Vaqif YUSİFLİ
İngilis şairi, dramaturqu və tənqidçisi Con Drayden (XVII əsr) ilk dəfə "kritika" terminini işlədəndə fikirləşməmişdi ki, illər, onilliklər, əsrlər keçəcək, bu söz həyatın bütün sahələrində ən işlək, ən zəruri və eyni zamanda, ən xoşagəlməz bir sözə çevriləcək, yaşından, irqindən, millətindən asılı olmayaraq hər bir insanın düşüncəsinə sirayət edəcək... Əslində, bəşəriyyət mövcud olandan onunla yanaşı, insanın tənqidi təfəkkürü də pillə-pillə irəliləmiş, bəlkə də, ilk münaqişənin, ilk müharibələrin, ilk siniflər mübarizəsinin meydana çıxması üçün ilkin şərtə çevrilmişdir. Ancaq fakt budur ki, tənqid termini birinci dəfə ədəbi mübahisələri tənzimləyən, nizamlayan bir söz kimi meydana çıxmış və tənqidin daha ümumi, daha qlobal mənasından öncə, incəsənətdəki mövqeyi diqqəti cəlb etmişdir. Beləliklə, tənqid termini özüylə bir sırada bu fəaliyyət sahəsi ilə məşğul olan tənqidçini də, bu yeni termini də dünyaya gətirmişdir. Elə indinin özündə də tənqidçi deyəndə, ilk növbədə, bədii əsəri təhlil edən, "yazıçını oxucuya yaxınlaşdıran" (Şklovski) bir şəxs nəzərdə tutulur.
Azərbaycanda ədəbi tənqidin kökləri çox qədimlərə gedib çıxsa da, əslində, onun əsr yarımlıq yaşı var. Ədəbi-ictimai fikrimizin nəhənglərindən biri - Axundovun tarixi xidmətləri sırasında onun ilk milli tənqidçimiz kimi missiyası da haqlı olaraq qeyd edilir. Axundovdan sonra F.Köçərli, A.Sur, Ə.Hüseynzadə, Seyid Hüseyn bu estafeti davam etdirdilər, ancaq qeyd edək ki, əsl, professional tənqid keçən əsrdə - 20-ci illərin sonları-30-cu illərin əvvəllərində formalaşdı. M.Quliyev, Ə.Nazim, M.Ələkbərli, H.Zeynallı, M.Arif, M.Cəfər, M.Hüseyn, M.Rəfili, C.Cəfərov, M.İbrahimov, M.Cəlal, C.Xəndan, Əkbər Ağayev kimi sırf professionallar yarandı (Sonrakı onillikləri də unutmayaq: Y.Qarayev, B.Nəbiyev, Q.Xəlilov, X.Əlimirzəyev, Ş.Salmanov, A.Hüseynov, A.Səfiyev, Elçin, Anar, Aydın Məmmədov, K.Abdulla, K.Vəliyev, İ.Həbibbəyli, T.Hacıyev, A.Əmrahoğlu, R.Əliyev, Ş.Alışanlı, N.Cəfərov, İ.Qasımzadə, N.Şəmsizadə, Ə.Cahangir, Azər Turan, C.Yusifli, E.Akimova, S.Ağabalayeva, N.Cabbarlı, İ.Musayeva, M.Osmanoğlu, B.Əlibəyli, T.Əlişanoğlu bu siyahıda yazıçı tənqidçilərin və dilçilərin yer almasına təəccüblənməyin, ədəbi tənqidi həm də sırf tənqidçi olmayanlar da təmsil etmişlər). Bir çoxları "Azərbaycanda müasir dövrdə ədəbi tənqid yoxdur" deyirlər, amma ədəbi tənqid - hətta vaxtilə bəzi yanlışlıqlarına və metodoloji səhvlərinə baxmayaraq - həmişə iş başında olub və Kamal Talıbzadə bu dəstənin önündə gedənlərdən biri olub.
