Söz adamı - Afaq Məsudun Azər Turana yubiley təbriki

 

Azər Turan – qədim tarixli milli maarifçilik ənənələrimizin parlaq daşıyıcısı, qəlbi bədii söz, ali dəyər və duyğularla döyünən nadir ziyalılarımızdandır. Yaxşı xatırlayıram, atam Məsud Əlioğlu tez-tez Neftçalada yaşayan yaxın dostundan – böyük ziyalı, söz və sənət xiridarı İmamverdi Əbilovdan, onun təmənnasız, nəcib xislətindən danışar, evində təşkil olunan ədəbi məclislərdən aldığı təəssüratlarını, ruhi qida və işıq dolu dirildici ab-havanı bizlərə də ötürərdi... Odur ki, mən Azəri Azər Turan kimi yetişdirən ocaqla, bədii söz, fikir və duyğu fəvvarəsi dolu mühit və atmosferlə hələ 70-ci illərdən tanışam.

Bu gün Azər, özəyi 70-ci illərdə unudulmaz İmamverdi müəllimin müqəddəs ocağında qoyulmuş həmin o Söz işığının daşıyıcısı olaraq öz missiyasını şərəflə yerinə yetirməkdə, ədəbi fikrin formalaşması, itirilmiş, unudulmuş milli-mənəvi dəyərlərin oyadılması, bərpası, Mahmud Kaşqarlı, İsmayıl bəy Qaspıralı, Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, Mehmet Akif Ərsoy, Yusif Akçura, Hüseyn Cavid, Əhməd Yəsəvi, Çingiz Aytmatov, Nəsib Fazil Qısakürək, Nazim Hikmət kimi böyük söz və fikir adamlarının yaradıcı irsinin, məslək və amallarının nəsillərə ötürülməsi istiqamətində fədakarlıq və əzmlə çalışmaqdadır.

Bu il 60 yaşı tamam olan qələm dostumu ziya dolu bu şərəfli yubileyi münasibəti ilə ürəkdən təbrik edir, bundan sonra yaşanacaq ömrünü də yaradıcı ruhun baş qoruyucusu - Sözün işıqlı çətiri altında keçirməsini arzulayıram.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!