Cibindən üşüyən şair - Fəxrəddin Əsəd Əlisəmid Kür haqqında yazır

 

İlin fəsilləri içində ən çox sevdiyim ay Sentyabr ayıdır. Bu ayda keçən bürkülü yay öz yerini payıza təhvil verməyə hazırlaşır...

Gecənin sakitliyində təbiət xumar-xumar uyuyur, arada sərin-sərin meh əsir, ağaclar, quşlar hərəkətə gəlir.

Hardasa, uzaqda uşaq ağlayır, qəfil də səs kəsilir. Sakitliyin içində qanadlanan xəyallar məni çəkib gözəl Qarabağa - Şuşaya - Vaqif poeziya günlərinə qaytarır. Şuşa təbiəti - flora və faunası, tarixi abidələri ilə bizim canlı Qalereyamızdır. O qalereya ki, təbii rənglərin ötürdüyü enerji bizi həmişə arzuladığımız, həsrətində olduğumuz "dünyalar"a aparır...

Düşdüyümüz emosional vəziyyətdən asılı olaraq, bizi haldan-hala salan sözlər də elə rənglər kimidir.

"Bibliya"da Söz Allahdır! Dünyamız da bir "Ol" sözündən yaranıb! Təməl kitabımız Quranın nazil olmuş ilk ayəsi (Ələq surəsi,1) " Oxu! Yaradanın adı ilə oxu!" - sözü ilə başlayır...

Mənə bu yazını yazdıran, Əlisəmidin "Ədəbiyyat" qəzetində (9 sentyabr) gedən şeirləridir. Yaradanın əmanəti kimi müqəddəs sözü urvatdan düşməyə qoymayan (hər şeyin və hər kəsin gözdən salındığı günümüzdə) Əlisəmidin bu yöndə çabaları təqdirəlayiqdir.

Bu arada zəruri bir haşiyə də çıxmaq  istəyirəm: hərdən şahidi olduğumuz, gündəlik həyatımızda baş verən hadisələri, olayları, yaşadığımız duyğuları sözə çevirmək müşkülə-məşəqqətə dönür; günlərlə, aylarla anlatmağın əzabını yaşayırıq. Ürəyimizin dərinliyində gizlənən o obraz, detal və s. nədirsə, bizə dinclik vermir. Axı, sən danışmalısan, ürəyini boşaltmalısan. Bu halda da, qarşında səni dinləyəcək dosta, sirdaşa ehtiyac duyursan. Təki səni cidd-cəhdlə dinləyən o "dost" sonda öz "keçisini" fikirləşməyə. Yəni mətn  "hər cümlə üzərində düşünməyə, bir qədər əvvəl oxuduğu məqamlara dönə-dönə qayıtmağa (K.Abdulla)"  oxucunu vadar edirsə, nə xoş müəllifin halına...

Poeziya bir yaradıcı bəy əfəndi olaraq Əlisəmid üçün uzun bir yolçuluqdu. Qoşulub getdiyi karvanın əbədi zəvvarı - dərvişi kimi o yaxşı bilir:

 

Hara getsəm, məni tapar

Qəm karvanı, ayrılıqlar.

Harda olsam, yolum üstə

Ağ gülün qara ləçəyi

açılır üzü qibləyə.

 

...Köç elə

sevdiyin kafir şəhərdi.

Burda bilinmədi xeyirdi,

şərdi.

Çək, dərviş,

qırx dəvə yükü dərdi

çək apar, üzü qibləyə.

 

Əlisəmidin "dünyası"nda ağaclar içindən oyulur, içindən  sıyrılır, içindən can verir. Adamlar cibindən üşüyür, canından çürüyür...

 

Kasıb qəribdi Vətəndə,

Qalıb yollarda tövşüyər.           

Ağac içindən can verər,

Adam cibindən üşüyər.

   

Şeirlərin yaranma - doğulma anı şair üçün  poetik meditasiyadır - misraların arasında lunatiklər kimi yuxulu-yuxulu, divanə-divanə hərlənsə də, başına gələcəklər artıq ona agahdır:

 

Ola bilər, biz görmədik Şuşanı...

Biz qocaldıq, "Şuşa" deyə-deyə

Şüşəyə, Şuşaya oxşayan Könül Arif!

Ürəyimə damıb,

Sən şeir deyəcəksən Cıdır düzündə,

Boynunu bükməzsən bənövşə kimi,

Sən şeir deyəndə Cıdır düzündə.

