Əhməd Sami Elaydinin rakursunda Azərbaycan ədəbiyyatı - Günel Eyvazlı - Günel EYVAZLI

Günel EYVAZLI

Misir ədəbiyyatşünası, gənc türkoloq Əhməd Saminin "Müstəqillik dövrü Azərbaycan romanı" mövzusunda işlədiyi monoqrafiya elə ilk abzasdaca diqqətimi özündə cəmlədi. Əlbəttə, öz ədəbiyyatımız haqqında müəyyən mülahizələr irəli sürmək, mövzular üzrə tənqidi yanaşmalar yazmaq müəyyən qədər  asandır. Çünki öz tarixinə bələd olan şəxs öz ədəbiyyatını da tarixi mənzərə ilə paraleldə çözələyir.  Amma bir əcnəbi ədəbiyyatşünas üçün ədəbiyyatımıza baxış müəyyən araşdırma labirintindən keçməni tələb edir. Elə mövzunun adından da göründüyü kimi, öncə müstəqillik dövrü ab-havasını, atmosferini düşüncədə yaratmaq lazımdır. Daha sonra  bu atmosferin fonunda ədəbiyyatı təhlil etmək gərəkir.

Maraqlı cəhət ondan ibarətdir ki, monoqrafiyada müqayisə üçün gətirilən mövzular, hamıya tanış müəlliflərin tamamən fərqli, daha çox Əhməd bəyin diqqətini çəkən əsərlər bir ədəbiyyatçı olaraq təhlil edilir. Məsələn, biz Əzizə Cəfərzadənin yaradıcılığını təhlil edərkən daha çox "Gülüstandan öncə" kimi əsərlərin təhlilinə başlayardıqsa, müəllif Əzizə Cəfərzadənin "Xəzərin göz yaşları", "Eşq sultanı" əsərlərinin təhlili ilə bərabər, paralel şəkildə XIX əsr İran Azərbaycanında yaşayıb-yaratmış  qadın şairə və Bab hərəkatının liderlərindən biri olan Tahirə Qürrətüleynin həyatından bəhs edən "Zərrintac-Tahirə" romanının çözələnməsini məqsədəuyğun hesab edir.

Məncə, müəllif "Müstəqillik dövrü Azərbaycan romanı" mövzusunu işləməklə maraqlı psixoloji, ədəbi proseslərin, bir dalğadan, fərqli ideologiyadan müstəqillik adlanan dövlət quruluşuna keçid etmənin  çabasını yaşayan düşüncələrin təhlilini verməklə bizim özümüzçün də axtarış cığırı açır.

Əslində yaradılan istənilən ədəbi məhsul həm də daxili təlatümün nəticəsidir. Müstəqillik dövründə yaradılan əsərlər sovet ideologiyasının hökmran olduğu zamanlarda yaradıla bilməzdi. Həm də bir atmosferdən digər atmosferə keçid edən şüur qəribə bir narahatçılığın arasında əzilməkdə idi. Bəlkə də elə bu səbəbdən hələ də yazılması məqbul olan mövzular yaşantımızın ədəbi, poetik rəsmini çəkə bilmir. Ağrının mənbəyi məlum olduğu halda yaranın təsviri hələ də istənilən şəkildə yazıçı qələmindən boy vermir. Biz yaranın özü haqqında daha çox danışırıq və yaxud yaranma səbəblərini xronoloji ardıcıllığa gətirməklə bədii əsərlərimizi tarix kitablarına çeviririk. Bəlkə də Qarabağ mövzularının işlədilmə texnikasını, formasını özümüz üçün təyin etməmişik. Ya da ona qədər təhlil edilməsi məqbul olan düşüncə məsələləri var.

Məsələn, müəllif belə yazır: "İyirminci yüzilin sonlarında Sovetlər Birliyinin çöküşü və Azərbaycanın yenidən istiqlaliyyət əldə etməsi cəmiyyətin ictimai-siyasi həyatında olduğu kimi, ədəbi-mədəni sferada da köklü, əsaslı dəyişikliklərin təməlini qoymuş oldu. Qeyd edək ki, sovet siyasi rejiminin çöküşü ilə uzun illər boyu ədəbiyyata hakim olan vahid yaradıcılıq metoduna - sosialist realizminə son qoyulması ədəbi-estetik fikirdə çoxmetodluluğun inkişafına təkan verdi". Bəli, məntiqcə belə olmalıydı, amma hər şey bu qədər sadə deyildi. Çünki cəmiyyətdə "keçid dövrü" adlı depressiv ovqat özünü ədəbiyyatımızda da göstərməkdə idi. Həm də tarixi baxımdan yaradılan romanlar müstəqillik dövrünə təsadüf etsə də, fikir baxımından tam müstəqillik dövrü romanları adlana bilməzdi. Biz ilkin dövrlərdə deyil, sonrakı dövrlərdə Azərbaycan insanını əsərlərdə görməyə başlayırıq.