Kamal Talıbzadə deyəndə, mən ilk növbədə, səmimi, xeyirxah bir insan, sonra bir ədəbiyyatşünas, sonra tənqidçi, nəhayət, pedaqoq haqqında düşünürəm, bir anlığa onun keçdiyi ömür yolunu xatırlayıram. Hamımıza məlumdur ki, Kamal müəllimin atası həmişə hörmətlə yad etdiyimiz görkəmli ədib Abdulla Şaiq olub. İnsan genindən, kökündən-soyundan tanınır və Kamal Talıbzadədə nə yaxşı cəhətlər varsa, ilk növbədə, atasından ona irsən keçib. Bir də ona görə ki, Kamal müəllim demişkən: "O mənim həyatımda elə bil indi də canlıdır, elə bil o, mənimlə hər gün danışır, məsləhətləşir, yol göstərir, nəsihət verir. Hər gün iş yerimə onun məzarının yanından - Fəxri Xiyabanın qarşısından keçirəm, hər gün ona, onunla yanaşı əbədiyyətə qovuşan çoxlu məşhurlarımıza rəhmət oxuyuram.
Kamal Talıbzadə Ədəbiyyat İnstitutunda iş otağında, 1960
Kamal Talıbzadənin atası haqqında yazdığı "Ata haqqında oğlunun söz deməsi, xatirə yazması çətindir, bəlkə bəzilərinə bu qeyri-təbii də görünə bilər" sözlərini xatırlayıram. Bu etirafın səmimiliyinə qətiyyən şübhə eləmirəm, ancaq məsələ burasındadır ki, indi mən də elə bir vəziyyətdəyəm, Kamal Talıbzadə mənim elmi rəhbərim olub və mənim üçün də onun haqqında söz demək bir az çətindir. Mən də belə düşünürəm ki, bəzilərinə bu, qeyri-təbii görünə bilər.
1975-ci ildə, Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olanda məni ilkin təbrik edənlərdən biri Kamal müəllim oldu və bir neçə gündən sonra mövzum təsdiq ediləndə mənə elmi rəhbər axtarmaq heç bir problemə çevrilmədi. Kamal müəllim imtahanda mənim cavablarımdan razı qalmışdı və odur ki, elmi şurada bu işə məmnuniyyətlə razılıq verdi.
Elmi rəhbərlə aspirant arasında əlaqə və münasibətlərin bir neçə "tipi" mövcuddur: elmi rəhbər var ki, aspirantının üzünü sonda - müdafiə kürsüsündə görür (bir az mübaliğəyə varsaq da), yetirməsinin məişət qayğılarından tutmuş elmi problemlərinə qədər heç nədən xəbəri olmur. Bir sözlə, yam-yaraşıq... Əgər aspirant fərasətli çıxsa, daha doğrusu, elmə təsadüfi gəlməmişsə, rəhbərinin qayğısını hiss etməsə də olar. Elmi rəhbər var ki, onun üçün aspirant oğlu, qızı timsalındadır. Bax, Kamal müəllim bu ikincilərdəndir. Həftənin başında da, axırında da mən ona gördüyüm işlər barədə hesabat verirdim. Bizim söhbətlərimiz çox canlı keçirdi. Dəfələrlə deyirdi ki, elmdə polemikasız keçinmək olmaz, sən nüfuzundan, karyerasından asılı olmayaraq hər hansı bir müəlliflə, lap elə mənimlə etika daxilində mübahisə etməyi bacarmalısan. Bu tövsiyə ona gətirib çıxardı ki, axırda Kamal müəllim bir müşavirədə məni tənqid edəndə dözə bilmədim, "üzünə ağ oldum". Fasilədə mənə yaxınlaşıb əlini çiynimə qoydu, "bax, belə, heç kimdən qorxma!" dedi.
Əlbəttə, illər keçdi və mən bu hərəkəti heç cür özümə bağışlaya bilmədim. Ancaq dərindən düşünəndə bir təskinlik tapdım ki, mən axı, belə deyildim, hərdən yazılarımda nəsə bir cəsarət dozası varsa, bu, Kamal müəllimin xidmətidir. Onu da deyim ki, bu günün özündə də mən Kamal müəllimi özümə ustad hesab edirəm.
