Azərbaycan dili və Ədəbiyyatı Forumu - Yeni mərhələnin başlanğıcı - Kənan HACI

Kənan HACI

 

XXI əsrin ortalarına doğru yürüməkdəyik. Atalar tarixə dönür, oğullar bu günün mənəvi, ideoloji bazasını yaratmaqla gələcəyə üz tutur. Amma oğullar mənəvi yükünü atalardan götürüb, ora nələrisə əlavə etmək (zamanın ruhunu, texnoritmini və sair) gənc nəslin işidir. Artıq otuz ildən çoxdur ki, Azərbaycan öz istiqlaliyyətinə qovuşub. Bu illər ərzində çətin yollardan keçmişik. Azərbaycan dövlətçiliyinin yaranması, möhkəmlənməsi, məmləkətimizin dünya dövlətləri ilə bir sırada dayanması üçün uzun bir zaman lazım oldu. Müstəqilliyimizi beşiyindəcə boğmaq istəyən qüvvələr vardı - 1918-20-ci illərdə olduğu kimi... Bu dəfə onların mənhus niyyətləri baş tutmadı. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı qara qüvvələrin məkrli planlarının üstündən xətt çəkdi. İntibah mərhələsi məhz o zamandan başladı.

Bütün sahələrdə olduğu kimi, ədəbiyyatımız da böhran içərisində idi. İctimai-siyasi formasiyanın dəyişməsi, yeni dəyərlərin yaranması, keçid dövrünün sınaqları ədəbiyyat adamlarını da çaşqın vəziyyətdə qoymuşdu. Taleyüklü məsələlər, cəmiyyətin həddən artıq siyasiləşməsi insanları ədəbiyyatdan, kitabdan uzaq salmışdı. İnsanlar kitab yox, gündəlik qəzetləri oxuyurdular. Bu carilik onlara dərin düşüncələrə dalmağa, sənət, fəlsəfə, ədəbiyyat platformasında fikir mübadiləsi aparmağa imkan vermirdi. Bu maddi-mənəvi, psixoloji dağıntılar içərisində ümidsiz insanların qəlbində inam işığı yandırmaq, onları bu mənəvi çöküşdən xilas etmək o qədər də asan deyildi. Heydər Əliyev təmkinlə, səbirlə böyük Dirçəlişin əsasını qoydu. Ordu quruculuğu, iqtisadiyyatın inkişafı, ədəbiyyata, mədəniyyətə diqqət və qayğı onun fəaliyyətinin əsasını təşkil edirdi. Azərbaycançılıq məfkurəsi onun müdrik zəkasının məhsuludur. Bu ideologiyanın əsası, hələ onun Azərbaycana birinci rəhbərliyi dövründə - 1969-1982-ci illərdə qoyulmuşdu. Hamımıza məlumdur ki, o illər ədəbiyyat və incəsənət xadimləri üçün ən parlaq dövr idi. Ölkədə mütəmadi olaraq ədəbiyyat və mədəniyyət günləri keçirilirdi, yazıçı və şairlərimiz xüsusi diqqət, qayğı ilə əhatə olunmuşdu. Hər il Şuşada keçirilən Vaqif Poeziya günlərinin əsası məhz o illərdə Heydər Əliyev tərəfindən qoyulmuşdu. 44 günlük Zəfərimizdən sonra bu ənənə yenidən bərpa edildi.

