Vaxtilə BDU-nun Şərqşünaslıq fakültəsini bitirən Gövhər artıq iyirmi il idi çalışırdı. Belə ki, institutun müdiri Bilal Qüdrətzadə onun işindən çox razı idi. Çünki vaxtında işinə gələn, heç vaxt işdən yayınmayan, öz işini hamıdan yaxşı bacaran, eyni zamanda səliqə-sahmanı ilə ordakıları heyrətləndirən Gövhər həm direktor Bilal Qüdrətzadənin, həm də ümumiyyətlə bütün heyətin daim üzünü ağ etmişdi. İnstituta vaxtaşırı müxtəlif ərəb ölkələrindən təşrif gətirən ərəb alimlərlə, yazıçı-şairlərlə ərəbcə sərbəst danışan, çox zaman da müdiri Bilal Qüdrətzadə ilə onların arasında dilmanclıq eləyən Gövhər xanım qonaqların da daim ehtiramını qazanmış, onun haqqında olduqca xoş sözlər deməyinə həm öz ədəb-ərkanı, mədəniyyətilə nail olmuşdu. Bu səbəbdən də dəfələrlə mükafatlar almış, medallarla təltif olunmuşdu. Gövhərin bu qədər işgüzarlığının, zəhmətkeşliyinin səbəbi həm də onda idi ki, o, öz işini çox sevirdi, işinə çox bağlı idi. Əgər onu işindən ayırsaydılar, bəlkə də, bağrı çatlayardı.
Gövhər xanımın həyat yoldaşı Sərdar ali dərəcəli sürücü idi. Əvvəllər marşrut avtobusu sürən Sərdar artıq on il idi ki, ölkədə çox tanınmış biznesmenlərdən biri Şamil bəyin sürücüsüydü və öz patronundan çox razıydı. Şamil bəy səxavətli, gülərüz, mehriban bir adam idi. Kimsənin ürəyini qırmaz, hamını özündən razı salmağa çalışardı. Şamil bəy Sərdarın həyat yoldaşı Gövhərə də hüsn-rəğbət bəsləyir, Sərdar evdə olarkən onunla telefon əlaqəsi saxlayarkən hökmən Gövhər xanımın da kefini soruşur, bir sıxıntısı varsa mütləq deyin, qardaşınız imkan daxilində sizə kömək eləsin, - deyirdi.
İndi isə Sərdar patronundan ürəyəyatan bir söz eşitmişdi. Bir həftədən sonra Şamil bəy Bakının ən füsunkar restoranlarından birində yeganə qızına toy eləyəcəkdi. İllərlə toya getməyi arzulayan Gövhər ərindən bu əlamətdar xəbəri eşidən kimi, toya hökmən dəvət alacaqlarına əmin olub, artıq özünü ən əziz qonaq kimi Şamil bəyin qızının toyunda hesab etdiyi üçün əlinə mikrofona bənzəyən boş duzqabı götürüb güzgü qarşısında dayanaraq dil-dil ötürdü:
- Möhtərəm qonaqlar! Toy əcdadlarımızdan bizə miras qalan misilsiz bir adətdir. Toy hər valideynin, hər ananın, hər atanın ən böyük arzusudur. Çünki toy gələcəyə ümidlə baxmaq üçün bənzərsiz bir vasitədir. Toy şirin-şəkər nəvələrin dünyaya gələcəklərindən xəbər verən olduqca xoş bir müjdədir. Toy iki gəncin xoşbəxtlik bulağının qaynamağa başladığı gündür. İnsan sürdüyü həyatda enişlərlə, yoxuşlarla yaşayır. İnsan həyatı sevinclərdən və kədərlərdən ibarətdir... Dediyim kimi, toyda bir-birinə hüsn-rəğbət bəsləyən şəxslər hamı bir araya gəlir və bir-birinə: - O gün olsun sizin subaylarınız üçün olsun, oğlundan görəsən, qızından görəsən, - deyir. Bəylə-gəlinə isə: - Qoşa qarıyasız, oğullu-qızlı olasız, Allah öz inayətini, mərhəmətini, rəhmətini üzərinizdən əskik eləməsin. İndi mən də deyirəm, toyunuz mübarək olsun, səadət bütün ömrünüzcə sizə yar olsun. Bəxtəvərlik heç vaxt qapınızdan çəkilməsin. Bütün arzularınız çin olsun inşallah! Bura gələn qonaqların ürəklərində nə arzu varsa, Allah müstəcəb eləsin inşallah! Xoşbəxt olun dostlar! Allah mübarək eləsin! İndi isə bütün qonaqları rəqsə dəvət edirəm.