Onun yetirmələrindən biri - Nizaməddin Şəmsizadə yazır: "Sözün kəsəsi, həmişə sənə yazmaq öyrətmiş ustad haqqında yazmaq ən çətin dərs imiş". Bu çətinliyi bayaq dediyim kimi, mən də hiss edirəm. Doğrusu, heç bilmirəm hardan başlayım? Onun "Abbas Səhhət" adlı son dərəcə qiymətli, mötəbər monoqrafiyasındanmı? "Qorki və Azərbaycan ədəbiyyatı" kitabındanmı? Türkdilli ədəbiyyatşünaslıqda ilk tənqid tarixi kimi qələmə aldığı "XX əsr Azərbaycan tənqidi", sonralar bu əsər əsasında bir az da təkmilləşmiş "Azərbaycan ədəbi tənqidinin tarixi" fundamental əsərlərindənmi? Klassik və müasir ədəbiyyatmızın ən vacib, aktual və ağrılı problemlərindən söz açan saysız məqalələrindənmi? Bir ədəbiyyat tarixçisi və tekstoloq kimi Nizami adına Ədəbiyyat İnstitutunda hazırladığı, tərtib etdiyi, redaktoru olduğu Səhhətin ikicildliyindən, Şaiqin beşcildliyindən, S.Vurğunun altıcildliyindən, çoxcildli ədəbiyyat tarixlərindənmi? On yeddi il Yazıçılar İttifaqında tənqid bölməsinə rəhbərlik etdiyindənmi? Əlbəttə, bunların sayını artırmaq olar. Doğrusu, heyrət ediləsi ömürdür. Ancaq bu ömür yolu heç də bəzilərinin düşündüyü kimi maneəsiz, şahrah yol olmayıb. Nə atasının - Abdulla Şaiqin ədəbi mühitdəki ağır, sanballı çəkisi, nə Səməd Vurğunla qohumluğu gənc Kamal Talıbzadənin elm yollarında qolundan tutub. Ümumiyyətlə, kiməsə arxalanmağın, hansı avtoritetəsə qısılmağın qəti düşməni olub. Aspirantlıq illərində mən bunu hiss elədiyim üçün deyirəm. Həmişə mənə deyirdi ki, heç vaxt Ədəbiyyat İnstitutunun otaqlarında, uzun koridorunda lovğa-lovğa gəzişib mənə arxalanma, nə olsun mən direktor müaviniyəm, hətta haqqımda pis söz desələr də, incimə, bacarsan, cavabını ver, amma bəziləri kimi xəbərçilik eləmə. Mövzum nəsrlə bağlı olduğu üçün yazdığım məqalələri, sonralar dissertasiyanın ayrı-ayrı fəsillərini məsləhət görərdi ki, o oxumamışdan əvvəl Şamil Salmanova, Akif Hüseynova göstərim, çünki bu alimlər ədəbi prosesi bütün incəliklərinə qədər duyurlar.
Prof. Mir Cəlal Paşayevin 70 illik yubleyində, 1978
Bəli, Kamal Talıbzadə həyatda, elmdə öz yolu, öz üslubu olan adamdır və bu yolu o, özü açıb. Ancaq elə bir dövrdə yaşayıb ki, zamanın mürəkkəb ab-havası onun da taleyindən yan keçməyib. Budur, Kamal müəllimin bəzi etirafları və dövrün, zamanın onun həyatında buraxdığı silinməz izlər: "Bizim nəsil çox mürəkkəb bir dövrdə təhsilə başlamış və əlinə qələm almışdı. Mən 1940-cı ildə universitetin filologiya fakültəsinə daxil olanda ədəbiyyatşünaslığımızn əsas qüvvələri aradan götürülmüşdü...
Stalinizmin dəhşətli tədbirləri yaşlı, təcrübəli nəsil ilə varislik əlaqəsini birdən-birə, bir anda, bir ildə qırmış, cavan nəsil bir növ kökündən, bünövrəsindən ayrılmalı olmuşdu. Yeni nəslin fikrən, mənəvi şikəst "inkişafı" üçün hər cür şərait - məcburi şərait yaranmışdı: itaətkarlıq, fikri köləlik, həqiqəti demək həsrəti, nəhayət, bəzən özün də inanmadığın "həqiqətləri" demək məcburiyyəti və Marksın, Leninin, Stalinin sitatları ilə düşünmək isə beyinlərimizi, mühakimələrimizi kütləşdirmiş, yaradıcı təfəkkürü bir növ öldürmüşdü. Bizim nəsil təxminən qırx il belə şəraitdə yazıb-yaratmış və əgər o, öz mənliyini, özünəməxsusluqlarını müəyyən dərəcədə qoruya bilibsə, şübhəsiz, bu onun istedadı, fədakarlığı, qorxmazlığı, vətəndaşlığı hesabına baş vermişdir".