Ali Baş Komandan İlham Əliyev 2021-ci ilin 30 avqustunda Şuşada Vaqifin məqbərəsinin yenidən bərpa edilməsindən sonra məqbərə önündə çıxış etdi və bu məqamı xüsusi olaraq qeyd etdi:

"Müharibədən sonra mən ilk dəfə Şuşaya bu il yanvarın 14-də gəlmişdim. Bu tarix də təsadüfən seçilmədi. Çünki o tarixdən 39 il əvvəl burada Ulu Öndərin iştirakı ilə Vaqifin məqbərəsi açılmışdı və məhz yanvarın 14-də mənim buraya gəlməyimin çox böyük rəmzi mənası var idi. Buraya ilk səfərimdə ilk göstərişlərdən biri də o oldu ki, Vaqifin məqbərəsi bərpa edilsin, çünki vandallar bu məqbərəni dağıtmışdılar, sökmüşdülər. Vaqifin içəridəki barelyefini, sinə daşını sökmüşdülər. Yəni, onlara xas olan vandalizm törətmişdilər, necə ki azad edilmiş bütün başqa torpaqlarda biz bunun şahidiyik. Məqbərənin bərpasını Heydər Əliyev Fondu öz üzərinə götürdü və bu gün biz bu məqbərənin önündə Vaqif Poeziya Günlərinə start veririk. Vaqif Poeziya Günləri də bərpa edildi, "Xarıbülbül" festivalı da bərpa edildi. Bu ilin may ayında biz çox böyük coşqu ilə bu festivalı keçirdik və bu tarixi bərpa etdik".

Möhtəşəm qələbəmizdən sonra Azərbaycan ədəbiyyatı üçün də yeni bir səhifə açıldı. Yeni ədəbiyyatın ayaq səsləri bu dəfə daha aydın eşidilməyə başladı. Ədəbiyyat özünün əbədi dəyərləri qədər də öz dövrünə bağlı bir sahədir; zamanın bütün ağrı-acıları, sevincləri, qayğıları sözün canına hopur. Ədəbiyyat həmişə zamanın ruhu ilə həmahəng olub. Sözsüz ki, bu dövr gələcəkdə ədəbiyyatımızda yeni bir mərhələ kimi təsnifatlandırılacaq. Çünki yeni mərhələnin yaranması üçün tarixi şərait və zəmin yarandı.

Yazıçılar, şairlər bu Zəfərin bədii salnaməsini yazmağa başladılar. Sanki ədəbiyyatımızda, ədəbi mühitimizdə də bir canlanma yarandı. Vaqif Poeziya günlərinin hər il davamlı olaraq Şuşada keçirilməsi, "Xarıbülbül" festivalının ehtişamı və ədəbiyyat adamlarının bu möhtəşəm tədbirlərdə iştirak etməsi onların mənəvi dünyasında da dirçəliş yaratdı. Bu tarixi günlərin şahidi olan yazıçılarımızın qələmində daha minor deyil, major ladlar üstünlük təşkil etdi. Zəfər tariximiz artıq bir sıra bədii əsərlərdə öz əksini tapıb.

Bundan əlavə, mütəmadi olaraq ədəbiyyatla bağlı müxtəlif layihələr həyata keçirilir, seminarlar, konfranslar gerçəkləşir. Bütün bunlar ürəkaçan hadisələrdir və ədəbiyyatın toplum üçün nə qədər əhəmiyyətli və vacib bir sahə olmasının göstəricisidir.

Qeyd edək ki, biz bir qədər əvvəl - bu ilin aprel ayında "Azərbaycan teatrı - 150: inkişaf perspektivləri" mövzusunda Teatr Forumu"nun və "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər" mövzusuna həsr olunmuş Kino Forumunun keçirilməsinin şahidi olduq. Hər iki forumda Azərbaycan teatrı və kinosunun gələcək fəaliyyət istiqamətləriylə bağlı geniş müzakirələr səslənmişdi və bu tədbirlər xeyli müddətdir ki, medianın əsas mövzularından birinə çevrilməkdədir. Bu xüsusda teatr və kino xadimləri artıq əməli işə keçməklə bağlı müəyyən addımların atılmasının vacibliyini vurğulayıblar. Bu forumların keçirilməsi teatr və kino mühitində müəyyən canlanmanın yaranmasına səbəb oldu. Bu tədbirlərin, o cümlədən, Azərbaycan dili və Ədəbiyyatı Forumunun keçirilməsi "Azərbaycan mədəniyyəti 2020-2040-cı illərdə dövlət strategiyası"nın tərkib hissəsidir. Əlbəttə, bütün bunlar dövlətin mədəniyyətimizə, ədəbiyyatımıza diqqət və qayğısının təzahürüdür.

