Görkəmli elm və mədəniyyət xadimləri akademik Teymur Kərimli haqqında

 

Azərbaycan ədəbiyyatşünaslıq elmində klassik ədəbiyyatın tanınmış tədqiqatçıları sırasında akademik Teymur Kərimlinin özünəməxsus yeri vardır. Teymur Kərimli qədim dövr və orta əsrlər Azərbaycan ədəbiyyatının böyük tədqiqatçıları nəslinin yeni nümayəndəsidir. Ölkəmizin müstəqillik epoxasında klassik ədəbiyyatın tədqiqi, nəşri, tədrisi və təbliği sahəsində Teymur Kərimlinin ardıcıl və səmərəli fəaliyyəti qabarıq şəkildə nəzərə çarpır.

 

İsa Həbibbəyli

AMEA-nın prezidenti,

akademik, millət vəkili

 

***

Teymur Kərimli Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli və məhsuldar nümayəndələrindən biridir. Həmkarları arasında ən erudisiyalı qələm sahibi kimi bəyənilən və təqdir edilən alimin başlıca tədqiqatları zəngin klassik irsimizə, özəlliklə Xaqani, Nizami, Nəsimi və Füzulinin əsrlərin sınağından çıxmış çox qiymətli poeziyasına həsr olunmuşdur.

 

Bəkir Nəbiyev

Ədəbiyyatşünas, tənqidçi, AMEA-nın

həqiqi üzvü, filologiya elmləri doktoru

 

***

Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələri içərisində dahi Nizami Gəncəvinin həyat  və  yaradıcılığının tədqiqi, xüsusən, onun tarixi hadisələr kontekstində öyrənilməsi  akademik Teymur Kərimlinin elmi yaradıcılığının mühüm istiqamətlərindən birini təşkil edir. Alim Nizami Gəncəvi yaradıcılığında tarixi mövzu probleminin ictimai-tarixi və bədii-filoloji aspektlərini dərindən araşdırmış, bu istiqamətdə sanballı nəticələr ortaya qoymuşdur.

                                                                                                                                 

Arif Həşimov

Akademik

 

***

Şəxsi arxivimdə Teymur müəllimin vaxtilə mənim xahişimlə tərcümə etdiyi bir şeirin - Şekspirin bir sonetinin əlyazması qorunur. Bu gözəl fəlsəfi poeziya nümunəsinin tərcüməsi o qədər gözəldir ki, oxucunu sonetin az qala elə orijinalda Azərbaycan dilində yazıldığını düşünməyə vadar edir. Həmin tərcümə Teymur müəllimin bir alim və ədəbiyyatçı kimi Azərbaycan dilinin poetikasının incəliklərini nə dərəcədə dərindən hiss etməsinin, onun romantik şair ruhunun, sözün gözəlliyinə vurğunluğunun nümunəsi kimi hər zaman məndə, bu tərcüməni bölüşdüyüm hər kəsdə böyük maraq və sevgi doğurur. 

 

İbrahim Quliyev

Akademik

 

***

Akademik Teymur Kərimli elmi və elmi-təşkilati fəaliyyətinə böyük dəyər verdiyim şəxslərdəndir. Klassik Azərbaycan ədəbiyyatına, xüsusən, Nizami və Füzuli kimi dahilərin yaradıcılığına işıq tutan elmi əsərləri ona ölkə hüdudlarından kənarda da böyük şöhrət qazandırmışdır. Teymur müəllimin öz çıxışlarında daim şeirə müraciət etməsi onları daha zəngin, daha məzmunlu edir.

 

İradə Hüseynova

Akademik

 

***

Akademik Teymur Kərimli ilə birgə iş fəaliyyətimiz AMEA Rəyasət Heyətində 2013-cü ildə başlasa da, hələ ondan xeyli əvvəl AzTV-də yayımlanan və aparıcısı mərhum şair Ələmdar Mahir olan Məclisi-üns verilişinin fəal iştirakçısı olan - Teymur müəllimin çox dəyərli və məzmunlu fikirləri diqqətimi cəlb edərək onun şəxsiyyətinə böyük hörmət və ehtiram hissi yaratmışdır.

           

Dilqəm Tağıyev

AMEA-nın vitse-prezidenti, akademik,

kimya elmləri doktoru, professor

 

***

Akademik Teymur Kərimlinin fəaliyyəti bir sıra istiqamətləri əhatə edir. O, görkəmli ədəbiyyatşünas alim olmaqla yanaşı, elmi-təşkilati fəaliyyət sahəsində də böyük təcrübəyə malikdir. 2014-2020-ci illərdə Humanitar Elmlər Bölməsinin akademik-katibi vəzifəsində çalışarkən, biz AMEA Rəyasət Heyətinin iclaslarında, müxtəlif toplantılarda elmi və elmi-təşkilati məsələlərlə bağlı aktiv müzakirələr aparmış, bir sıra qərarların qəbulunda yaxından iştirak etmişik.

