Atamın ruhuna ithaf edirəm
Adamın başına müsibət müsibət dalınca gələndə onda faciəyə qarşı qəribə bir immunitet yaranır. Hansısa bir fəlakət başın üstə qasırğa kimi əsəndə heç tükün də tərpənmir, tövrünü pozmursan. Dərd, qüssə adam üçün adiləşir. Elə zənn edirsən ki, həyat əvvəlki kimi öz axarıyla davam edir. Düşdüyün bataqlıq gözünə gülüstan kimi görünür. O bataqlığın iyi, qoxusu iliklərinəcən hopur, sən o üfunət qoxusunu hiss eləmirsən.
Müsibət ilk dəfə atamın əzablı simasında təzahür elədi. Qəfildən hiss elədim ki, kişinin əvvəlki gücü-taqəti qalmayıb, əməllicə zəifləyib, ayaqlarını güclə sürüyür. Ona qədər mən atamı işdə-gücdə görməyə adət etmişdim. Sübh tezdən qalxıb göyərçinləri yemləyir, həyəti sulayır, sonra da quşxananın böyründəki taburetdə oturub siqaretini tüstülədirdi. Quyunun üstündən göyərçinlər göyə pərvaz edəndə atamın üzü gülürdü. Bəzən külək quşları axıdıb aparanda dilxor olurdu. Quşu quşla tutmağın ustasıydı. Əsəblərini quşlarla sakitləşdirirdi. Bir də görürdün ki, ən çox güvəndiyi quş uçmur, belə olanda kişi özünə yer tapa bilmirdi, siqareti siqaretə calayırdı. Quşun nazıyla körpə uşaq kimi oynayırdı. Deyirdi hər adam bunların dilini bilməz. Ondan nəsə soruşanda deyirdi quş sənlik deyil, get yazı-pozunla məşğul ol. Quşlara dən səpməyin də qaydası, vaxtı-vədəsi var. Atam bütün bunları bilirdi. Quşlar gəlib atamın əlinə qonur, ovcundan dən yeyirdilər.
Mən bəzəkli quşları xoşlayırdım, bir dəfə atam dedi ki, yadında saxla, quşu bəzəyinə görə yox, uçuşuna görə seçirlər. Yaxşı göyərçin fasiləsiz on-on iki saat uça bilən göyərçindir. Bir dəfə atamın ən yaxın dostu xoşladığı göyərçin üçün xahişə gəlmişdi, atam quşu ona vermədi:
- İncimə, qərdeşoğlu, o quşu verə bilmərəm. Dostuq, can-ciyərik, öz yerində, gəl sənə bir cins qoyun verim, amma o quşu məndən istəmə, - dedi.
Ondan sonra araları sərinlədi. Yolda məni görəndə giley-güzar elədi. Mən də dedim ki, xasiyyətini bilirsən də, o, yaxşı quşu heç atasına verməz.
Atam Neft daşlarında işləyirdi, orda da quşxanası vardı. İşə gedəndə quşlardan birini özüylə aparmışdı. On gündən sonra gördüm ki, quş həyətdədir. Quşun vəfasına bax!
Beləcə, atam hər gün həyət-bacada özü üçün məşğuliyyət tapırdı. Anam onu nahara səsləyəndə də ağacları budayırdı ya da tövlədə qoyun-quzunun axurunu təmizləyir, sahmana salırdı. Günorta nahar vaxtı yüz əlli qram araq içirdi, məhəlləyə çıxıb gurlarıyla biədəb zarafatlar edir, kefi durulurdu.
Bax, bu məqamda hiss elədim ki, o boz, rəngsiz, fərəhsiz günləri heç xatırlamaq istəmirəm. Depressiya xirtdəyimdən yapışıb məni keçmişə sürükləyir.
Hə, onu deyirdim axı, atam sürətlə arıqlayırdı və mən hiss elədim ki, bu, heç də yaxşı əlamət deyil. Nəsə azarı var. Amma ciddiyə almadıq, müsəlman belədi də. İş işdən keçəndən sonra ayılırıq, onda da heç ayılmasaq yaxşıdır. Atamın hərəkətlərində ləngimələr əmələ gəldi, əvvəlki çevikliyi itdi. Mən onda qəzetdə müxbir kimi çalışırdım. Atama həyət-baca işlərində kömək etməyə vaxtım olmurdu. Amma anam qıvraq qadın idi, evimizi tikəndə atama palçıq daşımışdı. Mən onda əsgərlikdə idim, gəlib gördüm ki, atam əməlli-başlı imarət ucaldıb.