Sentyabrın 1-də isə qədim Şamaxıda Azərbaycan Dili və Ədəbiyyatı Forumu öz işinə başladı. Bu, Azərbaycanda ədəbiyyatla bağlı keçirilən ilk mötəbər Forum idi. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçirilən Forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində gerçəkləşdi.

Hamıdan əvvəl Bakıdan gələn qonaqları Günəş salamladı. Sonra qarşımıza Sözün əbədi elçiləri çıxdı - Nəsimi, Xətai, Füzulu, Vaqif, Seyid Əzim Şirvani... Bu mükəmməl kompozisiyada klassiklərimiz sanki Foruma öz xeyir-dualarını vermiş oldular. Azərbaycan ədəbiyyatına böyük söz ustadları bəxş etmiş Şamaxı torpağında belə bir ilkə imza atılması, sözsüz ki, həm də rəmzi xarakter daşıyır. Şamaxıdan başlayan bu yol ədəbiyyatımızı daha işıqlı sabahlara çıxaracaq. Bir zamanlar Xaqani də, Nəsimi də, Zeynalabdin Şirvani də bu torpaqdan yola çıxmışdılar. Bu yol hələ də davam edir və şaxələndikcə yeni cığırlar yaranır, bu cığırlarla sözümüzü yaşadanlar irəliləyirlər. Keçdikləri hər yerdə mənəvi dünyamızın özüllərini atırlar və beləliklə, dilimizin, ədəbiyyatımızın varlığını qoruyurlar.

Beləliklə, çox təntənələr görmüş, çox müsafirlərə qucaq açmış Şamaxı bu dəfə də əlamətdar bir hadisəyə şahidlik edirdi. Dağların əhatəsində yerləşən bu əsrarəngiz məkanda əsas mövzu dilimizin, ədəbiyyatımızın gələcək taleyi idi.  

Mədəniyyət naziri Adil Kərimli tədbirin açılış mərasimində çıxış edərək, ölkəmizdə ilk dəfə təşkil olunan Forumun əhəmiyyətini vurğulayıb. Nazir bildirdi ki, Forumun təşkili Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən silsilə layihənin tərkib hissəsidir. Ümummilli Liderin 100 illiyinə həsr edilmiş Forumun xüsusi önəm kəsb etdiyini diqqətə çatdıran nazir daha sonra ədiblər şəhəri sayılan Şamaxının UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilməsinin nəzərdə tutulduğunu vurğulayaraq bildirib ki, "belə forumların keçirilməsi cəmiyyətin inkişafı, mədəniyyətimizin zənginləşdirilməsi, gələcəkdə daha geniş üfüqlər açılması baxımından olduqca əhəmiyyətlidir. Azərbaycan Dili və Ədəbiyyatı Forumu mühüm mövzuların mütəxəssislərin iştirakı ilə müzakirəsi və əldə edilən nəticələri həyata keçirmək məqsədi daşıyır. Azərbaycan dili çox vacib sahələrdən biridir. Ümummilli Lider hər zaman ana dilimizi yüksək qiymətləndirib, onun qorunmasına, saflığının təmin edilməsinə, inkişaf etdirilməsinə önəm verib. Bu səbəbdən, Azərbaycan Dili və Ədəbiyyatı Forumunun Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində keçirilməsi önəmlidir. Hazırda isə dövlətimizin başçısı İlham Əliyev tərəfindən Azərbaycan dilinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü, davamlı tədbirlər, xüsusilə, Azərbaycan dilinin saflığının qorunması, onun kənar təsirlərdən mühafizə olunması, dilin tərkibinin inkişaf etdirilməsi istiqamətində çoxşaxəli siyasət həyata keçirilir.

