Əli Rza Xələfli-70: Böyük Çöldən əsən yellər - Sərvaz Hüseynoğlu yazır

 

Hər yeni kitabı, təzə əsəri və sözü-söhbəti, görkəmli ədəbiyyatşünas alim Nizaməddin Şəmsizadənin təbirincə desək, məhəbbət körpüsünə çevrilənlərdəndir şair, yazıçı-publisist Əli Rza Xələfli. 55 kitabın müəllifidir. "Ədəbi-tənqidi, fəlsəfi-publisistik məqalələrinin isə sayı-hesabı yoxdur". Qibtə doğuracaq qədər istedadlı, ondan daha artıq zəhmətkeş qələm adamıdır. Böyük Vətənçi, həqiqətçidi. Dost olmağı, dostluğu qorumağın yolunu bilir. Əsərlərinin baş qəhrəmanı Vətəndi, anadı, doğma yurd yerləridi. Bir də ana təbiət. Əli Rza Xələfli təbiət gözəlliklərini Tanrıya aparan, Allaha qovuşduran cığır, yol-yolağa kimi tərənnüm edir. Onun təsvirində, təqdimatında təbiət paklıq, halallıq dərgahı kimidir və bu paklıq önündə içilən andın özü də milli kimlikdən, halallıqdan gəlir.

"Əli Rza Xələflinin bir məsələdə bəxti gətirib - Azərbaycan incəsənətinin, ədəbiyyatının, elminin sayılıb-seçilən simaları onun yaradıcılığına biganə qalmayıblar" (Sabir Bəşirov). Professor Qəzənfər Paşayev ona ünvanladığı açıq məktubu belə tamamlayır ki: "Qardaşım, ədəbiyyatımıza, elmimizə xoş niyətlə, vicdanla, təmənnasız xidmətlərinə görə sənə minnətdarlığımı bildirirəm". Görkəmli publisist, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə haqlıdı ki, bu təmənnasız xidmət yolunda ilahi Söz Əli Rza Xələflini heç vaxt darda qoymayıb: "Hətta publisistik məqalələr toplusunun səhifələrində belə Əli Rza Xələflinin şair qəlbi tez-tez döyünür, ürək çırpıntılarının səsi eşidilir. O, hər dəfə çətinə düşəndə, fikrini istəyincə deyə bilməyəndə dərhal poetik ricətlərə əl atır, sözün qüdrətinə söykənir". "Onun poeziya dili ürəyəyatandır, bədii boyalarla, əlvan naxışlarla bəzədilib; xalq dilinin bütün potensial imkanlarından istifadə olunub" (İsmayıl Kazımov). "Lirika onun həm epik, həm də digər şeirlərində xüsusi yer tutur. İnsan qəlbinin fərdi hiss və duyğuları, özünəməxsus yaşantıları, əsrarəngiz çalarları Ə.R.Xələfli lirikasının əsasını təşkil edir" (professor Bədirxan Əhmədli). "Lap konkret ifadə etsəm, onun ömrü də, mövcudluğu da Söz deməkdir. Deməli, əslində, Əli Rza Xələfli Sözə doğru çoxdan üz tutub gəlir və indi də Sözün içərisindədir" (Əbülfət Mədətoğlu). "Çingiz Aytmatov B.Vahabzadə lirikasının xüsusiyyətlərindən danışarkən yazır ki, Vahabzadənin poetik təfəkkür mədəniyyəti təbiətcə millidir. Bu, müstəsna dərəcədə zəruri haldır ki, sən övladı olduğun xalqın nitq hissəsində fel olmağı bacarasan, xalqın canlı dil memarlığına öz töhfəni verə biləsən... Ə.R.Xələflinin yaradıcılığı Ç.Aytmatovun müşahidə etdiyi keyfiyyətlər mənasında B.Vahabzadə şeirinin uğurlu davamıdır. Onun bədii düşüncələr sistemində X.Rza da, M.Araz da, olsun ki, digər sənətkarların milli şeir ənənəsindən gələn xüsusiyyətlər var, lakin bütövlükdə götürəndə həyati idrak və ona münasibətdə inikas üsulu və üslubu ilə Ə.R.Xələfli B.Vahabzadə məktəbinin davamçısıdır" (professor Təyyar Salmanoğlu).

Görkəmli tənqidçi Vaqif Yusifli haqlıdır ki, Ə.R.Xələflinin şeirlərində bizim müasir poeziyamızın örnək olası sənətkarları - Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün, Məmməd Arazın şeirləri ilə səsləşən məqamlar çoxdur: "Vətəndaşlıq narahatlığı, yurdsevərlik, azərbaycançılıq duyğuları onun şeirlərində də əsas motivlərdir. Lakin əlbəttə, Ə.Xələfli bu mövzuları özünün fərdi poetik dəst-xəttiylə, orijinal ifadə tərzi ilə şeirə gətirir". "Əli Rza Xələfli poeziyası ilə publisistikası qarşılıqlı vəhdətdədir. Bu vəhdəti şərtləndirən vətəndaşlıq niyətini meyar seçməsidir. Vətəndaşlıq cəsarəti ona öz oxucularının səmimi rəğbətini qazandırıb" (professor Camal Mustafayev). "Əli Rza Xələfli fenomenal təfəkkürlü, universal, sinkretik yaradıcılıq imkanlarına malik bir ziyalıdır... Onun hadisələrə, həyata, ətrafa, mühitə, ədəbi prosesə, Azərbaycan ziyalılığına çox orijinal baxışı, özünəməxsus təhlil üsulu, təqdim üsulu, əsil yaradıcıya məxsus ürək genişliyi və ehtiraslı bir sevgisi var... O, oxucu ilə bütün janrlarda, əsasən də, publisistikada çox sərbəst, səmimi, isti məhəbbətlə, heyranlıqla təmasda olmağı bacarır" (ədəbiyyatşünas alim Qurban Bayramov).

