Hörmətli Azər müəllim!
Artıq bir neçə gündür ki, respublikanın ədəbi ictimaiyyəti AYB Lənkəran Bölməsinin yaranmasının 45 illik yubiley tədbirlərinə şahidlik edir. Fəaliyyətdə olduğu yarım əsrə yaxın bir dövrdə Bölmənin şinelindən çıxan onlarla istedadlı şair və yazıçılar ədəbiyyatımızın inkişafında fəal rol oynayıblar. Bu gün AYB Lənkəran Bölməsi cənub bölgəsinin altı rayonunda yaşayan yüzdən çox AYB üzvünü və xeyli sayda həvəskar yazarı öz ətrafında birləşdirir. Onların bir çoxunun imzaları artıq respublika ədəbi mühitində qəbul olunan yazarlardır.
Təsadüfi deyildir ki, 6 oktyabr 2023-cü il tarixində bu əlamətdar tarix AYB-nin Natəvan klubunda AYB rəhbərliyinin, çoxsaylı yazarların, ictimai-siyasi xadimlərin iştirakı ilə yüksək səviyyədə qeyd edildi.
Hörmətli Azər müəllim!
"Ədəbiyyat qəzeti"nin ölkənin ən reytinqli ədəbi orqanına çevrilməsində, ədəbi mühitdə böyük nüfuz və çoxsaylı oxucu sevgisi qazanmasında baş redaktor olaraq sizin müstəsna xidmətinizi qeyd etməmək ədalətsizlik olardı. Özünün intibah dövrünü yaşayan qəzet ayrı-seçkilik qoymadan cənub bölgəsində yaşayan yazarlara da səhifələrində həmişə səxavətlə yer ayırıb. Bu səbəbdəndir ki, qəzetiniz bölgəmizdə sevilir və oxunur.
Yubiley tədbirlərinin davam etdiyi bu günlərdə sizə müraciət etməyimdə məqsədim bizə həmişə göstərdiyiniz diqqət və qayğınızdan yararlanmaqdır. Bölməmizin əhatə etdiyi altı rayonda yaşayan yazarlardan bir neçəsinin yazılarını sizə göndərməklə qəzetdə işıq üzü görülməsinə yardımçı olacağınızı xahiş edirəm. Bu həm də sevincimizə sevinc qatmaqla qəzetin bizlərə ən böyük təbriki və hədiyyəsi olacaq.
Ümid edir və qabaqcadan təşəkkürümü bildirirəm.
Hörmətlə,
Qafar CƏFƏRLİ
AYB Lənkəran Bölməsinin sədri,
yazıçı-publisist
Anar SEYİDAĞA
Ata
Marş səsi gəlirdi.
Yatağında qığıldayırdı
Şəhid qızı.
İlk dəfə sevməyə başlayanda
Atasının şəklini sevəcək.
Şəkilə danışacaq,
Şəkilə ağlayacaq.
Hələ dünyanı sevirdi,
Böyüyüb söyəcək deyə...
Canım anam,
Canım ana Vətən,
Ah, atam,
Ax, Tanrım...
Himn səsi gəlirdi.
Uzaqdan baxırdı Tanrı,
Yaxına gələ bilmirdi.
Bilirdi -
dünya yaranandan
atasız uşaqların
Onu sevmədiyini
bilirdi.
Lənkəran
Arif FƏRZƏLİ
Qoşa yol
İlmə-ilmə, naxış-naxış
Ömrüm başdan-başa yoldur.
Yaşandıqca səf bağlamış
Günlər yaşdan-yaşa yoldur.
Yol ardınca bir daha yol,
Yaxına yol, uzağa yol.
Köz düşdükcə ocağa - yol,
İz düşdükcə daşa - yoldur.
Harda təbim, orda sevgim,
Məni qoymaz darda sevgim...
Xalqa sevgim, yurda sevgim
Taleyimdə qoşa yoldur.
Arif, dərdə olma yedək,
Yedəyə al, sən onu çək.
Şairlik də şəhidliktək
Tarixə birbaşa yoldur...
Bağışla
Bağışla nəvəni, Füzuli baba,
Yanında qaradır üzü, bağışla.
Saldıq zarafata, saldıq kitaba,
Saldıq mərtəbədən "Söz"ü, bağışla.