Akademik Teymur Kərimli, eyni zamanda ensiklopedik biliyə malik olmaqla, keyfiyyətli elmi-bədii tərcüməçilik, milli-mənəvi dəyərlərin və ədəbi-tarixi şəxsiyyətlərin tədqiqi, təbliği və qorunması sahəsində də mühüm işlər görmüşdür. Alimin Nizamişünaslıq və Füzulişünaslıq sahələrində apardığı tədqiqatlar, çap etdirdiyi kitab və monoqrafiyalar Azərbaycan ədəbiyyatşünaslığını zənginləşdirən mühüm töhfələrdəndir.

 

Rasim Əliquliyev

AMEA-nın vitse-prezidenti,

İnformasiya Texnologiyaları İnstitutunun

baş direktoru,akademik

 

***

Elmin enişli-yoxuşlu yollarının bütün pillələrini ardıcıl olaraq qət edən Teymur müəllim öz istedadı, biliyi, zəhmətsevərliyi, bacarığı sayəsində AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasından tutmuş, şöbə müdiri, elmi işlər üzrə direktor müavini və direktoru, AMEA Humanitar elmlər bölməsinin akademik-katibi vəzifələrinə qədər yüksəlmişdir. Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktorudur. Bir çox fundamental əsərin və monoqrafiyaların müəllifi, klassik irsimizin yorulmaz təbliğatçısı, öz işinə ürəkdən bağlı elm fədaisidir. Azərbaycan elmini böyük ləyaqətlə beynəlxalq aləmdə dəfələrlə təmsil etmişdir. Teymur müəllimin elmdə yorulmaz fəaliyyəti layiqincə qiymətləndirilmiş, o, 2007-ci ildə AMEA-nın müxbir-üzvü, 2014-cü ildə həqiqi üzvü seçilmişdir. Və, nəhayət, akademik Teymur Kərimli olduqca təvazökar insan, xeyirxah rəhbər, qayğıkeş həmkardır.

 

Gövhər Baxşəliyeva

Akademik

 

***

Klassik ədəbiyyatımızın yorulmaz tədqiqatçısı akademik Teymur Kərimlini qarşıdan gələn 70 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı diləyir, ən xoş arzularımı çatdırıram. İnanırıq ki, Siz hələ uzun illər klassik ədəbiyyatsevərlər, Azərbaycanın dilinə və tarixinə önəm verənlər və bütövlükdə elmi ictimaiyyət üçün enerji ilə yazıb-yaradacaq, tarixin neçə-neçə açılmamış əlyazmalarını işıqlandıracaqsınız.

 

Kamal Abdulla

Akademik

           

***

Akademik Teymur Kərimli Azərbaycan klassik ədəbiyyatı üzrə bir nömrəli mütəxəssisdir. Artıq neçə illərdir ki, bu şərəfli missiyanı inamla, böyük istedadla, yaradıcı məhsuldarlıqla yerinə yetirir. Və şübhə yoxdur ki, hələ neçə illər həmin tarixi məsuliyyəti uğurla daşıyacaqdır.                                                

 

Nizami Cəfərov

Akademik

 

***

Teymur mğəllim alim olmaqla yanaşı, həm də üz çoxsaylı tələbələrinə üz intellektini və qəlbini büyğk səxavətlə verən istedadlı müəllimdir. Onun rəhbərliyi altında onlarla fəlsəfə və elmlər doktoru dissertasiya mğdafiə edib.  Akademik Teymur Kərimli, həm də maraqlı bir insandır. Ədalətli, ğrəyiaçıq, yumorlu, müdrik və hər zaman yardıma ehtiyacı olanın köməyinə gəlməyə çalışan zəhmətkeş, məsuliyyətli, yorulmaz şəxsiyyətdir. Onun həyat yoluna nəzər salarkən və bu yolda əldə etdiklərini dərk edərkən, anlayırsan ki, həmin o Ordubaddan gələn gəncdən, parlaq bir tədqiqatçı, elm təşkilatçısı, pedaqoq və sadə, səmimi və etibarlı bir dost yetişib. 