Monoqrafiyada roman janrının öncəki illərdən fərqli olaraq müstəqillik dövrlərində daha geniş vüsət alması onun geniş areala malik olması ilə  səciyyələndirilməsi çox doğru fikirdir. Bu məqamda da müəlliflə tam razıyam.

Bəlkə də illər öncə gənclər arasında geniş vüsət almış romançılıq vərdişinin inkişaf etməsinin əsas səbəbi, elə bu idi. Çox qəribədir ki, genişliyə olan maraq indi xeyli azalmaqdadır. Gənc yazarlar bir müddət öz enerjilərini roman yazma ilə tükətirdilərsə və fundamental əsərlər ortaya çıxara bilmirdilərsə, indi hekayəyə, şeirə, poeziyaya qayıdış hiss olunmaqdadır. Burada da əsas səbəb dərketmə məsələsidir ki, qısa həcmin daxilində dərin fikir yerləşdirmək dəbi, əslində lazımlı və vacib nüans olaraq gənc yazarların qələmində hiss olunmaqdadır.

Maraqlı təhlillərdən biri də əvvəlki dövrlərdən fərqli olaraq müstəqillik dövründə yaradılmış romanlarda tarixi faktlar və hadisələrə yanaşmanın qeyri-ənənəvi yollarla gerçəkləşməsi məsələsidir ki, monoqrafiya boyunca Əhməd Sami düzgün koordinatlarla yazıçılarımızın əsərlərinin izahını verməyə çalışır və bu izah onda gözəl alınır.

"Hadisələrə yanaşmanın qeyri-ənənəvi yolları" deyərkən...

Yadımdadır ki, universitet tələbəsi olarkən, səhv etmirəmsə, üçüncü kursda oxuyurdum, o zamanlar Kamal Abdullanın "Yarımçıq əlyazma" romanı müzakirə obyektinə çevrilmişdi. Və müəllimimiz həmin qeyri-ənənəvi təqdimetməni, hadisələrə yanaşmanı bizə təqdim etdikdə "niyə?", "nə üçün?" suallarını verənlərdən biri də mən idim. Və o zamanlar "Kitabi-Dədə Qorqud" dastanından tanıdığım personajların, mifik obrazların adlarının "Yarımçıq əlyazma"da hallandırılmasını gördüyüm zaman və onların yeni dövr insanının obrazına büründüyünü oxuduqca hiddətlənirdim. Yəqin bu, "toxunulmaz" adlandırdığımız nəsnələrin, bütləşdirilmiş dəyərlərin tərbiyəsiydi ki, həmin vaxtlarda məndə çox güclü idi. Mən də axın içində yaşayan "bütpərəst" kimi "dəyərlərə toxunmaq olmaz" ideologiyasını beynimdə daşıyanlardan idim. Əlbəttə, zamanla bu münasibət büsbütün dəyişdi. Çünki gerçəkliyin bu tip təsviri ən gözəl, ən dərin təsvirlərdəndir. Keçmişin fonunda indinin problemlərini işləmək Avropa ədəbiyyatında daha geniş vüsət almış ədəbi priyomlardandır.

Əslində, müstəqillik dövrü zamanı roman yazan müəlliflərin bu tip yanaşmaları da elə-belə deyildi. Sanki sənə aid olanın məxsusluğunu hiss etmək və ondan istədiyin şəkildə istifadə etmək, çatdırmaq, özünə gülmək və bu gülüşün, ironiyanın ardından özünü düzəltmək, rəndələmək istəyi dayanırdı. Müstəqillik qazanmış ölkənin vətəndaşı kimi müəlliflər özlərinə aid olan hər şeyə toxuna bilirdi. Həm də cəmiyyətdə baş verən psixoloji çabaları öz əsərlərində təsvir etməyə çalışırdılar. Bu yolla keçmişin səsini müasir, müstəqil insanın qulaqlarına çatdırmaq istəyirlər.  Necə ki, Kamal Abdullanın "Yarımçıq əlyazma"sını oxuyan oxucu həm də "Kitabi-Dədə Qorqud" dastanını yenidən oxumaq istəyində bulunur.

Özününkü olmaq. Özünəbaxışın yeni rakursu, yeni tərəfləri. Olduqca maraqlıdır. Necə ki, Tanrının mahiyyətini öyrənən Nəsimi də onun varlığını öz içində, özündə hiss edirdi. Özünü o, onu isə özü hesab edirdi. Eyni vücudda Yaradanın və özünün mahiyyətini birləşdirirdi. Bəlkə də İslam dinini özümüzdə yoğrulmuş, qanımıza qarışmış halda hiss edirik ki, indi, məhz indi onun mahiyyətini açmaq, dərk etmək üçün təftişlərə başlamışdır. Dinin özünü fəlsəfi yanaşma ilə birgə, mifologiyayla,  digər dinlərlə birgə öyrənməyə çalışırıq.

