75-dir yaşın sənin...
8 avqust Respublikamızın Əməkdar jurnalisti, yazıçı-ssenarist, ən yaxın qonşum və dostum Zakir Abbasın ad günüdür, 75 yaşını qeyd edəcəyik.
Əvvəla, onu "Ocaq" verilişinin yaradıcısı, aparıcısı, o verilişin müəllifi kimi ekranlarda görmüşük. Vaxtilə həmin veriliş tamaşaçılar tərəfindən çox sevilirdi və indi hamımızın yaddaşında milli-mənəvi dəyərlərimizin təbliğindəki böyük roluna görə "Ocaq"çılara hörmət və ehtiramımız var.
Süleyman Rüstəm deyir ki, "Heçdir deyərəm, sevgisiz insan mənə qalsa, Cansızlara da can bəxş edərəm, can mənə qalsa...". Bu mənada sənətə, insana, təbiətə olan sevgi insanın yaradıcılığı və yaratdıqlarına verdiyi dəyər, sonradan onu sevənlərin, oxucularının, tamaşaçılarının sevgisini yaradır. Ona görə də sevərək yaratmaq, sevilə-sevilə təbliğ olunmaq insanın ictimai mahiyyətini üzə çıxarır.
Mən bir dost kimi, yaradıcılığını izləyən bir jurnalist kimi daim Zakir Abbasa qibtə edirəm. Dünya klassiklərinin əsərlərini dogma dilimizə tərcümə edən, əsərlərinin ölkə və dünya çapında sanbalı olan bir insana necə qibtə etməyəsən?
Ölkəmizin ictimai-siyasi həyatında baş verən proseslər Zakir Abbasdan yan keçməyib. Müəllifi olduğu "Kənar adam" kitabını oxuyanda anladım ki, Zakir Abbas bir zamanlar ciddi siyasi fəaliyyətlə də ləyaqətlə məşğul olub. Əslində Zakir Abbas kənar adam deyil, lakin özünə kənardan baxmaq da xüsusi qabiliyyət tələb edir.
Tar, kaman və saz məclislərimizin yaraşığıdır. Zakir Abbasın milli musiqi alətlərində ifa etdiyi mahnılar da özəlliyi ilə seçilir. Hərdən zümzümə etməsi də ürəyəyatımlıdır. Məclislərimiz sazsız, sözsüz keçməyib heç zaman. Yuxarıda sadaladığım bütün insani keyfiyyətlərin bir insanda cəm olmasından necə vəcdə gəlməyəsən. Bəzən qələm onun sahibini tərənnüm etməkdə aciz qalır. Bu mənada nə bacardımsa elə dedim Zakir Abbas haqqında.
Yaşın 75-dir, mübarək olsun,
Səksəni, doxsanı, yüzü haqla sən,
Gənclik xəzinədir, xatirələrdə,
Unutma onları, yadda saxla sən...
Etibar Poladlı
Çox hörmətli Azər müəllim, ilk olaraq sizi və "Ədəbiyyat qəzeti"nin əməkdaşlarını ürəkdən salamlayıram! Peşəm jurnalist olduğundan mən - Ayşən Sərdarqızı qəzetinizin oxucusuyam. Özüm də ara-sıra nələrsə yazıram. Məsələ bunda deyil, məqsədim (əlbəttə, sizin razılığınızla) babam Zakir Abbasın 75 yaşını "Ədəbiyyat qəzeti"nin vasitəsilə təbrik etməkdir. Çünki nəvələr sırasında mən babamın ilkiyəm, Əməkdar jurnalist Zakir Abbasın davamçısı və həmkarıyam. Babam mənim həyat müəllimim və yol göstərənimdir.
Baba, səni çox istəyirəm, laaap çooox!!! Məndən sonrakı nəvələr - Elsevər, Cəlal və Ayanın da təbriklərini qəbul et!
Sənin ilkin Ayşən...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!