İndi kişi canıyla əlləşirdi, amma özünü sındırmır, xəstəliyini büruzə vermək istəmirdi. Amma biz görürdük axı... Görürdük ki, kişi sınıxıb, iştahadan düşüb. Adəti xilafına gündüzlər yatırdı, anamın da gizlincə xiffət çəkdiyini görürdüm. Bütün bunları görürdüm və içimə şübhə toxumları düşürdü. İşdə də fikrim atamın yanında qalırdı, sınıxmış sir-sifəti gözlərimin önündən getmirdi. Redaksiyada fikirli gəzib-dolandığımı görən makinaçı Zərifə xala bir dəfə soruşdu ki, bala, sənə nə olub, niyə dərdli-dərdli gəzib dolanırsan? Zarafata salıb onu da dedi ki, bəlkə, bir qıza vurulmusan? Elədisə, fikir eləmə, Zərifə xalan ölməyib ki. Zorla gülümsəməyə çalışdım:
- Təki sən deyən olaydı, Zərifə xala...
Vəziyyəti ona danışdım. Təsəlli verdi, başqa əlindən nə gələ bilərdi ki... Anlayırdım ki, atamın ömür möhləti azalır. Amma bu haqda fikirləşməyi özümə rəva görmürdüm. Bunu ağlıma sığışdıra bilmirdim.
İşə elektrik qatarında gedib-gəlirdim. Çantamda həmişə oxumağa kitab olurdu. Beşinci vaqonda sağdan ikinci sırada, pəncərə tərəfdə otururdum. Mütaliədən yorulanda pəncərədən ötüb keçən mənzərələri seyr edirdim. Elə də ürəkaçan görüntülər deyildi. Bakı bağları, qumsallıq, kənd evləri, asfalt yol, göz işlədikcə uzanıb gedən badam, zeytun bağları... Arada vaqonlar boyu o baş-bu başa gedən xırdavat satanların cır səsi diqqətimi kitabdan yayındırırdı. Uşaq vaxtı şənbə-bazar günlərində atamla Bakı - Buzovna qatarına minib Sabunçu bazarına gedərdik. Atam bu bazarda tanışları çox idi. Sövdələşib seçmə göyərçinlər, quş yemi alırdı. Toyuq-cücəmiz bol idi, xatırlayıram, yeniyetmə vaxtlarımda bu bazara yumurta gətirib satırdım. Burda o qədər davalara düşmüşəm ki...
Dəmiryolunun o tərəfində gecəqondular vardı, o səmtə adlamaq üçün neft gölməçələrinin böyründən keçib getməli idin. Daxmalar karton arakəsmələrlə bir-birindən ayrılırdı, burda xuliqanlar, cibgirlər, əyyaşlar, fahişələr - tüfeyli həyat tərzi keçirən adamlar meydan sulayırdı. Bu yerlərin nəsibi səfalət idi. Aradan illər keçib, hələ də pırpız saçlı bir qızın məni necə tovlayıb daxmanın küncünə sarı çəkib apardığını xatırlayıram. Təcrübəsiz yeniyetmə idim. Alverdə də həmin gün əlim yaxşı gətirmişdi. İfritə elə bil iy bilirdi, hansısa hərəkətimdən anlamışdı ki, cibim qalındır. Aradüzəldən qadının sallaq döşləri, iyrənc təbəssümü hələ də gözlərimin önündədir.
O səhnəni təsvir etmək istəmirəm. Özünüz təsəvvür edin, yeniyetmə oğlan və fahişə qadın. Orda nələr baş verə bilər? Elə təsəvvürünüzə gətirdiyiniz anlar yaşandı. Gələndə qəzet köşkündən aldığım "Monte Karlo" siqaretinin də həmin pırpız saçlı qız axırına çıxdı. Heç düz-əməlli siqaret çəkə də bilmirdim. O fahişə mənim siqaret çəkməyimə baxıb hırıldayırdı. Təbii, mən o cür yerləri tanıya bilməzdim, məni bura qonşuluğumuzda yaşayan Hacıəmi kişinin oğlu, məndən beş yaş böyük olan Zahid gətirmişdi. O, bu sahədə məndən qat-qat təcrübəli idi, burada onu hamı tanıyırdı. Mənim qadın bədəni ilə ilk dəfə yaxından tanışlığım həmin gündən başladı.
Həmin gün qızla içdiyim çaxır məni sərxoş eləmişdi. Bu vəziyyətdə elektrik qatarına minə biməzdim. Kəndə taksi ilə qayıtdıq. Atam məni sərxoş vəziyyətdə görüb heç nə demədi. Amma anama dedi ki, kopoyoğlu deyəsən ayılıb.
Anam əllərini dizlərinə çırpıb qışqırdı:
- Adə, görmürsən nə gündə gəlib? Bunun ayılmağı səhərə çəkər.
- Ay arvad, mən başqa ayılmaqdan danışıram. Sənin də savadın qıcqırıb deyəsən. Elə ayılmaq üçün belə sərxoş olmaq lazım gəlir.
Çox hoqqalardan çıxmışam, atam heç vaxt xətrimə dəyməyib. Amma gərək vaxtında məni döyəydi, danlayaydı. Ərköyünlüyüm mənə sonralar çox baha başa gəldi.
