Professor Mir Cəlal Paşayev və Nizami adına Ədəbiyyat İnstitutu - Asif Rüstəmli

Arxiv materialları əsasında ilk dəfə

Ədibin 21 may 1938-ci ildə yazdığı tərcümeyi-hala və “Kadrların uçotu üzrə şəxsi vərəqə”sinə əsasən o 1908-ci ildə Təbriz vilayətinin Əndəbil kəndində (Şəbüstər yaxınlığında - A.R.) dünyaya göz açıb. Atası Mir Əli Mir Paşa oğlu onu və böyük qardaşını 1916-17-ci illərdə Gəncə şəhərinə gətirir. Onlar burada aşbaz, çörəkçi peşəsində halal zəhmətlə çalışır, Mir Cəlal isə Gəncə şəhərində ibtidai məktəbə daxil olur. Lakin ailənin sevincli günləri uzun sürmür. 1918-ci ildə Mir Əli Mir Paşa oğlu vəfat edir (Mir Əli kişinin dünyasını dəyişməsinin Gəncədəki ictimai-siyasi hadisələrlə, erməni terroru ilə bağlılıq dərəcəsini müəyyənləşdirmək üçün ciddi tədqiqata ehtiyac vardır - A.R.). Dövrün keşməkeşinə, sosial ehtiyacların sərtləşməsinə baxmayaraq, Mir Cəlal Mir Əli oğlu böyük qardaşının himayəsi və xeyriyyə cəmiyyətlərinin maddi dəstəyi ilə təhsilini davam etdirir. O, 1923-cü ildə Gəncədəki I dərəcəli şəhər məktəbini bitirərək buradakı Darülmüəlliminə (Pedaqoji Texnikuma - A.R.) daxil olur. Cəncə Darülmüəllimində oxuduğu illərdə (1923-1927) Mir Cəlal Mir Əli oğlunun elmə və bədii yaradıcılığa böyük həvəsi, müəllim və tələbələrlə ünsiyyət qabiliyyəti, yüksək təşkilatçılıq bacarığı üzə çıxır. Darülmüəllimin kollektivi tərəddüd etmədən gənc Mir Cəlalı həmkarlar təşkilatının sədri seçirlər. Darülmüəllimin illərində, birgə yaşadıqları pansionat həyatında Heydər Hüseynov, Cəfər Xəndan və Mir Cəlal tandemi təhsildə şücaətin, uğurun - dostluqda sədaqətin, qürurun simvoluna çevrilir. Bu ağır günlərin saf dostluq duyğularını, ülvi münasibətlərini onlar qanlı-qadalı repressiyaların qorxulu sınaqlarından, müharibənin məşum fəlakətlərindən, sovet rejiminin təzyiq və təpkilərindən qoruyub  əsl nümunəyə, bəşəri miqyaslı örnəyə çevirməyi bacardılar.

Mir Cəlal Paşayev 1927-ci ildə Gəncə Darülmüəllimini (Pedaqoji Texnikumu) bitirərək vaxtilə təhsil aldığı Gəncə şəhər I dərəcəli məktəbdə müəllimlik fəaliyyətinə başlayır. 1928-29-cu illərdə isə Gədəbəydə 7 illik natamam orta məktəbin direktoru vəzifəsində işləyən gənc pedaqoqa böyük etimad göstərilir. O, ictimai fəallığına görə Gədəbəy rayon İcraiyyə Komitəsinin üzvü seçilir.

Mir Cəlalın elmi yaradıcılığa ciddi marağı da Gədəbəydə işlədiyi dövrdə özünü büruzə vermişdir. Ədibin “Maarif yolu” jurnalının 1928-ci il 10-11, 12 və 1929-cu il 1-2-ci saylarında işıq üzü görən “Ədəbiyyatda romantizm” adlı ədəbiyyatşünaslığa dair ilk sanballı və irihəcmli məqaləsi ədəbi-elmi ictimaiyyətin diqqətini cəlb etmişdir. Çalışdığı sahələrdə uğurlar qazanmasına rəğmən gənc Mir Cəlal ali təhsil almağa, sistemli elmi araşdırmalar üzərində çalışmağa güclü mənəvi ehtiyac duyurdu. Beləliklə, 1930-cu ildə Qazan Dövlət Universitetinin ədəbiyyat-linqvistika şöbəsinə (bəzi sənədlərdə Qazandakı Şərqşünaslıq İnstitutuna - A.R.) daxil olur. Ədibin həyat yolundan bəhs edilən əksər monoqrafiyalarda, o cümlədən M.F.Axundzadə adına Milli Kitabxana tərəfindən hazırlanan və 2006-cı ildə çap olunan “Mir Cəlal” adlı geniş biblioqrafiyada da böyük sənətkarın ali təhsilini yarımçıq qoyaraq Kazandan Bakıya qayıtması yanlış olaraq 1932-ci ilə aid edilmişdir.

Lakin Mir Cəlalın 1938-ci ildə yazdığı və şəxsən imzaladığı ömürnaməsində indiyədək məlum olmayan yarımçıq qayıdışın səbəbi və tarixi haqqında qeydlər mövcuddur: “1930-cu ilin sonunda təhsil almaq üçün Kazana getdim. Şimal mühiti səhhətimə mənfi təsir etdiyi üçün 1931-ci ilin əvvəllərində Bakıya qayıtdım, Az.DETİ-nin I kursuna imtahan verdim. Az.DETİ 1932-ci ildə ləğv edildikdən sonra isə APİ-nin aspiranturasına köçürüldüm” (AMEA, fond-39, s.v.-250, qutu-74, səh. 21).

