Güney Azərbaycan şairi Səxavət İzzəti-Əndəlibin şeirləri - İbrahim İlyaslının təqdimatında

 

Güney Azərbaycan ədəbiyyatının çağdaş durumu - uğurları və sorunları məni həmişə düşündürüb. Filologiya elmləri doktoru Esmira Fuadın davamlı araşdırmaları, AYB sədrinin müşaviri, şair Sayman Aruzun təqdimatları və bəzi yazarlarımızın fərdi əlaqələri istisna olmaqla, Güney ədəbiyyatına boylanışımız və qayğımız heç də yetərli deyil.

Azərbaycan bağımsızlığını qazanandan sonra  sürəkli gediş-gəlişin olmağına baxmayaraq, yenə də ədəbi əlaqələrin arzu olunan səviyyədə möhkəmlənməsinə nail ola bilməmişik, - deyə düşünürəm.

Uluslararası poeziya festivallarında və digər ədəbi etkinliklərdə gözüm, ilk növbədə, cənublu soydaşlarımızı axtarıb, onlarla dərdləşməyə, ədəbiyyat söhbətləri etməyə çalışmışam. Ciddi məhdudiyyətlər olmasına baxmayaraq, onlar tərəfdən də, mümkün addımların atıldığının şahidi olmuşam. Bir çox quzeyli yazarlarımız kimi, mənim də bir kitabım - "Yuxuma söykənmiş adam" adlı şeirlər kitabım Təbrizdə nəşr edilib.

Bu yöndə görəcəyimiz hələ çox işlər, həyata keçirilməsi zəruri olan tədbirlərimiz qalır. Ümidvaram ki, ədəbiyyat görəvlilərimiz və naşirlərimiz bu yöndə daha ciddi çalışacaqlar.

Bu günlərdə elektron poçtuma Güney Azərbaycandan çox istedadlı bir şairimiz Səxavət İzzəti-Əndəlib yeni şeirlərini göndərdi. Böyük maraq və həvəslə oxudum onun şeirlərini. Səxavətin ənənəvi heca vəznində qələmə aldığı, bir-birindən gözəl şeirləri məni çox duyğulandırdı. İmzasının bizim ədəbi cameəyə və oxuculara tanış olmadığından çox təəssüfləndim və bir silsilə şeirlərini "Ədəbiyyat qəzeti"nə təqdim etməyi özümə borc bildim. 

 

İbrahim İlyaslı

AYB poeziya seksiyasının rəhbəri

 

 

 

 

Səxavət İZZƏTİ-ƏNDƏLİB

 

Getmədi, getmədi

 

Ömrümüzün  zirvəsindən

Duman getmədi, getmədi.

Xoş gün üçün başımızdan

Güman getmədi, getmədi.

 

Bu nə hökm, nə fərmandı,

Yaxşı günlər l?hz?, andı,

Pis günlərdə bərk dayandı,

Zaman getmədi, getmədi.

 

Siz məni dəli saymayın,

Eşidin könlümün hayın,

Yaxşılar getdi qoymayın,

Yaman getmədi, getmədi.

 

Əndəlib, ağrılar dizdən,

Nə axtarır fələk bizdən?

Ömür getdi, dilimizdən

Aman getmədi, getmədi.

 

Darıxıram

 

Nə çoban var, nə də sürü,

Çöldə neyə darıxıram.

Qayalarda qartal uçmur,

Batan qıya darıxıram.

 

Nədir çara, nədir əlac?

Ona möhtac, buna möhtac!

Bar, ilahi, qanadım aç,

Yerdən göyə darıxıram.

 

Ay darıxıb, yas tutanlar,

Nə tapıbdır darıxanlar!

"Darıxmayın, ay insanlar" -

deyə-deyə darıxıram.

 

Zaman demə, köhlən atdı,

Tozunda arzular batdı,

O görüşdən illər ötdü,

Sorma, niyə darıxıram.

 

O üz

 

Aşmaqdayam bu dağı,

Görən o üz hamarmı?

O üz də bu üz kimi,

Həyat yolları darmı?

 

Göyərdi yolumuzda

Min uçurum, min gədik.

Dərdin dağarcığına

Çarəsız həyat dedik.

 

Süründük dizin-dizin,

Bəlkə aşaq bu dağı?!

Mən ki yaman özlədim

O üzdə yaşamağı.

 

Görəsən, oranın da,

Dəni tuşda əkilir?

Atı sümük gəmirir?

İtinə yem tökülür?

 

Görəsən, oranın da

Cızığı var, cızı var?

Günə çıxan əyrisi,

Qandallanan düzü var?

 

Meydan açırmı orda

Vədə qəhrəmanları?

Əjdahalar əlində

Əsir qalıb suları?

 

Oranın da görəsən,

Acı çoxdur toxundan?

Tələsirəm bu üzdən,

Gedib görəm yaxından.

 

Soyuğu

 

Soyuq söz kimi göynətməz

Adamı qışın soyuğu.

Adam var, ondan yaxşıdır

Torpağın, daşın soyuğu.

 

Başında duman görünü,

Gözlərin qəhər bürünü.

Zəhərə çəkər şirini

Ağzında dişin soyuğu.

 

Ot bitməz düzə döndərər,

Uğursuz izə döndərər,

Bir əlçim boza döndərər,

Səni, gərdişin soyuğu.

 

Yad qaçar, tanış yan durar,

Gör, kimlər səni sındırar...

Vaxt olar, lələ, yandırar,

Ağzını aşın soyuğu.

 

Canı çürüdüb puç edər,

Ömrün ləzzətin heç edər,

Zor deyib cana güc edər

Sevgisiz işin soyuğu.

 

Yanan kövşəni qurtarmaz,

Batan yelkəni qurtarmaz,

İnanma, səni qurtarmaz,

Ağılın, huşun soyuğu.

 

Ruhunda acılar qalar,

Toz olar, gözünə dolar,

Boynunda ağır yük olar

Yolda yoldaşın soyuğu.

 

Şeytan əkib, cin törədər,

Pisliyi min-min törədər.

Qan töküb, qırğın törədər,

Hardasa, başın soyuğu.

 

Dur, gedək

 

Oyunlar daha udulmaz,

"Şeş"in qalmadı, dur, gedək.

Gözünü verdin dumana -

Qaşın qalmadı, dur, gedək.

 

İtirdin götür-qoyunu,

Saldın nəfəsdən hayını,

Tapmazsan bircə tayını -

Tuşun qalmadı, dur, gedək.

 

Gün gedir sona çatmağa,

İmkan yox onu tutmağa.

Dəli şeytana atmağa

Daşın qalmadı, dur, gedək.

 

Yubanma, dala qalarsan,

Yubanmaqla nə qılarsan?

Tərpən, acından ölərsən,

Dişin qalmadı, dur, gedək.

 

Durubsan vaxtsız çən kimi,

İçi qurumuş dən kimi,

Sənin də burda mən kimi

İşin qalmadı, dur, gedək.

 

Ağla

 

Bizə gün ağlayan yox,

Ay naləm-ahım, ağla!

Sızla "Yanıq Kərəmi"m,

Ağla, segahım, ağla!

 

Gözəllik tağı söndü,

Şahlıq taxtından endi.

Acı nağıla döndü

Cəlalım-cahım, ağla!

 

Damla-damla əridi,

Köksündə duz yeridi.

Urmu gölü qurudu,

Ağla, Allahım, ağla!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!