Sabir Rzayev... sənətşünaslıq doktoru, Əməkdar incəsənət xadimi, görkəmli teatr və kino tənqidçisi, istedadlı nəzəriyyəçi, tədqiqatçı, publisist...
Sabir Rzayev... iyirmiyədək monoqrafiya, yüzlərlə tənqidi, elmi məqalə müəllifi, neçə-neçə elmlər doktorunun rəsmi opponenti, aspirantların və dissertantların elmi rəhbəri...
...1978-ci ilin qarlı bir dekabr günündə Sabir Rzayevlə vidalaşmağa gələnlər nə Ermənistan İncəsənət İşçiləri Evinin salonuna sığışırdı, nə də küçənin geniş səkisinə. Şəhərin mərkəzi sayılan Lenin prospektindəki bu binanın önündə nəqliyyatın hərəkəti, gediş-gəliş dayanmışdı. Sonra izdiham şəhərin Toxmaxgöl qəbristanına doğru üz tutdu.
Sabir Rzayev əlli dörd yaşında həyatla vidalaşdı. O il üç kitabı mətbəəyə göndərilmişdi (biri Moskvada, ikisi İrəvanda). İki kitabı redaktəyə verilmişdi, bir neçə məqaləsi qəzet və jurnalların növbəti nömrələrinə hazırlanırdı...
Həmişəlik yarımçıq qaldı Hüseyn Ərəblinski və Hökumə Qurbanova haqqında yazılacaq kitablar, "Müasir kinematoqrafiyanın problemləri" monoqrafiyası. Bunlar hələ bizim bildiklərimizdir...
Bir də, bir dialoq yarımçıq qaldı.
Elə bu sətirlərin özü də həmin dialoqun fraqmentləridir.
Haşiyə: Sabir ziyalı ailəsində böyümüşdü. Atası görkəmli jurnalist və ictimai xadim kimi tanınmışdı. Qərbi Azərbaycanda milli professional Azərbaycan teatrı və maarif ocaqlarının yaradılmasında böyük işlər görmüş Əkbər Rzayev İrəvanda "Sovet Ermənistanı" və "Kommunist" (rusca) respublika qəzetlərinin redaktoru, müharibə illərində isə Moskvada "İnostrannaya literature" nəşriyyatının türk ədəbiyyatı redaksiyasının müdiri və başqa məsul vəzifələrdə çalışmışdı.
Anası Firəngiz xanım İrəvandakı Azərbaycan Teatrının ilk "qaranquşlarından" biri kimi, hələ 1922-ci ildə səhnəyə çıxıb.
Dialoqumuzun lap əvvəlində Sabir Rzayevə dedim ki, irsiyyət məsələsini sosioloqlardan çox öncə "ot kökü üstə bitər" kimi atalar sözü müəyyənləşdirib.
- Sosioloqlarla mübahisəyə girməzdən əvvəl demək istəyirəm - atama çox borcluyam, - adəti üzrə canlı təbəssümlə söhbətə başladı. - Geniş dünyagörüşlü idi, dövrün mürəkkəb ictimai-siyasi və ədəbi hadisələrindən baş çıxarırdı. Yüksək zövqü vardı, fikrini açıq deyərdi. Azərbaycan, rus və erməni dillərindən başqa, ərəbcə, farsca və türkcə də (Anadolu türkcəsində - H.) sərbəst danışardı, yazıb-oxuyardı. Qərb mədəniyyətinə də yaxından bələd idi. Zəngin kitabxanası vardı. Bu kitabxanada Homerdən tutmuş Şekspirə, Füzuliyə, Puşkinədək... dahi sənətkarların əsərləri yer almışdı. Belə ailədə böyüdüyümçün sənətşünaslıq yolu seçməyim təəccüblü deyil. Əgər başqa yol seçsəydim, onda olardı təəccüblü.
Sabir sənətdə yaxşını alqışlayır, ortababın yaxşıya doğru inkişaf yolunu düzgün göstərir, pisi isə qətiyyətlə rədd edirdi: nəzəri hazırlıqla, məntiqi uyğunluqla... heç kəs incimirdi, müəllifin özü də tənqidçiyə haqq qazandırırdı. Sənət onunçün ən müqəddəs məbəd idi. Səhnədə gözəlliyə və zərifliyə yüksək qiymət verirdi. Səhnə onun üçün mənəvi gözəllik məskəni idi.
Azərbaycan teatr və kino sənətini dərindən bilirdi, görkəmli sovet sənətşünaslarının çoxunu şəxsən tanıyırdı, xaricdə də sənətşünas dostları az deyildi.
Vaxtilə "Ədəbiyyat və incəsənət" qəzetində (26 fevral 1977-ci il) bizim "Rejissorun hökmranlıq dövrü" başlıqlı dialoqumuz çap olunmuşdu. Həmin dialoqu cüzi ixtisarla xatırlayaq.