Sərdar ona baxıb gülümsəyirdi. Gövhər çıxışını bitirən kimi gülümsəyərək üzünü ərinə tutdu:
- Sən nə deyəcəksən, Sərdar?
Sərdar yüngülcə başını buladı:
- Sənə çıxış üçün söz verəcəklərinə əminsənmi?
Gövhər dodağını qəribə şəkildə büzüb hər iki əlinin baş barmağını yuxarı qaldırdı:
- Əlbəttə! Şamil bəy çox həssas, geniş qəlbli, mədəni adamdır. Mənə elə gəlir ki, o, düz on il ən azı yarım milyon qiyməti olan avtomobilinin sükanını hərləmiş öz dəyərli sürücüsünün xanımına övladının toyunda hökmən söz verər. Sənin mənimlə işin olmasın. De görək nəyin var, nə deyəcəksən, növcavanları necə təbrik eləyəcəksən?!
Sərdar duzqabını Gövhərdən alıb güzgünün qarşısına keçdi və bədənnüma güzgüdə iri qamətini o tərəf, bu tərəfə tərpətdi:
- Qoy bir pozamı alım. Aha, demək belə! Çox möhtərəm qonaqlar! Mən səbəbkarlarımızı təbrik etməzdən qabaq istəyirəm misilsiz bir insan olan Şamil bəy haqqında bir neçə söz deyim. Mən on ildi, düz on ildi bu nəcib şəxsiyyətin sürücüsüyəm və onun sürücüsü olmağı özümə şərəf, səadət hesab eləyirəm. Yəqin ki, burdakı qonaqların əksəriyyəti bilir, bu kişinin ağzından ləl-cəvahirat tökülür. Bilirsiz insanlar hamısı bərabərdir, lakin o insan ki, vəzifəsinə, puluna güvənib sadə adamlara aşağı baxır, məhz Uca Allah o cür adamları bəyənmir. Şamil bəy kübar cəmiyyətdə çox nüfuzlu, hörmətli biridir. Lakin onun öz işçilərilə münasibəti heyrətamizdir. O, həm də bizə, öz işçilərinə etibar eləyir, başa düşürsüz?! Bəzən yüz min pul verir ki, Sərdar bu pulu filankəsə çatdır.
Bur yerdə Gövhər narazı halda başını buladı:
- Nə danışırsan, ay kişi?! Heç dəxli var?! Bir tərəfdən Şamil bəyin yüksək-mənəvi keyfiyyətlərindən danışırsan, bir tərəfdən də məsələyə aid olmayan sözlər deyib baş-ayaq vurursan. O yüz mini demə, onun məsələyə heç bir aidiyyatı yoxdur.
Sərdar yüngülcə başını tərpətdi:
- Yaxşı, yüz mini aradan sildik. Hə, deməli belə. Mən Şamil müəllimin övladına, gözəl gəlinimizə və bəyimizə yalnız səadət, səadət, səadət arzulayıram. İndi isə bəylə gəlini rəqsə dəvət edirəm! Adə zurnaçı, üflə o zurnanı! Bir dənə "hopstop"!
Gövhər bu dəfə bir qədər qeyzli şəkildə başını buladı:
- Nə hopstop, hansı hopstop?! İndi hopstop vaxtıdır ay kişi?!
Sərdar sol əlini yana açdı:
- Bəs nə vaxtıdır?
