***
Kağız üşüyər -
Üstünə səpilən soyuq sözlərdən.
Nöqtə qoyulduqca
Ümid doğar isinməyə.
Səbəb olar günəşin doğuşu,
Ən kədərli insanda
Səbəbsiz gülməyə...
***
Saçını yola tökən
söyüd ağacı,
Birləşməyən yol -
Sonu cığır.
Sevincdən doğan acı -
Qanadı qırıq arzular.
Yüklənmiş beyin -
Beyindən didərgin ağıl.
Gerçək - həyat,
Gerisi nağıl.
Qum saatı
Ömrümə şeir boylanır,
Kəm xoşbəxtlik misrası.
Yuxulu dəniz səhəri,
Boylanır son hecası.
İlk iki heca düşüb,
Qalıb gün batımında.
Ömür süzülüb gedir,
Bitir qum saatında.
Həyat mənasız gəlir,
Düşünürsən keçmir vaxt.
Yel qanadlıdı illər,
Gənclikdən yoxdu soraq.
Göz dikilir göylərə,
Günəş çıxır, Ay batır.
Göz göyə dikilsə də
Son mənzil torpaqdadır.
Nə var-dövlət, nə mal-mülk?
Nəfsini tox tutana.
Əbədi heç nə yoxdur,
Borcluyuq quru cana.
Həyata yarı yamağam...
Elə tutubdur tərsliyim,
Ağlamağa ərinirəm.
Mən yetimin fağır qızı,
Bəxti yavər görünürəm.
Ruhumda bir yorğunluq var,
Yükü ürəyimi əzib.
Deyingənəm bu aralar,
Öz anam da məndən bezib.
Dua etdim, duyulmadı,
Əlim ətəyimə düşdü.
Günahlarım yuyulmadı,
Ölüm gəlib, son görüşdü.
Ümidimin üstü yırtıq,
Həyata yarı yamağam.
Hamı ev sahibi olmuş,
Bu dünyaya mən qonağam.
Qurudulmuş çiçəklər
Qurudulmuş çiçəklərdən
gül ətri gəlməz, bəlkə,
Ancaq xatirə qoxusu var
ruhu saran.
Hər kəsi bir gün keçirəcək,
Həyat ağır sınağından
Oğurlayacaq ən məsum gülüşlərini dodağından.
Kirpiklərin nəm qalan hissəsindən
Asılacaq ümidlər.
Yalnızlığın rütubətindən
Yosun tutar ürəklər.
Uzaqlaşdıqca uzaqlaşarsan,
Ən yaxın saydıqlarından
Qürub çağı doğmalaşar,
Sübh çağı soyuyarsan həyatdan
***
Dibçəklərə əsir edilən güllərin
Özgürlüyü yoluxa ürəklərə.
Sevgi hissiylə bəslənən, əzizlənən,
Qanadlanıb uçmadan
Ruh vücuda sarılaraq yaşaya azadlığı.
Bu dünyanı cənnət edə
O dünyada cənnətə
qovuşmaq istəyənlərin saflığı.
Nə tez unutdun məni
Viranə könlümdə bayquş ulayar,
Uğramaz səmtimə nə yaz, nə bahar.
Unudulmağın da bir zamanı var,
Nə tez unutdun məni?
Kimə gileylənim, kimə dərd yanım,
Bilməm kimi düşmən, kimi dost sanım.
Ay məni hamıdan tez anlayanım,
Nə tez unutdun məni?
Sözə ümidlənib, səsə sığındım,
Ən çox güvəndiyim kəsə sığındım.
Deyilmiş ürəkdə əbəs sıxıntım,
Nə tez unutdun məni?
Bir quru hal xoşu, salamı kəsən
Əhsən yaddaşına qəlbinə əhsən,
Sən ki unutmağa həvəsliymişsən,
Nə tez unutdun məni?
Lövbər salmaz gəmilər
Bu limana lövbər salmaz gəmilər,
Susar qağayılar sahil boyunca.
Günəş də dənizə qıyğacı baxar,
Çəkilər qınına yerdən doyunca.
Rüzgar qayalara çırpar dalğanı,
Dənizə atılmış dərdlər dağılar.
Buxarlanıb göyə çıxan hər dərdə,
Yağış söylər həzin-həzin ağılar.
Yer üzü islanar insan ahıyla,
Allahı unudan yadına salar.
Yenə o sahildə bərk qaya üstə,
Bəxtindən gileyli bir cavan ağlar.
Apardı
Budandı arzumun qolu-qanadı,
Solub xəzəl oldu, quşlar apardı.
İntizarla açdım səhərlərimi,
Gecəmi sel kimi yaşlar apardı.
Gülüşüm yarımçıq, kəm-kəsir oldu,
Arzum gözlərimdə lap əsir oldu.
Ürəyim kədərə tələsir oldu,
Ömrümü bəlkələr, kaşlar apardı.
Gedən karvanımı kim çəkib əylər?
Həyat nə eləsə, tək mənə eylər.
Deyin, sahib çıxsın ruhuma göylər,
Cismimi torpaqlar, daşlar apardı.
Yaşlı adam
Hər səhər pişikləri yemləyən,
yaşlı adam,
Burda tək sən idin,
ağıllı-başlı adam.
Hər səhər pəncərəm açılanda,
İlk sənin səsin gəlirdi...
Pişt... Pişt... Pişt...
Ya da kış... kış...
Göydələnlər insanları
insanlardan ayırır,
Bəlkə də, insanlıqdan...
Bu qədər yad içində,
Tək sən idin doğma olan,
Ötüb keçən günlərimi xatırladan.
Təmiz ürəkli adam,
Hər səni görəndə
Xəyalım uçardı taxta qapılı həyətimizə.
Heç orda qapımız da bağlı qalmazdı.
Qonşuların biri açırdı,
biri örtürdü...
Səssiz qalmazdı küçəmiz.
Uşaqların qəhqəhəsi,
Həyətlərdən yüksələn
"bayağı" mahnıların səsi.
Bilirdin ki, yaşayırsan...
Ağlasan, səsini duyan olacaq,
Kimsə gəlib həyan olacaq.
Burda qapı qonşumu belə tanımıram.
Hərdən,
kiməsə salam verirəm,
Kimdənsə salam alıram.
Bu səhər pəncərəmi açdım,
Ac pişiklərin miyoltusu,
Qurulan çadırın xışıltısı vardı.
Bir də hıçqırıb ağlayan uşaq səsi...
Babasına ağlayırdı,
Yaşlı adamın son beşik nəvəsi...
Şəhidə anası ağladı
Nakam qalan ömürlər yığıldı üst-üstə,
Vətənə uzun ömür oldu.
"Başın sağ olsun" deyənlər baş alıb getdi bir-bir,
Ananın təskinliyi təklənmiş qəbir oldu.
Evdə xatirə izi, əşyalar dil-dil ötdü.
Hamı ağıllı çıxdı, hamı dili öyütlü.
Dırnağı daş görməzlər misallar gətirdilər,
"Şəhidlər ölməz" deyib qışqırıq götürdülər.
Evin oğlu Elin oğlu adın aldı,
Qürurlandı hər kəs, hamı
Xala... bibi...
Əmi... dayı...
Ucu toxunan hər kəsin şəhid qohumu oldu.
Amma ömrü boyunca anası yas saxladı,
Anası xatırladı,
Bir tək anası ağladı -
Şəhidə anası ağladı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!