımışam. Sonra öyrəndim ki, nəsrlə də məşğuldur, bir neçə povest və hekayələrin müəllifidir. Şeirlərin stixiyasına göz gəzdirək. Məzmun və mündəricə baxımından çoxşaxəli olan bu şeirlər sadə, mütəvazi, lirik arxitektonikası ilə minillik poeziyamızın qaynaqlarından süzülüb gələn ənənəyə söykənir. İnsana, həyata, hadisələrə həssas münasibət, adicə daş parçasına, bir budağa, bir yarpağa şairanə baxış müəlliflə oxucu arasında səmimi münasibət yaradır.
Damət Salmanoğlu ovqat şairidir, insanın təbiətlə təmasından doğan rəngarəng duyğuları poetik simmetriyalarla bizə təqdim edir. Onun bu yaxınlarda "Adiloğlu" nəşriyyatı tərəfindən çap olunmuş "Seçilmiş əsərləri" bu səpgili şeirlərlə zəngindir. Şairin poeziyasının ana xətti Vətəndir, yurdun əsrarəngiz gözəllikləridir.
Bildiyimiz kimi, möhtəşəm Qələbəmiz, ərazi bütövlüyümüzün tam bərpası ədəbiyyatda, bədii sözümüzdə də öz əksini tapmaqdadır. İstər nəsrdə, istər poeziyada yeni düşüncə plastında Azərbaycanın tarixi zəfəri ümumən ədəbiyyatımızın aparıcı xəttinə çevrilməkdədir. Bu baxımdan, Damət Salmanoğlunun poeziyasında da bu günlərin ehtişamlı ovqatı musiqi diliylə desək, orkestral formada üzə çıxır.
Sən ey zəfər hissi yaşadan əsgər,
Xalqın ürəyində ucadır adın.
Məğlub millət kimi daha başımız
əyilmir önündə özgənin, yadın.
Bu misralar qalib xalqın şairinin dilindən səslənir. Qalibiyyət duyğusunu xalqa yaşadan Ali Baş Komandanımız İlham Əliyevin tarixi xidmətləri həm də bu şeirlərdə əbədiləşir.
Müzəffər Ordunun Baş Komandanı,
Heç vaxt unutmadı içdiyi andı.
Düşdü tarixlərə dediyi sözlə:
Qarabağ bizimdir, Azərbaycandır!
Ədəbiyyatımızda Zəfər poeziyası yaranmaqdadır. Elə bir qələm adamı tapmaq mümkün deyil ki, onun yaradıcılığında Zəfərimizin izi olmasın. Güldən, çiçəkdən, sevgidən - nədən yazırsa, yazsın, o misralarda bir qalibiyyət duyğusu var. Bu, qəddi dikəlmiş millətin qalib ruhunun işartılarıdır. Damət Salmanoğlunun şeirlərinin hər misrasında bu qədd duruşu imperativ şəkildə özünü büruzə verir. Möhtəşəm qələbəmiz ədəbiyyatımızda da yeni bir paradiqmanın, yeni gerçəkliyin əsasını qoydu. Haqqın, ədalətin zəfər çalacağına ümidimiz öz bəhrəsini verdi. İnam və əzm bu qələbəni tarixi Zəfərə çevirdi. Şairin dediyi kimi, zaman yetişdi.
Yenə də qəlbinin sarı simləri
Azadlıq uğrunda qoşa ötüşüb.
Səslənir hər yanda Zəfər türküsü,
Haydı, ulu türküm, zaman yetişib!
Bir şairin, bir qələm adamının şeirində bu entuziazm varsa, bu şeirə qədər gələn bütün yolları nəzərdən keçirməyə ehtiyac yaranır. O yollarda sonsuz mübarizə var, əzm və iradə var. Şeirin məna yükü, vətənin, xalqın taleyi qədər tutumludur. Xalqın taleyi hər bir şairin həyatında dərin iz qoyur. Azərbaycan xalqı taleyin çox sınaqlarına sinə gərib, dəfələrlə parçalanma təhlükəsiylə üzləşib, torpaqlarımız işğala məruz qalıb, bir əsrdə neçə dəfə soyqırım, deportasiya yaşayıb. Amma Zaman və Tarix bu xalqı heç zaman darda qoymayıb. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışı ilə Azərbaycan yeni intibah mərhələsinə qədəm qoydu. Bu missiya bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilir. Onun rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etdi, ərazi bütövlüyümüz tam təmin edildi.
Var, ey Vətən, uğrunda
Milyonlarla can verən.
Sənin Ordun qəhrəman,
Liderin uzaqgörən.