HİDAYƏT
Hidayət: - Sabir müəllim, məlum həqiqətdir: bugünkü teatrda gedən yaradıcılıq prosesləri, məsələn, otuz-qırxıncı illərdən fərqlənir; rejissor sənətinə, bədii tərtibata, musiqiyə, aktyor oyununa münasibətdə. Teatrın bu gününü o dövrlə təsadüfən müqayisə etmirəm. Məncə, otuz-qırxıncı illər Cənubi Qafqaz teatrlarının intibah dövrüdür - desək, yanılmarıq. O zaman səhnədə zamanın qaynar nəfəsi duyulurdu, teatr xalqı arxasınca apara bilirdi, ona ali estetik hisslər aşılayırdı. Hər yeni tamaşa mədəni hadisəyə çevrilirdi. Tamaşaçı Şekspirin də qəhrəmanlarını hərarətlə alqışlayırdı, Qorkinin də, Cabbarlının da... Deməli, teatrın intibahını yalnız yeni dramaturgiyanın yaranması ilə bağlamaq səhv olar. O illərdə aktyor oyununun, rejissor işinin ruhu, canı emosionallıq idi. Səhnədə emosionallıq, inqilabi romantika və xüsusilə pafos güclü idi. Sonrakı onilliklərdə süni pafos yaxşı ki, azaldı və nədənsə, səhnənin emosionallığı - hissi təsir dairəsi də tədricən "özünə çəkilməyə" başladı. Altmışıncı illərdən isə teatr... Bunun hesabına, əlbəttə, teatr otuz-qırxıncı illərə nisbətən çox şey qazandı, amma təəssüf ki, itirdiyi də az olmadı...
S.Rzayev: - Müasir teatrdakı proseslər haqqında müəyyən fikir söyləməkdən ötrü bir anlığa incəsənət nəzəriyyəsinə qayıtmaq istəyirəm. Sənət dövrünün sosioloji prosesi ilə üzvi şəkildə qiymətləndirilməlidir. Yəni bədii mədəniyyətin inkişafını, ənənəsini tarix və sosioloji prosesin özü müəyyənləşdirir. Nədənsə, sənətşünaslıq, adətən, keçmişin sənət məsələləri barədə danışılanda bu üsula əl atır. Söhbət müasir incəsənətdən düşəndə isə bu üsul büsbütün unudulur. Bu, müasir incəsənətin inkişafının tam, obyektiv mənzərəsinin şərhinə imkan vermir. Həm də bu yol müasir sənətşünaslığı seyrçiliyə aparıb çıxarır. Bizdə maraqlı nəzəri məqalələr, kitablar yazılır, lakin onlar çox nadir hallarda konkret bədii təcrübəyə əsaslanır. Yetmişinci illərdə teatrın inkişafı, vəziyyəti barədə bir-iki saat ərzində ətraflı danışmaq çox çətindir.
Hidayət: - Hər halda, qısaca da, olsa... Ümumi cizgilərdən söhbət açmaq mümkündür?
S.Rzayev: - Bəli, mümkündür. Elmi-texniki tərəqqi incəsənətdə, o cümlədən teatrda da öz qanunlarını diqtə edir. Bir qisim müasir tamaşaçı istisna olmaqla, bu tərəqqi teatrın özündən daha artıq tamaşaçının təfəkkürünə ciddi təsir göstərib. Odur ki, tamaşaçılar arasında teatrdan narazı qalanlar, zamanın nəbzini tuta bilməməsindən gileylənənlər az deyil.
Bəli, teatr sənəti salonla zəif əlaqəni, babat təması sevmir. Tamaşaçı vəziyyətləri, münasibətləri və konfliktləri bütün varlığı ilə izləməyə imkan tapmalıdır. O gərək səhnədən gələn "səslə" müasirlərinin mənəvi dünyasını duya bilsin. Əgər səhnədə həqiqətin bədii inikası, müasirlərin hiss və düşüncələri yoxdursa, deməli, tamaşaçı ilə təmas da yoxdur. Mənə elə gəlir - yetmiş-səksəninci illərin teatrı tamaşaçı ilə məhz bu əlaqənin bərpasına çalışır. Amma bu "bərpa" prosesi hələ ləng gedir.
Hidayət: - İndiki teatrın xarakterik xüsusiyyətlərindən biri də emosionallığa qayıdışdır, elə deyilmi? Bu proses başlayıbdır, özü də, mən deyərdim: dinamik başlanğıcdır, ləng deyil.
S.Rzayev: - Bəli. Lakin bu, otuz-qırxıncı illərin teatrındakı emosionallıqdan fərqlənir.
Hidayət: - Bu günün bədii qəhrəmanları, xüsusilə müsbət qəhrəmanları intellektualdır, daha məntiqi düşünür, ürəklə, hisslə birlikdə beyin də, təfəkkür də çox şey diqtə edir... Siz bunu nəzərdə tutursunuz?
S.Rzayev: - Məsələn, belə bir müqayisə: qırxıncı illərin qəhrəmanları öz məhəbbətlərini açıq-saçıq şəkildə, güclü emosiya ilə büruzə verirdilər; onlar səhnədə coşub-daşır, hərəkətlərin və jestlərin zahiri effektinə uyur, pafosa qızırqanmırdılar. İndi isə qəhrəman məhəbbətini bildirmək üçün bu qədər sərf etmir. O, səbrlidir, mühakiməsinin məntiqi güclüdür, danışmağı təbiidir. Bununla belə, psixoloji vəziyyəti, sarsıntıları doğan daxili gərginliyi aydın duyulur. Demək bu, emosionallığa, lakonik səhnə obrazlılığına qayıtmaqdır. Bu xüsusiyyət müasir rejissor işində, bədii tərtibatda, xüsusən aktyor oyununda açıq-aşkar hiss olunur. Bir sözlə, teatr repertuarın tərtibində bu tipli - böyük emosional gücə malik əsərlərə üstünlük verir.