Tanrını öyməyə söz qalmadı ki!
Şeytanı söyməyə söz qalmadı ki!
Əyrilər əyməyə söz qalmadı ki!..
Susmaqdan lallaşan düzü bağışla.
Ağızlar taybatay, bağlayanı yox,
Yalanı yolundan saxlayanı yox,
Qalıb ortalıqda, ağlayanı yox,
Sözü öldürüblər, sözü bağışla.
Tək çəpik deyildi bu əlin işi,
Tək qarğış deyildi bu dilin işi.
Sən deyən olmadı, Füzuli kişi,
Sən deyən olmadıq, bizi bağışla...
Masallı
Ədalət SALMAN
Təki Vətən yaşasın
Qarabağ döyüşlərində
əlil olmuş igidlərimizə
Siz - düşmən bağrına sancılan bir ox,
Siz - elin dayağı, yurdun sipəri.
Biz sizi tanıda bilməmişik, yox,
Siz Allah, əfv edin biz şairləri!
Mən düşkün görmədim sizi heç vədə,
Qolunu, qıçını itirən də var.
Döyüşdən dönəndə öz bədənində
Güllə qəlpələri gətirən də var.
Siz ey sinəsini sipər edənlər,
Ölümün üstünə mərdtək gedənlər.
Sarsılmaz dəyanət gördüm mən sizdə,
Yarı canınızı itirsəniz də!
Sağkən qiymətiniz verilməlidi, -
Qoy sizə qəhrəman adını verək!
Sizə söz çələngi hörülməlidi,
Sağkən heykəliniz qoyulsun gərək!
Heç nə qıra bilməz inadınızı,
Bir gün xoş müjdəni tarixə yazın.
Siz qurban verdiniz həyatınızı,
Təki yurd yaşasın, Vətən yaşasın!
Qələbə eşqi var dağ köksünüzdə,
Siz yenə keşikdə durmusuz ayıq.
Döyüşə gedəndə başımız üstə
Biz sizi bayraqtək qaldırmalıyıq!
Cəlilabad
İqbal NƏHMƏT
Mən nə boyda dönüm ki...
Ört bütün qapıları,
Yetər ki, baca qalsın.
Mən nə boyda ölüm ki,
Ölüm balaca qalsın.
Mən nə boyda gülüm ki,
Eşitməsin ağlayan.
Bəlkə də o, olacaq
Gözümüzü bağlayan.
Mən nə boyda bölüm ki,
Bir tikəni yüz yerə.
O qədər əyri getdik,
Yetişmədik düz yerə.
Açılmadı önüm ki,
Köçən köçümdə qalsın.
Mən nə boyda dönüm ki,
Dünya içimdə qalsın.
Darıxmaq öyrədir
bu şəhər mənə
Darıxmaq öyrədir bu şəhər mənə,
Hər dəfə kiçilir hər gəlişimdə.
Mən uzaq adamam bu küçələrə,
Bir şəhər yox olur hər gedişimdə.
Adam çox, nəfəs yox bir udum udam,
Qalır boğazımda şəhər havası.
Suya batırmağa çörək axtarır,
İradə Aytelin ala qarğası.
Darıxmaq öyrədir özü də necə,
Azdığım küçədə yenə azıram.
Elə bil atamın tikdiyi evdə,
Anamın dilində şeir yazıram.
Əlimi atıram cibimə sarı,
Bənizi dəyişir qaraçı qızın.
Sallanır maşının qapılarından,
Yaxılır şüşəyə qarası qızın.
Allah xatirinə kömək et deyir,
Bəzən bu "köməyin" biri bir təpik.
Düşür ovuclara qara daş kimi,
Allahın xatiri iyirmi qəpik.
Sınır qədəhlərin səsində şəhər,
Açılan süfrənin məzəsi olmur.
Hamı dost olmağa çalışır məgər,
Dostun köhnəsi var, təzəsi olmur.
Yardımlı
Günel RASİBQIZI
Bu gün...
Şəhid məzarının üstündə sanki
Uyuyan gülləri ağlayan gördüm.
Bu gün bir ananın gözlərindəki
Kədər dənizini çağlayan gördüm.
Bu gün bir gəlinin qara taleyi
Öz qara bəxtini hey ağlayırdı...
