Sevməyə də (yenidən olsa, belə),
yanmağa da bir çınqı bəs edər...
...Belə oldu. İntellektinə, mədəni səviyyəsinə, sözə həssaslığı və xiridarlığına güvəndiyim bir qız şeir oxudu. Dedim ki, ver özüm oxuyum, ona görə ki, səslənmə aldadıcıdı, emosionallıq, səs titrəyişi, poz vermələr çaşdırıcıdı.
- Çox maraqlı şeirdi, sənmi yazmısan?
- Yox, Elçin İsgəndərzadənindi.
- Doğrudanmı? Qoy bir də baxım.
Bu dialoqun üstündən təqribən 20 gün keçmiş olardı ki, həmişə ədəbiyyatqarışıq hər fikri bölüşdüyüm, sözü kökdən düşməyən şair dostum Sərvaz Hüseyoğluyla dərdləşir, bədiyyatın budağından-budağına qonur, yaxşı-dəyərli poetik nümunələrə özümüzünmüş kimi "bəh-bəh" deyirdik ki...
- Bir kitab var... Əslində, şairlə dialoq kimi qurmuşam, onun yaradıcılığına söykənərək, sevgiylə, bizim Gəncəmizlə bağlı çox təsirli poetik mənzərələrlə dolu. Düşünürəm ki, sən daha dərindən duyarsan, axı, daha doğmasan o ab-havaya...
- Yox e... Kitabı kimin şeirləri üzərinə yazmısan?
- Elçin İsgəndərzadənin...
İndi bu iki dialoq arasında adi - təsadüfi bir bağ olmadığını düşünür, mistik bir rabitə arayıram, hətta Anarın "Əlaqə" povesi də yaddaşımda oyanır... İki - mənim üçün güvənilir saydığım, düşüncələri mötəbər sayıla biləcək şəxsdən-dostdan eyni ədəbi ünvana dəyərli işarə maraqlıdı.
Elçini, yalan olmasın, 15 ildi görmürəm, düzü, yazılarını da izləməmişəm, xeyli vaxtdı... Amma aramızda xətir-hörmət, qarşılıqlı məxsusi münasibət olduğunu deyə bilərəm.
"Aydın səma kimi" kitabını Sərvaz şeir kimi yazıb, yəni burda kitab yazma əməliyyatı-qurğusu yoxdu, ürəkdən gələn qatqısız-səmimi, məhəbbətlə yazıldığı aydınca üzə vurur. Deməliyəm ki, Sərvaz Hüseynoğlunun istər publisistik, istərsə də elmi-araşdırıcı keyfiyyətini vurğulamadan keçmək doğru olmaz.
Bu da Elçin İsgəndərzadə:
Həyat düsturutək gələr ölüm...
...hə, dayanıb bir az düşünürəm... Ölüm həyat düsturu... Əslində, Ölüm-Həyat bir-birinin inkarı, tərsi deyil. Yapon fəlsəfəsinin, antik yunan mifolojisinin, türkdilli Kitabələrin bizə zaman-zaman pıçıldadığı qaçılmaz möhtərəm həqiqət bu ki, bir şeirdə-misrada belə parlaq ifadəsini tapa bilib.
Sərvaz düz deyir ki, ikisinin - müəlliflə (S.Hüseynoğlu) şairin (E.İsgəndərzadə) birgə kitabıdı, yəni o qədər iç-içə keçmişlik var ki, harda müəllif, harda tərəf-müqabil başlayır? - ayırmaq belə çətindi. Mətndə görünməyən, amma hər iki şair dostumla həsbi-halda olan, türk arkadaşlarımızın təbirincə, muhabbət edən mistik, ruhi bir obraz da var. O ismi pünhanın eşq cazibəsini kitabın hər sətrində, misrasında hiss edir və o ilahi simvolun heyranı olur, onu yaşayırsan.
Fiziksəl ayrılıq itib və ruh yekvücud bulub.
Bizi bir-birimizə bağlayan Gəncə ruhu var... Bir dəfə şair dostum Nurhafiz dostlarla yeyib-içmək məclisində mənə zəng elədi ki, Gəncədəyəm, dostlarımızla səni xatırladıq və sənin Gəncə haqqında bir söz deməyini istərəm.
- Gəncə ruhumuzun, sevdamızın paytaxtıdı - dedim... Yəni bizi bu müqəddəs duyğular bağlayır.
Elçinin Gəncəyə mübhəm, özünəxas, məlhəm sevgisi aydın sezilir, dünyanın harasında olursa, hansı məqama çatırsa, çatsın. Bir sevda izləyir, onunla qoşa yeriyir, sərhədləri vizasız keçib gedir.
İndi neçə uzaq var
Sevdayla ayrılığın arasında...
Hə, Elçin, ölüm-həyat necə birsə, ayrılıq-vüsal da eynidi, böyük-evrensəl qavramda, ilahidərkdə.
Deyim ki, kitab özünü oxutdurdu, son vaxtlar çox az yazı-kitab olur yaxamdan tutur ki, məni oxuyacaqsan.
Lakonik və ürəkdən gələn kitab həyatın özü kimi doğma gəlir adama.
Hər güzgü qırığında
Bir gümüş Ay parçası...
Əsrarəngiz poetik müşahidə, mənzərədi. Köhnə dostum Elçin İsgəndərzadəylə yenidən, məhz Sərvazın təqdimatında, özünün poetik qatında-mərtəbəsində görüşə sevindim. Sevindim ki, Elçin bu illər ərzində elmdə olduğu kimi bədiyyatda da daima yenilənib, ümumiyyətlə, poeziyamıza təzə rəng qata bilib, eynən bu misralar kimi:
Ovcumda
Nəfəsim sürüşür,
Dodaqlarım yalın...
Və yaxud:
Bir az payız, bir az ayaz,
Yenə bu payız üşüdür...
Bir payızın xatirəsi
Adamı hər yaz üşüdür.
...Sərvaz Hüseynoğluna minnətdaram ki, illər sonra müəllif obrazla-şeir-misralarla yenidən görüşə vəsilə oldu.
Əlbəttə, şübhəsiz, bu şeirlər və kitab başda olmaqla...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!