Hidayət: - Repertuar isə həmişə problemdir. Teatr o vaxt ümumxalq məhəbbəti qazanır ki, onun öz repertuarı, öz "dəst-xətti" olur, klassik və müasir nümunələrin gözəl səhnə təcəssümünü verir. Bir halda, repertuar problemindən danışırıq, bir məsələni qeyd eləyək: Azərbaycan teatrlarında heç bir klassik uzun müddət repertuarda qala bilmir. Qalanda da... "Vaqif kimi. (Mətbuat haqlı olaraq, "qocalıb əldən düşmüş" "Vaqif tamaşasını tənqid elədi.) Bu tamaşa təkcə şair-dramaturqun və quruluşçu rejissorun nailiyyəti deyil, Azərbaycan teatrının bütöv bir aktyor nəslinin yaradıcılıq qələbəsi idi. Bir müddətdən sonra bəlkə də Akademik Teatrın səhnəsində "Vaqif"in mininci tamaşası oynanılacaq, amma necə? Bu il baxdığım "Vaqif"də 20 il bundan əvvəlki isti nəfəsdən, demək olar ki, əsər-əlamət qalmayıb.
S.Rzayev: - Halbuki quruluş da həmin quruluş, əsər də həmin əsər, yalnız aktyorlar dəyişmişdilər.
Hidayət: - Elədir... Bu tamaşaya baxandan sonra mən bir daha inandım - səhnənin canı və ruhu aktyor nəfəsidir. Əsrimizin böyük sənətkarlarından biri, III Riçard, Y.Henrix, Edip, Otello, Maqbet, Koriolan rolları ilə ümumdünya şöhrəti qazanmış dahi ingilis aktyoru Lorens Olivye ilə bir müsahibə yadıma düşdü. Olivye Şekspir əsərlərindən birində baş rolda min dəfədən çox oynayıb. Jurnalist soruşur: "Bu, sizi yormurmu?" Y. Olivye cavab verir: "Əgər hiss etsəm: min birinci tamaşam minincinin üstünə nə isə yeni bir şey gətirmir, onda həmin tamaşada heç vaxt çıxış etmərəm".
Aktyor qəlbindəki tükənməz yaradıcılıq ehtirasına, axtarış eşqinə bax! Bir də niyə uzağa gedək? Qorki pyeslərinin Malı Teatrda "uzunömürlülüyü" göz qabağında deyilmi? Axundovun, Cabbarlının əsərləri indi bəzən heç on-on beş dəfə də göstərilmir. Elə sənətkarlar da var - demək olar, heç yada düşmürlər. Məsələn, N.B.Vəzirov, S.S.Axundov, H.Cavid... Bəs M.F.Axundovun "Müdafiə vəkillərinin hekayəti" komediyasının Azərbaycan teatrında tamaşaya qoyulmamasını nə ilə izah etmək olar? Axı, bu komediya milli dramaturgiyamızda hüquqşünasların həyatından bəhs edən yeganə sanballı əsərdir.
S.Rzayev: - Klassik dramaturgiya ona görə klassik adlanır ki, ölməzliyə qovuşub... Klassik əsəri elə o səviyyədə tamaşaya qoymaq olar... heç iki gün də "yaşamaz". Adlarını çəkdiyiniz Moskva teatrları klassiklərə dərin məhəbbətlə, yeni mövqedən yanaşır, əsərlərini yüksək sənətkarlıqla, müasirlik baxımından tamaşaya qoyurlar. Teatrlar da var - klassik irsə, necə deyərlər, yalnız hörmət əlaməti olaraq müraciət edir. Klassik irsə adicə hörmət yaramaz, onu sevmək lazımdır! Burada Tolstoyun Anna Kareninasının bir sözünü xatırlamaq yerinə düşər: "Hörmət hissi ağıla üstün gələndə, məhəbbət olmur..." Klassik irsi sevmək - onda canlı həyatı görmək, bəşəri fikir və hissləri duymaq deməkdir. Əgər belə məhəbbət, vurğunluq yoxdursa, klassik əsəri səhnəyə qoymamaq məsləhətdir. Hər halda, bu günün Ostrovskisi, Qorkisi...
Hidayət: - Amma pyeslər yazılır, tamaşaya qoyulur, hətta bəzən heç səhnə üzü görmədən mətbuatda çap olunur, kitab şəklində buraxılır... Müəlliflər teatrı daha da çox qınayırlar. Dramaturqlar teatrlardan, teatrlar isə dramaturqlardan gileylənirlər. Tamaşa uğursuz olanda, dramaturq teatrın əsəri korladığından narazı qalır, teatr isə uğursuzluğunun əsl səbəbini dramaturqda görür. Bu da ondan irəli gəlir ki, teatrla dramaturq ümumi dil tapa bilmir.
S.Rzayev: - Bunlar hamısı teatr-dramaturgiya münasibətlərinə xas mübahisələrdir. Müxtəlif dövrlərdə, müxtəlif teatrlarda bu əlaqənin özü də müxtəlif olub. Axı, teatr dramaturgiyadan asılıdır, dramaturgiya isə teatrı yalnız ideya ilə deyil, ifa "vəsaiti" sistemi ilə də qidalandırır. Teatr tarixində teatrın "ağalıq" dövrü, dramaturgiyaya qarşı "üsyan" etdiyi vaxtları da olub. Elə vaxtlar da olub - teatrın son günlərini yaşadığı elan edilib. Elə o zaman şərti teatr meydana gəlib. O da, şübhəsiz, dramaturgiyasız yaşaya bilməzdi.