Son vaxtlar atam gecələr yuxuda anlaşılmaz sözlər deyirdi, heç nə başa düşmürdük. Bir gün səhər yuxudan oyananda dedim, ata, gecə nə yuxu görürdün, səsin gəlirdi.
- Eh, ay oğul, indi desəm ki, səhərəcən cavanlığımla söhbət eləmişəm, inamıyceysən, - dedi və dərindən ah çəkdi. Sinəsi xışıldadı.
- Sən heç vaxt bizə cavanlığından danışmadın, - dedim.
- İşdən-gücdən başım ayıldı ki, bala? Mən ömrümün yarıdan çoxunu dənizdə keçirdim, evi anan dolandırdı. Heç vaxt ata-oğul kimi ikilikdə oturub söhbət eləmədik, düz deyirsən.
Araya uzun sükut çökdü, nə o dindi, nə mən. Handan-hana danışmağa başladı:
- Həə, bütün gecəni cavanlığımla dərdləşmişik. Belə kefin istəyən. İkimiz də ürəyimizi boşaltdıq. Dedim day vaxt çatıb, gəl halallaşaq. Vaxtında heç sənin qədrini bilməmişəm, ay cavanlıq. Gördüm gülür, dedim nəyə gülürsən? Dedi rəhmətliyin oğlu, guya kim vaxtında mənim qədrimi bilib ki? Hamının yadına qocalanda düşürəm. Yadımdan çıxan çox şeyləri yadıma saldı. Dedi fikir eləmə, hamı sənin kimidir. Həyat belədi, səndə günah yoxdu. Mənim gücüm elə bundadı; dəlisovluğumda, çılğınlığımda. Mən harda varamsa, orda sağlamlıq var, güc var, enerji var, gözəllik var. Amma mən sənin yanında gücsüzəm, çünki səndə olan ağıl məndə yoxdur, sən dünyanı məndən yaxşı tanıyırsan, ömür yaşamısan, həyat səni müdrikləşdirib. Bax, belə qəribə söhbətlər eləmişik.
Üzümə baxıb gülümsədi:
- Deyəsən ağlına bir şey batmadı. Sən yazı-pozu adamısan e, gərək belə dərin söhbətlərdən başın çıxsın.
- Darıxırsan cavanlığın üçün? - deyə soruşdum.
- Cavanlıq üçün darıxmazlar, cavanlığı xatırlayarlar. Mən yaşında olan adamlar hər gecə özlərinə hesabat verirlər. Yavaş-yavaş yır-yığış vaxtı çatır. Elə böyük günahım olmayıb, amma səhvlərim çox olub həyatda. Səhvsiz adam yoxdu ki. Amma sən cavansan, insan ən çox cavanlıqda səhv edir. Çalış, səhvlərə yol vermə, sonra o səhvləri düzəltmək olmur. Adam təpəsinə döyə-döyə qalır.
O gün atamla çox şeylərdən danışdıq. Müharibə dövrünə düşən yarıac-yarıtox uşaqlığından, əsgərlik xatirələrindən, anamla necə tanış olmağından...
Ondan sonra atamın yaddaşı tədricən zəifləməyə başladı, huşu gedib qayıdırdı. Rabitəsiz sözlər danışırdı. Onu həkimlərə apardıq, müalicələr aldı. Amma görürdüm... Hər şeyi görürdüm... Atam misqal-misqal əriyib ruha çevrilməkdə idi.
Soyuq qış gecələrindən biri idi. Gecənin bir yarısı anam məni yuxudan oyatdı:
- Ay bala, dur, atan xırıldayır...
Səhərə qədər yatmadıq. Sübhün sazağında evdən çıxıb əmimgilə yollandım.
- Əmi, gəl... - sözlər boğazımda düyünləndi.
Əmim yarıyuxulu halda əynini geyinib özünü çölə atdı.
Qəbirqazanı da yuxudan oyatdım.
- Gəl...
Soyuqqanlı şəkildə: - Get, gəlirəm, - dedi.
Atam can verirdi. Quşxanada göyərçinlər təşviş içində özlərini ora-bura vururdu. Bilmirəm nə hiss eləmişdilər...
Əmim və mən atamın başı üstündə dayanmışdıq.
- Ata, - onu çağırdım, içimdə dəli bir ümid var idi ki, səsimə hay verəcək.
Əmim qolumdan tutdu:
- Canbəsər eləmə...
Sanki bütün hisslərim keyimişdi, içimdə bir boşluq yaranmışdı. Başımı qaldıranda pəncərəyə qonmuş göyərçini gördüm. Bu göyərçin neçə vaxt idi ki, uçub getmişdi, atam günlərlə gözləsə də qayıtmamışdı. Atamın ən çox sevdiyi quş idi. Atam son vaxtlar o göyərçinin xiffətini çəkirdi. İndi pəncərənin çərçivəsinə qonmuşdu və içəri boylanırdı.
Əmim əyilib atamın gözlərini sığadı. Özümü nə qədər tox tutmağa çalışsam da göz yaşlarımı saxlaya bilmədim...
28 iyun 2023
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!