Bu gün bir körpənin kövrək gileyi
Şəhid məzarını qucaqlayırdı.
Bu gün göy üzü də geyinib qara,
O da matəmdədir, o da yas tutur.
Bu gün neçə qəlbə vuruldu yara,
Günəş də buludun gözün qurudur...
Astara
İlham İLHAMİ
Aysel qələm aldı
Hesablı şeir
Aysel üç qələm,
Üç dəftər aldı,
Qələm-dəftəri
Çantaya saldı.
On səkkiz manat
Xərclədi bu qız,
Aldığı dəftər
Qələmdən ucuz.
İkicə manat
Bahaydı qələm,
Gərəkdir bunu
Mən sizə deyəm...
İndi deyin siz,
Qələm neçəydi,
Bu hesab ilə -
Dəftər neçəyə?
Uşaqlar buna
Tamam mat qaldım,
Odur ki, sizdən
Mən xəbər aldım!
Astara
Məmməd ƏVƏZOĞLU
Yorulanda
Yaş gəlir, çəkirik yaşın dərdini,
Ağaran kirpiyin, qaşın dərdini.
Ürək də anlamır başın dərdini,
Həyat gözdən düşür göz yorulanda.
İnsanlar nə yaman ürəksiz olub,
Çörək verən kişi çörəksiz olub,
Dinib-danışmaq da gərəksiz olub,
Dilinin ucunda söz yorulanda.
Bircə sözümüz var, hanı o çağlar,
Əvvəlki kişilər, köhnə qoçaqlar.
Hələ qızınmamış sönür ocaqlar,
Yandıra bilməyən köz yorulanda.
Dünyanın dağ boyda dərdləri varsa,
Mənzil elədiyin məzardan darsa,
İndiki zamanda hünərin varsa,
Yaxşını, yamanı çöz, yorulanda.
Mənasız həyatdan doya bilmirik,
Tanış qapıları döyə bilmirik,
Ürək istəyəni deyə bilmirik,
Məhəmməd, bir azca döz, yorulanda.
Masallı
Mükafat YAQUBOV
Azərbaycan
Vətən - bu el, bu obadı,
Vətən - bu dağ, bu qayadı,
Vətən - isti bir sobadı,
Ocağında ürək yanar!
Qanım qaynar bu düzlərdə,
Qurban getsə lap yüzlər də.
Qürur görərsən üzlərdə...
Keşiyində mərd dayanar.
Doğma yurdum Azərbaycan,
Vətən, borcum Sənə bir can!..
Qurban ollam axıracan,
Canım olsa yenə min can!!!
Urmiyadan Bakıyacan,
Qaynayar Vulkan oyanar!!!
Lerik
Müşfiq MƏMMƏDOV
Bu payız
Bu payız ruhuma necə də yaxın,
Elə bil ömrümə bənzəyir bir az.
Budağından qopan yarpağa baxın
Açıb qanadını, bir an dayanmaz.
Ana qucağına can atır sanki,
Rəngində sevginin parıltılısı var.
Əbədi ünvana qovuşsun təki,
Torpaqla bir ömür pıçıltısı var.
Dönüb illərimə baxıram geri,
Bu qədər çarpışmaq, bəlkə hədərmiş.
Həyatda heç nəyin itmir dəyəri,
Ömürsə yarpağın ömrü qədərmiş.
Lerik
Pənah DUMANOĞLU
Sərbəst şeir
Göz dikməmişəm
Dünya malına
Nə dövlətinə,
Nə varına.
Öləndə də ağ kəfən istəmirəm
Bükün məni
Anamın qara şalına...
Yardımlı
Ruhiyyə ABBASZADƏ
Üç güllə yarası
Ana 44 günlük Vətən müharibəsində Şəhadətə yüksəlmiş oğlunun cənazəsi önündə diz çöküb oğlunu gətirən zabitlərə səsləndi:
- Tabutu açın, mən oğlumu görmək istəyirəm!
Zabit etirazını bildirdikdə ana hönkürə-hönkürə dəli kimi bağırdı:
- Açın deyirəm! Bir dəfə, heç olmasa, bircə dəfə oğlumun üzünü görüm, saçlarını tumarlayım. Açmasanız, bu saat özümü öldürəcəm!
