Ağırdır bir ömrün yükünü çəkmək, İnsanın çiynində duz dağı varmış... - Adil Cəmilin şeirləri

 

Varmış

 

Əzəldən belədir, bilirəm, qardaş,

Hər kəsin qəlbində öz dağı varmış.

Ağırdır bir ömrün yükünü çəkmək,

İnsanın çiynində duz dağı varmış.

 

Aldı torpağımı yurd oğullarım -

Göy börü soyundan qurd oğullarım.

Zəfərlə dönəndə mərd oğullarım

Düşməni kor edən göz dağı varmış.

 

Çox bəla gətirib dilin bəlası,

Zəhərli kəlmələr ilan balası.

Deyirlər sağalır qılınc yarası,

Amma sağalmayan söz dağı varmış.

 

Bilsə bu dünyanın son vəfasını

Kim verər ölümə öz yaxasını?

Görəndə comərdin bir səxasını

Namərdin alışan cızdağı varmış.

 

Qaçır səfalətə düz işdən qaçan,

Bu yerdən, bu göydən, bu ərşdən qaçan.

İşıqlı dünyada günəşdən qaçan

Qaranlıq dünyanın dustağı varmış.

 

09.05.2023

 

 

Ümid varsa

 

"Ağ ölümün" məhkumlarına

 

Səni izlər addımbaşı

Bədənlə ruhun savaşı.

Dur, zavallı, bir yavaşı,

Qıyma Allah verən cana.

 

Sən ölümün köbəyində,

Ölüm sənin bəbəyində.

Gücü çatmır mələyin də

Qəfil iblis girən cana.

 

Sən bizlərdən biri ikən

Niyə döndün belə erkən?

Nə deyəsən diri ikən

Ölü ömür sürən cana?

 

Qarşında uçrumdur, soydaş,

Geri qayıt yavaş-yavaş...

Ümid varsa yoxdu təlaş

İblis yerə sərən cana.

 

11.12.2022

 

Nargin

 

Nargin adası,

Sürgün adası,

Qanına qəltan

Türkün adası.

 

Bu mavi Xəzər

Qanlı dəryadı.

Orda boğulur

Müşfiq fəryadı.

 

"Qara qutu"su

ruhların - Nargin.

Kimsə onları

Oxuyar bir gün...

 

Nargin adası,

Sürgün adası.

Şərdən yoğrulan

Şərqin adası...

 

31.09.2023

 

 

Türkiyədəki

deprem fəlakətinə

 

Fəlakət fələkdən gəlir,

Olmaz ki, başqa cürəsi.

Bircə anda məhvərindən

Sanki çıxdı Yer kürəsi.

Daş altında can uyutdu

Bu fələyin kirkirəsi.

Yetim qalan çocuqların

Dərdinə kim hönkürəsi?

Ölmüş övlad anasına

Təsəllimi var verəsi?

"Bir ölüb min dirilərik",

Belə deyib türk törəsi!..

 

11.02.2023

 

 

İran "təranələri"

 

Güllələrin üstünə

Atılır soydaşlarım.

Vurulub öz qanına

Qatılır soydaşlarım.

Qorxu, hürkü qalmayıb,

Hər kəs hazır edama.

Bundan betər zülm olar

Adəm oğlu adama?

Əmmamə bir əmmadır,

Çadra ruhun çidarı.

Allahsız bir dövlətin

Molladır hökmdarı.

Xiyabanlar, küçələr

Boğulur qan içində.

Azadlıq nərildəyir

Kölə insan içində.

İran nəsə doğacaq,

Ara vermir sancısı.

Tapılar günahkarın

Bir gün ittihamçısı...

 

25.11.2022

 

 

Şəhid övladının dilindən

 

Hey yolunu gözləyirəm,

Ata, niyə gəlməz oldun?

Darıxıram gecə-gündüz,

Əhvalımı bilməz oldun.

 

Vətən üçün qıydın cana,

Düşməni bələdin qana.

Mən ağladım yana-yana,

Göz yaşımı silməz oldun.

 

Darıxmışam - bilməmisən,

Gözləsəm də gəlməmisən.

Deyirlər ki, ölməmisən,

Şəhid olub ölməz oldun!

 

05.11.2022

 

 

Bu yoxuşlar

 

Harda insan, orda nöqsan -

Bəşər düzəlmək istəmir.

Nə xeyirin bir xeyri var,

Nə şər düzəlmək istəmir.

 

İçim özümü yandırır,

Çölümün xəbəri yoxdur.

Bu yoxuşlar yordu məni,

Dizimin təpəri yoxdur...

 

01.11.2022

 

 

Göylərdən istədim

 

Gecəli-gündüzlü ömür yaşadım,

Gündüzün yerini gecə vermədi.

Dünyada varmı ki, elə bir insan

Çöldən çəkdiyini içə vermədi?

 

Özümə çəkəndə öz tətiyimi

Gördüm xəyalımda son itiyimi...

Göylərdən istədim istədiyimi

Tanrım da almadı vecə - vermədi.

 

Ürəyim qəmlərin bol həsrətində,

Dağlara nərdivan yol həsrətində.

Adiləm, qalmışam bal həsrətində,

Arı saxlasam da beçə vermədi.

 

01.04.2023

 

 

Çal mənim də havamı

 

Sehrli barmaqları ilə insanı başqa aləmə aparan Aşıq Ədalət Dəlidağlıya

 

Çal, Ədalət, çal mənim də havamı,

Səndən yaxşı kim tanıyır bəs məni?

Ağrısız bir dünya varsa bax ora

Qoy aparsın bu ilahi səs məni.

 

Ömür gəlib dirənib son mənzilə,

İnanmıram bir də qalxam mən zilə.

Heç görmədim göz yaşımı mən silən,

Heç tapmadı bir rəhimdil kəs məni.

 

Adil deyər bu taledir, bu baxtdır,

Bir növbə var - kim geri, kim qabaqdır.

Mən ölümlə güləşirəm havaxtdır,

Yıxılmıram, anam doğub tərs məni.

 

Ankara,

Koru xəstəxanası,

19.07.2023

 

Bu hava başqa havadır

 

İnanmağım gəlmir vallah -

Dost-tanışdan hiylə baxır -

Yer üzündə yer tapmırsan -

Hər qarışdan hiylə baxır.

 

Qaçan ömür, bir az toxda,

Gör gəlmişik hansı vaxta.

Süzülən göz yaşı saxta

Yalvarışdan hiylə baxır.

 

Bu hava başqa havadır,

Bizi səbrimiz uvadır...

Dava bilirsən davadır,

Sülh-barışdan hiylə baxır.

 

20.04.2023

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!