Ədibin eyni vaxtda doldurduğu “Kadrların uçotu üzrə şəxsi vərəqə”sində isə qeyd edilmişdir ki, o “1931-ci ilin aprel ayında” təhsil almaq üçün Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutuna daxil olmuşdur. Rəsmi sənədlərinə əsasən Az.DETİ-nin Dil və ədəbiyyat bölməsi üzrə aspiranturasına 1931-ci ilin aprelində 8 nəfər qəbul edilmişdir. Bu elmi-tədqiqat ocağının 6 iyun1932-ci il tarixli iclasının protokoluna əsasən attestasiyadan keçirilən dilçi və ədəbiyyatşünas aspirantlar haqqında belə qərar verilmişdi: “Dil və ədəbiyyat bölməsi. II kursa keçirilsin: 1.Vəkilov S. 2.Paşazadə Mir Cəlal. 3.İbrahimov M. 4.Nəsirli Y. 5.Məmmədov Ağasi. Çıxarılsın: Həsənzadə Pəri və  Kərimova Q. MK-ya göndərilsin: Jamkoçan” (Azərbaycan Dövlət Arxivi, fond-387, siyahı-1, s. v.-107).

Bu mənbədə və daha əvvəlki qaynaqlarda Mir Cəlalın soyadının Paşazadə variantına rast gəlinsə də, 1934-cü ildən böyük yazıçının rəsmi sənədlərdə familiyası Paşayevdir. O, Kazandan Bakıya qayıtdıqdan sonra təhsilini davam etdirmək, elmə xidmət yolunu seçmək üçün dövrünün ən nüfuzlu elmi-tədqiqat müəssisəsinə daxil olur. Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin (1923-1929) bazasında yaransa da, 15 elmi strukturu özündə birləşdirən ilk və müstəqil Milli Elmlər Akademiyamız idi. Bu elmi-tədqiqat ocağının Dil, ədəbiyyat və incəsənət bölməsi bütövlükdə bir institutun statusunu həyata keçirirdi. Bölməyə əvvəl professor Bəkir Çobanzadə, qısa müddət (1 may - 24 iyun 1931) tanınmış tənqidçi, dosent Əli Nazim, sonra isə Az.DETİ-nin direktor müavini, professor Vəli Xuluflu rəhbərlik etmişdir. Mir Cəlalın yaxından tanıdığı və ondan əvvəl oxuyan aspirantlardan Feyzulla Qasımzadə  1931-ci ildə bölmənin folklor seksiyasına rəhbər təyin edilir, Məmmədağa Sultanov isə ədəbiyyat seksiyasına işə qəbul olunur.

Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu güclü və çoxsahəli elmi potensiala, müstəqil fəaliyyət dairəsinə, diqqətçəkən uğurlara nail olsa da, 1932-ci ilin iyul ayında Moskvanın göstərişi və Azərbaycan MK-nın (Polonski) qərarı ilə ləğv edilir. Professor Vəli Xuluflunun rəhbərlik etdiyi bölmənin bazası əsasında Xalq Maarif Komissarlığının 29 iyul 1932-ci il tarixli qərarı ilə əsasən təhsil yönümlü Azərbaycan Dil, Ədəbiyyat və Sənət İnstitutu (Az.DƏSİ) təsis edilir.  Az.DETİ Dil və Ədəbiyyat Bölməsinin aspirantları, o cümlədən Mir Cəlal Paşazadə yeni yaradılmış Az.DƏSİ-yə köçürülür. Lakin bu institut da uzun müddət fəaliyyət göstərə bilmir. Professor Vəli Xuluflunun direktor, sənətşünas, professor Pyotr Fridolinin tədris hissə müdiri işlədiyi, Hüseyn Cavid, Əli Nazim, İdris Həsənov, Qulam Bağırov, Abdulla Tağızadə və b. görkəmli ziyalıların çalışdığı elm və təhsil ocağı 1932-ci il dekabr ayının 22-də ləğv edilir, bu qrumun bütün əmlakı yeni yaradılan SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan bölməsinə (Az.OZFAN) təhvil verilir, aspirantları isə Ali Pedaqoji İnstitutun müvafiq şöbəsinə köçürülür. Mir Cəlal Paşazadə 1934-cü ilin yazında (Bu tarix bəzi sənədlərdə təhrif olunaraq 1935-ci ilə aid edilir - A.R.) APİ-nin aspiranturasını əla qiymətlərlə bitirdiyinə görə institutun rəhbərliyi tərəfindən qiymətli hədiyyələrlə təltif olunur və burada müəllim vəzifəsində saxlanılır.

Rəsmi sənədlərdə Mir Cəlal müəllimin 1931-34-cü illərdə aspirant olmaqla yanaşı, əvvəl “Kommunust” qəzetində şöbə müdiri, sonra isə “Gənc işçi”də məsul katib vəzifəsində işlədiyi və səmərəli fəaliyyətinə görə qiymətli hədiyyələrlə mükafatlandırıldığı qeyd olunmuşdur. Professor Vəli Xuluflu hələ Az.DETİ-nin aspiranturasına daxil olanda (1931) diqqətini cəlb edən, uğurlarını fərəh hissi ilə izlədiyi Mir Cəlalı 1934-cü ilin noyabr ayında Az.OZFAN-ın tərkibində fəaliyyət göstərən Azərbaycan Şura Ensiklopediyasına işə dəvət edir. AŞE-nin elmi katibi V.Xuluflunun 15 noyabr 1934-cü ildə (M.C.Paşayevin AŞE-yə qəbul olunduğu tarix) imzaladığı 35 saylı əmrdə göstərilirdi ki, Mir Cəlal Paşayev bu il noyabr ayının 14-dən üç yüz manat əməkhaqqı ilə AŞE-nin terminlərlə iş üzrə mütəxəssis vəzifəsinə təyin edilir. Bu əmr ədibin Akademiya sisteminə daxil olduğu  tarixi təsdiqləyən ilk sənəddir.