Zabitlərdən biri irəli gəlib tabutun baş tərəfini açdı. Bayaqdan vay-şivəni dağ-daşları əridən ana indi lal-dinməz, heykəl kimi dayanaraq tabutda yatan oğluna baxırdı. Ana gözlərini oğlunun üz-gözünə, boy-buxununa zilləyib qalmışdı. Oğlu nur içində elə şirin-şirin uyumuşdu ki, ananın ürəyi gəlmədi səsləyib onu yuxusundan oyatsın. "Balam çox yorulub, qoy yatıb dincəlsin", - deyə ürəyində öz-özü ilə danışdı.
***
...Şəhid balasını torpağa tapşırdıqdan sonra da dərdli ananın göz yaşları dayanmadan sel kimi axırdı. Oğul dərdi odsuz-alovsuz yandırıb yaxırdı ana ürəyini.
Bu müdhiş gecədə ağı deyib ağlamaqdan heydən düşən ananı oturduğu yerdə yuxu aparmışdı. Yuxu ananın gözlərinə çökən kimi oğlunu gördü. Oğlu onun qarşısında dayanıb dedi:
- Niyə yaralarımı oxşamadın, ana?! Oxşasaydın, bəlkə şəfalı ana əllərin məlhəm olardı yaralarıma.
Ana əl atıb sir-sifətini cırmaq-cırmaq etdi:
- Can bala! Anan ölsün, oğul! Sənin o təhər şirin-şirin yatdığını gördüyüm anda birdən-birə lal oldum elə bil, əlim-qolum bağlandı. Oyatmaq istəmədim səni o rahat yuxudan. Sənin elə rahat-rahat yatdığını heç vaxt görməmişdim axı. Atasız olduğun üçün uşaqlıqdan səni əzab-əziyyətlə tək böyütdüm. Ana-bala yarı ac, yarı tox çətin günlər yaşadıq. Hələ altı-yeddi yaşlarında ikən oyuncaq avtomatlarla oynamağı sevərdin. Sənə oyuncaq almağa pulum olmazdı. Buna görə məndən küsər, çox vaxt qaş-qabağını sallayardın. Gözünün qurdunu öldürəsən deyə, qonşu uşaqlarının oyuncaqları ilə oynayardın. Uşaq vaxtından səhərlər səni özümlə işə apardığım üçün doyunca yata bilməzdin.
- Mən bayaq da yatmamışdım anacan, səni eşidirdim, duyurdum; ancaq cavab verə bilmirdim. Çünki düşmənin vurduğu güllə yaraları dərin idi, ana, məni çox ağrıdırdı.
- Ağrıyan yarana yanan canım qurban oğul, gözüm qurban, ay oğul!
- Mənim yaram bir dənə deyil, ana. Son döyüşdə üç güllə yarası almışam. Toxunsaydın bilərdin qanı axan yaralarımın yerini...
Bu zaman ananın sinəsindən elə bir nalə, elə bir fəryad qopdu ki, fəryadına buludlar da ağladı.
***
Səhərisi oğlunun komandirinə zəng vuran anaya bildirdilər ki, onun oğlu Şəhidlik zirvəsinə Vətən uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşarkən aldığı üç güllə yarası ilə ucalmışdır.
Cəlilabad
Sakit İLKİN
Getmə...
Əl açıb içimnən sənə əllərim,
Əl uzat bircə yol bu ələ, getmə.
İçimdə atəş var, yanır ciyərim,
Üstümə bir ovuc su ələ, getmə!
Düşün, bu torpaqdan göy nə istəyir.
Yer nə istəyirsə, göydən istəyir...
Dinlə ürəyimi, gör nə istəyir,
Cavab ver gözümdə suala, getmə!..
Doğru cavab olsun, son ahım olsun,
Qoy səni sevməyim günahım olsun.
Danış dərdlərini, Allahın olsun,
Məni döndər suya, su elə, getmə!
Yardımlı
Samit NURİYEV
Səndən uzaqlarda...
Səndən uzaqlarda daha yaxşıyam -
Səndən uzaqlarda daha yaxınsan...
Gəl danışım sənə sənsiz anları -
Gəl mənim ruhuma otur yaxın sən.
Göylərdə izləyib xoş xəyalını,
Fikirlər içində yarışaram mən.
Hər gecə yuxumda qonaq kimisən,
Hər səhər yuxumu danışaram mən.