Zənnimcə, bu etiraf təkcə K.Talıbzadənin yox, onun mənsub olduğu ədəbi nəslin də, ondan sonra ədəbiyyata gələnlərin də etirafı kimi səslənməlidir. Özü də belə etiraflar insana acı təəssüfdən başqa, bir qəlb rahatlığı da gətirməlidir. Vaxtilə Lenindən, partiyadan, komsomoldan, Qızıl Ordunun müzəffər yürüşlərindən poemalar, romanlar, hekayələr, şeirlər yazan, hətta Stalinin qəlyanını tərifləyən bəzi şairlər, nasirlər indi niyə susublar? Etirafın vaxtı deyilmi? Bu mənada mən Kamal müəllimin etirafını onun vicdanının səsi kimi qəbul edirəm. Onun "XX əsr Azərbaycan tənqidi" monoqrafiyasının iki fəsli ("Burjua tənqidi", "Marksist tənqid") gizlətmək lazım deyil ki, marksist ruhda yazılıb. Amma həmin monoqrafiyanı bu iki fəslə görə gözdən salmaq, yanlış yol olardı. İllər keçdi, Kamal müəllim "Azərbaycan" jurnalında Əhmədbəy Ağayev haqqında gözəl bir məqalə çap etdirdi.
Milli ədəbiyyatın özünün idrak tarixi adlandırılan tənqid tarixinin ilk bünövrə daşlarını Kamal Talıbzadə hörüb. İndi bu hörgü üzərində özünəməxsus bir bina ucalıb və heç şübhəsiz, müəyyən kəm-kəsirləri olsa da, o binanın memarı da, ustası da Kamal Talıbzadədir.Təsadüfi deyil ki, bu əsər ölkəmizin hüdudlarından kənarda xarici elmi ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilmişdir.
Yeri gəlmişkən qeyd edək ki, istər "XX əsr Azərbaycan tənqidi", istərsə də "Azərbaycan ədəbi tənqidinin tarixi" monoqrafiyaları K.Talıbzadənin bir alim-tədqiqatçı kimi xarakterini bir neçə tərəfdən açıqlayır: birincisi, ədəbiyyat tarixçisi kimi hərtərəfli, geniş erudisiyası. Çünki ədəbiyyat tarixini bilmədən, onun ayrı-ayrı mərhələlərinin özünəməxsusluğunu dərk etmədən belə bir məsuliyyətli işə girişmək qeyri-mümkündür. İkincisi, tənqidin öz spesifikliyinin nəzərə alınması. Çox vaxt ədəbiyyat tarixi ilə tənqid tarixini eyniləşdirirlər. Bu, düzgün deyil. Tənqid tarixi ədəbiyyat tarixinin ola bilsin, tərkib hissəsidir, lakin ona müstəqil də yanaşmaq olar. Çünki ədəbiyyat tarixində milli ədəbiyyatın tarixi izlənilir, ona tarixilik baxımından qiymət verilir. Tənqid tarixində isə milli ədəbiyyata məxsusi münasibət izlənilir, ədəbiyyatın fakt və mənzərəsinə qiymət verilir, sistemli elmi ümumiləşdirmələr aparılır, ədəbi cərəyanlar haqqında söz açılır. Bir sözlə, ədəbiyyatın dərki ön planda olur.
Üçüncüsü, elmi-nəzəri hazırlığı... Nəzəri biliklə silahlanmadan, dünya və Şərq ədəbiyyatının, milli ədəbiyyatın incəliklərinə, özünəməxsusluğuna bələd olmaq mümkün deyil. Göstərdiyim bütün cəhətlər Kamal Talıbzadənin yaradıcı şəxsiyyətində birləşmişdi.
Kamal Talıbzadə istər tənqid tarixçisi, istər ədəbiyyat tarixçisi, istərsə də nəzəriyyəçi alim kimi hər şeydən əvvəl, polemikaya meyil edən tənqidçidir. Yəni tənqidçilik onun məşğul olduğu bütün fəaliyyət sahələrinə gur bir işıq salır. Mən bu fikri söyləyərkən, heç də onun müasir ədəbi proseslə bağlı onlarla məqalələrini, çıxışlarını nəzərdə tutmuram. Tənqidi keyfiyyət ədəbi hadisələrə, faktlara, hər hansı şəxsiyyətin yaradıcılığına münasibətin əsasını təşkil edir. Bu münasibətin özülü ibtidadan başlanır: yaxşıya yaxşı, pisə pis demək. Bir faktı xatırlamaq istəyirəm: Sabir Əhmədovun "Dünyanın arşını" romanı o vaxt bəzi tənqidçilərin arşını ilə həyatı əyri güzgüdə əks etdirən bir əsər kimi tənqid edilirdi. Ancaq 1971-ci ilin yanvarında Yazıçılar İttifaqının Salyanda keçirdiyi səyyar plenumundakı məruzəsində K.Talıbzadə əsəri yüksək qiymətləndirdi: "Dünyanın arşını" müasir nəsrimizin gözəl nümunələrindən biridir" qəti hökmünü verdi. Təbii ki, bunu o zaman söyləmək cəsarət tələb edirdi.