Az.DETİ-nin aspiranturasında onunla eyni vaxtda (1931-1932) oxuyan Heydər Hüseynovun 1936-cı ildə SSRİ Elmlər Akademiyası Azərbaycan filialının Ensiklopediya və Lüğətlər İnstitutuna (ELİ) direktor təyin edilməsi Mir Cəlalın fəaliyyətində müsbət dəyişikliyə səbəb oldu. O, səmərəli işinə və təşkilatçılıq bacarığına görə terminlərlə iş üzrə mütəxəssislikdən elmi işçi, daha sonra isə ədəbiyyat şöbəsinin müdiri vəzifəsinədək irəli çəkildi. M.C.Paşayev 1934-cü il noyabrın 14-dən 1939-cu il fevral ayının 5-dək böyük həvəslə Ensiklopediya və Lüğətlər İnstitutunda çalışmışdır. Amma təəccüblüdür ki, böyük ədibin dörd ildən çox Ensiklopediya və Lüğətlər İnstitutunda göstərdiyi fəaliyyət barədə “Mir Cəlal” (2006) biblioqrafiyasına məlumat daxil edilməmişdir (Ümumiyyətlə, arxiv sənədləri ilə bu biblioqrafiya arasında xeyli ziddiyyətlər müşahidə olunur və yeri gəldikcə belə məqamlara toxunmaq niyyətindəyik - A.R.).

Mir Cəlal Paşayevin Ensiklopediya və Lüğətlər İnstitutundan çıxmasının səbəbləri yaranmış mövcud maliyyə böhranı, bu elmi-tədqiqat ocağında fəaliyyətin zəifləməsi və bir sıra obyektiv zərurət ilə şərtlənsə də, çox güman ki, ən başlıca qayə - böyük elm yolları ilə ədəbiyyatşünaslıq məbədinə doğru addımlamaq arzusu olmuşdur.

Onu da xatırladaq ki, Heydər Hüseynov Ensiklopediya və Lüğətlər İnstitutunun rəhbəri olmaqla yanaşı, 1939-cu ilin yanvar ayının 1-dən Az.FAN Rəyasət Heyətinin qərarı ilə Nizami adına Ədəbiyyat və Dil İnstitutunun da yarım ştat direktoru seçilir. O vaxt SSRİ EA-nın vitse-prezidenti, geoloq-alim, akademik İvan Mixayloviç Qubkin (1871-1939) həm də EA Azərbaycan filialınin (Az.FAN) 1937-ci ildən sədri idi və öz səlahiyyətlərini azərbaycanlı həmkarı, sədr müavini, geoloq-alim Əhəd Yaqubova həvalə etmişdir. Heydər Hüseynovun 1939-cu il 4 fevral tarixli Az.FAN Rəyasət Heyətinin sədr müavini Əhəd Yaqubova ünvanladığı məktubda yazılırdı: “Ensiklopediyada işlərin müvəqqəti dayandırıldığına görə Ensiklopediya və Lüğətlər İnstitutu Ədəbiyyat şöbəsinin müdiri Mir Cəlal Paşayev yoldaşın Nizami adına Ədəbiyyat və Dil İnstitutuna köçürülməsi üçün sərəncam verməyinizi sizdən xahiş edirəm.”

Heydər Hüseynovun müraciəti özünü çox gözlətmədi. Ertəsi gün - fevralın 5-də Az.FAN Rəyasət Heyətinin iclasında müraciətə baxıldı. Seçim çox dəqiq idi. Fəaliyyət meydanını genişləndirməyə çalışan Ədəbiyyat İnstitutuna istedadlı, gənc, böyük potensiala malik bir ədəbiyyatşünas göndərilirdi. Az.FAN Rəyasət Heyətinin 1939-cu il 5 fevral tarixində keçirdiyi 8 saylı protokolda yazılırdı: “Ensiklopediya və Lüğətlər İnstitutu Ədəbiyyat şöbəsinin müdiri Mir Cəlal Paşayev yoldaş bu ilin fevralın 5-dən aylıq əməkhaqqı 700 manat olmaqla Nizami adına Ədəbiyyat və Dil İnstitutuna böyük elmi işçi vəzifəsinə köçürülsün. Sədr - Yaqubov Ə.Ə. Katib - Ostrouxov N.N.”

Nizami adına Ədəbiyyat və Dil İnstitutu 1 yanvar 1939-cu ildə 3 şöbədən (Ədəbiyyat, dil və folklor, eyni zamanda 3 otaqdan - A.R.) və 17 işçidən ibarət idi. İnstitutun direktor müavini vəzifəsini Məmməd Arif Dadaşzadə, katib ştatını isə Yevgeni Mixailovna Voskresenskaya tuturdu. Ədəbiyyat şöbəsində cəmi altı nəfər - Həmid Araslı (b.e.i), Mikayıl Rəfili (b.e.i), Feyzulla Qasımzadə (b.e.i), Cəfər Xəndan Hacıyev (b.e.i), Məmməd Mübariz Əlizadə (k.e.i), Tamara Əhmədova (laborant) çalışırdı. Beş-altı ay içərisində bu şöbəyə Mir Cəlal Paşayev, Mehdi Hüseyn (Doğrudur, M.Hüseyn institutda çox az işlədi və oradan inciyib getdi - A.R.), Paşa Ağayev, Musarza Əsgərli, Firudin Məcidov, Yusif Məmmədov və b. işə qəbul edildi. Ədəbiyyat şöbəsinin əməkdaşları 28-35 yaşlı istedadlı, fədakar, qalibiyyət əzmi ilə mübarizə aparan gənclər idi və mübaliğəsiz demək olar ki, Ədəbiyyat İnstitutunun bütün ağırlığı yeni ədəbiyyatşünaslar nəslinin çiyninə düşürdü.