Ulu Öndər Heydər Əliyev hər zaman ana dilimizin - Azərbaycan dilinin inkişafına və təmizliyinə xüsusi diqqət yetirib. Bu gün bu siyasəti prezident İlham Əliyev uğurla davam etdirir. Forumdan əsas gözləntilər problemləri ortaya çıxarmaq, onları müzakirə etmək və nəhayət, bu problemləri dövlət strategiyasında gələcək üçün nəzərə almaqdır".

Elm və təhsil naziri Emin Əmrullayev bildirdi ki, Azərbaycan dilinin inkişafı və müfəssəlləşməsi qarşıda duran ümdə vəzifələrdəndir. Dilimizin Azərbaycandan kənarda yaşayan daşıyıcılarının təhsillə bağlı problemləri olduğunu vurğulayan nazir daha sonra dedi: "Bu tədris ilindən etibarən xarici ölkələrdə yaşayan həmvətənlərimiz üçün onlayn Azərbaycan dili dərsləri keçiriləcək. Sevindirici haldır ki, artıq 400-dən artıq müraciət olub. Düşünürəm ki, Azərbaycandan kənarda yaşayan azərbaycanlılar üçün bu, vacibdir".

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev və Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva öz çıxışlarında Azərbaycan dilinin inkişaf konsepsiyası ilə bağlı fikir və mülahizələrini bildirdilər. Qeyd olundu ki, bu mötəbər Forum dilimizin qorunması və inkişafı ilə bağlı Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin ardıcıllığını, məqsədyönlülüyünü, bu istiqamətdə keçirilən tədbirlərin mahiyyət etibarilə bir-birini tamamladığını göstərir.

Açılış çıxışlarından sonra Azərbaycan dilinə həsr olunmuş videoçarx nümayiş etdirildi.

Forum "Qloballaşmanın Azərbaycan dilinə təsiri və Ana dilimizin saflığının qorunması mexanizmləri" mövzusunda panel iclası ilə işini davam etdirdi. Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyevanın moderatorluq etdiyi iclasda akademik Nizami Cəfərov, Xalq yazıçısı Kamal Abdulla, Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli, İnstitutun Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova, şairlər - Səlim Babullaoğlu və Aqşin Yenisey iştirak ediblər. Panel iclasında "Azərbaycan dilinin qloballaşma şəraitində inkişaf etdirilməsi mexanizmləri", "Dildə elmi üslubun inkişafına təsir edən amillər: elmi sahələrin inkişafı və dillərin inteqrasiyası", "Azərbaycan dili Azərbaycan ədəbiyyatının qoruyucusu kimi: dünən, bu gün, sabah", "Söz yaradıcılığı prosesi: dilin daxili imkanlarının canlandırılması və geniş ictimai istifadəsi olan xarici mənşəli sözlərə vətəndaşlıq statusunun verilməsi", "Xaricdə yaşayan azərbaycanlılar arasında dilin qorunması" və "İnternet məkanında Azərbaycan dilinin funksionallığı" mövzularında məruzələr dinlənildi.

Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla Azərbaycan dilinin təsir dairəsini daha da genişləndirmək üçün mexanizm işlənib hazırlanmasının vacibliyini vurğuladı və bunun üçün mütəmadi olaraq belə forumların keçirilməsinin vacibliyini vurğuladı. Millət vəkili, Əməkdar elm xadimi, akademik Nizami Cəfərov Azərbaycan dilinin genetikası, lüğət tərkibi ilə bağlı fikirlərini bölüşdü.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli söylədi ki, Azərbaycan dili öz fiziki varlığını bu günə kimi qoruyub saxlayıb və başqa dillərlə inteqrasiya edir. İctimai təfəkkürdə inteqrasiya funksional üslubların bir-birinə yaxınlaşmasına təsir göstərir. Biz inteqrasiya zamanı dilimizə keçən sözlərin elmi əsasını tapmalıyıq.