Teatrla dramaturgiyanın "toqquşması" isə qanunauyğundur. Düzdür, bəzən yüksək səviyyəli pyes öz səhnə həllini tapa bilmir, orta səviyyəli əsər isə parlaq rejissor işi və yaxşı aktyor oyunu ilə diqqəti cəlb edir. Ancaq belə hallar müstəsnadır. Yetmişinci illərin teatr-dramaturgiya münasibətlərinə gəldikdə isə, deməliyik: dramaturgiya teatra hələ çox borcludur: həm ideya, həm də bədiilik baxımından.
Hidayət: - Teatrla dramaturgiyanın yaradıcılıq əlaqəsinin möhkəmlənməsi məsuliyyəti, məncə, ilk növbədə, rejissor və dramaturqun üzərinə düşür, elə deyilmi? Əgər bu iki şəxs ideyanın şərhi üçün eyni fikrə gəlməyibsə, onda hansı uğurlu tamaşadan söhbət gedə bilər? Əgər rejissor əsərin ideya-bədii varlığını, münasibətlərin duyumunu və obrazların düzgün şərhini "özününkü" edə bilməyibsə, quruluşçu heyəti (rəssamı, bəstəkarı) arxasınca necə apara bilər?
Əsl rejissor və əsl dramaturq. Mən bu iki məfhumu bir bədəndə iki ürək kimi təsəvvür edirəm. Stanislavskinin, Meyerholdun, Nemiroviç-Dançenkonun tamaşaya qoyduqları klassik dramaturgiyanı necə ehtirasla mənimsədikləri, öz müasirləri olan dramaturqlarla necə əlbir işlədikləri hamıya məlumdur.
S.Rzayev: - Zaqafqaziya teatrlarında da belə qarşılıqlı yaradıcılıq, ünsiyyət halları az olmayıb. A.Tuqanovla C.Cabbarlının, A.İsgəndərovla S.Vurğunun əlbir sənət axlarışları olmasaydı, yəqin ki, Azərbaycan teatrı çox şey itirərdi.
Hidayət: - İndi də bu qarşılıqlı yaradıcılıq ənənəsini yaşadan rejissorlarımız var. Amma təəssüf, bu əlaqə çox vaxt başqa cür nəticələnir. Mən özüm rejissorun yeni əsərinin məşqinə başlamazdan cəmisi bir-iki gün əvvəl dramaturqla görüşmək istədiyinin şahidi olmuşam. Bəzən heç görüş də baş tutmayıb. Və yaxud əksinə, dramaturq əsərinin ilk tamaşasına özünü birtəhər çatdırıb, adi tamaşaçı kimi salonda əyləşib, sanki başqa bir dramaturqun əsərinə baxıb. Məşqlərdən qabaq qarşılıqlı yaradıcılıq əlaqəsi əvəzinə, ilk tamaşadan sonra qarşılıqlı "atışma" başlayıb. Dramaturq deyib: "Rejissor əsərin ruhunu başa düşməyib..." Rejissor deyir: "Pyes zəif idi... Təzədən əsər yazan deyildim ki?.."
S.Rzayev: - Rejissor-dramaturq münasibətləri getdikcə mürəkkəbləşir. Bunun özünün də kökləri var. Məsələ burasındadır ki, tarix boyu teatrda iki əsas sima olub: müəllif və aktyor. Yalnız on səkkizinci əsrin sonlarında "rejissor" meydana gəlib: tamaşanın təşkilatçısına "rejissor" deməyə başlayıblar. Və heç bir əsr keçməmiş "rejissor" teatrın mürəkkəb "orqanizmində" yaradıcılıq "hökmranlığı"nı əlinə alıb. Əsrimizin ortalarında isə məşhur fransız rejissoru Jan Vilar təsdiq edir: "Bizim günlərdə elə bir aktyor yoxdur ki, rejissorun rəhbərliyinə ehtiyacı olmasın: qorxuram - səhnə hökmranlığı aktyordan quruluşçu rejissorun ixtiyarına keçə". Əgər antik dövrdə bu hökmranlıq müəllifin, sonrakı əsrlərdə müəlliflə aktyorun ixtiyarında idisə, XX əsrdə rejissora nəsib olub. Əlbəttə, Jan Vilar bir az şişirdir. Ancaq həqiqətən, belə bir proses baş verir.
Əgər əvvəllər "Şekspir teatrı", "Ostrovski teatrı" deyirdilərsə, sonralar "Rejissor teatrı" anlayışı meydana gəldi - "Stanislavski teatrı", "Antuan teatrı", "Vaxtanqov teatrı", "Meyerhold teatrı"...
Hidayət: - Bu "dönüşün" də ciddi səbəbləri var...
S.Rzayev: - İndi vəziyyət o mərhələyə çatıb ki, rejissor dramaturqla, rəssamla, bəstəkarla, aktyorla sıx əlaqədar öz hakim mövqeyini saxlayır. Mürəkkəblik də elə buradan başlayır. Çünki dramaturq işi, aktyor oyunu da həlledici ola bilər. Teatr sənətinin bugünkü təbiəti elədir ki, rejissor tamaşanın keyfiyyəti üçün əsas məsul şəxs sayılmalıdır, deməli, onun "ağalığı" təbiidir. İndi bu, rejissorun vəzifəsidir. Və bu vəzifə yalnız istedadlı rejissora tapşırılmalıdır. Yalnız istedadlıya! Vəzifəsinə görə rejissor sayılana yox, sənətkar rejissora! Düzdür, bəzən orta səviyyəli rejissora gözəl bir pyes tapşırılır və ya əksinə, istedadlı rejissor orta səviyyəli pyes üzərində baş sındırır. Məncə, istedadlı rejissor yüksək ideya-bədii səviyyəli əsər üzərində işləyəndə "toqquşmalar" az olur. Belə hallarda yalnız və yalnız sırf yaradıcılıq mübahisələri ola bilər.
