Ədəbi təcrübə və ya vahid günəş ədəbiyyatı - İmir MƏMMƏDLİ

Esse

 

Dünya ədəbiyyatı müxtəlif dövrlərdə, çeşidli mədəniyyətlərin qoynunda yaranmış rəngarəng əsərlərlə zəngindir. Roman, hekayə, şeir, teatr kimi janrlar vasitəsilə insanlar həm daxili aləmlərini əks etdirir, həm də yaşadıqları dövrün sosial məsələlərini bədii üsullarla saf-çürük edirlər.

Ədəbiyyatın sehrli aləmi oxucuları müxtəlif zamanlara, məkanlara aparır, onların təfəkkürünü yeni təcrübələrlə zənginləşdirir. Bəli, məhz bədii ədəbiyyat həyatdan aldığımız təcrübənin üstünə yeni təcrübə əlavə edir. Məsələn, biz Servantesin "Don Kixot"unu oxuyanda, Kexanaya (Qəmli cəngavərin əzəli adı) yol yoldaşı oluruq, Sançodan sonra üçüncü silahdaşıyana  çevrilirik və ağılasığmaz sərgüzəştləri bölüşərək, Dulsineya uğrunda qəhrəmanlıq göstərərək, bütün əzab-əziyyətləri personajlarla birgə yaşayırıq. Başqa sözlə, "Don Kixot"un təcrübəsi bizim öz təcrübəmizə calanaraq daxili aləmimizi xeyli zənginləşdirir. Eləcə də "Leyli və Məcnun"u oxuyaraq Məcnunun sevgisini bölüşürük, onun iztirablarla dolu sevgi təcrübəsi təcrübəmizə çevrilir. Yəqin Andrey Jid: "İnsana əsl biliyi bədii ədəbiyyat verir",  - deyəndə əsərə bu cür yanaşmanı nəzərdə tuturdu. Bu baxımdan, mütaliə etdiyimiz bütün ədəbi əsərlərdəki baş qəhrəmanların həyatı həyatımız, təcrübəsi təcrübəmizdir. Dostoyevskinin romanlarını oxuyub, öz içinə buraxmamaq, bir az onlar kimi olmamaq mümkün deyil. İnanmıram, kimsə "İdiot"u oxusun, bir müddət qəlbində knyaz Mişkini yaşatmasın, Mişkin onun təcrübəsində ömürlük iz buraxmasın.

Bu və ya digər əsərlə tanış olanda, oxucu tədricən baş personajın libasına girərək, dünyaya müəllifin gözü ilə baxmağa başlayır. O, öz qəlbində yeni layları açmaq fürsəti bularaq, daxilində, bu günə qədər özünə də məlum olmayan incəliklər aşkar edərək, özünü yeni bir baxış bucağından dərk etmək imkanı tapır.

Ədəbi aləmi klassik və çağdaş olmaqla iki əsas dövrə bölsək də, heç vaxt düşünmürük, insanın mənəviyyatına, insanın ruhuna hansı daha çox təsir göstərir, zamanın sınağından keçən, yoxsa, hələ mürəkkəbi qurumayan əsərlər? Elə mətnlər var ki, müəlliflə birlikdə ölüb gedir, elə əsərlər də var ki, müəllifdən bir az qabaq ölür (belə hallar, əsasən, müəllif uzunömürlü olanda baş verir), amma uzun illərin sınağından keçən əsərlər nəsillərin daxili aləmini zənginləşdirərək, istənilən dövrdə əbədi bir gerçəklik kimi yaşayaraq, heç bir texniki tərəqqiyə məhəl qoymadan ən qədim dövrlərin mənəvi təcrübəsini oxucunun təcrübəsinə əlavə edir.

Belə əsərlər tarixi-mədəni kontekstlə yanaşı, dövrün mentalitetini əks etdirir. Məsələn, Şekspirin əsərləri klassik ədəbiyyat nümunələri sırasında olsa da, dövrünün ruhunu yaşadaraq, dünya teatrlarının səhnəsindən düşmür, dövrünün mental durumunu tamaşaçıya aşılayaraq yaşayır. Əminəm ki, bu əsərlərə baxıb (əgər səhnə həlli uğurludursa,) evinə qayıdan hər bir tamaşaçı daxili aləminin və mənəvi təcrübəsinin xeyli zənginləşdiyini hiss edir. Başqa sözlə, səhnədəki Hamlet bütün iztirabları və tərəddüdləri ilə müəyyən mənada onun qəlbinə köçür.           