Dilçilik İnstitutu Terminologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru Sayalı Sadıqova diqqətə çatdırdı ki, dil xalqın mənəviyyatıdır, onu yaşadan əsas amildir. Dil elə bir məfhumdur ki, dövrün, zamanın tələblərinə uyğun olaraq yeni anlayışları ifadə edən sözlər yaradılmalıdır. Eyni zamanda dilin qorunması, saflığının təmin edilməsi üçün onun daxili imkanlarından istifadə edilməlidir.

AYB-nin katibi, şair Səlim Babullaoğlu dedi ki, bu gün dünyada 7000-ə yaxın dil var. Həmin dillərin 80 faizinə yaxınının 2500 insandan artıq daşıyıcısı yoxdur. Təxminlərə görə, XXI əsrin sonlarına qədər həmin dillərdən 4000-i sıradan çıxacaq: "Ancaq mən əminəm ki, Azərbaycan dili bu siyahıda olmayacaq. Əksinə, dilimiz günü-gündən daha da inkişaf edəcək".

Şair-publisist Aqşin Yenisey Azərbaycan dilinin bugünkü elmi, fəlsəfi və texnoloji məsuliyyət arealı barədə narahatlığını dilə gətirdi. Qeyd etdi ki, dilimizin elmi, fəlsəfi və intellektual ərazidə problemi var. Bu problemlərin aradan qalxması üçün xarici ölkələrin elmi-kütləvi ədəbiyyatının dilimizə tərcümə edilməsi son dərəcə əhəmiyyətlidir.

Sonra mövzular ətrafında geniş müzakirələr oldu.

II panel yazıçı Azər Qismətin moderatorluğu ilə işə başladı. "Azərbaycan dili və ədəbiyyatı zaman kontekstində: klassik ənənələr və müasir trendlər" mövzusunda çıxışlar oldu. Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı dilimizə xeyli sayda gəlmə sözlərin daxil olduğunu bildirdi və nəşr olunan ədəbiyyatın regionlara çatdırılmasında ciddi problemlər olduğunu diqqətə çatdırdı. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik, millət vəkili Rafael Hüseynov dilimizin gələcəyi ilə bağlı düşüncələrini bölüşdü. Millət vəkili, yazıçı Aqil Abbas mütaliə mədəniyyətinin formalaşmasından, yazıçı Şərif Ağayar isə kitab sənayesi, yayım sahəsindəki problemlərdən danışdılar və təkliflər irəli sürdülər.

Şair Qismət Azərbaycanın beynəlxalq ədəbi konvensiyalara qoşulmasının vacibliyindən danışdı. AYB sədrinin müşaviri Sayman Aruz Güney Azərbaycanda dilimizin və ədəbiyyatımızın problemləri haqqında fikirlərini dilə gətirdi.

Panel müzakirə və sual-cavablarla davam etdirildi.

Günün ikinci yarısı Forum iştirakçıları artıq Bakıya qayıdırdılar. Şair və yazıçıları aparan avtobusda Forumun birinci iş gününün səmərəli olmasıyla bağlı nikbin düşüncələr dolaşırdı. Yolboyu bu nikbinliyə Ağacəfər Həsənlinin Füzulidən, Əli Kərimdən oxuduğu şeirlər də rəng qatırdı. Qəşəm Nəcəfzadənin oxuduğu sevgi şeiri alqışlarla qarşılandı. Avtobusumuzun salonu, sözün əsl mənasında, poeziya məclisinə çevrilmişdi. Yusif Nəğməkar demiş, sözü sözə calayıb yola nərdivan atmışdıq.