Tale elə gətirdi ki, Şuşada keçirilən Vaqif Poeziya Günlərində Damət Salmanoğlu ilə yol yoldaşı olduq. Bu barədə bir dəfə yazmışdım: Qiyabi tanışlığımız şeirlə başlasa da tale elə gətirdi ki, bir gün yollar bizi eyni ünvana - Şuşa səfərinə çıxardı. Müqəddəs arzumuzun gerçəkləşməsinə eyni vaxtda şahidlik etdik. Və mən onu bir insan kimi də yaxından tanıdım. Şəxsiyyət defisiti yaşandığı bir zamanda insanın yaxşı dosta hava-su kimi ehtiyacı yaranır. Məlum bir məsəl var, birindən soruşurlar ki, filankəs necə adamdır, deyir hələ yol yoldaşı olmamışam. Şuşa səfəri Damət Salmanoğlu ilə bizi bir-birimizə daha da yaxınlaşdırdı.
Şuşada olduğumuz zaman bu intəhasız xoşbəxtliyi sözə çevirməkdə aciz qalmışdım, sanki duyğular selinə düşmüşdüm. Cıdır düzündən görünən genişliyi bütünlüklə köksümə sıxmaq istəyirdim. Damət bəy düşüncələrə qərq olmuşdu, bilirdim ki, içində sözlər misralara çevrilir. Axşamı "Qarabağ" otelində gecələdik. Həmin günün səhəri yazdığı "Şuşa xatirələri" şeiri belə yarandı.
Bu gün cənnət Şuşamızda
Göz açmışam bir sübh çağı.
Doya-doya seyr edirəm
"Qarabağ"dan Qarabağı.
Mənzərəsi göz oxşayır,
Dağ havası ruha qida.
Saçlarımı meh darayıb,
Həsrətimə deyir vida.
Bilmirəm ki, gördüklərim
Yuxudurmu, yoxsa nədir?
Elə bil ki, yer üzündə
Səkkizinci möcüzədir!
Damət Salmanoğlu torpağa, Vətənə bağlı şairdir. Onun yaradıcılığında vətənin təbiəti xüsusi bir vurğunluqla təsvir edilir.
Ortada xəyali bir mühit var, bu mühit idillik bir çərçivənin içindədir və şair onu yetişdirən, barındıran bu mühiti oxucuya ötürməyə çalışır. Sözlərlə təbiətin rəsmini çəkir:
Boylanıb astaca kolun dibindən,
əlvida söyləyir bənövşə qışa.
Şeh tutur lalənin ləçəklərini,
Nərgiz qucaq açır yağan yağışa.
Yazın müjdəsini verən yağışlar şairin xəyali səmasında dolaşan buludların bir lütfüdür. Şair Damət Salmanoğlunun şeirlərində bəzən audio-işarələr (yağış, dalğa, şimşək və digər sinergetik simptomlar) alleqorik hallarla gözümüz önündə şəkillənir və misralar öz ritmini sanki diktə edir. Fəsillərin dəyişməsi onun da şeirlərində şəkillənir. Şair payızda doğulsa da təbiətin hökmünə tabe olduğunu və bu tarazlığı qorumaq üçün ilin bütün fəsillərini sevdiyini deyir. Təbii istedadın entuziazmla qovuşduğu nöqtə. Şeir bu məqamda yaranır.
Gəlmişdim yenə də həmin sahilə,
Üfüqdə dan yeri oyanan zaman.
Elə bil günəş də enib dənizə,
Min rəngə boyanıb dayanan zaman.
("Günəş qucaqlaşır mavi dənizlə" şeirindən)
Dan yerinin sökülməsini hərə bir cür təsvir edib. Dənizdən görünən bu əsrarəngiz mənzərə şairin müşahidəsində dayanan zamanla əlaqələndirilir. Şair də rəssam kimi anı yaxalamaq, zamanı durdurmaq istəyir. Günəşin dənizə enməsi (bütün rəng çalarlarıyla birgə) bu misralarda əbədiləşib... Bu qəbil şeirlərin heç bir şərhə ehtiyacı yoxdur. Damət bəyin poetik silsilələri təbiət peyzajlarıyla zəngindir. O, hər gün dənizi görür, Günəşi salamlayır. Dəniz onun yazı masasıdır, duyğularını dalğalara pıçıldayır...
Poeziyanın əbədi mövzularından biri də sevgidir. Damət Salmanoğlunun sevgi şeirindən bir yarpaq:
Xatirələr daha məni ovutmur,
Şəkillərin deyiləsi sözü yox.
Ürəyimdə böyüdürəm, - dediyin
Bu sevginin adı imiş, özü yox.
("Ayrılıq" şeirindən)
Şair isə sevginin özündən yazır, ona bu sətirləri yazdıran sevgidən. Yeni kitabını təbrik edir, ona uğurlar arzulayıram!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!