Onu da vurğulamağa ehtiyac duyulur ki, Heydər Hüseynov 26 fevral 1939-cu il tarixli, 32 sayli əmri ilə fevralın 16-dan Ədəbiyyat şöbəsinə müvəqqəti müdirliyi Ədəbiyyat İnstitutuna yenicə daxil olan Mir Cəlal Paşayevə həvalə etmişdir. Doğrudur, müvəqqəti şöbə müdirliyi uzun sürməsə də, bu fakt gənc Mir Cəlal üçün onun elmi-təşkilatçılıq imkanlarından xəbər verən sevindirici hadisə idi.

İnstitutun direktoru Heydər Hüseynovun sədrliyilə 1939-cu il mart ayının 23-də (protokol № 2)  Ədəbiyyat şöbəsinin geniş iclası keçirilir, plan işləri təsdiq olunur.  Protokola əsasən bir il müddətində Feyzulla Qasımzadə M.F.Axundzadənin IV cildini (20 ç.v.) çapa hazırlamalı, A.A.Bakıxanov haqqında monoqrafiya (12 ç.v.) yazmalı, Mikayıl Rəfili “M.P.Vaqifin ədəbi irsi” (6 ç.v.) adlı araşdırma üzərində çalışmalı, Həmid Araslı Füzulinin (30 ç.v.) və Vaqifin (20 ç.v.)  əsərlərini toplamalı və tərtib etməli, Mehdi Hüseyn “Danabaş kəndi” adlı tədqiqat işi yazmalı, Cəfər Xəndan Hacıyev “Sabir inqilabi satirik kimi” dissertasiyasını tam bitirməli, Məmməd Arif “Cəfər Cabbarlının dramaturgiyası” (5 ç.v.) işini göstərilən müddətdə tamamlamalı, Mir Cəlal Paşayev “Füzuli yaradıcılığının poetik xüsusiyyətləri” (5 ç.v.) adlı monoqrafiyasını və Ə.B.Haqverdiyevin əsərlərinin III cildinin (20 ç.v.) tərtibini başa çatdırmalı idi. Nəzərə alınmalıdır ki, tədqiqat və tərtib işlərinin oxunub rəyləşdirilməsi kimi vacib sahə ümumi həcmə daxil deyildir və Ədəbiyyat  şöbəsində plandankənar yerinə yetirilən resenziyalara çox ciddi yanaşılır, böyük əhəmiyyət verilirdi. Şöbə müdiri Həmid Araslının 22 səhifəlik “Qarabağ yazıçıları” adlı məqaləsinə həmin şöbənin böyük elmi işçisi Feyzulla Qasımzadənin redaktəsindən sonra Mir Cəlalın rəyi obyektivlik baxımından maraq doğurur: “Resenziya. Araslı yoldaşın “Qarabağ yazıçıları” adlı məqaləsini oxudum. Bu məqalə 18, 19 və 20-ci əsrlərdə Azərbaycanın Qarabağ mahalında yetişib yaşamış şairlər haqqında, Şuşada olan ədəbi məclislər və ədəbi həyat haqqında maraqlı məlumat verdiyi üçün faydalıdır.

Lakin, bu aşağıdakı nöqsanlar, yaxud natamamlıqlar düzəlsə yaxşı olar.

1. Əsərin başında Qarabağ haqqında yazan yazıçılardan, onların əsərinin təhlilindən danışılır. Həmçinin Şuşa şəhərinin tarixindən və milli qırğınlardan danışılır. Bu, əsl tema ilə az əlaqədardır.

2. 12, 13, 14, 15-ci səhifələrdə gətirilən şeir sitatı çox uzundur. İxtisar oluna bilər.

3. Qrankalarda olan sual işarələrinin göstərdiyi söz və ifadə anlaşılmazlıqlarını avtor düzəltməlidir. Mir Cəlal Paşayev. 25.V.39” (AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Arxivi. İnv. 179).

Rəyin məzmununda, ruhunda obyektivlik və xeyirxahlıq hissinin çırpındığı göz önündədir. Böyük elmi işçi vəzifəsini icra edənin şöbə müdirinin məqaləsi haqqında qüsurları cəsarətlə vurğulaması da diqqətdən yayınmamalıdır. Mir Cəlalın iradlarını Həmid Araslı səmimiyyətlə qəbul etmiş, məqalə üzərində işlədikdən sonra “Qarabağ yazıçıları”nı “EA Azərbaycan filialının xəbərləri” jurnalında (1939, № 4, səh., 63-72) dərc etdirmişdir.