Gövhər yenə güzgüyə yaxınlaşıb qırx beş yaşına baxmayaraq gənc qızlardan daha cazibədar görünən çöhrəsinə diqqət etdi:
- Hopstopun əl-qolunu bağlayıb sandığa salmaq lazımdır. İndi camaat toylarda Koreya, Yapon, Amerika rəqsləri oynayır.
Sərdar narazı halda dilləndi:
- Qoy bizi oturmuşuq ay Gövhər, bəs bizim öz milli rəqslərimiz, "Tərəkəmə", "Heyvagülü", "Qazağı", "Xançobanı", onlar nə oldu?
Onlar folklorşünasların kitablarında qaldılar. İndiki gənclər o rəqslərə gerilik kimi baxır.
Sərdar ikrahla gülümsündü:
- Nə gənclikdi bu belə ki, öz keçmişinə xor baxır?! Eşitməmisən ki, keçmişinə xor baxanı, gələcək nəsillər topa tutar! Sözün açığı gənclərimizin bu qədər dəyişdiyini bilməzdim.
Gövhər yalnız indi nəzərlərini bədənnüma güzgüdən ayırdı:
- Hardan biləsən? İllərdir bizə verilən dəvətnamələri cırıb atmısan. Məni də illərlə toylara həsrət qoymusan, heç fikirləşməmisən ki, axı bu da insandı, bunun da bu dünyadan zövq almağa haqqı var.
Gövhərin, Sərdarın iliyinə işləyən sözlərindən sonra otaqda bir xeyli sükunət hökm sürdü. Nəhayət, Sərdar sükutu pozdu:
- İndi ki, belədi, mən vaz keçirəm rəqs eləməkdən.
Gövhər sağ əlini yellədi:
- Elə şey yoxdu, camaat nə deyər?! Toya gedən adam hökmən rəqs eləməlidi. Yoxsa toya gələn qonaqlar elə bilər ki, paxıllıqdan əl-qol atmırsan.
Gövhər bunu deyib ərinin pərtlikdən pörtmüş yekə sifətinə, nəmlənmiş gözlərinə baxdı:
- Bura bax Sərdar, olmaya məndən incidin?
O yaxına gəlib Sərdarın kobud, iri sağ əlindən tutdu:
- Yaxşı, ürəyinə salma! Bir sözdü dedim. Axı biz toya hazırlaşırıq. Rəqs eləmək bir yana. Gərək mən toya layiq paltar tapım, səninçün də qəşəng bir kostyum alım.
Gövhər bu dəfə sol əliylə Sərdarın sağ əlindən yapışdı:
- Bilirsən, ancaq gəlin gələndə, yəni iyirmi beş il bundan qabaq böyük bacım Sənubər basıb məni maşına, zorla aparıb gözəllik salonuna. O vaxtdan heç vaxt orda olmamışam. Gərək toy günü bir ora baş çəkim. Etiraz eləməzsən ki?!
Sərdar zorla üzünə gülüş ifadəsi verdi:
- Yox, əlbəttə!
Bununla da onların bu günlük toy haqqında söhbətləri bitdi.
Toy gününə üç gün qalmış axşam işdən gələndə Sərdarın qanı çox qara idi. Gövhər bunun səbəbini soruşanda o, qəzəblə sağ əlini yellədi:
- Elə bil indiyə qalmışdı.
Gövhər sualının cavabını almaq üçün səbrini bir az da basdı. Nəhayət, Sərdar onun sualını cavablandırdı:
- Şamil bəy mənə bir əmanət vermişdi ki, bir nəfərə çatdırım. Maşını sürətlə qovdum və yol polisi saxlayıb sürücülük vəsiqəmi aldı, maşını isə cərimə meydançasına apardı.
Gövhər narahat halda soruşdu:
- Şamil bəy bunu bildi?
Sərdar siqaretə dərin qullab vurdu:
- Bildi. Zəng də vurdu, lakin Şamil bəy sadəcə biznesmendi. Rütbəsi, vəzifəsi yoxdu. Odur ki, güzəşt eləmədilər.