Sosial-siyasi məsələlərin bədii imkanları sərlövhəsində Əhməd bəy yazıçı Anarın "Ağ qoç, qara qoç", Afaq Məsudun "Azadlıq", Seyran Səxavətin "Nekroloq" və başqa müəlliflərin əsərlərinin təhlilini, bədii yanaşmasını verir. Bu yanaşma olduqca fərqli və düşündürücüdür. Ümumiyyətlə, sosial-siyasi vəziyyət müəlliflərimizin işlədiyi əsərlərdə daha gözəl, daha real təsvir edilmişdi. Yəni Qarabağ mövzusundan öncə özümüzdə, içimizdə mövcud olan durumun, çatışmazlıqların yoluna qoyulmasına ehtiyacı olduğundan bu tip əsərlər yaradılırdı. Necə ki, eyni sosial vəziyyət Haqverdiyevin, C.Məmmədqluzadənin, M.Ə.Sabirin və digərlərinin əsərlərinin ruhuna hopmuşdu. Elə o zamanlardan ədiblər sosial durumu, insanların bəsit düşüncə tərzini dəyişmək üçün meydana atılmışdılar. Çünki cəmiyyətin inkubator cücəsini xatırladan eynibiçimli təfəkkürü düşünən adamları narahat edirdi. Onlar isə "Anamın kitabı" motivli əsərləriylə Azərbaycan insanının beynində gedən üç istiqamətliliyi "yox" etmək istəyirdilər. Əslində elə indinin özünə də fikir versək, həmin düşüncə parçalanmasını hiss edə bilərik. Nə yazıq ki, bütün ömürlərini, yaradıcılıqlarını, enerjilərini buna sərf edən ədiblərin əsərlərinə haqq qazandırsaq da və bu tip düşüncə fərqliliyinin qarşısını almaq istəsək də, problemi beynimizdə həll etməmişik.

Eyni problematika müstəqillik dövrü əsərlərində də zühur etməyə başlayır.  Anarın "Ağ qoç, qara qoç" romanı eyni mahiyyəti özündə daşıyaraq cəmiyyətin önündə növbəti güzgüyə çevrilir. "Ağ qoç, qara qoç" romanının ikinci nağılı birinci nağıla tam kontrast təşkil edən hadisə, epizodlarla müşayiət olunmaqla maraqların parçaladığı Bakını yenidən üç düşüncə yoluna gətirib çıxarır. Eynilə nağılların işıq gələn, it hürən fikir ayrılığına bənzər şəkildə əsərdə Bakı I,II,III zonalara bölünərək reallığı əks etdirir,  həmişəyaşar problematika əsər boyunca gözəl təsvir edilir.

Demək ki, dəyişən əsər və müəlliflərin adlarıdır. Azərbaycan ədəbiyyatı  sosial-siyasi durumu dəyişə bilmir, müəlliflərin gücü problematikanı işıqlandırmağa çatır. Yazıçılarımızın hər biri Azərbaycanda baş vermiş ictimai, əxlaqi, mənəvi dəyişikliklərin təsvirini yaratmaqla daxili ağırlıqdan xilas olmağa çalışırlar. Həm də bu əsərlərin hər birində "SOS" həyəcan siqnalı çalınmaqdadır.

Əhməd Sami Elaydi monoqrafiyası boyunca işlədiyi, qarşıya qoyduğu suallarla düşünən insan üçün yeni cığırlar açır. Məhz bu səbəbdəndir ki, yazı boyunca kitabın özünəməxsusluğu haqqında və dəyərini anlatmaqla bərabər həm də öz düşüncələrimə, mülahizələrimə geniş yer verdim. Əslində bu, monoqrafiyanın çoxtərəfliyi, uğurlu olmasından xəbər verir. Müəllif kölgədə olan mövzuların, düşünməsi vacib olan məqamların üzərinə işıq salır.

Məncə, bu monoqrafiya Azərbaycan romançılığı haqqında çox söz deyir. Həm də bu sözü ərəb ədəbiyyatşünasının, türkoloqun deməsi xüsusilə xoşagələn və qürurvericidir. Gətirilən bütün təhlillər, fəlsəfi-psixoloji problemlərin həlli istiqamətində verilən şərhlər, romanlar daxilində milli-mənəvi dəyərlərin bədii təcəssümü, romanların bədii- sənətkarlıq xüsusiyyətləri, tarixi kodların əsərlərdə yer alması, sosial-siyasi problemlərin öz bədii həllini romanlarda tapa bilməsi və ya tamlıqla açılmaması monoqrafiyada olduqca gözəl təhlil olunmuşdu. Bu zəhmətinə görə əlimizdən Əhməd Sami Elaydiyə yalnız təşəkkür etmək gəlir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!