 

Nərgiz Axundova

Akademik

 

***

Akademik Teymur Kərimli Azərbaycan ədəbiyyatşünaslığının öz dəsti-xətti ilə seçilən, özünəməxsus yeri və çəkisi olan görkəmli simalarından biridir. Alimin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi yaradıcılığı haqqındakı sanballı və dəyərli araşdırmaları ölkəmizdə nizamişünaslığı daha da təkmilləşdirmiş və zənginləşdirmişdir. Akademik Teymur Kərimli eyni zamanda klassik Azərbaycan ədəbiyyatına, xüsusilə d,ə böyük şair və mütəfəkkir İmadəddin Nəsimi və "qəlb şairi" Məhəmməd Füzuli yaradıcılığına incəliyinə qədər bələd olan ədəbiyyatşünas alimlərimizdən biri kimi tanınır. Görkəmli alim güclü yaddaş və nadir hafizə sahibidir. O, Azərbaycan klassik sənətkarları ilə yanaşı, ayrı-ayrı farsdilli şairlərin də çoxsaylı seçmə şeirlərini əzbər bilir və klassik bilgilər işığında onların üzdə görünməyən, alt qatda gizlənən mənalarının geniş və dəqiq yozumunu verir.

 

Möhsün Nağısoylu

Akademik

 

***

Klassik Azərbaycan ədəbiyyatının mükəmməl tədqiqatçısı və kamil bilicisi, akademik düşüncə tərzinə malik görkəmli alim, geniş dünyagörüşlü, yaradıcı fikir adamı, qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tanınmış mütəxəssislərindən biri olan Teymur müəllim elm təşkilatçısı kimi də tanınmışdır. O, çoxsaylı tədqiqat əsərləri ilə elm sahəsində və ədəbi mühitdə böyük hörmət qazanmışdır. Onun onlarla şair və mütəfəkkirlərimizə həsr olunan əsərləri, "Ədəbi məclis"lərdəki çıxışları Teymur Kərimlinin bir elm adamı kimi yüksək erudisiyaya və potensiala malik olduğunu təsdiq edir. Qürur duyuruq ki, elmimizin belə nümayəndəsi vardır.

                       

İsmayıl Hacıyev

AMEA Naxçıvan Bölməsinin sədri,

akademik

 

***

Teymur Kərimli  haqlı olaraq, Azərbaycan elminin görkəmli xadimləri sırasında  yer almışdır. Fundamental və ölkəmiz üçün əhəmiyyətli tədqiqatlarının nəticələri yerli və xarici mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.

Teymur Kərimlini hər zaman həyat fəlsəfəsində öz prinsiplərinə sadiq olan, həmkarlarını, əsasən də, gəncləri müdafiə edən və dəstəkləyən bir elm xadimi kimi tanıyıram.

Sevindirici haldır ki, hörmətli Teymur müəllim, siz bu gün də fəal işləməkdə, böyük ictimai işlər görməkdə, zəngin təcrübənizi və dərin biliklərinizi tələbələrə ötürməkdə davam edirsiniz.

 

Fəxrəddin Qədirov

Akademik

 

***

Teymur müəllim həyatda da çox mehriban, baməzə insandır. İnsanlara kömək etmək, ehtiyacı olana əl uzatmaq onun nəcib, insani keyfiyyətlərindən xəbər verir. Bəlkə də, ilk baxışda, o, kiməsə dinməz, gülüb-danışmağı xoşlamayan adam təsiri bağışlaya bilər. Lakin bu hiss ötəridir. Teymur müəllimi yaxından tanıyan hər bir kəs onun geniş, həssas qəlbinə, ünsiyyət qurmaq məharətinə, incə, duzlu yumor hissinə malik olmasına yaxşı bələddir. Bu xüsusiyyətlər onun bir çox şeirlərində də əks olunub.

 

Ərtegin Salamzadə

AMEA-nın müxbir üzvü, professor

 

***

Teymur Kərimli böyük alim və istedadlı şəxsiyyət kimi şərəfli ömür yolu keçmiş, hələ gənc yaşlarından  fitri istedadıyla fərqlənmiş, Orta əsrlər Azərbaycan ədəbiyyatının və böyük Nizami yaradıcılığının ən qüdrətli tədqiqatçılarından biridir.

 

Misir Mərdanov

AMEA-nın müxbir üzvü, Riyaziyyat və

Mexanika İnstitutunun direktoru

 

***

Ulu öndər Heydər Əliyevin yarım əsr əvvəl bəyan etdiyi Azərbaycanı dünyada tanıtmaq yolunda məhz Nizami Gəncəvi, Füzuli, Nəsimi yaradıcılığını öyrənib, təbliğ etmək yükünü öz üzərinə götürənlərdən biri də akademik Teymur Kərimlidir. Humanitar elmimizin həm yaradıcısı, həm də təşkilatçısı olaraq Azərbaycan ədəbiyyatının qədimliyini və fəlsəfi məzmun baxımından dərinliyini sübut etmək yolunda yorulmadan çalışan alim Əlyazmalar İnstitutuna rəhbərlik etdiyi müddətdə əlyazma xəzinəmizin dünya kitabxanalarından alınan nüsxələr hesabına daha da zənginləşməsinə nail olmuş, institutda qorunan yazılı abidələrin elektronlaşması prosesini yeni mərhələyə çıxarmışdır.