Nizami adına Ədəbiyyat və Dil İnstitutuna qəbul edildikdən dörd ay sonra böyük ədibin fərdi iş planı ilə bağlı hazırladığı yarımillik hesabat Akademiya sistemində yaradıcı əməyə yeni baxışların təzahür forması olmaqla yanaşı, nümunə etiketidir. Ədəbiyyatşünaslıq sahəsində görülən nəhəng işlərin miqyasını təsəvvür etmək üçün də Mir Cəlal Paşayevin hesabatı müqayisə baxımından yetərlidir: O yazır: “Ədəbiyyat şöbəsinə (Yarımilliyin yekunları haqqında məlumat). 1939-cu ildə plana görə mən 1.Haqverdiyevin prozaçılığını çapa hazırlamalı 2. Füzulinin poetik xüsusiyyətlərini yazmalı idim.

İyunun 15-nə qədər Haqverdiyevin əsərlərinin prozaçılığını kommentariyası ilə bərabər hazırlayıb, şöbəyə təhvil vermişəm. Plandankənar Füzulinin I cildini resenziya etmişəm. Dissertasiya temasının əsas materiallarını (Füzulinin divanını) oxumuşam, qeydlər götürmüşəm.

Məzuniyyətdən sonra qalan üç ayda (X-XII) temamı yazıb qurtaracağam. İnstitutun elmi işçisi: Paşayev Mir Cəlal” (AMEA, fond-23, arxiv-46, qutu-2).

Bir elmi işçinin qısa müddət ərzində bu qədər ağır və əhatəli işi öz üzərinə götürməsi, həm də müxtəlif mövzularda elmi-tədqiqat planını uğurla yerinə yetirməsi ciddi və mötəbər ənənənin mövcudluğundan xəbər verməklə yanaşı, Elmlər Akademiyasında çalışanlar üçün də örnək sayılmağa layiqdir.

Doğrudur, yarımillik hesabatın sonunda xatırladılır ki, fərdi iş planı ilin conunadək yerinə yetiriləcəkdir. O vaxta qədər isə respublikadankənar arxivlərdə və kitabxanalarda araşdırmalar aparmağa ciddi ehtiyac duyulurdu. Mir Cəlal Paşayev isə belə fürsətdən yetərincə faydalanmaq məqsədilə niyyətini institut rəhbərliyindən gizlətmədi. 1903-cü ildə Aşqabadda anadan olan, 1939-cu ilin yanvarın 21-də institutun folklor şöbəsinə laborant qəbul edilən, iyunun 20-də elmi katib vəzifəsinə irəli çəkilən Fəzləddin Hüseyn oğlu Babayev avqust ayında Nizami adına Ədəbiyyat və Dil İnstitutunun direktoru vəzifəsini icra edirdi. Şübhəsiz ki, Mir Cəlal Paşayev qarşıdan gələn avqust-sentyabr aylarında səmərəli işləmək məqsədilə məzuniyyət və elmi ezamiyyət məsələlərini Fəzləddin Babayevlə müzakrə etməli və müsbət qərara nail olmalı idi. Çünki “Füzulinin poetik xüsusiyyətləri” monoqrafiyasını dolğun, operativ yazmaq üçün Moskva, Leninqrad (İndiki Sankt-Peterburq) arxivlərindən faydalanmaq zərurəti, daha dərin tədqiqatlar aparmaq həvəsi onu rahat buraxmırdı. Fəzləddin Babayevlə fikir mübadiləsi, elmi ezamiyyətin məramı və onun gerçəkləşməsi üçün arqumentlərin mötəbərliyi 137 saylı əmrlə nəticələndi. Sənəddə yazılırdı: “EA Az.F Nizami adına Ədəbiyyat və Dil İnstitutu üzrə Əmr № 137, 21 avqust 1939-cu il. Ədəbiyyat şöbəsinin böyük elmi işçisi v.i.e. Mir Cəlal Paşayev yoldaş Lenin və Saltıkov-Şedrin adına kitabxanalarda, eləcə də arxivlərdə mühafizə edilən Azərbaycan ədəbiyyatı tarixi üzrə materiallarla tanış olmaq üçün Moskva və Leninqrad şəhərlərinə elmi ezamiyyətə göndərilir. Ezamiyyət müddəti 1939-cu il sentyabrın 1-dən oktyabrın 1-dək.

EA Az.F Nizami adına ƏDİ-nin direktoru v.i.e. F.Babayev”.

Gənc ədəbiyyatşünas ezamiyyətdə olduğu şəhərlərin kitabxana və arxivlərində mövzu ilə əlaqədar zəngin materiallar üzə çıxarır, Bakıya döndükdən sonra fərdi iş planını yüksək səviyyədə yerinə yetirərək institutun elmi şurasına təhvil verir.

İnstitutun 1939-cu il üzrə elmi nailiyyətləri sırasına Nizami Gəncəvi “Xəmsə”sinin elmi-tənqidi mətninin və Azərbaycan dilində akademik nəşrinin hazırlanması, “Sabirin yaradıcılığı haqqında” və “Mirzə Şəfi haqqında” monoqrafiyaları ilə yanaşı, Mir Cəlal Paşayevin “Füzulinin poetik xüsusiyyətləri” adlı tədqiqat işi də daxil edilmişdir.

SSRİ EA Azərbaycan Filialının Rəyasət Heyətində institutların illik hesabatının dinlənildiyi 4 yanvar 1940-cı il tarixli iclasında Nizami adına Ədəbiyyat və Dil İnstitutunun direktoru v.i.e. Məmməd Arif Dadaşzadə məruzə zamanı zəngin faktlara, obyektiv elmi materiallara əsaslanaraq ədəbiyyatşünaslığımızın 1939-cu il mənzərəsinin geniş panoramını təqdim etmiş, institutun perspektiv planları və görəcəyi işlər üçün konkret təkliflərini səsləndirmiş, əməkdaşların elmi fəaliyyətinə münasibətini açıq şəkildə bəyan etmişdir: “Folklor şöbəsinin kiçik elmi işçisi Məhəmmədhüseyn Təhmasib yaxşı işləyir, plandankənar 25 ç.v.-dən çox material çapa hazırlayıb.

