Kamal Talıbzadə - 100: Ötən gündən əməl qalır, söz qalır - Hamlet İSAXANLI

 

 

 

 

 

Akademik Kamal Talıbzadəni əvvəllər uzaqdan-uzağa tanıyırdım - görkəmli tənqidçi və ədəbiyyatşünas alimimiz kimi, Abbas Səhhətin yaradıcılığı, xüsusilə də onun poetik tərcümə sahəsindəki fəaliyyəti barədə əsas məlumatı mən Kamal müəllimin ədəbiyyatçılara yaxşı bəlli olan əsərindən almışdım. Eyni zamanda, bilirdim ki, Kamal Talıbzadə Azərbaycan romantik ədəbiyyatının və uşaq ədəbiyyatımızın klassiki, böyük maarifçi Abdulla Şaiqin oğludur. Son yeddi-səkkiz ildə isə, mən fəxrlə deyirəm ki, biz onunla yaxın dost olduq. Bu dostluq mənim həyatıma zərif bir işıq gətirdi - göz qamaşdırmayan, adama rahatlıq və mehribanlıq bəxş edən, soyuq ab-havanı isidə bilən bir işıq.

Kiçik dostu kimi onu şəxsən tanıyandan sonra və onun köhnə ziyalılara xas olan gözəl xətt ilə yazıb mənə bağışladığı ikicildlik seçilmiş əsərlərinin mühüm hissəsini oxuduqdan sonra Kamal müəllim mənim əzizim və müəllimim oldu. Rəfiqə xanımla bərabər tez-tez bizə gəldilər, biz onlara getdik, Abdulla Şaiq Muzeyində görüşdük, bir sıra məclislərə bərabər qatıldıq. Əminəm ki, bu dostluqda bir böyük-kiçik məhəbbəti vardı, yəqin ki, bu, həm də ikitərəfli ehtiyacdan doğurdu.

Heç şübhəsiz ki, Azərbaycan romantizmini tədqiq edənlər, Abbas Səhhəti öyrənmək istəyənlər, ədəbi tənqidimizin tarixini araşdırmaq və tənqidşünaslığın nəzəri əsaslarına yiyələnmək fikrində ciddi olanlar Kamal Talıbzadənin yaradıcılığından xeyli bəhrələnəcəklər, daha doğrusu, ondan yan keçə bilməyəcəklər! Elm adamının sözdə deyil, doğrudan-doğruya böyüklüyünün əsas əlaməti bu deyilmi?!

Kamal müəllimin və Rəfiqə xanımın məhəbbəti sanki efirdə sevgi dalğası yaradır, onlarla ünsiyyətdə olanlara da sirayət edirdi.

Kamal Talıbzadənin daha bir xüsusiyyəti mənə və məncə, onu tanıyanların böyük əksəriyyətinə xoş gəlirdi - bu, onun atasına, Abdulla Şaiqə olan çox böyük ehtiramı və məhəbbəti idi. Əslində insanın valideynlərinə, baba və nənəsinə sevgisində, onların xatirəsini əzizləməsində qeyri-adi bir şey yoxdur, bu təbiidir və təəccüb doğura bilməz. Bu, bir növ övlad minnətdarlığı və borcudur. Elə görünür ki, bunu insanı müsbət cəhətdən səciyyələndirən mühüm məqam kimi qələmə verməyə ehtiyac yoxdur. Digər tərəfdən, cəmiyyətdə doğrudan da, çox sevilən, çox istedadlı və xalq yolunda böyük zəhmət çəkmiş xeyirxah insanların xatirəsi öz övladları tərəfindən əziz tutulursa, öz övlad borcunu yerinə yetirən insan həm də cəmiyyətin minnətdarlığını qazanmış olur. Sanki cəmiyyət borclu olduğu böyük şəxsiyyətə öz ehtiramını daima ifadə etmək üçün onun övladını vəkil seçib, övlad da böyük məmnuniyyətlə bu işi öz öhdəsinə götürüb.

Kamal müəllimin atasına məhəbbəti onun maarifçiliyə, romantizmə, yazıçılığa, humanizmə və əlbəttə ki, keçmişimizə olan diqqəti, hörməti və sevgisi ilə də birbaşa bağlı idi. Kamal müəllim Abdulla Şaiqin Mənzil-Muzeyində mənə ləzzətlə bələdçilik edərkən onun bütövlükdə keçmişə necə həssas yanaşdığının bir daha şahidi olmuşam, o, ata tərəfdən babası Axund Mustafa, əmisi Axund Yusif haqqında necə böyük məhəbbət və hörmətlə danışırdı! Kamal müəllim atasının həyatı, fəaliyyəti, ədəbi irsi ilə əlaqəsi olan hər kəsə qayğı və minnətdarlıqla yanaşırdı - Mənzil-Muzeyin işçilərinə də, sözləri A.Şaiqə məxsus mahnını ifa edən müğənniyə də, atasının adını daşıyan məktəbə də, A.Şaiq yaradıcılığına maraq göstərənlərə də... Və, eyni zamanda, həqiqətin təhrif olunmasına qəti yol vermirdi. Abdulla Şaiq öz sağlığında xalq içində ipək təbiətli ziyalı, yazıçı və sözün geniş mənasında, böyük müəllim kimi şöhrətlənmişdi, o, adına uyğun şövqlə çalışmış, ətrafa maarif və insaniyyət nuru saçmışdı. Kamal müəllim bir tərəfdən Şaiqin varisi və yadigarı kimi, Şaiqdən sonra Şaiq evinin başçısı kimi, digər tərəfdən isə, Şaiqin sözündən və parlaq surətindən nur alan bizlərdən biri kimi Abdulla Şaiq xatirəsini ürəyinə yazmışdı. Və Kamal müəllim heç zaman Abdulla Şaiqi olduğundan artıq təqdim etməyə, qeyri-adi bəzək vurmağa razı olmadı, bunun birinci səbəbi, yuxarıda qeyd etdiyim kimi, kimdən, nədən söhbət getdiyindən asılı olmayaraq onun bitərəf avropasayağı alim mövqeyini ortaya qoymasında idi (antiavropaçılar, məni bağışlamaq olarmı?). İkinci səbəb isə A.Şaiqin artıq olduğu kimi görünərkən kifayət qədər böyük şəxsiyyət olması və (bu, xüsusi qeyd olunmalıdır) uşaqdan-böyüyə ədəbiyyat sevənlər, ziyalılar tərəfindən sevilməsidir, yəni onun əlavə bəzəyə ehtiyacı yoxdur, artıq bəzək onun saf hüsnünə xələl gətirərdi.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!