Hidayət: - Teatr, dramaturgiya, repertuar problemlərindən danışarkən epik teatr nəzəriyyəsinə, epik teatra və onun yaradıcısı Bertold Brext dramaturgiyasına Zaqafqaziyada soyuqqanlı münasibəti təəssüflə xatırlamalı olursan. Böyük alman teatr nəzəriyyəçisi və dramaturqu Brextin epik formalı əsərlərində tamaşaçı səbirli müşahidəçiyə çevrilir, getdikcə fəallaşır, özü mühakimə yürüdür, özü nəticə çıxarır. Hadisələrin gedişinə marağı artdıqca vəziyyətləri, münasibətləri daha diqqətlə izləyir, səhnədəki dramatik-epik hadisələr isə onun şüuruna, intellektinə müəyyən təsir göstərir. Epik teatrda intellekt və şüur daha fəal işləsə də, hisslər də korşalmır, fəallaşır, tamaşada beynlə ürək qoşa qanadlara bənzəyir.
Zaqafqaziya teatrları Brextə çox nadir hallarda müraciət edirlər. Uğursuzluqdanmı çəkinirlər? Yox! Hələ altmışıncı illərin əvvəllərində rejissor Nəsir Sadıqzadənin Gəncə teatrında hazırladığı "Üç qəpiklik opera" tamaşası tamaşaçılar və mütəxəssislər tərəfindən yüksək qiymətləndirildi. Sonralar Nəsir müəllim Naxçıvan teatrında "Kuraj ana və onun uşaqları" əsərinin məşqlərinə başladı. Bu barədə mətbuatda da məlumat verildi. Amma əsər üzərində yaradıcılıq işi, nədənsə, qəflətən dayandırıldı. İstedadlı gürcü rejissoru Robert Sturua Rustaveli teatrında Brextin "Qafqazın ağ qurşağı" əsərini hazırlayıb.
S.Rzayev: - Epik teatr mənim təsəvvürümdə kəsərli bir silahdır. Bu "silah" hələlik məqamını gözləyir. İstərdim ki, Zaqafqaziya teatrlarının epik teatrın Brext konsepsiyasına "müqaviməti" azalsın. Azərbaycan Akademik Dram Teatrının indiyədək Brextə müraciət etməməsi təsadüfi hal sayılmalıdır. Mən Sturuanın tamaşasına baxmışam. Doğrudan da, canlı və gözəl tamaşadır: satira və lirika, epiklik və xəyal, mübaliğə və gerçəklik bu tamaşada bir-birini tamamlayır.
Gürcü teatrının Brextə münasibəti, məncə, hələlik "yerli" xarakter daşıyır; tamaşada Qafqaz motivləri güclüdür. Lakin elə ilk müraciət nəyi göstərdi: epik obrazlılıq teatra nə qədər çox şey verə bilər. Axı, epik obrazlılıq Azərbaycan və gürcü xalqlarının milli-bədii mədəniyyəti üçün çox doğmadır. Bəs bizim teatrlar niyə indiyədək epik dram kimi kəsərli bir "silaha" müraciət etmirlər? Zaqafqaziya rejissor və dramaturqlarının bu sahədə də görüləsi işləri çoxdur.
Hidayət: - Sabir müəllim, teatrımızın vəziyyəti, onun problemləri barədə düşünərkən, kinematoqrafiyadan yan ötmək olmur. İncəsənətin bu sahələrinin "qohumluğu"nu (rejissor işində, aktyor ifasında və i.a.) nəzərdə tutmuram. Kinonun, hardasa, teatrı üstələdiyi barədə düşünürəm. Son illərdə kinonu teatrın güclü "rəqibi" sayanlar az deyil (həm də tamaşaçı problemi baxımından). Bir sıra zəif tamaşaların uğursuzluğunu kinoya, televiziya verilişlərinə, hətta futbola axınla ört-basdır etmək istəyən teatr rəhbərləri və "mütəxəssislər" də vardır. Əlbəttə, bu, yanlış fikirdir! Məsələ aktyorların kinoya və ya televiziyaya tez-tez müraciətində də deyil. Axı, yüksək bədii səviyyəli televiziya tamaşası və ya film aktyorun teatrdakı işinə necə pis təsir göstərə bilər? Bəs S.Zakariadzenin, İ.Smoktunovskinin kinodakı böyük müvəffəqiyyətləri onların səhnədəki nailiyyətlərinə niyə mənfi təsir göstərmədi? Yox, belə deyil! Teatrın bütün problemlərinin həllini onun özündə axtarmaq lazımdır.
S.Rzayev: - Vaxtilə kinonu teatrın davamı sayırdılar. Kinematoqrafiya son yarım əsrdə artıq öz bədii müstəqilliyini təsdiq edib. Teatrla kinonun ortaqlığı, əsasən, aktyor sənəti ilə bağlıdır. Şəksiz, istedadlı aktyor üçün teatr da doğmadır, kino da. Özü də eyni dərəcədə. Orta səviyyəli aktyor üçünsə, kinoya nisbətən teatrda "gizlənmək" daha asandır: kino aktyorun "kimliyini" daha tez aşkara çıxarır. Açığı, son illərdə filmlərdən daha çox zövq almışam, nəinki tamaşalardan.