Bakıda bizi daha iki gün gözləyirdi: sentyabrın 2-si və 3-ü Forum öz işini "Gülüstan" Sarayında davam etdirdi. Foyedə Forum iştirakçıları "Milli Kitabxananın "qızıl fond"undan" adlı sərgi ilə tanış oldular. Azərbaycan Milli Kitabxanasının 100 illiyinə həsr olunmuş ekspozisiyada kitabxananın fondundan nadir nəşrlər, klassik ədəbiyyatımızla bağlı qədim əlyazmalarının nəşr nümunələri yer almışdı.

Forumun III panel iclası "Teatr və kinonun inkişafında ədəbiyyat faktoru: əsərdən-səhnəyə, səhnədən-ekrana" mövzusunu əhatə edirdi.

Şair, kinodramaturq, AYB-nin katibi İlqar Fəhminin moderatorluğu ilə keçirilən paneldə Əməkdar incəsənət xadimləri, yazıçı-dramaturqlar - Əli Əmirli, Elçin Hüseynbəyli, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan, yazıçı, Beynəlxalq Yazıçılar Gildiyasının üzvü Varis Yolçuyev, ədəbi tənqidçi Əsəd Cahangir çıxış etdilər. İlqar Fəhmi yazıçılarla rejissorlar arasında yaranmış uçurumdan bəhs etdi və bu yaradıcı insanların sıx ünsiyyəti üçün nə etmək lazım olduğunu sual olaraq qoydu. Əli Əmirli bu xüsusda öz fikirlərini bildirdi və teatrın klassika ilə yanaşı, günün tələbləriylə ayaqlaşmasının vacibliyini vurğuladı. Ə.Əmirli sənədli dram janrının əhəmiyyəti haqda danışdı, Azərbaycan tarixinin son dərəcə qiymətli dövrləri, şəxsiyyətləri haqqında sənədli dram əsərlərinin yazılmasının vacibliyini xüsusi olaraq vurğuladı və qeyd etdi ki, bu sahədə boşluqlar var. Elçin Hüseynbəyli qeyd etdi ki, rejissorlar bəzən dramaturqların yoxluğundan şikayətlənirlər, halbuki dram əsərləri yazan dramaturqlarımız var. Rejissorlar yeni nəsil dramaturqlarına inanmalıdırlar, onlarla yaradıcı əməkdaşlığa can atmalıdırlar. 

"Ədəbiyyat qəzeti"nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru, tədqiqatçı Azər Turanın çıxışı salonda geniş maraq doğurdu. Klassik əsərlərimizdə gələcəyin kodlarının gizləndiyini vurğulayan tədqiqatçı diqqəti XX əsr Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, türkçülük məfkurəsinin böyük carçısı Əli bəy Hüseynzadənin "Siyasəti-fürusət" əsərinə yönəltdi. Azər bəyin bu xüsusda yazdığı yazını xatırladım:

"Siyasəti-fürusət"də səslənən "Dans  Makaber"dəki mistik ritm, mağaradakı mavimtraq fosfor alovu, gəmiklərin bir-birinə çarpışmasına bənzəyən səslər Əli bəyin simvolist estetikasının səsləriydi. ...1908-ci ildə Hüseynzadənin yaratdığı xəyali cəhənnəmdə bir uçurumun kənarında "qaranlıqdan, duman və buxarın kəsafətindən gözlə bir şey görməyincə, qulaq vasitəsilə onun dibindəki suçluların, günahkarların əhvalını dərkə çalışaraq yüz minlərcə ürək parçalayan nalə və fəryadlardan, könül yandıran ah-fəğanlardan yaranmış müdhiş ahəng, qarışıq səslər" eşidilirdi".

Azər Turan Əli bəy Hüseynzadə ilə Ceyms Coys arasında eyni sistemli baxışın, dünyaya qismən fərqli də olsa, demək olar ki, eyni estetik yanaşmanın, paradiqma oxşarlıqlarının olduğunu dilə gətirdi.  Nəzərə alsaq ki, Əli bəy Hüseynzadə bu əsəri Coysdan 10-15 il öncə yaradıb, o zaman dərindən düşünməyə dəyər. Və Azər bəy digər klassik əsərlərimizlə yanaşı, bu əsərin də səhnələşdirilməsinin vacibliyindən danışdı.