 

Həsən Həsənov

Tarix elmləri doktoru,

görkəmli dövlət xadimi, diplomat

 

***

Hörmətli akademik Teymur Kərimli ilə dəfələrlə yol yoldaşı oldum və onu daha yaxşı tanıdıqca mənən böyük vətənpərvər bir insan olduğunu anladım. Teymur müəllim Əlyazmalar İnstitutunun yalnız müdiri deyil, həm də millətimizin əlyazmalar xəzinəsinin sıravi keşikçisidir. Bəzən onun gözlərindəki yuxusuzluğu görəndə, bilin ki, hansısa gizli mal-mülkün deyil (çünki yoxdur), ona həvalə edilmiş milli sərvətimizin məsuliyyətini daşımaqdan narahat yatıb.

 

Vahid Əziz

Xalq şairi

 

***

Görkəmli ədəbiyyatşünas alim, filologiya üzrə elmlər doktoru, professor, akademik, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Teymur Kərimli Nizami, Nəsimi, Füzuli, Şəhriyar və bir çox başqa klassiklərimizin, eləcə də, çağdaş sənətkarlarımızın yaradıcılığına dair dəyərli araşdırmaların müəllifi olmaqla yanaşı, həyatını klassik ədəbiyyatın tədqiqinə həsr etmək qərarına gəlmiş gənclərin tədqiqatçı kimi yetişməsinə xüsusi fikir verən, onlara qayğı ilə yanaşan bacarıqlı elm təşkilatçısıdır.

 

Paşa Kərimov (Əlioğlu)

Tənqidçi-ədəbiyyatşünas, şair,

filologiya elmləri doktoru, dosent

 

***

Teymur Kərimli intellektualllıq və təfəkkür baxımından ədəbiyyatımızda xüsusi çəkiyə malik, sanballı qələm adamıdır...  O, müxtəlif xətt növlərində yazılan əlyazmalarını səlis oxuduğu kimi, ürək sirlərini də oxumağı bacarır…

 

Qurban Bayramov

Tənqidçi-ədəbiyyatşünas,

filologiya üzrə fəlsəfə doktoru

 

***

Teymur Kərimli Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli və məhsuldar nümayəndələrindən biri, klassik ədəbiyyatımızın istedadlı araşdırıcısı və bacarıqlı təbliğatçısı, bir sıra elmi jurnal və topluların redaksiya heyətinin üzvü, xeyli sayda monoqrafiyanın elmi redaktoru, istedadlı şair, bacarıqlı elm təşkilatçısı, nəhayət, gözəl insandır.

 

Vaqif Arzumanlı

Filoloq-tarixçi,

filologiya elmləri doktoru, professor

 

***

Akademik Teymur Kərimlinin sabahın eşqi ilə yaratdığı əsərlər keçmişlə bu gün, bu günlə gələcək arasında mənəvi körpü yaradır, nəsilləri mənən bir-birinə bağlayır.

 

Arzu Nehrəmli

Tarix üzrə fəlsəfə doktoru,

 şair, nasir, publisist

 

***

Azərbaycan klassik irsinin dərin bilicisi, görkəmli ədəbiyyatşünas, geniş dünyagörüşə malik, mütaliə dairəsi və hafizəsində saxladığı nadir poeziya örnəkləri ilə onu ilk tanıyanları belə heyran qoyan, ustadım, akademik Teymur Kərimli bədii ədəbiyyat sahəsində dövrümüzün canlı klassiki, ən müasir texnoloji nailiyyətləri humanitar elmin ana problemlərinin həllinə yönəltməyi bacaran mütərəqqi fikirli alimlərimizdəndir. Onun zəngin elmi irsində Qədim və Orta əsrlərin Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Əlişir Nəvai kimi şeir nəhəngləri çağdaşlarımız kimi dil açıb danışır, müasir dövrümüzün ümumbəşəri problemlərindən çıxış yolu göstərirlər. Qürur duyuram ki, onun elmi rəhbərliyi altında dissertasiya işi müdafiə etmiş, onunla bir elmi-tədqiqat müəssisəsində çalışmaq şərəfinə nail olmuşam.

 

Əzizağa Nəcəfzadə

Filologiya üzrə fəlsəfə doktoru, dosent

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!