Hidayət: - İndi Azərbaycan teatrında qocaman aktyor nəslini yavaş-yavaş gənclər tuturlar. On-on beş il sonra teatrın bütün aktyorluq qayğısını bu nəsil çəkəcək. Şübhəsiz, bu gənclər arasından yaxşı aktyorlar çıxacaq. Biz Ərəblinskiləri, Ələkbərovları gözləyirik...
S.Rzayev: - Aktyor nəslinin dəyişmə prosesi teatr üçün faydalıdır. Teatrlar bu prosesi əllinci illərin əvvəllərində keçirib. O vaxt teatra istedadlı gənclik gəlmişdi. İndi teatr həmin gənclərin simasında aparıcı aktyor heyətini müəyyənləşdirib. Bugünkü aktyorlar arasında Ələkbərovlar varmı (hələ Ərəblinskini demirəm)? Bu suala hələlik müsbət cavab verə bilmirəm.
Hidayət: - Nəhayət, teatrın inkişafında son dərəcə əhəmiyyətli bir məsələyə gəlib çatdıq - teatr tənqidinə. Azərbaycan teatrşünaslığında Cəfər Cəfərov, Sabir Rzayev, Mehdi Məmmədov, Ədilə Əliyeva, İnqilab... kimi tənqidçilər məşhurdular. Ancaq bu görkəmli teatrşünasların özləri də, əsasən, teatr tarixini tədqiq ediblər. Belə bir fakt göz qabağındadır: hamı teatrşünaslığa müasir teatrın tədqiqindən başlayır, ad-san qazanandan sonra teatr tarixinə daha çox meyl edir.
S.Rzayev: - Əlliyə çatanda isə...
Hidayət: - Əlliyə çatanda isə, demək olar, yalnız teatrşünaslıq və teatr tarixi ilə məşğul olurlar. Yaxşı bilirsiniz, teatrşünaslığa və teatr tarixinə dair dəyərli əsərlər yaranır. Bəs müasir teatr? Müasir dramaturgiya? Təcrübəli tənqidçilər bu mövzuda təsadüfdən-təsadüfə yazırlar. Bu mühüm vəzifə gənclərin öhdəsinə düşür. Gənclər isə hələ bu yükün altına girə bilmirlər: nə gücü çatır, nə təcrübəsi. Nəticədə, teatr haqqında, Nəsibə xanım demişkən, tənqidçilərdən çox, təsadüfi adamlar yazırlar. Mətbuat səhifələri yerli-yersiz təriflərlə dolur. Belə rəylərin çoxu bir-birinə oxşayır: əsərin məzmunu nəql edilir, rejissor, rəssam, bəstəkar işi haqqında bəsit fikirlər verilir. Aktyor oyunu haqqında da həmçinin... Buna görə də getdikcə tənqid mövqeyini itirərək tərifə çevrilir.
S.Rzayev: - Son vaxtlar qəribə vəziyyət yaranıb: tənqid tənqidi ruhdan məhrum olub. Tənqidsiz "tənqid" adlanan yazılar o qədər geniş yayılıb... indi tamaşa və ya film haqqında kiçik bir tənqid hadisəyə çevrilir. Haqlısınız: teatrşünasların tədqiqata daha çox meyl göstərməsi, müasir teatrda gedən prosesləri yaxşı izləməməsi təəssüf doğurur. Müasir teatr tənqidinin gələcəyi, məncə, gənclərdən asılıdır. Bizim nəsil şüurlu həyatını başlayanda nə əməlli-başlı müasir tənqid vardı, nə də teatr tarixi. Nə bacarırdıqsa, əsirgəmirdik, hələ indi də mənzilimiz başa çatmayıb. Bizim gücümüz çatmayan yükü bugünkü gənclər daşımalıdırlar.
Hidayət: - Məlumdur - teatr zamanla nəfəs almalıdır, səhnədən zamanın səsi gəlməlidir, yaşanan günlərin bədii, məğrur səsi! İstər klassik pyes olsun, istər müasir, istər komediya olsun, istər dramatik əsər, fərqi yoxdur. Sənət öz yaşadığı günlərin istiqbalını siyasi nəzəriyyəçilərdən qabaq duymalıdır. Belə teatrın hər axşamı bayrama dönər, hər tamaşasının ömrü uzun olar.
S.Rzayev: - Səhnədə biz, ilk növbədə, zəngin daxili aləmə malik müasirlərimizin parlaq obrazlarını görmək istəyirik. Demək, teatr tənqidçisinin qələmi həmişə kəsərli olmalıdır ki, belə bir nəcib işdə dramaturqlara, rejissor və aktyorlara, bir sözlə, bütün yaradıcı kollektivə yaxından kömək göstərə bilsin...
Bizim dialoqumuz bu yerdə bitdi.
Yetmişinci illərdə yüksək tirajla çap olunan populyar "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunmuş bu dialoq uzun müddət teatr ictimaiyyətində, ümumiyyətlə, ziyalılar arasında müzakirə predmetinə çevrildi. Rəylər, əsasən, müsbət idi.