Bu sonsuz səmada süzmək istərəm,
Həsrət qanad qırar, düşürər məni.
Bu isti havanın, bu isti günün
İsti şüası da üşüdər məni.
Səndən uzaqlarda daha yaxşıyam -
Sevincin, kədərin fərqi olmaz ki...
Sənə ha danışım sənsiz günləri -
"Quyuya ha su tök, quyu dolmaz ki"...
Masallı
Təbrizə PÜNHAN
İgid gəlir
Bir igid yatıb gəlir,
Qanına batıb gəlir,
Soyuq olub, bayrağı
Üstünə atıb gəlir.
Ay ana, çıx yoluna,
"Xoş gəldin" de balana,
Səs-küyə oyanmasın,
Dözə bilməz halına.
Dur, bax insan sayına,
El yığışıb hayına,
Dəvət elə onları
Bir qarış "sarayına".
Oğlun sığmaz evinə,
Sevgisi bir xəzinə.
Dolub elin köksünə,
Yaşayar sənə-sənə.
Astara
Xanlar HƏMİD
Nəfəsindən öyrəndim
Nəfəsindən öyrəndim
Necə gedib gəlməyi.
Ruhunda yaşamağı,
Dodağında ölməyi.
Dodağın atəş gülü,
Onda ölüm də gözəl.
Yuxusunda eşq görür,
Adın dilimdə, gözəl.
Fitrətində nə var ki,
Bir izahı yox eşqin.
Oxun sığala gəlməz,
O görünməz ox eşqin.
Nəfəsindən öyrəndim,
Sevda nədir, bilməyi.
Öyrəndim bir can üçün
Mən dirilib ölməyi.
Lerik
Əyyub TÜRKAY
Atanın qazi oğluna məktubu
On səkkiz yaşındasan,
Yaşına qurban, oğul.
Ömrünün baharına,
Qışına qurban, oğul.
Döyüşdüyün vətənin
daşına qurban, oğul.
Qəlpə yarası alan
başına qurban, oğul.
Şəhidlərçün gözündən
axan yaşına qurban.
Gözün üstə qanamış,
Qara qaşına qurban.
Qazi oldun, gərəksə,
Şəhid də olacaqsan.
Əziz xatirələrdə,
Yaddaşda qalacaqsan.
Ananın yarpaq kimi,
Tir-tir əsir ürəyi.
Axı, sənsən həyatda
onun arxa, dirəyi.
Döyüşçü yoldaşların
qurban getdi vətənə.
Mənim tək övladımı
Tanrı qıymadı mənə.
Bitir savaşı, oğlum,
Qisas qalmaz sonraya.
Ürəyini möhkəm tut,
Oxşasın daş-qayaya...
Zəfər gətir mənimçün,
Qəhrəmansan, bu gündən!
Razıyam, saçlarıma
qoy zamansız düşsün dən.
Aldığın yaralarla
yaşayırsan, çox şükür.
Mən mətinəm,... anansa,
Hələ göz yaşı tökür.
Sən düşünmə bizləri,
Qoy sağ olsun, vətənim!
Başımı uca edən
sən olacaqsan mənim.
Lənkəran
Ziya Dilsuz
Sual altında
Nə əcəb bilmirik bu günümüzdə,
Nələr var çəkilən sığal altında.
Göz görə-görə də dəfn olunur,
Yetim ümidləri qoğal altında.
Ölənə bəs qədər ağlayıblarmı?
Qalanı yerində yoxlayıblarmı?
Əl çəkmir ki çəkmir, bağlayıblarmı
İtin balasını motal altında?
Haqqı gördüsə də göz, danışmadın,
Heç zaman özündən söz danışmadı.
Əyri də oturub, düz danışmadın,
Haram at oynadır halal altında.
And içər imana, and içər dinə,
Zərrəcə yazığı gəlməz ki sənə.
Hamını aldatmaq dayanır yenə,
Əlli cür məsələ-misal altında.
Enmədin həyatın dərinliyinə,
Sevinmə payızın sərinliyinə.
Aldanma keçici şirinliyinə,
Ayrılıq gizlənib vüsal altında.
Dəmiri isti döy, dəmirçi adam,
Düzəlt bu dünyanı, təmirçi adam.