Yaxşı işçilərdən Mir Cəlal Paşayevi göstərə bilərəm. Baxmayaraq ki, o Azərbaycanın görkəmli yazıçılarından biridir, çox diqqətlə və vicdanla işləyir. Mən yazıçıları yaxşı tanıyıram, onlar elmi istiqamətdə səhlənkardılar, ancaq öz yaradıcılıqları ilə məşğul olurlar. Paşayev onlardan elmi işinin sanbalına və keyfiyyətinə görə fərqlənir” (AMEA, fond-5, siy.-1, s.v.-35, qutu-3).

Rəyasət Heyətinin illik hesabat iclasında gənc direktor Məmməd Arif çoxsaylı suallara açıq və səmimi cavablar versə də, Az.FAN-ın sədr əvəzi Əhəd Yaqubov yekun nitqində institutda müşahidə olunan müsbət dəyişikliklərlə yanaşı elmi şuranın fəaliyyətini tənqid etmiş, M.C.Paşayevin “Füzulinin poetik xüsusiyyətləri” adlı dissertasiyasının müzakirə olunmadığını, əsərin elmi əməkdaşlar üçün naməlum qaldığını xüsusi vurğulamışdır. Akademiyanın ən ali məclisində narahatlıqla səsləndirilən məsələnin bir ucu şübhəsiz ki, böyük ədibin elmi araşdırmalarına olan ciddi maraqla bağlıdır.

Nizami adına Ədəbiyyat və Dil İnstitutu 1940-cı ili dahi şairin 800 illik yubileyi münasibətilə Nizami ili elan etdi. Elmi-tədqiqat işlərində ciddi dəyişiklik oldu. Hətta A.A.Bakıxanovla bağlı başlanmış araşdırma dayandırılaraq 1941-ci ilə keçirildi. Rəyasət Heyətinin 4 yanvar 1940-cı il tarixli qərarı ilə “İnstitutun ştat kontingentinin 1939-cu il səviyyəsində saxlanılması” təsdiqlənsə də, sentyabrın 6-da elmi katib vəzifəsi ixtisar edilərək Fəzləddin Babayev elmi katiblikdən kiçik elmi işçi vəzifəsinə keçirildi.

Ədəbi-ictimai gərginliyə baxmayaraq, Mir Cəlal 1940-cı ildə həyata keçirəcəyi çoxsaylı planlarının meydanını daraltmadan böyük mütəfəkkirin yubiley tədbirlərinin hazırlıq prosesinə böyük həvəslə qoşulur. “Yeddi gözəl” poemasından “Çin qızının hekayəsi”ni nəsrə çevirərək “Revolyusiya və kultura” jurnalının 1940-cı il 8-ci sayında (səh.80-87) çap etdirir. Həmin il böyük ədəbiyyatşünasın elmi və bədii yaradıcılığı uğurlu olur. M.C.Paşayev “Füzulinin poetik xüsusiyyətləri” adlı dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcə alır və eyniadlı monoqrafiyasını (1940, 96 səh.) Az.FAN-ın nəşriyyatında çap etdirir. Ədəbi-tənqidi və publisistik məqalələrilə yanaşı, bədii əsərlərindən “Bir gəncin manifesti” (“Uşaqgəncnəşr”, 1940, 258 səh.) romanı, müxtəlif mətbuat orqanlarında 17 hekayəsi, rus dilində “Seçilmiş hekayələr” (“Azərnəşr”, 1940, 328 səh.) toplusu işıq üzü görür. Moskvada Azərbaycan ədəbiyyatı dekadasında “Bədii nəsrimizin baniləri” adlı məruzəsində Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyev yaradıcılığından geniş söz açır. Cəfər Xəndanın “Azərbaycan ədəbiyyatı” (“Azərnəşr”, 1940, 112 səh.), “Ədəbiyyat nəzəriyyəsi” (“Azərnəşr”, 1940, 68 səh.) kitabları və “Bayatılar” (“Azərnəşr”, 1940, 188 səh.) toplusu üzərində ciddi redaktə işi aparır... Onun elmi, ədəbi-bədii yaradıcılıq sahəsindəki ziyalı mövqeyi, alim fədakarlığı yüksək dəyərləndirilir. Mir Cəlal 1940-cı ildə Azərbaycan ədəbiyyatı sahəsindəki xidmətlərinə görə Respublika Ali Sovetinin Fəxri fərmanı ilə (Bu faktın “Mir Cəlal” biblioqrafiyasında öz əksini tapmaması təəssüf doğurur - A.R.) təltif edilir.

Arxiv sənədlərinə əsasən M.C.Paşayevin namizədlik dissertasiyası 1941-ci ilin əvvəlində Ali Attestasiya Komissiyasında təsdiq olunduqdan sonra onun əməkhaqqı martın 1-dən 800 manata yüksəlir. Az.FAN Rəyasət Heyətinin 20 mart 1941-ci il tarixli, 12 saylı qərarı ilə Mir Cəlal filologiya elmləri namizədi alimlik dərəcəsi alması münasibətilə Nizami adına Ədəbiyyat və Dil İnstitutunun böyük elmi işçi vəzifəsini icra edəndən böyük elmi işçi vəzifəsinə keçirilir və bu qərarın təsdiqlənməsi SSRİ EA Rəyasət Heyətindən xahiş edilir. Müraciət məktubunu EA Azərbaycan filialının sədri v.i.e. Heydər Hüseynov və katib R.S.Qudelis imzalamışdır.