...Sonralar Mehdi Məmmədovun "Tənqid dövrün təfəkkürüdür" adlı məqaləsi yarandı. Professor qeyd edirdi ki, dialoqun mövzusu genişdir. Dialoqun müəllifləri... öz söhbətlərində çoxlu məsələlərə toxunurlar: aktyor oyununda emosionallıq və intellektuallıq, klassik dramaturgiyaya münasibət, teatr və dramaturq, kino və teatr, epik teatr, teatr tənqidi məsələləri haqqında danışırlar... Professor həmin dialoqdakı faydalı və maraqlı fikirləri qeyd etməklə yanaşı yazırdı: "Müəlliflərin irəli sürdükləri əsas fikir, əsas iddia, rejissorun "hökmranlığı" haqqında verilən hökm isə təməlindən mübahisəli, dəqiq desək, qeyri-məqbul görünür. S.Rzayev bu barədə söylədiyi fikri yekunlaşdıraraq deyir:
"...Teatr sənətinin bugünkü təbiəti elədir ki, rejissor tamaşanın keyfiyyəti üçün əsas məsul şəxs sayılmalıdır, deməli, onun "ağalığı" da təbiidir." Xeyr, nə bu ağalıq təbiidir, nə də söylənən fikir. Doğrudur, rejissorun vəzifəsi indi daha məsuliyyətlidir. Lakin bu heç bir rejissora "ağalıq" ixtiyarı, "hökmranlıq" haqqı vermir..."
Hörmətli professorun bugünkü teatrda rejissorun "hökmran" roluna etiraz edən sətirləri yeni bir dialoqun yaranmasına səbəb oldu...
Hidayət: - Bəlkə sizin işlətdiyiniz "hökmran", "ağalıq" sözləri mütləq mənada səslənib...
S.Rzayev: - İnanmıram. Həmin dialoqda bəlkə də rejissor işinə vurğunluq var, rejissorun bugünkü teatrda aparıcı mövqeyi, bəlkə də, bir az qol-qanadlı, necə deyərlər, obrazlı şəkildə təqdim edilib (bunsuz mümkün deyil, axı, o yazı canlı dialoqdur, elmi-nəzəri məqalə deyil).
Hidayət: - Mehdi müəllim dönə-dönə xatırladır: "Teatr incəsənətin kollektiv növüdür və bütün inkişaf mərhələlərində, o cümlədən, bugünkü mərhələsində də öz təbiətini dəyişmir... Görürsünüzmü, deyir, bütün inkişaf mərhələlərində! Yeni teatrın yarandığı, formalaşdığı və inkişaf etdiyi bütün əsrlərdə Marlosuz və Şekspirsiz təsəvvür edilməyən "Qlobus" və ya Molyerlə məşhurlaşan "Komedi franse" teatrları da təbiətən kollektiv sənət olublar. Amma həmin teatrların adı öz dramaturqlarının adları ilə bağlı olub. Bizim əsrimizdə isə rejissor teatrları meydana gəlib.
Doğrudur, bu gün yaxşı rejissorsuz yaxşı teatr yoxdur. Bir də niyə uzağa gedək, elə Mehdi müəllimin son on ildə hazırladığı "Canlı meyit", "Xəyyam", "İnsan", "Dəli yığıncağı" tamaşalarını xatırlasaq, müasir teatrda rejissorun yerini aydın görərik. Bəs "Antonio və Kleopatra", "Yağışdan sonra", "Şəhərin yay günləri" kimi uzunömürlü tamaşaların müəllifi olan Tofiq Kazımov?
S.Rzayev: - Görünür, əməlli-başlı bir söhbətə ehtiyac var, bu dəfə üçlükdə - Mehdi Məmmədovla birlikdə. Bu söhbət bizim dərc olunmuş dialoqun yalnız bir mövzusuna: rejissor-dramaturq, rejissor-aktyor, bir sözlə, rejissor və müasir teatr probleminə həsr edilə bilər...
...1978-ci ilin oktyabr ayının sonlarında Mehdi müəllimlə danışıb razılaşmalı, bu söhbəti aparmaq üçün vədləşməliydik. Amma ömrü vəfa eləmədi Sabirin. Bu görüş, maraqlı ola biləcək bir müzakirə yarımçıq qaldı. ...Və o söhbəti Sabirsiz eləməyə mənim ürəyim gəlmədi.
Sabir Rzayev incəsənətdə bütün mübahisələri yalnız fikir aydınlığı və sırf yaradıcılıq müzakirəsilə həll etməyə çalışırdı. O hər hansı bir fikri diqqətlə dinləyər, onun gərəkli cəhətlərini işıqlandırar, yanlış, kəm-kəsir cəhətlərini kəskin tənqid eləsə də, heç kəsdə narazılıq və ya anlaşılmazlıq hiss edilməzdi. Lap sərt tənqidi də razılıqla qarşılanardı! Buna görə də Ermənistan Elmlər Akademiyası İncəsənət İnstitutunda, yazıçılar və kinematoqrafiyaçılar ittifaqlarında, teatr cəmiyyətində keçirilən müzakirələrdə ən çox mübahisə doğura biləcək məsələlər üçün əsas məruzəçi Sabir Rzayev təyin edilərdi. Çünki obrazlı tənqidinin qanadları həqiqətdən yoğrulmuşdu, istedadlı sənətşünas təfəkküründən güc almışdı.
...Azərbaycanca şirin danışırdı Sabir, çalışırdı bu dildə danışanda başqa dildən söz işlətməsin. Tanışlığımızın ilk çağlarında tez-tez deyərdi: "Mənnən azərbaycanca danış, Hidayət".
Bir dəfə iş yerimə zəng çaldı. Salam-kalamdan sonra: - "Şəxsi imza" nə deməkdir?
- Liçnaə podpisğ.
-Bəs "tərcümeyi-hal?"
- Avtovioqrafiə.
Sən demə, Azərbaycan Sovet Ensiklopediyasına yazdığı materiallar üçün müəllif anketi doldururmuş. ...Bir dəfə evə zəng çalındı:
- Bu "Qobustan" jurnalından xəbərin varmı?
- Əlbəttə.