Tənqidçi Əsəd Cahangir onsuz da sayı az olan teatrşünasların rejissorlar ətrafında qruplaşmasının dəyərləndirmədə obyektivliyə mane olduğunu qeyd etdi. 

Beynəlxalq Yazıçılar Gildiyasının üzvü Varis Yolçuyev bildirdi ki, uşaqların marağını ana dilimizdə olan ədəbi nümunələrə cəlb etmək üçün onları təbliğ etməliyik.

Panel iclasından sonra məruzəçilərə suallar ünvanlandı və təkliflər səsləndi.

Günün ikinci yarısında forumun IV panel iclası gerçəkləşdi. "Uşaq və yeniyetmələr arasında mütaliənin təbliği. Azərbaycan uşaq ədəbiyyatının vəziyyəti" mövzusuna həsr olunan paneldə moderator, uşaq yazıçısı Günel Əsgərova müzakirəyə təklif olunan istiqamətləri diqqətə çatdırdı.

"Uşaq ədəbiyyatının ideoloji mahiyyəti və müasir problemləri" mövzusu ətrafında danışan Elm və Təhsil Nazirliyi Təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubova azyaşlıların mütaliəyə cəlb edilməsi, bu sahədə təbliğatın genişləndirilməsinin vacibliyi barədə fikirlərini bölüşdü. Bildirdi ki, dərsdənkənar mütaliə, eləcə də, uşaq ədəbiyyatı nümunələrinin geniş auditoriyaya təqdimatı vacibdir.

Uşaq yazıçısı, filologiya elmləri doktoru Zahid Xəlil çıxışında uşaq ədəbiyyatının çağdaş problemlərinə toxunaraq nəşr və digər vəsaitlərin ərsəyə gəlməsinə müəyyən nəzarətin zəruriliyini vurğuladı.

"Təhsildə ana dili və uşaq ədəbiyyatının rolu" ətrafında söz açan AYB-nin Uşaq ədəbiyyatı şöbəsinin müdiri, şair Qəşəm Nəcəfzadə dil və ədəbiyyat dərsliklərindəki nöqsanlardan bəhs etdi və konkret nümunələr gətirdi.

Yazıçı, Əməkdar mədəniyyət işçisi Rafiq Yusifoğlu hər bir valideynin uşaq jurnalları almasının vacibliyindən danışdı.

Uşaq yazarı Reyhan Yusifqızı uşaq ədəbiyyatı üzrə oxucu-naşir-müəllif üçlüyünün vəhdəti barədə fikirlərini bölüşdü. Filologiya elmləri doktoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri Elnarə Akimova "Mədəni və ədəbi qaynaqların müəyyənləşdirilməsində uşaq ədəbiyyatı nə dərəcədə rola malikdir?" sualı ətrafında danışdı, təkliflərini irəli sürdü. O, dərsliklərdəki ədəbi materialların uşaqların zövq və oxucu marağına yetəri qədər cavab vermədiyini qeyd etdi.

Uşaq yazarı Sevinc Nuruqızı çıxışında uşaq və yeniyetmələr arasında kitabın təbliği və əsərlərin mövzu müxtəlifliyi məsələlərinə toxundu.

Panel mövzular ətrafında müzakirələr və sual-cavablarla davam etdi.

Sentyabrın 3-də Bakıda, "Gülüstan" Sarayında forumun son panel iclası keçirildi.

"Dəyərlər və etik davranış kodeksləri: kitabın fərdi və sosial həyatda əhəmiyyəti və funksiyaları" adlı paneldən əvvəl Xalq şairi Ramiz Rövşən çıxış edərək, ana dilimizin əhəmiyyətindən söz açdı. Qeyd etdi ki, övladlarımıza uşaq yaşlarından ana dilimizi sevdirmək lazımdır.