Birinci yarımillikdə Nizami Gəncəvinin “Yeddi gözəl” əsərindən nəsrlə tərcümə işini davam etdirir, geniş müqəddimə yazaraq onu kitabça şəklində geniş oxucu auditoriyasının ixtiyarına verir. “EA Azərbaycan filialının xəbərləri” jurnalında “Füzuli şerindəki elm və bədii məntiq haqqında” (1941.- № 1, s.25-34), “Klassik bədii nəsrimiz haqqında” (1941.- № 5, s.9-20) adlı elmi məqalələri çap olunur.

Təəssüf ki, Böyük Vətən müharibəsinin başlanması çoxları kimi, 33 yaşlı Mir Cəlalı da çox sevdiyi və böyük həvəslə çalışdığı elmi yaradıcılıq sahəsindən müvəqqəti də olsa ayırdı. Müharibənin ilk günlərində hərbi komissarlıq tərəfindən o da səfərbərliyə alınır. Hətta, buna görə çalışdığı Nizami adına Ədəbiyyat və Dil institutundan da azad edilir. Bir aylıq həyəcanlı günlər, intizar dolu gözləntilər Bakı şəhər Hərbi Komissarlığının 1941-ci il 22 iyul tarixli 2207 saylı rəsmi sənədi ilə nəticələnir. Bu münasibətlə İnstitut üzrə verilən əmrdə yazılmışdı: “Az.FAN Nizami adına Ədəbiyyat və Dil İnstitutu üzrə əmr № 91, 22.VII. 1941.

Paşayev Mir Cəlal Əli oğlu - Ədəbiyyat şöbəsinin böyük elmi işçisi, xüsusi sərəncam verilənə qədər hərbi səfərbərlikdən azad edilən, bu ilin iyul ayının 22-dən institutda işdə hesab edilsin. Əsas: Şəhər Hərbi Komissarlığının 22.VII tarixli və 2207 saylı məktubu və institut direktoru yol. Dadaşzadənin dərkənarı.

Az.FAN Nizami adına Ədəbiyyat və Dil İnstitutunun direktoru M.A.Dadaşzadə” (AMEA Arxiv, Fond-39, s.v.-250, qutu-74).

Bəzi tədqiqatçılar ədibin sonralar “Qafqazın müdafiəsinə görə” (1944), “1941-1945-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyinə görə” (1946) medalları ilə təltif olunmasına əsaslanaraq onun müharibədə iştirak etdiyini (bax: A.Qorxmaz. “Mir Cəlal Paşayevin dosent qızı”, Modern.az, 25.01.2015) vurğulamışdır. Bu sənəddən də göründüyü kimi, gənc alim səfərbərliyə alınmamış və onun müharibədə iştirak etdiyini təsdiqləyən faktlar da mövcud deyil. Çox güman ki, komissarlıq Mir Cəlal Paşayevi hərbi səfərbərlikdən azad edəndə şübhəsiz ki, istedadlı alimin və gənc yazıçının arxa cəbhədə daha böyük və əhəmiyyətli işlər görəcəyinə ümidlər bəsləyirdi.

Mir Cəlal müharibədə iştirak etməkdən azad olunsa da, onun sosial-mənəvi təzyiqlərindən kənarda qala bilmədi. Müharibənin qara kölgəsi və boz bürküsü bütün yaradıcı ziyalılar kimi, onun da ədəbi-bədii yaradıcılığında dərin izlər buraxdı.

Ədibin son biblioqrafiyasında (2006, səh.15) Mir Cəlalın Ədəbiyyat İnstitutunda 1944-cu ildən şöbə müdiri işlədiyi qeyd edilmişdir. Lakin arxiv sənədləri bu faktın dəqiq olmadığını göstərir. Az.FAN Rəyasət Heyətinin 1941-ci il 15 sentyabr tarixli, 18 saylı protokoluna əsasən böyük elmi işçi Mir Cəlal Paşayev ştat cədvəlinə uyğun olaraq 900 manat əməkhaqqı ilə Nizami adına Ədəbiyyat və Dil İnstitutu Ədəbiyyat şöbəsinin müdiri təyin edilmişdir. İki gün sonra isə institutun direktoru v.i.e. M.A.Dadaşzadə imzaladığı 112 saylı əmrlə Az.FAN RH-nin qərarının icrasına rəvac vermişdir.