- Məqaləmi dərc eləyiblər. Tərcüməsi xoşuma gəlir, sadə dildədir.
- Sabir müəllim, onu duyubsunuzsa, demək, azərbaycanca yaxşı bilirsiniz.
- Uşaqlıqda daha yaxşı bilirdim... Hidayət, Bakıdan məktub almışam, teatrşünaslıq kitabı yazmaq sifariş veriblər. Gərək, gedəm bir ay orda qalam, tamaşalara baxam, istəyirəm, kitabın əsasında Azərbaycan teatrı materialları olsun.
- Bir yerdə gedərik, Sabir müəllim.
Sanballı monoqrafiyaları, elmi-tədqiqat əsərləri incəsənətin dünənindən bəhs etsə də, teatrın bugünkü vəziyyəti, onun nailiyyətləri və problemləri, dramaturgiya, rejissor, rəssam və nəhayət, aktyor komponentləri görkəmli sənətşünasın heç vaxt nəzərindən qaçmırdı.
S.Rzayev: "Daha ciddi məsələlərlə məşğulam, teatr və kino sənəti tariximizin naməlum səhifələrini açıram" - deyəndə də müasir səhnəyə və ekrana ikinci dərəcəli obyekt kimi baxmırdı. 1976-cı ildə çap olunmuş "Teatr" adlı kitabındakı bir neçə məqalənin başlığını yada salaq: ""Kobuki" teatrı ilə tanışlıq", "Şekspirin ruhuna doğma" ... (İngiltərənin Old Viq teatrının "Maqbet" tamaşası haqqında qeydlər), "Lorens Olivyenin Otellosu", "On beşdən iki" (Malı Teatrın İrəvan qastrolu haqqında), "İlk görüş" (V.F.Komissarjevskaya adına teatrın "Çar Fyodor İvanoviç" tamaşası haqqında), "Gürcü Kral Liri" (S.Zakariadze - Kral Lir)... Göründüyü kimi, onun qələmində teatrın bugünkü coğrafiyası Ermənistanın və Azərbaycanın sərhədləri ilə bitmirdi.
Sabir Rzayevin, əlbəttə, yazdıqlarının çoxu erməni teatrşünaslarına aiddir (rejissorluğa aid, ayrı-ayrı görkəmli sənətçilərdən bəhs edən onlarca monoqrafiya, yüzlərlə məqalə müəllifiydi). O, altmış-yetmişinci illərdə Ermənistan teatrşünaslığının ən görkəmli, ən nüfuzlu nümayəndəsiydi.
Erməni şovinizmini ayaqlaya bilib, ucaldı, elə yüksəyə ucaldı ki, milli "civ-civlərin" paxıl səsi çatmadı ona. Uzun illər Ermənistan Elmlər Akademiyası İncəsənət İnstitutunun elmi işləri üzrə direktor müavini işlədi (soyadı "imkan vermədi" direktor olmağa, akademik seçilməyə), amma mənə elə gəlirdi o, bütün Ermənistanın ən görkəmli simasıydı.
Son vaxtlar kinematoqrafiyanın tədqiqi ilə daha çox məşğul olurdu. Ermənistan Kinematoqrafçılar İttifaqının katibi kimi geniş fəaliyyət göstərən Sabir Rzayev 1978-ci il dekabr ayının 20-də ittifaqın doğma pillələriylə ikinci mərtəbəyə qalxanda bilmirdi ki, bu onun buraya son gəlişidir. Bilmirdi ki, o özü buradan qayıda bilməyəcək, kürsüdən oxuduğu məruzəsi yarımçıq qalacaq, "Özümü pis hiss edirəm, mümkünsə, bir nəfər məruzənin oxunuşunu davam etdirsin" - söyləyəcək, kinematoqrafiyanın problemlərindən bəhs edən maraqlı müzakirə əbədilik yarımçıq qalacaq, yan otağa keçəndən bir neçə dəqiqə sonra isə həyəcandan özlərini itirmiş dostlarına "Heç nə lazım deyil, daha gecdir" - deyəcək...
Toxmax göldə - İrəvanın qədim Azərbaycan qəbiristanında hüzn mitinqini aparan Ermənistan Elmlər Akademiyası İncəsənət İnstitutunun direktoru akademik Ruben Zaryanın açılış sözünün başlanğıcı indi də yadımdadır: "Görkəmli teatrşünas, möcüzəli insan, milliyyətcə azərbaycanlı, əziz dostumuz...".
Hüznə Gürcüstandan da nümayəndələr gəlmişdi, Azərbaycandan da (teatrşünas İnqilab), Moskvadan da... Bilmək olmurdu: ürəkdən gələn sözlər gözyaşına çevrilir, yoxsa, öz-özünə axan gözyaşları ürəyə dolur? Hər dörd respublikanın nümayəndələri ehtiramla baş əyirdi onun tabutunun önündə, ilk sözləri: "Əziz Sabir Əkbəroğlu..."
Sabir Rzayevin yaradıcılığı XX əsr Cənubi Qafqaz xalqları incəsənətinin qarşılıqlı zənginləşməsi məsələlərinin öyrənilməsi və tədqiqi sahəsində çox əhəmiyyətlidir. Onun sətirlərində neçə-neçə teatr və kinostudiyanın, neçə-neçə aktyor və rejissor nəslinin, unudulmaz tamaşaların və filmlərin əks-sədası həmişə yaşayacaq.
Bir də Sabir Rzayevin öz səsi.
Unudulmaz vətəndaş və şair ürəkli sənətşünas.
Azərbaycanlı səsi!
1979
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!