Kamal Talıbzadənin tənqidçi və ədəbiyyatşünas kimi çoxcəhətli fəaliyyəti sağlığında və vəfatından sonra da yüksək qiymətləndirilmişdir. Bir neçə müəllifdən sitat gətirmək istəyirəm: "Məncə, elmin və alimin ən yaxşı sifəti onun mövzuya açıq fikirlə, doğru münasibətlə yanaşa bilməsidir. Kamal Talıbzadənin kiçik məruzəsini dinləyərkən, gəncliyimizin arasında böyük ümidlər verən gənc bir tədqiqatçını gözümüzün qarşısında canlandıra bilərik" (Səməd Vurğun, 1949). "Əziz Kamal! "XX əsrin əvvəllərində Azərbaycan ədəbi tənqidi" adlı elmi tədqiqat əsərini gec də olsa, oxuyub qurtardım. Sənin əsərinin ən qiymətli cəhəti onu hesab edirəm ki, ədəbi-bədii fikrimizin müəyyən (və maraqlı) bir dövrdəki inkişafı ardıcıl surətdə, diqqətli tədqiq olunmuş, sistemləşdirilmişdir. Nəticədə elə zəngin, elə əhəmiyyətli bir mənzərə yaranmışdır ki, adamın ürəyi qürurla dolur" (Mirzə İbrahimov, 1965). "XX əsr Azərbaycan ədəbi tənqidi" əsərində müəllif əsrimizin əvvəllərində ədəbi həyatın müstəqil bir sahəsinə çevrilən ədəbi tənqidin ilk tarixini yaratmışdır" (Mir Cəlal Paşayev). "Kamal Talıbzadənin "XX əsr Azərbaycan ədəbi tənqidi" kitabı türk ədəbiyyatında ələ alınmamış ən nazik problemlərdən birinə təmas etməkdədir" (Əhməd Cəfəroğlu - türk alimi, 1972). "Səməd Vurğun Kamala "arxiv Kamal" deyərdi. Yəni hansısa məqalə üzərində işləyəndə, yaxud hansısa bir ədəbi əsər tarixi faktla bağlı olanda, necə deyərlər, bir arxiv materialı kimi Səməd Vurğunun böyük məhəbbətlə sevdiyi Kamalı var idi. Səməd Vurğunun Kamala çox böyük məhəbbəti və hörməti var idi. Kamal onu sonsuz zəhmətsevərliyi, çox böyük savadı və insani yapışığı ilə qazanmışdı" (Vaqif Səmədoğlu, 2006). "Kamal müəllim mənim üçün çox dəyərli bir Azərbaycan ziyalısı, araşdırıcısı idi. O, çox həlim xasiyyətli bir insan idi. Onun itkisi ədəbiyyatımız, elmimiz üçün çox ağır bir yara oldu" (Anar). "Kamal Talıbzadənin qələmi - ustad qələmi idi və bu yerdə "qələm" məfhumunu mən istedad, düşünmək bacarığı, zəhmətkeşlik və professionallıq toplusu kimi qəbul edir və işlədirəm" (Elçin, 2006).
...Kamal Talıbzadə 2006-cı il, özü də 20 yanvarda dünyasını dəyişdi. Təbii ki, 83 yaşında müxtəlif xəstəliklərin hücumuna məruz qaldı. Amma öləndə də onun nurlu təbəssümü üzündən əksilməmişdi. Mən bu yazıda çox çalışdım onun vəfat etdiyini yada salmayım, ondan canlı kimi danışım, amma... nə etmək? Ölüm haqdır, qaçmaq olmaz əmrdən. Kamal Talıbzadə getdi, amma ustadın yetirmələri onun yolunu davam etdirirlər. Müasir Azərbaycan ədəbiyyatşünaslarının bir qismi onun yetirmələridir və biz Kamal müəllimin ruhu qarşısında baş əyirik, "Allah rəhmət eləsin" deyirik.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!