- Bəs əmanəti necə, çatdıra bildin:
Sərdar yenə havaya tüstü buraxdı:
- Çatdırdım. Taksi çağırıb apardım. Lənət şeytana! Mən də istəyirdim toy günü orda sürücü kimi bir işə yarayım. Nə isə...
Gövhər ona ürək-dirək verdi:
- Eybi yox, ürəyini sıxma!
Gövhər bunu deyib iri dolabı açıb ordan gözoxşayan bir kostyum götürdü:
- Narahat olmağına dəyməz. Bax, əla kostyumdu, geyinsən sən də bəyə oxşayacaqsan. Qara kostyum, mahud parçadan. Özü də 60, 4-cü rost. Əsil sənin ölçün.
Sərdar kostyumu geyib güzgü qarşısında dayanandan sonra əsəbləri xeyli sakitləşdi. Kostyum onun təndürüst qamətinə o qədər yaraşırdı ki, gözlərini güzgüdən çəkə bilmirdi. Odur ki, gözlərini güzgüdən ayırmadan soruşdu:
- Bəs sən, toy üçün paltar aldınmı?
Gövhər dolabdan zərxaradan hazırlanmış paltar çıxarıb geyindi və geyinən kimi o qədər gözəlləşdi ki, Sərdarın o qədər də böyük olmayan gözləri xeyli böyüdü:
- Aman Allahım! Aman ya Rəbbim! Sən dünya gözəli imişsən. Mən yüz faiz, yüz faiz əminəm ki, o toyda səndən daha gözəl qadın olmayacaq.
Gövhər ərinin sözlərindən xoşlana-xoşlana servantın üstündən balaca bir vaz götürüb içindəki zinət əşyalarını barmaqlarına, qulaqlarına, qollarına, boynuna taxmağa başladı.
Sərdarın gözləri indi bir az da böyümüşdü, o xanımı üçün bu qədər ziynət əşyası almamışdı və onun buna gücü də yetməzdi.
Gövhər onun çox maraq etdiyini görüb səkkiz barmağını bəzəyən brilliant, yaqut, zümrüd, firuzə qaşlı qızıl üzüklərə baxdı:
- Bir qismini bacım Sənubərdən, bir qismini rəfiqələrimdən birouz götürmüşəm. Gözlərin kəllənə çıxmasın.
Sərdar yumruğunu büküb sağ əlini yuxarı qaldırdı:
- Sən par-par parıldayacaqsan Gövhər. Mən əbləh indi anlamışam ki, nəinki Bakıda, yer üzündə sənin kimi gözəl yoxdu.
Gövhər bir az nazlandı:
- İyirmi beş ildi evliyik, indi bilmisən mənim qədrimi?!
Sərdar başını buladı:
-Yox, yox əzizim. Mən həmişə sənə yüksək dəyər vermişəm. Bilirsən, bizim nəsillikcə xasiyyətimiz belədi. Öz xanımına belə xoş söz desən, sanki erkəkliyi artıq əldən vermiş olursan. Biz heç vaxt öz fikirlərimizi açıq-aşkar ifadə eləyə bilmirik. Öz halal xanımına bir şirinlik eləsən, sanki özün öz gözündə qiymətdən düşmüş olursan. İndi görürəm ki, bu heç də yaxşı xüsusiyyət deyil.
Sərdar sözünü bitirəndən sonra hər ikisi təzə geyimlərini soyunub ev paltarları geyindilər ki, təzə əlbisələr çirkə-zada batmasın. Bundan əlavə Gövhər ziynət əşyalarını da çıxarıb vaza yığıb əvvəlki yerinə qoydu və üzünü ərinə tutdu:
- Düşünürdüm toya beş yüz manat salarıq. Amma indi fikirləşirəm ki, Şamil bəy çox zəngin adamdır, yəqin ki, elə isə biz niyə xəcalət çəkməliyik. Biz də toya min manat salarıq, hə Sərdar?