Etiraf edilməlidir ki, müharibəyə səfərbərlikdən tərxis olunan Mir Cəlalın elm cəbhəsində Ədəbiyyat şöbəsinin rəhbərliyi sükanı arxasına gətirilməsi hadisəsi çox ağır və mürəkkəb bir zamanda baş verirdi. İki ildən çox üzərində bir institutun çalışdığı fərdi və kollektiv iş planlarına müharibə ağır zərbələr endirdi. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyinin təntənə ilə qeyd edilməsi məsələsi gündəlikdən çıxarıldı və arxa plana keçirildi. Arxa cəbhənin ideoloji-ədəbi materialların tədqiqinə və təbliğinə meyllənməsi birbaşa ön cəbhənin sifarişi idi. Qələmin süngüyə çevrildiyi, alimin, şairin, ziyalının “Müsəlləh əsgərəm mən də bu gündən” (S.Vurğun)  dediyi bir zaman yetişmişdi. Nüfuzlu qələm əhli, qabaqcıl elm, ədəbiyyat və mədəniyyət xadimləri əsgərlər arasında vətənpərvərlik ruhunda təbliğat işi aparmaq üçün ön cəbhəyə, ciddi təhlükənin gözlənildiyi Uzaq Şərqə göndərilirdi. Ədəbiyyat İnstitutunun şöbə müdiri Mir Cəlal Paşayev də bu müqəddəs missiyadan kənarda qalmadı. O, Az.FAN Rəyasət Heyətinin 1942-ci il 9 may (Bu tarix 3 ildən sonra faşizm üzərində qələbə gününə çevriləcək - A.R.) tarixli (Əmr № 56) qərarı ilə iki ay müddətinə - mayın 10-dan iyulun 10-dək Uzaq Şərqə ezam olundu. Vladivostokdan qayıtdıqdan sonra isə Az.FAN Rəyasət Heyətində hesabat xarakterli məruzə etdi, təəssüratlarını mətbuatda yayınladı.

Az.FAN-ın avqust ayında keçirilən iclasında Mir Cəlal Paşayevin elmi-təşkilatçılıq fəaliyyətinin miqyasını genişləndirən, məsuliyyətini artıran daha bir tarixi qərar qəbul edildi. SSRİ EA Azərbaycan filialı Rəyasət Heyətinin 1942-ci il 15 avqust tarixli Büro iclasının 13 saylı protokolunda yazılırdı: “1. Az.FAN Nizami adına Ədəbiyyat və Dil İnstitutu Əlyazmalar fondunun işi haqqında:

1. Azərbaycan ədəbiyyatı tarixinin yazılmasına yüksək şərait yaratmaq məqsədilə Nizami adına Ədəbiyyat və Dil İnstitutu Əlyazmalar fondu ilə həmin institutun Ədəbiyyat və dil şöbəsinin birləşdirilməsi məqsədəuyğun hesab edilsin.

2. Fond işinə rəhbərlik Ədəbiyyat və dil şöbəsinin müdiri, filologiya elmləri namizədi Mir Cəlal Paşayevə həvalə edilsin.

3. Yol. Nuriyeva A. təyinatına uyğun gəlmədiyinə və işi bacarmadığına görə Az.FAN Nizami adına Ədəbiyyat və Dil İnstitutundan azad edilsin.

4. Az.FAN Nizami adına Ədəbiyyat və Dil İnstitutu Əlyazmalar fondunun təhvil-təslimini Az.FAN Rəyasət Heyətinin komissiyası aşağıdakı tərkibdə həyata keçirsin: Paşayev M.C., Araslı H., Ələsgərzadə A., Qazıyeva M.Q. (sədr) və institutun mühasibi Əmrahova.

Protokolu imzaladılar: Büro iclasının sədri - H.N.Hüseynov, Büro üzvləri - Ş.A.Əzizbəyov və A.A.Klimov” (AMEA Arxivi, fond-39, s.v.-250, qutu-74).

Elmlər Akademiyasının tarixində ilk dəfə idi ki, ədəbiyyat, dil və əlyazmalar fondu bir şöbənin strukturuna daxil edilirdi və institut səlahiyyətlərinə bərabər bu birləşmiş qurumun ilk rəhbəri Mir Cəlal Paşayev seçilmişdir. Qaçılmaz struktur dəyişikliyini zərurətə çevirən amillərdən biri müharibənin təsiri ilə şöbələrdə işçilərin seyrəlməsi, ştatların ixtisarı idisə, digəri gənc alimin yüksək istedadının, zəhmətsevərliyinin və təşkilatçılıq qabiliyyətinin özünü parlaq büruzə verməsilə şərtlənir. Təsadüfi deyildir ki, pedaqoji fəaliyyətlə də sıx bağlı olan ədəbiyyatşünas-alim 1942-ci ildə dosent elmi adına layiq görülür.

M.C.Paşayevin müharibə dövrü elmi yaradıcılığı, tədqiqat sahələri mövzu və mahiyyət etibarilə tutumlu və rəngarəngdir. Onun 1942-1945-ci illərdə yazıb çap etdirdiyi ədəbi-tənqidi əsərləri bu qənaətə gəlməyə tam əsas verir. Mir Cəlalın “Anamın kitabı”nda vətənpərvərlik”  (1942), “Füzulinin "Rind və Zahid" əsərində yenilik və köhnəliyin mübarizəsi” (1942), “Xalq ədibi” (1942), “Xalq yaradıcılığı” (1942), “Məhəbbət dastanı” (1942), “Haqverdiyevin yaradıcılığı” (1943), “Nizaminin müsbət obrazları” (1943), “Məhəmməd Hadinin yaradıcılığı haqqında” (1943), “Şair-vətəndaş” (1943), “Müharibə və ədəbiyyat” (1943),  “C.Məmmədquluzadənin dramaturgiyası” (1944), “Füzulinin lirikası” (1944), “XX əsr Azərbaycan ədəbiyyatı” (1944), “Səhhətin romantikası” (1944), “Böyük ədib və dramaturq” (1945), “Mirzə Fətəli Axundovun farsca yazan şagirdləri” (1945), “Sənət və həqiqət” (l945), “Süleyman Sani Axundov” (1945), “Füzuli və Nizami” (1945) və s. əsərləri mübaliğəsiz demək olar ki, Azərbaycan ədəbiyyatının və ədəbi simalarının elmi-estetik panoramını özündə ehtiva edir.

Asif Rüstəmli
filologiya üzrə elmlər doktoru,
professor

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!