     

Müharibələr insan taleyini masaya qoyan oyundur, dəyərlərin itdiyi yerdir. "Qalib heç nə qazanmır (E. Heminquey)"...

 

Minarələr dağılıb,

Şuşa öz yerindədir.

Sözü oxşayan balam,

Ürəyimə damıb,

Sən şeir deyəcəksən Cıdır düzündə,

Baban Həsənqulu kişinin

dağılmış darvazasına baxa-baxa...

 

Rüstəm Kamal V.Səmədoğlu haqqında yazır: - "O, iki dünyanın sınırında yaşayırdı: nə orda idi, nə də burda." Əlisəmid o sınırları çoxdan adlayıb. Yaradan əlçatmaz üfüqlərin maviliklərini onun qarşısında elə səxavətlə sərgiləyib ki:

 

Çirklənməz tirmə köynəyim

qaldı fələk boxçasında.

Sədəf düymə ağ ləkəymiş

bəyaz köynək yaxasında.

...Əynimdədi söz kəfənim

sirli qalıb qıfılbəndim.

Yatır yeddi qıfılbəndim

yeddi qıfıl arxasında.

 

Əlisəmid şeirlərinin rəng çalarları o qədər zəngindir ki, təkrar oxuduqlarının üstünə qayıtmaqla (yaddaşı diri saxlamaq üçün) birdən-birə yaradıcı təxəyyülün qaydasız oyun kombinasiyaları ilə üz-üzə qalırsan. Sanki qəfil küləyin qalxması ilə rənglər bir-birinə qarışır. Və nə yaxşı ki, bütün bunların yerində müəllifin obrazları - çayın, daşın, xarı bülbülün, ağacların səsi qalır. Bunlar dünyadan vaxtsız köçənlərin: - nənə-babaların, şəhidlərin ruhudur. O ruhlar yaxınlıqdadır, bizim aramızdadır. Əlisəmid ruhlarla insanlar arasında (mediumdur) sərgərdan ömür sürə-sürə, o qaibanə-payız küləyinə qoşulub dolaşan səsləri bizə çatdırır:

 

- O kətil,

O da kəndir,

Qalx, boyundan yuxarı!

 

- O tonqal,

O da təndir...

Yandı ruhum, buxarı!

...Gülüb, mənə göz vuran,

bəs niyə əl saxladın?

Kölgəmi baltalayan,

ölüm-ölüm oynayan,

qara gözlü cəlladım?!

 

Əlisəmid hadisələrə ağaca, daşa, çiçəyə toxunduğu kimi toxunur. Qədim şamanlar kimi ağacla daxili dialoqa - rabitəyə girən şair dostumuz, əslində gənc yaşında həyatına son qoyan Mövludla "dərdləşir."

 

Mövlud Mövludun intihar xəbərinə

min şeir yazıldı,

min birincisini yazmadım.

"Min bir gecə" nağılı açmadım.

adına bir ağac əkdim həyətimdə.

 

Buraların havası yaman,

soyuğu Sibir, istisi Yəmən,

ya sən, ya mən - fərqi yox,

Sən güllər Şahzadəsisən,

Yasəmən!

 

Ətrindən, hənirindən

bu ağac dirilər,

hökmündən bu ağac çiçəkləyər

bağımda, bağrımda

Mövlud ağacı - Yasəmən.

 

Yazdığım qeydlərə göz gəzdirirəm - yaddan çıxıb, unudulan nəsə varmı, qalıbmı? Uzun illərin ötəsində Əlisəmidin ilk kitabına ("Rəngli kölgələr" 1989), müəllifi olduğu  Ön sözdə  unudulmaz şair Nüsrət Kəsəmənli yazırdı: - "Əlisəmidin şeirlərini oxuya-oxuya birdən hiss etdim ki, o yazmaya bilməz. Çünki Əlisəmid əsl ömrünü yazılarında yaşayır. Həyatda isə elə-belə, bizim birimiz kimi gülərüz, bir az da aciz görünən bir adamdır. Əlisəmid yaxşılıq önündə acizdir. Belə olmasaydı o, şeir də yaza bilməzdi.

Yaxşı ki, şeir var, yaxşı ki, şeiri duyub, anlayan var, yaxşı ki, şeirimizin Əlisəmid kimi davamçıları var. Belə olmasaydı, dünya dərd içində irişə-irişə qalardı..."

 

21 sentyabr 2023

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!