Sonra Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş etdirildi.

Şair Əkbər Qoşalının moderatorluğu ilə gerçəkləşən paneldə "Azərbaycanda kitab sənayesi: mövcud vəziyyət və hədəflər", "Ölkəmizin kitab bazarına daxil olan xarici ədəbiyyatın milli dəyərlər və düşüncə sisteminə təsiri", "Kitab satışı sistemi: innovativ həllər və kredit mexanizmləri", "Kitab sənayesinin inkişafına dövlət dəstəyinin mexanizmləri" və "Vətəndaşların ədəbi, elmi və informasiya tələbatının ödənilməsində Azərbaycan Milli Kitabxanasının üzərinə düşən vəzifələr" mövzularında çıxışlar dinlənildi.

AYB-nin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev qeyd etdi ki, ölkəmizdə kitabların təbliği üçün müəyyən sistem yaradılmalıdır. Həmin sistem sayəsində Mədəniyyət Nazirliyinin sifarişi ilə nəşr olunan kitablar Kitabxana Kollektoru vasitəsilə kitabxanalara paylanılmalıdır.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirdi ki, ədəbi irsimizin toplanılması üçün Milli Kitabxana tərəfindən əhəmiyyətli işlər görülüb: "Bu gün deyilir ki, Azərbaycanda adambaşına düşən kitab aşağıdır. Ancaq mən deyə bilərəm ki, bu belə deyil. Gənclərimiz arasında kitab oxuyanlar çoxdur. Oxucuları kitaba yönəltmək üçün onlara düzgün şərait yaradılmalıdır".

Azərbaycan Nəşriyyatları Assosiasiyası İdarə heyətinin sədri Şəmil Sadiq qurumun fəaliyyətindən danışdı. Söylədi ki, assosiasiya kitabın təbliği üçün bir çox kitab sərgiləri təşkil edib.

Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı dedi ki, mərkəz tərəfindən kitabın təbliği istiqamətində xeyli yol qət edilib. Ədəbiyyat və dil sahəsində müəyyən layihələrə imza atılıb.

"Təhsil" nəşriyyatının direktoru Tural Axundov vurğuladı ki, elm və texnikanın, xüsusilə də, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bu dövrdə ənənəvi kitabı qoruyub, gələcək nəsillərə ötürməliyik.

"Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu forumun əhəmiyyətindən danışdı, tədbirin ədəbiyyat və dil sahəsində öz müsbət nəticəsini göstərəcəyinə ümidvar olduğunu bildirdi.

"AudioKitab"ın direktoru Əhliman Ərşadlı audiokitabların tarixi barədə məlumat verdi. Diqqətə çatdırdı ki, 2015-ci ildən fəaliyyət göstərən qurum tərəfindən bugünədək 8 minə yaxın kitab səsləndirilib.

Daha sonra, Azərbaycan ədəbiyyatına həsr olunan videoçarx nümayiş olundu. Materialda Ulu Öndərin ədəbiyyatımıza qayğısını əks etdirən fraqmentlər də yer almışdı.

Milli Məclisin deputatı Cavanşir Feyziyev çıxış edərək, forumu yüksək qiymətləndirdi, layihənin hər il keçirilməsinin vacibliyini söylədi.

Panelin sonunda müzakirəyə çıxarılan mövzulara dair suallar cavablandırıldı, xatirə şəkli çəkdirildi.

Bununla da ölkəmizdə belə böyük formatda ilk dəfə keçirilən Azərbaycan Dili və Ədəbiyyatı Forumu başa çatdı.

Qələm adamlarımızın Forumla bağlı ümumi fikirləri, əsasən, üst-üstə düşür. Azərbaycan dili və Ədəbiyyatı Forumunun ədəbiyyatımızın inkişafına böyük təkan verəcəyinə inam hissilə bu yazını tamamlayıram.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!