Professor İslam Ağayev Ə.R.Xələflidən müasir Azərbaycan poeziyasının və publisistikasının istedadlı və yorulmaz xadimi kimi söz açır. Siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Nazimoğlu onun şeirlərində "yamaq götürən söz" və misra olmadığının fərqindədir. Ədəbiyyatşünas Gülxani Pənah Ə.R.Xələflini yüksək duyğulu şair kimi xarakterizə edir. Professor Nizami Tağısoy onun yaradıcılığında bütün qapsamı ilə önə çıxan tarixi yaddaş gerçəkliyinə heyranlığını ifadə edir. Şair-şərqşünas Hafiz Rüstəm bu heyranlığın davamı olaraq böyük rus tənqidçisi V.Belinskinin şair şəxsiyyəti barədəki fikirlərini eynilə Ə.R.Xələfliyə şamil edir və haqlıdır. Xalq şairi Zəlimxan Yaqub onun ata itkisinə təsəlli olsun deyə aşağıdakı misraları qələmə alıb:

 

Bir el ağsaqqalı,bir dağlar oğlu

Qarışdı torpağın lal məzarına.

Qəribin qürbətdə evi yıxılar,

Düşər xal üstündən xal məzarına.

 

...Saça qırov düşər, saqqal çal olar,

Bu halı duyanlar əhli-hal olar.

Hər çiçək islanmış bir dəsmal olar,

Qarabağ ağlayar Zal məzarına.

 

Daha bir başqa şeir də var; adaşı Əlirza Həsrətin bu xüsusda yazdıqları:

 

Baxışların çən çiçəyi, sis gülü,

Oda düşdü bağrım, vurdu his gülü.

Ürəyində apardığı nisgili -

Məzarında yurd oldu Zal kişinin.

 

Tanınmış söz adamlarından Ağəddin Mənsurzadənin, Yusif Nəğməkarın, Daşdəmir Əjdəroğlunun, Hikmət Məlikzadənin, Abbas Hacıyevin, Etibar Əbilovun, Ağasən Bədəlzadənin, ədəbiyyatşünas alimlərdən Allahverdi Eminovun, Əzizxan Tanrıverdinin, Paşa Əfəndiyevin, Vüqar Əhmədin, Salatın Əhmədlinin, Elçin Mehralıyevin və başqalarının qələmə aldıqları məqalələrdə Ə.R.Xələflinin parlıq şair-publisist obrazı bütöv, boyaboy görünür. Unudulmaz alim İmamverdi Əbilovun ona ünvanladığı açıq məktubdan sətirlərdi ki, "siz sənətin bütün sahələrinə həssassınız. Və "Kredo"nu Azərbaycan mənəviyyatının parlaq aynasına çevirə bilirsiniz". Bu düşüncələrin ardınca İmamverdi müəllim qələm dostunu ədəbiyyatımızın Konstantin Paustovskisi olaraq dəyərləndirir...

Bu cür təqdiredici fikirlər bir deyil, beş deyil ki... Hər birinin üzərində dayanmalı olsaq ayrıca bir kitab bağlamış olarıq. Amma elə buradaca qeyd etmək istəyirəm ki, şəxsən mənim üçün Əli Rza Xələfli yönü Cəbrayıl, Füzuli, Ağdam, Laçın, Kəlbəcər ellərini bütün ərdəmliyi ilə öz cismində, təbiətində simvolizə edə bilən doğmalar doğmasıdı, hər halıyla... Və mən ən darıxan, sıxılan dəqiqələrimdə nəşriyyatın 8 mərtəbəsini aşağı enib, məhz o yerləri ziyarət edirəmmiş kimi Əli Rza Xələflinin iş otağına ayaq basıram. Əli Rza bütün varlığıyla Qarabağ qoxuyur.

Və onun haqqında yazdıqlarımdı ki, təbiət üzü üz göstərən bir ayna kimi qarşında duranda büdpərəst olmaq hər bir söz adamının gündəlik yaşamıdı. Qələm dostum Əli Rza özü də bənzərsiz, laübəli bir təbiət hadisəsidir. Və bu təbiət hadisəsi önündə yaşanan büdpərəstlik həmişə mənə şükranlıq hissi yaşadıb.

Görkəmli jurnalist, professor Qulu Məhərrəmlinin Ə.R.Xələfliyə olan doğma münasibəti də bu mənbədən qaynaqlanır. O da ömrün yetmişini haqlamış qələm dostunu eyni fikir ucalığından təbiət hadisəsi olaraq qutlayır yazılarında.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!