Bu yerdə onu da qeyd etməliyik ki, ədəbiyyat bəşəriyyətin emosional və intellektual zənginliyini ifadə etməklə yanaşı, sosial dəyişikliklərə də təsir edən güclü vasitədir. Aydın məsələdir ki, içimizi dəyişən şey sonradan çölümüzü də dəyişir. Klassik və müasir əsərlər ədəbiyyatın təkamül xarakterini göstərir, müxtəlif dövrlərin zənginliyini və rəngarəngliyini əks etdirir. Ədəbiyyatın, eləcə də incəsənətin bu cəhəti oxucunu insanların düşüncə dünyasına dərindən nəzər salmağa çağıraraq, bəşəriyyətin ümumi, hamıya və hər şeyə aid olan  hekayətindən bəhs edir. Bu baxımdan ədəbiyyat bəşər tarixində dərin köklərə malik olan, mədəni irsi formalaşdıran, cəmiyyətlərin ruhunu əks etdirən bir xəzinədir.

Yazıçı qələminin (hazırda klaviaturasının) cənginə düşən sözlər dəyişir, cümlənin daxilində ilkin mənalarından əlavə yeni mənalar kəsb edir, dərin hissləri araşdırır və oxucunu fərqli reallıqlara tərəf aparır. Personajlar bu günədək yad olan zaman və məkanlarda yeni gerçəklik yaradaraq onu bəşər beyninə aşılayırlar. Beləliklə, həmin zaman oxucunun zamanına, məkan məkanına, gerçəklik gerçəkliyinə çevrilir.

Əzəl gündən insan öz hiss və duyğularını müxtəlif vasitələrlə ifadə edib. Təsviri sənət (ayrı-ayrı rənglər), musiqi, (müxtəlif səslər də), rəqs insan iki ayağı üstə qalxdığı gündən bunun xidmətindədir. Bütün bu vasitələrin güclü təsirinə rəğmən söz, ədəbiyyat insanların daxili dünyasını ifadə etməyin ən güclü yoludur (fəqət bəzi duyğuları ifadə etməkdə söz də acizdir). Hər şeydən öncə, sözdən vasitə kimi istifadə edən bədii ədəbiyyat emosional təcrübələri təsvir etmək, həmin tərcübələri bölüşərək insanların bir-biri ilə empatiya qurmasına və fərqli perspektivlərə sahib olmasına imkan yaradır. Məharətli müəllif öz personajları vasitəsilə oxucularına müxtəlif emosional halları yaşamaq imkanı verir. Məsələn, İsa Muğannanın "Şəppəli" əsərində Mədətin daxili aləminə baş vuran oxucu bir növ onun iztirablarını bölüşməli, onun yaşadıqlarını yaşamalı olur. Ədəbiyyatın məhz bu estetik cəhəti oxuculara vizual və emosional təcrübə təlqin edir.

Belə bir deyim var: "siyasət mümkün olmayanı mümkün etmək üçündür." Bu baxımdan, ədəbiyyat da siyasətə oxşayır. Bəli, ədəbiyyat reallıqla təxəyyülü bir-birinə qarışdıraraq mümkün olmayanı mümkünə çevirmək gücünə malikdir. Sehrli nağıllar  və elmi fantastika janrına aid hekayələr, eləcə də romanlar oxucunun üzünə sehrli dünyaların qapılarını  açaraq insanların təxəyyülünü qidalandırır. Bu əsərlər  insanların xəyallarını zənginləşdirməklə yanaşı, həm də real dünyanın sərhədlərini aşır, oxucuya yeni perspektivlər və virtual təcrübə aşılayır.

Bədii əsər sözə yeni imkanlar əlavə edərək, sanki söz vasitəsilə sözün öz zirvəsini aşır;  insanların emosional, əqli və mədəni müstəvisini zənginləşdirir. Oxucunun qəlbində yeni qatlar açaraq onun daxili dünyasını kəşf etmək vasitəsi olan ədəbiyyat dünyanın ümumbəşəri təcrübəsini aləmə yayaraq fərdi təcrübələrə əlavə edir. Belə ki, vahid bir günəşin altında baş verən hadisələri təsvir edən bədii ədəbiyyat təcrübələr çələngi və sözün əsl mənasında, yek günəş ədəbiyyatıdır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!