Ay ömrünü sürən - ömürçü adam,
Cavab gizlədirsən sual altında.
Lənkəran
Xatirə XATUN
Kədərimi söyləyirəm xəzana...
Ürəyimin başındasan hələ də,
Qoymamışam bir kimsəni yerinə.
Unutmadım istisini əlinin,
Eh, bunları söyləməyin yeri nə?
Bunu sənə söyləməyin yeri nə? -
Hərdən olur nömrəni də yığıram.
Son rəqəmə çatan kimi ekranı
Silib, sonra telefona baxıram.
Durub sonra telefona baxıram,
Bəlkə birdən çaşıb məktub yazasan.
Axtarıram mesaj gələn hər yeri,
Başım döndü, indi az ki azasan.
Səbrim çatmır, indi az ki azasan,
Hirslənirəm: "Bu adamın sehri nə?"
Zəngin gəlsə, açmıram ki, qorxuram
Düşəm yenə o səsinin sehrinə.
Düşəm yenə o səsinin sehrinə,
Olmaz olsun belə bəxti, naxışı.
Göz yaşımı gizlətməkçün hamıdan
Köməyimə çağırıram yağışı.
Köməyimə çağırıram payızı,
Kədərimi söyləyirəm xəzana.
Buludları köçürmüşəm qəlbimə,
Eh, nə deyim belə yazı yazana?
Eh, nə deyim belə yazı yazana,
Qoyammıram bir kimsəni yerinə.
Lap unutdum... bir də...
donur əllərim,
Dedim...
amma söyləməyin yeri nə?..
Lənkəran
Qurban ƏHMƏD
Tənbeh...
Musa kişi işini bitirib evin önündəki üstü xalçayla döşənmiş ləmin üzərində, dirsəyinin altına mütəkkə qoyaraq böyürləmə uzandı. Pıqqapıqla qaynayan somavardan arvadı Səlminazın dəmlədiyi mixəkli çaydan içə-içə dedi:
- Ay gəlin, mənim o ciyərparəmin ayaqqabılarını geyindir, həyətdə oynasın.
Musa kişi nəvəsi Məhəmmədi "babasının ciyərparəsi" çağırırdı.
Məryəm oğlunun qotazlı ayaqqabılarını geyindirib həyətə gətirdi. Musa kişi nəvəsini görcək uzandığı yerdəcə qollarını açaraq, - babasının ciyərparəsini gəl-e-gəl qucuma, - dedi. Məhəmməd babasının səsini eşidər-eşidməz, tıpır-tıpır addımlamağa başladı. Sanki uşaq qanad açıb uçmaq istəyirdi. Məhəmmədin gülümsəyən çöhrəsi, sevincdən parlayan gözləri babasının babalıq ruhuna ruh qataraq onun ayağa durmasına səbəb oldu. Musa kişi nəvəsini bağrına basaraq qucağında oturtdu. Nəvəsi danışdıqca Musa kişi deyirdi:
- Can, qadalarını alsın baba, başına dönsün baba, babasının igidi. Ha, balam, haa...
Ərinin nəvəsi ilə şirin-şirin danışıb-gülməyini görən Səlminaz da Məhəmmədi o ki, var oynatdı.
Kənddə hamı özünəməxsus həyətyanı sahəsini məftildən toxunmuş dəmir torla hasara almışdı. Qonşu olanlar hərəsi öz həyətyanı sahəsinin uzununa bir-iki metr torpaq sahəsi saxlayaraq, həyət-bacaya ot-ələf gətirmək, mal-qaranın örüşə çıxması üçün yol saxlayardılar. Öz aralarında buna yolaq deyərdilər.
Məryəm oğlunu səsləyərək;
- Məhəmməd, ay Məhəmməd, atan gəlir, - dedi:
Musa kişi və Səlminaz arvad yolağa tərəf boylandılar, Məhəmməd də babası ilə nənəsinin boylandığı səmtə baxdı.
- Atam gəydi, atam gəydi, ot gətiydi, - deyə-deyə yolaqla at arabanın qabağına qaçmağa başladı. İsa oğlunun ona tərəf qaçdığını görcək arabanı dayandırıb yerə hoppandı. Məhəmmədin üzündən öpüb, qucağına aldı. Sonra arabaya oturdub, atın cilovunu oğluna verdi:
- Hə, atasının balası, sür görək.
