Kamal Talıbzadə - 100: Bir ocağın varisi - Səlahəddin XƏLİLOV

Səlahəddin XƏLİLOV

 

Kamal Talıbzadə Azərbaycan ədəbiyyatşünaslığının ağsaqqallarından biri, milli ədəbi tənqid tariximizin salnaməsini yaradan görkəmli tədqiqatçı, akademiyanın həqiqi üzvü, neçə-neçə orden və mükafatlarla təltif olunmuş şanlı-şöhrətli bir insan nə qədər məşhurlaşsa da, nə qədər xidmətlər göstərsə də, çox vaxt başqa bir adın nüfuz və təsir dairəsindən çıxa bilmədi. Bütün istedadına və xidmətlərinə rəğmən, Kamal Talıbzadə milli məfkurəmizin yaddaşında, ilk növbədə, Abdulla Şaiqin oğlu və Şaiq ocağının məşəlini tutan davamçı kimi qaldı. Bunun səbəbi Abdulla Şaiq ulduzunun zaman keçdikcə daha çox parlaması və yaddaşlarda Azərbaycan ziyalılığının simvolu kimi möhkəmlənməsidir. Əslində, Kamal Talıbzadə heç özü də bu parlaq ulduzun kölgəsindən çıxmağa, onun nüfuzunun təsir dairəsindən kənarda özünə fərqli bir nüfuz hazırlamağa can atmırdı. Onun özünün də dönə-dönə dediyi kimi, ən böyük xidməti şəxsi tədqiqatlarından daha çox, Abdulla Şaiq ədəbi irsinin bir küll halında yeni nəsillərə çatdırılması, Şaiq ocağının ədəbi bir işıq mənbəyi kimi qorunub saxlanılmasından ibarət idi. Təsadüfi deyildir ki, tanışlığımızın və əməkdaşlığımızın intensiv dövründə - ömrünün son illərində söhbətlərimizdə onun ən çox Abdulla Şaiqin Mənzil-Muzeyi ilə, onun ədəbi taleyi və ədəbi-bədii irsi ilə məşğul olduğunu, özünü Şaiq çırağının işığında əritməyə hazır olduğunu duyurdum.

Əslində, mənim Kamal Talıbzadə ilə tanış olmaq arzum, onunla münasibətlərim heç də yalnız görkəmli ədəbiyyatşünas alim, Azərbaycanın ən nüfuzlu akademiklərindən biri ilə ünsiyyətdə olmaq arzusundan irəli gəlməmişdi. Mən, ilk növbədə, uşaqlıqdan əsərlərini oxuduğum, bu əsərlərin arxasında nurlu simasını hiss etdiyim Abdulla Şaiqin varisi ilə təmasda olmaq, necə deyərlər, onun qoxusunu Kamal müəllimdən almaq istəyirdim. Amma gözləmədiyim halda Kamal Talıbzadədən diametral əks bir maraq gördüm. İlk baxışda nə qədər təəccüblü olsa da, o mənim simamda sanki Abdulla Şaiqi gördüyünü, onu xatırlatdığımı, həm əsərlərimdə, həm də təhsil quruculuğunda, istedadlı gənclərə göstərdiyim qayğı və diqqətə görə Şaiq işinin davamçısı olduğumu qeyd edirdi: - "Səlahəddin, səni görəndə, sənin əməllərinlə tanış olanda, istedadlı gənclərə qayğını görəndə düşünürəm ki, bəlkə Şaiq ruhunu sən hamımızdan çox yaşadırsan". Azərbaycan radiosunun müxbiri Çiçək Veysəlovaya müsahibəsində də bu məqamı vurğulamışdı. Bu, çox önəmli bir etiraf idi.

Yəni, böyük şəxslərin, millətin simasını müəyyən edən insanların ruhunu ancaq genetik varislər daşımır. Milli ruh millət üçün çalışanların yanğısından qidalanır və eyni ideala xidmət edən vahid milli ruha qatılanlar bir-birinə bənzəməyə bilməzlər.

  Abbas Zamanov, Mirzağa Quluzadə, , Kamal Talıbzadə, Mirəli Seyidov

 

Kamal Talıbzadə Abdulla Şaiqin oğlu olmağın məsuliyyətini dərk edir və yüksək dərəcədə dəyərləndirirdi. Azərbaycan Universitetinin fəxri professoru olan Kamal Talıbzadənin universitetimiz üçün gördüyü ən böyük işlərdən biri də kitabxanamızda Abdulla Şaiq guşəsinin yaradılması olmuşdur. O, xəstə olmasına baxmayaraq, Abdulla Şaiqin universitetdə keçirdiyimiz yubileyində, habelə "Azərbaycan Universiteti" nəşriyyatının buraxdığı "Abdulla Şaiqin romantizmi" (müəllifi professor Vəli Osmanlıdır) kitabının təqdimat mərasimində şəxsən iştirak etdi və gənc nəslin Şaiq irsinə bəslədiyi yüksək marağa görə sevindiyini bildirdi. Şaiqlər unudulmursa, deməli, ziyalılıq, maarifçilik hələ yaşamaqdadır. Keçən əsrin əvvəllərində xüsusilə böyük vüsət alan milli dirçəliş hərəkatı da davam etməkdədir.

Son dərəcə təvazökar və səmimi olan Kamal müəllimin bir etirafını da yada salmaq istərdim. 2000-ci ildə AMEA-ya seçkilər zamanı Kamal Talıbzadə humanitar bölmə üzrə hesablama komissiyasının sədri idi. Mən də seçkilərə qatılmışdım. Fəlsəfəyə ayrılmış yerlərdən ikisi tutuldu, biri isə boş qaldı. Sonradan məlum oldu ki, mən cəmi 13 səs toplamışam və AMEA-nın müxbir üzvü olmaq üçün bir səs çatmamışdır. Kamal müəllim böyük təəssüflə danışırdı ki, hesablama komissiyasının üzvləri səsi sayanda səhv ediblərmiş. Ona məlumat vermişdilər ki, Səlahəddin cəmi 12 səs toplayıb, amma seçkilərdən sonra bir də sayanda 13 səs olduğu aşkarlanıb. Mən də dedim ki, Kamal müəllim, axı, nə fərqi var, əgər 14 səs toplanmayıbsa, 13 də elə 12-nin tayıdır. Yox, - dedi, axı, yadımdan çıxıb, heç mən özüm deyəsən səs verməmişdim, mənim səsimlə məsələ həll olunardı. Onun bu səmimi etirafı mənə o qədər xoş təsir bağışladı ki, əslində, mənim seçilməməyimdə həlledici rolu olmasına baxmayaraq, ondan heç ürəyimdə də inciyə bilmədim. Çünki bunları o danışmaya da bilərdi. Bircə şeyə xüsusilə təəssüflənirəm ki, bu cür təmizqəlbli insanların səmimiyyətindən sui-istifadə edənlər də var. İşgüzarların belə sui-istifadələrinə baxmayaraq, o özü aydan arı, sudan duru idi.

Akademik Kamal Talıbzadə təkcə səmimiyyəti və sadəliyi ilə deyil, həm də ağsaqqallıq, qocamanlıq missiyası ilə seçilirdi. Ondan xeyli yaşlı olan adamların iştirak etdiyi məclislərdə də hamı məhz Kamal müəllimi böyük, ağsaqqal hesab edirdi. O, elə bil ki, keçən əsrdən, keçmişdən bizə yadigar idi. Zəmanə adamı deyildi. Əməllərində zamanla hesablaşmalı olsa da, qəlbən zamandan yüksəkdə dururdu.

 

İyul 2006


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!