Dağa, daşa getmir ahım, Sinəm sanki dağ köksüdür... - Şeirlər. İlkin ÖZ

 

 

***

Getməyə yer də yoxdur,

Bilmir adam getsin, hara?

Gəldiyim iz itib-batıb,

Yolum düşüb çıxılmaza.

 

Sən də məndən uzaqdasan,

çox uzaqda.

Əlim sənə çatmasa da,

çatmasa da,

Gəlməyin ağlıma heç batmasa da,

İstəyirəm biləsən ki, bu bahar da:

 

Yağış yağanda quru torpağın,

Günəş doğanda şehli yarpağın,

Yenicə vərəqlədiyim kitabın,

 

Bir də səntək qoxan hər qadının ətri…

Xatırladır addımbaşı səni,

Boğur cavabsız suallar məni...

 

Bir nöqtəyə zillənərək düşünürəm,

düşünürəm:

Görəsən, ağlıma gəlincə hərdən,

Çətindirmi bircə dəfə yanıma gəlmən?

 

***

Hava qarışır...

Yəqin, yenə pəncərə önündə dayanıb,

Öz keçmişinə baxırsan,

Bəlkə də, darıxırsan...

 

Düzü, mən də darıxıram,

Dağa, daşa getmir ahım,

Sinəm sanki dağ köksüdür...

 

Tanrı da kövrəlir halıma,

Bax, gördüyün buludlar da

Tanrı yandıran siqaretin tüstüsüdür.

 

***

Bir vaxtlar səninlə

            əl-ələ gəzdiyimiz yerlərdə

İndi baxıram, itlər sümsünür.

Skamyada əyləşib, yanımda axtardım səni,

Gözümə kimsə dəymədi...

Heç kim yoxdur, yaxında tapmadım səni.

 

Bu vaxt yalqız olduğumu görüb

Balaca bir it tez-tez yüyürdü.

Deyəsən, təsəlli üçün fürsət güdürdü.

O, sənin vəfasızlığına hürür... hürürdü.

Vallah, it, səndən vəfalı görünürdü...

 

***

Darıxmaq eyni görüş yerindəki

Boş skamyanın vaxtını almaqdır.

 

***

Küçə lampalarıtək

başımı aşağı dikib,

uzun-uzun fikirləşirdim.

Sonra birdən yadıma düşdü ki,

küçə lampaları da mənim kimi,

səssiz,

sənsiz,

kimsəsizdi...

 

***

Baxışını ulduza,

Gülüşünü aya bənzətdim.

Bəs hava niyə qaralmadı?

 

***

Dərsdəyəm, yorğunam,

darıxıram elə

hərdən,

pəncərədən

baxıram çölə.

Bayırda fəhlə

divarı çəkiclə

döyəcləyir bərk-bərk

həyatın mənə vurduğu zərbələrtək...

 

***

Balaca ac pişik

"Balık-ekmek" yazısının altında yatmışdı,

Yəqin, o da bizim kimi saxta arzularla

özünü aldatmışdı.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!