Məhəmmədin şən səsi eşidildi:
- Biya, hi-hi..., qaç-qaç. Baxın, at ayabanı mən süyüyəm. Həə...
İsa arabanı həyətə döndərmək üçün yedəyindən titub, otu boşaldacağı yerdə dayandırdı. O, atı arabadan açan kimi, at fınxırıb-kişnəməyə başladı. Musa kişi elə uzandığı yerdəcə oğluna səsləndi.
- İsa, bala, dayça tövlədədi, tövlənin qapısını aç, qoy anasını əmsin, heyvandır, yazıqdır.
İsa tövlənin qapısını açar-açmaz qəhvəyi rəngdə, alnında da ağ qaşqası, yalının təzə-təzə uzanan tükləri, Şanapipiyin tükləri kimi şax qalan bir dayça özünü bayıra atdı. Həyətdə dördnala oyan-buyana qaçmağa başladı. At öz balasını görcək başını və quyruğunu bullaya -bullaya onun dalısıyca gedirdi. Dayça həyətdə ora-bura qaçdıqdan sonra anasını əmməyə başladı. Məryəm əlindəki ayran dolu kasanı ərinə uzadaraq dedi:
- İç sərinlən, yorğunluğun çıxsın. Yaman tərləmisən.
İsa ayran dolu kasanı həyat yoldaşından alıb, onun gözlərinin içinə sevgi dolu nəzərlərlə baxmağa başladı.:
Bu an Məhəmmədin səsi gəldi.
- Ata, ana məni düşüydün, mən yeydə oynamax isteyyəm.
İsa əlindəki, ayran dolu kasanı birnəfəsə içib oğlunu arabadan düşürdü. Yabanı götürüb arabanı boşaltmağa başladı. Araba boşaldıqca təzə biçilmiş çiçəkli otların adamı bihuş edəcək qoxusu ətrafa yayılırdı. Dayça anasını əmib qarnını doyuzdurduqdan sonra həyətdə oynaqlamağa başladı. Məhəmməd də dayçanın dalınca o yan-bu yana qaçıb oynayırdı. Birdən dayça düz balaca Məhəmmədin qarşısında dayanıb onu qoxlamağa başladı.
Məhəmməd də balaca əlləri ilə dayçanın sinəsini və başını sığallayıb tumarlayırdı ki, dayça onun sinəsindən qabaq dizi ilə itələyib yıxdı. Məhəmməd ağlamağa başladı. Dayça tutduğu əmələ görə, elə bil daha da qürurlanaraq arxası üstə yerə yıxılan Məhəmmədin çevrəsində qabaq dırnaqları ilə torpağı eşə-eşə fırlanırdı.
Musa kişi bu mənzərəni görüb uzandığı yerdən cəld ayağa qalxa-qalxa səsləndi:
- Adə, qoyma uşağı şikəst elədi.
Dayçanın anası boşalmış otlardan yeyirdi. Musa kişinin səsini eşidən kimi cəld başını qaldırıb balasına baxdı. At balasının hərəkətlərini görüb onlara yaxınlaşdı. Musa kişinin sanki dili ağzında tutuldu. Bir anlığa fikirləşdi ki, at uşağı tapdalayacaqdır. Ancaq gördükləri onu sakitləşdirdi.
At öz balasını başı ilə Məhəmməddən uzaqlaşdırırdı. Dayça da anasının qıçlarının arasından keçmək istəyərkən, anası qabaq dizi ilə onu kənara itələyib cəzalandırırdı.
Dayça balaca Məhəmmədi yıxdığına görə anasının ona küsdüyünü hiss edib sanki utandı. Elə bil ki, öz dillərində dayça anasına: - Ana, səhv etmişəm, bir də belə səhvlər etmərəm. Məni bağışla! - deyirdi.
Musa kişi bu mənzərəni seyr etdikdən sonra öz-özünə dedi:
Heyvanlar da balalarının başqalarına ziyan vurmasına, incitməyinə razı olmur, onların qarşısını kəsirlər. Bəzi atalar, analar da övladları səhv edəndə onları tənbeh edib doğru yola çəkə bilsəydilər, bəlkə də, sonrakı peşmançılıqlar olmazdı...
Cəlilabad
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!