Sərdar başını tərpətdi:
- Hə, əlbəttə! Biz kimdən əskiyik ki...
Bundan sonra Sərdar yenə bir siqaret alışdırıb çəkməyə başladı. Gövhər isə işdən yorğun gəlmiş əri üçün isti yemək və çay tədarükündə oldu.
Bir sözlə iyirmi beş il müddətində toy görməmiş ər-arvad toy gününə qədər xəyallarla yaşadılar.
Ertəsi gün Gövhər xanım işə gələndə onun dünən məhşur bir biznesmen Şamil bəyin övladının toyunda iştirak edəcəyini bilən Bilal Qüdrətzadə onun kağız kimi ağarmış çöhrəsini görəndə qorxuya düşdü, odur ki, salamlaşmadan soruşdu:
- Sizə nə olub Gövhər xanım, bəniziniz ağappaqdı. Yoxsa toyda bir hadisə baş verib?
Gövhər başını buladı:
- Toyda heç bir hadisə baş verməyib.
Bilal Qüdrətzadə bir addım da ona yaxınlaşdı:
- Bəs onda nə olub Gövhər xanım? Mən sizi heç vaxt bu vəziyyətdə görməmişəm. Bəlkə, rəhmətə gedən var?
Gövhər köksünü ötürdü:
- Yox, rəhmətə gedən də yoxdu.
Bilal Qüdrətzadə indi yerindən tərpənmədən soruşdu:
- Axı bəs onda nə olub? Səbrim tükəndi vallah! Bilirəm dünən Sərdarla toya getmişdiz. Kaş həmişə toy olsun!
Bilal Qüdrətzadə yenə nəsə demək istədi, lakin Gövhər onun sözünü kəsdi:
- Toya getməmişdik Bilal müəllim!
Bilal Qüdrətzadənin səsi bu dəfə həmişəkindən zəif çıxdı:
- Niyə?
Gövhərin səsi indi ney avazına bənzədi:
- Çünki bizi toya dəvət eləmədilər.
Bilal Qüdrətzadə olduqca məyus halda kətilin üstündə oturdu və bir neçə saniyə keçəndən sonra bir kəlmə söz dedi:
- Niqab... Əfsuslar olsun ki, bəşər övladının yarısından çox məhz bu cür niqab taxır, məhz Şamil bəyin taxdığı "niqab"dan.
Ertəsi gün, bazar günü olduğu üçün iş olmadığından Gövhərlə Sərdar dənizkənarı parka gəzməyə getmişdilər. Əslində gəzməyə getmişdilər deyəndə, srağagün axşamdan bəri düşdükləri ağır vəziyyətdən çıxmaq üçün mavi Xəzərin sahilindəki parkda gəzməyə üstünlük vermişdilər. Çünki zatən onlara mələk kimi görünən Şamil bəy onları övladının toyuna dəvət etməyib aşağılamaqla onlara, bəlkə də, övladsızlıq acısından da ağır zərbə vurmuşdu. Onlar Sahil bağındakı əsrarəngiz yaşıllıqlara, dayanmadan Bakı əhalisinə həzin laylay çalan mavi Xəzərə, Xəzərin əzəmətli körpülərinə tamaşa etməklə həddindən artıq gərilib tarıma çəkilmiş əsəblərinə su çiləmək istəyirdilər. Əsas o idi ki, mavi Xəzər olduğu kimi görünürdü, o bir sıra nankor insanlar kimi niqab taxmamışdı. Hardansa lap uzaqdan isə həzin bir mahnı sədalanırdı:
Gecənin zümzüməsin,
Əks edən laylasısan,
Gündüzün həzin-həzin,
Vəsf edən avazısan.
Dünyada yox bənzərin,
Mavi gözlü gözəlim.
Ziynətim, simuzərim,
Mənim əziz Xəzərim.
Şahə qalxdığın zaman,
Titrədirsən hər yanı,
Sakit axdığın zaman,
Oxşayırsan səmanı.
09.09.2023
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!